Skiflər (iskitlər) Azərbaycanın şimal ərazilərində, Urmiya gölünün qərbində və şimalında məskən salmışlar. E.ə. VII əsrin ortalarında Skif padşahlığı
Skiflər (iskitlər) Azərbaycanın şimal ərazilərində, Urmiya gölünün qərbində və şimalında məskən salmışlar. E.ə. VII əsrin ortalarında Skif padşahlığı–Manna ilə Urartu arasında yaranmışdır. E.ə. VI əsrin əvvəllərində Skif padşahlığı tənəzzülə uğradı.
Midiya dövləti İranın mərkəzində Mannadan cənub-şərqdə yerləşirdi. Adı mixi yazılarda Maday, Matay, Amaday şəklində verilmişdi. Yunan mənbələri Midiya şəklində yazmışlar. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. E.ə. VIII əsrin sonunda Midiyada vahid dövlət yaradılmışdır. E.ə. 672-ci ildə Fraorta Kaştaritinin (b.e.ə.672-653) başçılığı ilə Midiya Assuriyanın tabeçiliyindən qurtarmış və müstəqil dövlətə çevrilmişdi. E.ə. 653-625-ci illər Midiya skiflərin hakimiyyəti altına düşdü. Babilistan hökmdarı Nabupalasar cənubdan, Kiaksar isə şərqdən Assuriyaya hücum etmişlər. E.ə. 616-612-ci illərdə onlar Assuriyanın Aşşur, Arbela, Kalat şəhərlərini, paytaxt Nineviyanı tutdular və dağıtdılar. E.ə. 605-ci ildə Assuriya süquta uğradı, torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü. Kiaksar Urartunun müstəqilliyinə son qoydu, Manna Midiyanın tərkibinə qatıldı. Kiaksarın hakimiyyəti dövründə Midiya Ön Asiyanın qüdrətli dövlətinə çevrildi. Oğlu Astiaqın (e.ə. 585-550) hakimiyyətinin son illərində Midiyanın daxili və xarici vəziyyəti mürəkkəbləşmişdi. E.ə. 550-ci ildə Midiya dövləti süqut etdi.