Ekoloji risklər ətraf mühitin çirklənməsi ilə əlaqədardır və insanın maddi rifah əldə etməsi prosesində fəaliyyəti ilə şərtlənir. Ekoloji risklər adətən sığortaçının məsuliyyət həcminə daxil edilmir.
Xüsusi risklər xüsusi qiymətli yüklərin, məsələn nəcib metalların, qiymətli daşların, sənət əsərlərinin, nağd pulun daşınmasının sığortasını nəzərdə tutur. Xüsusi risklərin məzmunu sığorta müqaviləsinin xüsusi şərtləri ilə razılaşdırılır və sığortaçının məsuliyyət həcminə daxil edilə bilər.
Siyasi risklər beynəlxalq hüquq baxımından hüquqazidd hərəkətlərlə, baxılan suveren dövlətə və ya onun vətəndaşlarına münasibətdə xarici dövlətin tədbir və aksiyaları ilə əlaqədardır. Düzəlişlər sistemi və sığorta müqaviləsinin xüsusi şərtləri ilə siyasi risklər sığortaçının məsuliyyət həcminə daxil edilə bilər.
Texniki risklər maşın və avadanlığın qəfil sıradan çıxması və ya istehsalat texnologiyasında fasilələr nəticəsində qəza formasında meydana çıxır. Sığortanın texniki növlərinin problemi qəzaların tezliyinin qiymətləndirilməsi və qəzalardan yaranan zərərin qiymətləndirilmə üsuludur. Texniki risklər universal xarakter daşıyır.
Riskin qeydiyyatı onun müşahidəsi və uçotu prosesidir. Hər hansı risk qrupu üçün riskin qeydiyyatını müəyyən edən amillər risk halı adlanır. Bu amillər baxılan sığorta obyektinə xas olur və riskin komponenti və ya əlaməti kimi baxılır. İstənilən riskə risk hallarının məcmusu kimi baxmaq olar.
Sığortaçının işində obyektiv və subyektiv risklərin müəyyən edilməsi son dərəcə vacibdir. Obyektiv risklər nəzarətsiz təbiət qüvvələrinin və digər təsadüflərin sığorta obyektlərinə zərərli təsirlərini əks etdirir. Obyektiv risklər insan iradəsi və şüurundan asılı deyil. Subyektiv risklər həqiqətə obyektiv yanaşmanı inkar etməyə və ya ondan yan keçməyə əsaslanır. Bu risklər insan şüurundan və iradəsindən asılıdır, ətraf aləmin obyektiv reallığının kifayət qədər dərk edilməməsi ilə əlaqədardır.
Subyektiv risk hallarında franşiza tətbiq olunur.
Riskin minimallaşdırılması və məhdudlaşdırılması ilə əlaqədar fəaliyyət riskin idarə olunması (risk-menecment) adlanır. Bu fəaliyyət itkilərin minimallaşdırılmasına, sığorta riski ilə sığorta tarifinin uyğunlaşdırılmasına, tam sığorta təzminatının ödənilməsinə zəmanət verən fondların yaranmasına istiqamətlənir. Risk-menecment risklərin identifikasiyasından, ölçülməsindən və onlara nəzarət olunmasından (fiziki və maliyyə) ibarətdir.
Dostları ilə paylaş: |