Əhəməni imperiyası. II Kir Midiyanı işğal etdikdən sonra Əhəməni fars dövlətinin əsasını qoydu. II Kir bir neçə il ərzində Midiyanın bütün ərazisini, Babilistanı, Anadoluda Lidiya dövlətini işğal etdi. Misirə qədər Qərb ölkələri Əhəmənilərə tabe idi. II Kir e.ə. 530-cu ildə Araz çayı yaxınlığında köçəri massaqet tayfaları ilə döyüşdə məğlub edilərək öldürüldü. II Kirin oğlu II Kambiz (e.ə.530-522) Misiri işğal etdi. Kambiz Misirdə olarkən, e.ə. 522-ci ildə İranda dövlət çevrilişi olmuş, Qaumata adlı bir maq özünü Kirin oğlu Bardi kimi qələmə vermiş və Əhəməni taxt-tacını ələ keçirmişdir. Əhəmənilər nəslinin nümayəndəsi Qaumatanın yalançı Bardi olduğunu bildirmiş və ona qarşı sui-qəsd təşkil edərək öldürmüşlər. Beləliklə, I Dara (e.ə.522-486) hakimiyyətə gəlir. I Dara Əhəməni imperiyasını 20 satraplığa (canişinliyə) bölmüşdür. Makedoniyalı İsgəndər (e.ə.336-323) yürüşü zamanı e.ə. 331-ci ildə Şimali Mesopotamiyada Qavqamel adlı yerdə III Dara məğlub olmuşdur. III Dara e.ə. 330-cu ildə öldürülür. Beləliklə, Əhəmənilər imperiyasına son qoyulur.