Ayrı-ayrı debitor ilə kreditorlarla hesablaşmalar barədə bütün hesabların müəyyən dövrə debet ilə kredit qalığı mühasibat uçotunun rəsmi arayışı ilə təsdiq olunduqdan sonra auditor bu hesab üzrə ilk növbədə hesablaşmaların dövriyyə cədvəlində, müvafiq jurnal-orderdə hansı formada aparılmasını aydınlaşdırmalıdır. Belə ki, ayrı-ayrı debitor və kreditorlarla hesablaşmaların debet ilə kredit dövriyyəsinin açıq formada həyata keçirilməsi və həmin sahədə debitorların kreditor qalıqları hesabına azaldılması (bağlanması) halının qarşısını almaq məqsədilə milli mühasibat uçotunun yeni standartlarında ayrı-ayrı debitor və kreditorlarla hesablaşmaların bütün növləri ayrı-ayrı sintetik hesablarda aparılmaqdadır. Bu səbəbdən də ayrı-ayrı debitor və kreditorlarla hesablaşmalar barədə əməliyyatların ekspertizası vaxtı cari dövr üzrə debitor və kreditorlarla hesablaşmaların müxtəlif əməliyyatların xüsusiyyətinə əsasən aidiyyatı üzrə uyğun sintetik hesablarda öz əks olunması onların baş kitaba və ya balansa köçürülməsi prosesi yoxlanmalı və dəyərləndirilməlidir. Əgər yoxlama vaxtı yekunda debitorun hesabına kreditorun aşağı salınması halları aşkar olunarsa, auditor alternativ şəkildə ayrı-ayrı debitor və kreditorlarla hesablaşmaların əməliyyatlara əsasən uyğun sintetik hesablarda uçotun təlimata müvafiq qurulmağını təşkil etməlidir. Ayrı-ayrı debitor və kreditorlarla hesablaşmaların auditinin aparılması zamanı əsas məqamlardan biri də debitor və kreditor qalıqlarının hərəkət etməsidir. Bu hərəkət sözügedən hesab üzrə müəyyən dövrə inventarlaşma üsulunun tətbiq olunması ilə müəyyən edilir. Yoxlamaekspertiza sayəsində ayrı-ayrı debitor və kreditorlarla hesablaşmalarda ciddi qanun pozuntuları, ümidsiz debitor borcları, sahibsiz debitorlar və yaxud kreditorlar müəyyən olunarsa, bu vaxt auditor onların həqiqiliyini təsdiq etmək məqsədilə üzləşdirmə aktından faydalanmalıdır. Bu səbəbdən hesablaşmalar aparan tərəflər arasında qalıqların qarşılıqlı üzləşdirilməsi və tərəflər arasında debitor-kreditor qalıqları təsdiq olunmalıdır. Həmin qalıqların reallığına daha inamlı olmaq üçün auditor hesablaşmalar üzrə yaranmış 315 debitor ilə kreditor borclarının ilkin və təsdiqedici sənədlərinə nəzər yetirməlidir. Ayrı-ayrı debitor və kreditorlarla hesablaşmalarla bağlı, o cümlədən müəssisənin işçilərinin əmək haqqından məhkəmə orqanlarının qərarlarına istinadən ayrı-ayrı insanların xeyrinə tutulan məbləğlər və başqa əməliyyatlar haqqında da informasiyalar toplana bilər. Ayrı-ayrı debitor və kreditorlarla hesablaşmalar üzrə həyata keçirilən bu və ya başqa tipli əməliyyatların vaxtında reallaşdırılmasını qiymətləndirmək üçün ayrı-ayrı debitor və kreditorlarla hesablaşmaların analitik uçot məlumatlarını nəzərdən keçirmək zəruridir. Ayrı-ayrı debitor və kreditorlarla hesablaşmalar üzrə əməliyyatların mühasibat uçotunda doğru müxabirələşmələr həyata keçirilməsinə qiymət vermək üçün mühasibat uçotunun hesablar planı ilə onun tətbiq edilməsinə dair təlimatın hesablaşmalar bölməsinə diqqət yetirilməlidir.