Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
İctimai-siyasi və sosial-iqtisadi quruluşlarından asılı olmayaraq, bilik bütün
cəmiyyətlərdə zəruri ehtiyac, inkişafın mənbəyi kimi qəbul edilmişdir. Biliklər aləminə gedən
yol isə həyati təcrübədən başlanır. Yer üzündə hələ ilk insan nəsli yarandığı vaxtdan mübarizə
meydanına çevrilən həyatda uğur və qələbələr daha çox ağıl və idrakın məhsulu olan biliklərin
əsasında əldə edilən bacarıq və vərdişlər sayəsində qazanılmışdır. Canlılar aləmində yeganə
şüurlu varlıq olan insanın dünyanı dəyişməyə qadir qüvvə kimi formalaşması da onun bilikləri
qazanmaq və tətbiq etmək qabiliyyətinə malik olması ilə bağlıdır.
Dünyanın ilk vətəndaşları olan ibtidai insanların yeganə qayğısı əvvəllər yaşamaq naminə
qida əldə etmək idisə, az sonra üzləşdikləri təbii fəlakətlərdən, vəhşi canlılardan qorunmaq,
məişət ehtiyaclarını ödəmək zərurəti onları istər-istəməz canlı və cansız aləmin, təbiət
hadisələrinin sirlərini öyrənməyə sövq etdi. Məhz öyrənmə prosesi onlarda ictimai şüurun,
idrakın, ünsiyyət vasitələrinin formalaşmasına böyük təkan verdi. çox güman ki, min illərlə
davam etsə də, bu öyrənmə proseззззsi və onun nəticəsi kimi meydana çıxan tətbiqi bacarıqlar
insanların ilk təhsillənmə fəaliyyətinin rüşeymlərini təşkil etmişdir. Zaman keçdikcə, həyati
tələbatların çoxalması ilə əlaqədar öyrənməyə meyil və maraq xeyli güclənmiş, bu da, öz
növbəsində, ətraf aləmə aid biliklərin daha sistemli şəkildə öyrənilməsi zərurətini yaratmışdır.
Beləliklə, bəşəriyyət ibtidai əl əməyi alətlərinin yaradılmasından, odun əldə olunmasından
başlamış mexanikanın qanunlarının, elektrikin kəşfinədək və nəhayət, kosmosun fəthinədək
möhtəşəm bir tarixi inkişaf yolu keçmişdir. Nəsillər bir-birini əvəz etdikcə sələflər və xələflərin
nümunəsində əvvəlkilərə möcüzə kimi görünən hadisələrin onları əvəz edənlər tərəfindən
həqiqətə çevrilməsi isə yalnız təhsil sayəsində təşəkkül tapmış insan zəkasının qüdrəti ilə
mümkün olmuşdur.
Heç şübhəsiz, sistemləşdirilmiş bilik və bacarıqların məcmusunu ifadə edən təhsil bəşəri
dəyər kimi birdən-birə formalaşmamışdir. İcmalar yaranıb cəmiyyət təşəkkül tapdıqca sosial-
iqtisadi tələblərin yerinə yetirilməsində müəyyən bilik və həyati bacarıqların əldə olunmasının
vacibliyi tədricən müxtəlif istiqamətlər üzrə xüsusi təlim verən və ayrı-ayrı şəxslərin adı ilə
adlanan məktəblərin təşkilinə gətirib çıxardı. Bu məktəblərdə həyata keçirilən təlimlər isə təlim-
tərbiyə, yəni təhsil anlayışının yaranmasının əsasını qoydu.
Bütövlükdə götürsək, bəşər sivilizasiyasının təşəkkülü, formalaşması və inkişafı
bilavasitə təhsillə bağlıdır. Ayrı-ayrı dövrlərdə müxtəlif xalq və millətlərin, onların
nümayəndələrinin yaratdığı pedaqoji fikir abidələri, ideya və konsepsiyalar bəşəri xarakter
daşımaqla bütün millətlərə və xalqlara eyni dərəcədə açıq olmuş, dünyanı inkişafa doğru aparan
tükənməz mənəvi sərvətə çevrilmişdir. Əgər sakinləri olduğumuz dünyanı obrazlı şəkildə
ictimai-iqtisadi formasiyalardan, qərinələr və əsrlərdən, dövr və zamanlardan qurulmuş binaya
bənzətsək, heç şübhəsiz, bu möhtəşəm abidənin məhz təhsil adlanan möhkəm və etibarlı bünövrə
üzərində qərar tutmasını heç kəs inkar edə bilməz.
Qədim dünya dövlətləri ilə müqayisədə ilk insan məskənlərindən biri kimi Azərbaycanda
pedaqoji fikrin, təlim-tərbiyə ənənələrinin yaranması tarixi min illər bundan əvvələ təsadüf edir.
Bu faktı təsdiq etmək üçün Qobustan və Gəmiqayadakı qayaüstü rəsmləri xatırlamaq kifayətdir.
Abidələrdə əks olunmuş təsvirlər o vaxtlar Azərbaycanda yaşamış insanların məşğulluq
sahələrini, fikir və düşüncələrini büruzə verməklə yanaşı, təfəkkür tərzlərini də nümayiş etdirirdi.
Cəsarətlə demək olar ki, bu rəsmlər düşüncələrin yazılı formada ifadə edilməsi sahəsində ilk
cəhdlər kimi sonralar həmin ərazidə yazı mədəniyyətinin yaranması və formalaşmasında
müstəsna rol oynamışdır. Bu gün biz haqlı olaraq dünyada ilk yazılı abidələrdən biri və
bütövlüklə Azərbaycana məxsus "Kitabi-Dədə Qorqud"la fəxr edirik. Lakin, mənim fikrimcə,
yaranma tarixi VI-IX əsrlərə də təsadüf edən bu abidədə milli mənəvi tərbiyənin, insana xas olan
ali keyfiyyətlərin ifadə olunması ilə ikiqat iftixar hissi duyulmalıdır, təkcə elə ona görə ki, yazılı
formada kitaba düşənə qədər həmin həyati məsələlərin formalaşması üçün, yəqin, əsrlərlə vaxt
lazım olunmuşdur ki, bu da xalqımızın tarixinin qədimliyinə, təfəkkür tərzinin aliliyinə və daim
ülvi hisslərlə yaşamasına parlaq sübutdur. Hər səhifəsi gələcək nəsillərə ibrət dərsi olan,
insanlara milli birlik, vətənpərvərlik, humanizm ideyaları təlqin edən bu möhtəşəm söz abidəsi,
eyni zamanda Azərbaycanda pedaqoji fikrin və bunun əsasında təlim-tərbiyə sisteminin
formalaşmasında müstəsna rol oynamış, pedaqoji tədqiqatlar üçün əvəzsiz mənbəyə çevrilmişdir.
On əsr bundan əvvəl yazılı abidəsi mövcud olmuş xalqımızın maarifpərvər, elm və
təhsilyönümlü xarakteri real faktlarla çoxdan sübuta yetirilmişdir. Hələ eramızın ilk əsrlərindən
başlayaraq Azərbaycanda salınmış xüsusi memarlıq üslubuna malik şəhərlər, mədəni abidələr və
kommunikasiya vasitələri indinin özündə də mühəndis-texniki təfəkkürün nadir nümunələri kimi
hamını valeh edir. Bütün bunlar onları yaradan insanların dövrünə görə fundamental təhsil
almasından, intellektual səviyyəsindən, əqli kamillik dərəcəsindən xəbər verir.
Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin
yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi.
Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, X-XIII əsrlərdə Azərbaycanın bir çox
şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm,
təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı. Təkcə onu göstərmək kifayətdir ki,
XVII əsrin ortalarında Təbrizdə 600 ibtidai, 47 orta, Şamaxıda 40 ibtidai, 7 orta məktəb fəaliyyət
göstərirdi.
O dövrlərdə təhsil kütləvi xarakterdə və pulsuz olmasa da, bu sistem daxilində təhsil
alanların əksəriyyəti tanınmış yaradıcı şəxsiyyətlər kimi formalaşaraq ictimai-siyasi, iqtisadi,
sosial-mədəni həyatda fəal iştirak edir, ümumi inkişafa böyük töhfələr verirdilər. Əgər belə
olmasaydı, elm və tədqiqatlar mərkəzi kimi şöhrət qazanmış intibah rəmzi sayılan Marağa
rəsədxanası XIII əsrdə yarana bilməzdi.
Söz yox ki, Azərbaycanda qədim dövrlərdən etibarən elm, mədəniyyət və təhsilin digər
ölkələrin heç də hamısına müyəssər olmayan inkişafının səbəblərinin indiyədək ətraflı
araşdırıldığını iddia etmək düzgün olmazdı (yeri gəlmişkən, bu sahədə tədqiqatların aparılmasına
ciddi ehtiyac vardır). Lakin fikrimcə, bu inkişafın sirlərini xalqımızın yaradıcı təbiətində,
humanist xarakterində, xeyirxah və nurlu mənəvi dünyasında, ən başlıcası, həyati təcrübəni
öyrənib onu elmi dünyagörüşə çevirmək istedadında axtarmaq lazımdır. Doğrudan da "həyatdan
dərs ala bilməyən adam heç kəsə dərs verməməlidir, çünki əməyi hədər gedər" (Keykavus ibn
İsgəndər, XI əsr).
Tarixi keçmişimizin təhsillə baglı səhifələrini vərəqlədikcə sonrakı dövrlərdə, xüsusilə
XIX-XX əsrlərdə bu sahədə irəliləyişlərin xeyli gücləndiyinin şahidi oluruq. O vaxtlar milli
maarifçilik hərəkatının öncülləri olan Abasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən
bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə Şəfi Vazeh, Mirzə Ələkbər Sabir, Abbas Səhhət,
Məmməd Tağı Sidqi, Firudin bəy Köçərli, Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə,
üzeyir Hacıbəyov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir çəmənzəminli,
Cəlal Rəfibəyli, Aleksandr Osipoviç çernyayevski, Nəriman Nərimanov və digər görkəmli
şəxsiyyətlərin azərbaycanlı balaların təhsillənməsi sahəsində gördükləri işlər, çəkdikləri əzablar
əsl fədakarlıq və vətənpərvərlik nümunəsi idi. O dövrdə milli maarifçilik ənənələrinin
yaşadılması və inkişafı istiqamətində böyük maarifpərvər xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin və başqa neft sənayeçilərinin, "Nicat", "Nəşri-maarif", "Səadət" kimi xeyriyyə
cəmiyyətlərinin açdıqları məktəblər Azərbaycanda ümumi təhsil sisteminin formalaşmasında
tarixi əhəmiyyət kəsb etmişdi.
Əslində əsrlərdən bəri, xüsusən də XIX-XX əsrlərdə milli təhsilimizin təşəkkülü
sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər və bunların göz qabağında olan real nəticələri
Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə qatıldıqdan sonra meydana gəlmiş ədalətsiz bir
mülahizəni, yəni həmin vaxta qədər guya Azərbaycanda milli təhsil sisteminin olmaması fikrini
puça çıxarır. Əgər belə idisə, rus imperiyasının süqutundan sonra Azərbaycan Xalq
Cümhuriyyəti dövründə milli təhsilin inkişafı ilə bağlı cəmi 18 ay ərzində on illərə bərabər işlər
görülə bilərdimi?!
Bununla belə, Azərbaycanın müstəqilliyi əlindən alınmaqla xalqımızın azadlıq ideallarına
və mənəviyyatına təcavüz olunmuş sovet hakimiyyəti illərində ölkəmizin təhsil sahəsində
müəyyən inkişaf yolu keçməsi fakt olaraq qalır. Yeri gəlmişkən, bu inkişaf, əlbəttə, təkcə
Azərbaycana deyil, bütün sovet respublikalarına aid idi. Eyni zamanda belə düşünmək də
sadəlövhlük olardı ki, mərkəzi hakimiyyət azərbaycanlılara, ukraynalılara, yaxud özbəklərə
xüsusı rəğbət bəslədiyindən onların inkişafına rəvac verirdi. Sadəcə, 1922-cı ildə yaranmış SSRİ
15 respublika üçün vahid məkana çevrildiyindən başqa bir siyasət yeridilməsi heç də mümkün
deyildi. Tərkibindəki bütün xalqların bərabərliyinin, azadlıqlarının və inkişafının təmin edilməsi
barədə müntəzəm aparılan təbliğat isə SSRİ-ni dünya dövlətlərinə humanist və demokratik
prinsiplərə sadiq ölkə kimi qələmə vermək məqsədi daşıyırdı. Əgər konkret olaraq Azərbaycanın
nümunəsində reallığı götürsək, ölkəmizin yeraltı və yerüstü sərvətlərinin, əqlı potensialının SSRİ
büdcəsinə gətirdiyi gəlir mərkəzi hakimiyyətin Azərbaycanın maliyyələşməsinə ayırdığı
vəsaitdən qat-qat çox idi və bunları heç müqayisə etməyə belə dəyməz. Həm də ittifaqa daxil
olan xalqların, eləcə də Azərbaycan nümayəndələrinin elm, mədəniyyət, idman və digər
sahələrdə qazandığı uğurlar təmsil etdikləri respublikaların deyil, SSRİ-nin adına yazılırdı.
Azərbaycanın o dövrdə ittifaqın hüdudlarından kənarda az tanınmasının bir səbəbi də məhz bu
amillə bağlı idi.
Hər halda sovet dövrü Azərbaycanın tarixində müəyyən mərhələ təşkil edir və
ziddiyyətlərlə dolu olsa da, bir sıra sahələrdə, o cümlədən təhsil sahəsində də irəliləyişlərin,
inkişafın baş verməsi obyektiv qiymətləndirilməlidir. Belə ki, əhalinin savadsızlığının tədricən
aradan qaldırılması, təhsilin pulsuz olması, kütləvi xarakter alması və sistem halında
formalaşdırılması, təhsilin dünyəviliyinin təmin olunması məhz sovet dönəmi ilə bağlıdır. Yeni
hakimiyyət qurulduqdan cəmi 10 il sonra ibtidai təhsilin artıq icbari elan edilməsi, 1935-1958-ci
illərdə yeddiillik, 1959-1966-cı illərdə səkkizillik, sonrakı dövrlərdə isə orta təhsilin icbariliyinin
həyata keçirilməsi, şübhəsiz, böyuk uğur sayılmalıdır. Araşdırmalar göstərir ki, 1920-ci illə
müqayisədə ümumtəhsil məktəblərinin sayı 57 faiz artaraq 965-dən 1929-cu ildə 1687-yə
çatmışdı. 1940-41-ci dərs ilində ölkədə artıq 3575 məktəb fəaliyyət göstərirdi. ötən əsrin 70-ci
illərinin sonuna yaxın isə Azərbaycanda 4195 məktəb qeydə alınmışdı. Şagirdlərin sayına
gəlincə isə 1920-ci ilə nisbətən artım 79.402 nəfərdən yüksələrək 70-ci illərdə 1.035.846 nəfər
təşkil etmişdi.
Heç şübhəsiz, sovet hakimiyyəti illərində bütövlükdə Azərbaycanın, eləcə də ölkə
təhsilinin, xüsusilə orta təhsilin vüsətli tərəqqisi ulu öndər Heydər Əliyevin respublikaya
rəhbərlik etdiyi dövrə təsadüf edir. İqtisadiyyat və sosial-mədəni sahələrdə inkişafla yanaşı,
insanların mənəvi yüksəlişi ilə şərtlənən bu dövr ölkəmizin tarixinə, sözün əsl mənasında, "qızıl
dövr", "intibah dövrü" kimi daxil olmuşdur. Qısa müddət ərzində səkkizillik icbari təhsildən
icbari orta təhsilə keçilməsi, 350 mindən artıq şagird yeri olan 680 yeni ümumtəhsil məktəbinin
inşası, ümumi təhsil müəssisələri üçün pedaqoji kadr hazırlığının gücləndirilməsi, orta məktəb
şagirdlərinin dərsliklərlə pulsuz təminatı, elmi-pedaqoji tədqiqatların genişləndirilməsi o dövrdə
ümumi orta təhsillə bağlı irimiqyaslı fəaliyyətlərin real nəticələrini əks etdirir.
ümumiyyətlə, tarixi faktları araşdırdıqda hər hansı bir ölkədə təhsil sistemi formalaşmağa
başlanandan hazırkı vaxta qədər, ilk növbədə, ümumi təhsilin inkişafına ciddi diqqət
yetirildiyinin şahidi oluruq. Bu da səbəbsiz deyildir. çunki insanın şəxsiyyət kimi
formalaşmasında, zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsində ümumi təhsil müstəsna
rol oynayır. Ola bilər ki, insan həyatının sonrakı mərhələlərində digər təhsil səviyyələrinin
imkanlarından istifadə etməsin. Lakin ümumi təhsilin icbari mərhələsini hökmən keçməlidir.
Ona görə də bu mərhələnin yekununda vətəndaşa dövlət standartları səviyyəsində elə keyfiyyətli
təhsil verilməlidir ki, o, həmin bazadan istifadə edərək cəmiyyətdə öz yerini tapa bilsin, "artıq
adam"a çevrilməsin. Bununla yanaşı, ümumi təhsil sonrakı səviyyələrdə təhsili davam etdirmək
üçün möhkəm bünövrə missiyasını yerinə yetirir. Əks halda, peşə-ixtisas təhsilinin
səmərəliliyinin təmin olunmasından danışmağa belə dəyməz. Bu mənada təhsil sisteminin
dayanıqlılığı ümumi təhsildən, onun keyfiyyətindən daha çox asılıdır.
Deyirlər ki, kamıl insan idrakının, elminin, həyat təcrübəsinin gücündən bəhrələnməklə
daim həqiqət axtarışındadır. ümumi təhsil illəri insanın məhz elə bir yaş dövrünə təsadüf edir ki,
o, həyatda hələ kövrək addımlarını atır, yaxşı ilə pisi ayırd etməkdə, baş verən hadisələrin
mahiyyətini aydınlaşdırmaqda çətinlik çəkir, şübhələr və qeyri-müəyyənliklər içərisində
vurnuxur. çox vaxt həyatda müxtəlif insanların nümunəsində söz və əməlin əksliyinin şahidi
olur. Belə bir vəziyyətdə, ilk növbədə, ümumi təhsil uşaq və yeniyetmələr üçün etibarlı kompas
rolunu oynamalıdır. Onların təhsil aldıqları məktəblərdə elə bir mənəvi-psixoloji iqlim və təlim-
tərbiyə şəraiti hökm sürməlidir ki, uşaqlar bütün şübhələrdən azad olsunlar, onlarda həyata və
insanlara dərin inam yaransın, müstəqil surətdə həqiqəti axtarıb tapmağın yollarını öyrənsinlər,
mənəvi cəhətdən saf və əqidəli formalaşsınlar.
Bu mənada məktəbi "Müqəddəs məbəd" adlandıranlar heç də səhv etmirlər. Məktəb belə
bir şərəfə yalnız biliklərin mənimsənildiyi müəssisə olduğu üçün deyil, hər şeydən əvvəl, üzərinə
mənəviyyatlı insanlar yetişdirmək məsuliyyəti düşdüyü üçün görülür. Təsadüfi deyil ki, dövrün,
zamanın tələbinə görə ayrı-ayrı vaxtlarda ümumi təhsilin təlimlə bağlı məzmun istiqamətləri
dəyişsə də, təhsil alanların mənəvi tərbiyəsinə verilən tələblər dəyişilməz qalır.
ümumi təhsilin məzmununda qədimdən üzü bəri baş verən dəyişikliklər isə cəmiyyətin
inkişafına uyğun olaraq ümumi təhsilin keyfiyyəti və səmərəliliyinin yüksəldilməsi məramı ilə
bağlı olmuşdur. Təhsilə cəlb edilmiş uşaqlara yaş və fizioloji xüsusiyyətləri, əqli inkişafları
nəzərə alınmaqla "nələri və hansı həcmdə öyrətmək" sualı mütəxəssisləri həmişə düşündürmüş,
bununla əlaqədar çoxsaylı eksperimentlər aparılmışdır. Dünyada inkişaf dövrdən-dövrə
sürətləndikcə bu sual daha qabarıq şəkildə gündəmə gətirilmiş, problemə müxtəlif mövqeləri əks
etdirən yanaşmalar meydana çıxmışdır.
Yaxın tarixə nəzər saldıqda 80 ilə yaxın Azərbaycanın da tərkibində olduğu keçmiş
Sovetlər Birliyinin ümumi təhsil sistemində nəzəri biliklərin, fakt və məlumatların öyrədilməsinə
daha geniş yer verildiyi açıq-aydın görünür. Siyasi, ideoloji fərqlərə görə digər qabaqcıl
dövlətlərin təhsil sahəsində təcrübəsini öyrənmək imkanı yaradılmadığından ölkə daxilində hamı
sovet təhsil sistemini dünyada ən qabaqcıl, mütərəqqi və humanist sistem kimi qəbul etmişdi.
Düzdür, bu sistemin özünəməxsus üstünlüklərini inkar etmək düzgün olmazdı, neçə nəsil məhz
həmin sistem daxilində təhsil alıb formalaşmışdır. Bununla belə, təhsilin, o cümlədən də ümumi
təhsilin məzmununun konkret standartlar üzərində qurulmaması, tədris proqramları və
dərsliklərin həddən artıq yüklü olması, qiymətləndirmə üsul və meyarlarının, təlim metodlarının
yeknəsəqliyi, şagirdlərə yanaşmada diferensiallaşmanın tətbiq edilməməsi və başqa bu kimi
amillər son nəticədə formalizm hallarının yaranmasına, bir çox şagirdlərin keyfiyyətli təhsil
almadan, bəzi fənləri mənimsəmədən süni surətdə sinifdən-sinfə keçirilməsinə və həyatda onlar
üçün bəlkə də heç bir əhəmiyyət kəsb etməyən təhsil sənədi almasına gətirib çıxarırdı.
Azərbaycanda bütövlükdə təhsil sisteminin, o cümlədən də ümumi təhsilin milli ənənələr,
milli mənəvi və bəşəri dəyərlər zəminində dinamik və məqsədyönlü inkişafı məhz dövlət
müstəqilliyinin bərpasından sonra mümkün oldu. Düzdür, müstəqilliyin ilk illərində ölkəmizdə
baş vermiş siyasi böhran, iqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi, Ermənistanın
təcavüzü və digər bu kimi amillər inkişafa ciddi zərbə vurdu, xalqa müstəqilliyin şirinliyini hiss
etməyə imkan vermədi. Tarixi həqiqətdir ki, bütün bu xaosa, xalqın dövlətə inamsızlığına,
ümidsizliyə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə
qayıdışından sonra birdəfəlik son qoyuldu. Diqqət yetirsək, ümummilli liderin hakimiyyətinin üç
ili yalnız ölkədə siyasi sabitliyin bərpasına yönəlmişdi. 1996-cı ilin əvvəllərindən isə
respublikamız tənəzzül və iflasdan çıxaraq inkişafa doğru inamla addımlamağa başladı, bütün
sahələrdə islahatların aparılması üçün münbit şərait yarandı.
Zəngin həyat və dövlətçilik təcrübəsi olan ulu öndər Heydər Əliyev cəmiyyətin
inkişafında təhsilin rolunu yüksək qiymətləndirir, bu sahədə islahatların tezliklə başlanmasını
zəruri hesab edirdi. Bu mənada dahi rəhbərin 1998-ci ildə təhsil sahəsində islahatlar üzrə Dövlət
Komissiyasının yaradılması barədə sərəncamı, bir il sonra isə təsdiq etdiyi "Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat Proqramı" müstəqil ölkəmizin təhsil salnaməsinə
müstəsna əhəmiyyətə malik tarixi sənədlər kimi daxil olmuşdur.
"Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı"nın əsas konseptual
ideyasını və təməl prinsiplərini Heydər Əliyevin irəli sürdüyü aşağıdakı müddəalar təşkil edir:
Dostları ilə paylaş: |