AZƏRBAYCAN ELMLƏR AKADEMİYASI
MİLLİ MÜNASİBƏTLƏR İNSTİTUTU
VAQİF ARZUMANLI
ADİL HÜSEYNOV
AZƏRBAYCAN
ÜNVANLI...
(XARİCİ ÖLKƏLƏRDƏ FƏALİYYƏT GÖSTƏRƏN
AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ VƏ
CƏMİYYƏTLƏRİ)
BAKI – 1994
Redaktor: Filologiya elmləri doktoru, professor
TEYMUR ƏHMƏDOV
Arzumanlı Vaqif
Hüseynov Adil
Azərbaycan ünvanlı... B.: Qorqud, 1994, 110 s.
Bu kitabda dünyanın qabaqcıl ölkələrində yaşayan azərbaycanlıların
təşkil etdikləri cəmiyyət, dərnək və mədəniyyət mərkəzləri haqqında
oxuculara ilkin məlumat verilir. Azərbaycan ünvanlı Azərbaycan
diasporunun əməli fəaliyyətinin, vətən qayğısının və gələcəkdə görəcəkləri
xeyirxah işlərin təbliği kitabın başlıca qayəsidir.
ÖN SÖZ
Tariximiz və taleyimiz elə gətirmişdir ki, Azərbaycanın bir çox oğul
və qızları müxtəlif səbəblər üzündən öz doğma torpaqlarından uzaqlaşmış,
ucsuz-bucaqsız dünyamızın müxtəlif ölkələrində məskunlaşmış, yurd-yuva
salmışlar. Soydaşlarımız doğma torpaqlarından nə qədər uzaq olsalar da,
onlar Vətən məhəbbətini, vətən təəssübkeşliyini nəsildən-nəslə ən qiymətli
miras olaraq saxlamışlar. İllər ötdügcə, bir nəsil o birini əvəz etdikcə vətən
hissiyatı öz ilkin qüvvəsini itirmək qorxusuna məruz qalmışdır. Ölkələr və
xalqlar arasında çəkilmiş keçilməz səslər, görünməz pərdələr uzun müddət
vətən övladlarının yadlaşma qorxusunu artırmışdı.
Son illər şahid olduğumuz ictimai-siyasi hadisələr demokratik
dəyişiklər həyatımızın gündəlik ahənginə öz yenilik təravətini
gətirməkdədir. Şimali Azərbaycanda gedən demokratik hərəkatın və milli
dirçəlişin realları artıq dünya ictimaiyyətinin marağına səbəb olmuşdur.
Bu tarixi reallıqlar keçmiş imperiya imtiyazlarının bərpasına çalışan
qüvvələrin fitnəkarlığı və erməni millətçilərin Azərbaycana qarşı
açıqcasına hərbi təcavüzünün çulğaşdığı bir zamanda baş verməkdədir.
Şimali Azərbaycanda baş verən demokratik proseslər, kövrək müstəqillik
addımlarımız vətəndən uzaq yaşayan soydaşlarımızın milli qürur hisslərini
artırmışdır. İndi onlar Azərbaycanı keçmiş sovet imperiyasının özəlləşmiş
bir parçası kimi yox dünya siyasətində hələlik öz ilıq nəfəsi seçilən bir
dövlət kimi görürlər.
Xaricdə yaşayan həmvətənlərimizlə həmrəyliyin əsas təminatı
Azərbaycan Respublikasının müstəqil xarici siyasətindən çox asılıdır.
Məlumdur ki, Azərbaycan bütün ölkələrlə dinc yanaşı yaşamaq mübahisəli
məsələlərdə zorakılığa yol verməmək, bir-birinin daxili işlərinə
qarışmamaq, hərtərəfli əməkdaşlıq və qarşılıqlı yardım əsasında
münasibətlər qurmaq prinsiplərinə əməl etməsi çox mühüm şərtdir. Son
vaxtlar Azərbaycan Respublikasının bir çox dövlətlərlə iqtisadi və siyasi
əməkdaşlığı, birbaşa diplomatik əlaqələr yaratması və beynəlxalq
təşkilatlarda təmsil olunması xaricdəki soydaşlarımızla əlaqələrin
genişlənməsinə xeyli kömək etmişdir.
Müasir dünyamızın mürəkkəb və ziddiyyətli bir dövründə müstəqillik
yolunda ilk addımlar atan Azərbaycan Respublikası onun hüdudlarından
kənarda yaşayan soydaşlarımızın qayğı və problemləri ilə yaxından
maraqlanmağı, onların hüquq və azadlıqlarını qorumaq üçün əməli
fəaliyyət göstərməyi özünə borc sayır. Eyni zamanda, indi ki mərhələdə
Azərbaycanın erməni təcavüzünə qarşı mübarizəsində onların yardımına,
maddi və mənəvi köməyinə ciddi ehtiyac vardır. Bütün bunlar doğma
Azərbaycanımızın müharibə od-alovundan qurtarmasına, onun
müstəqilliyinin möhkəmlənməsinə yönəlməsi ilə yanaşı soydaşlarımızın öz
milli varlıqlarından, tarixlərindən və mədəniyyətlərindən uzaq
düşməməsinə də xidmət edir. Taleyin hökmü ilə doğma vətənlərindən uzaq
düşmüş soydaşlarımıza müstəqil Azərbaycan Respublikasının tam hüquqlu
vətəndaşları kimi yanaşılması günün reallıqıdır. İndi elə bir dövrdür ki,
onların da Azərbaycana yaxından qayğı göstərmələrinə, doğma
vətənlərinin dərd-sərinə yanmalarına böyük və mənəvi tələbat vardır.
Xaricdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi milli
dövlətçiliyimiz baxımından müasir həyatımızda ən vacib və son dərəcədə
mühüm olan bir sahədir. Son illər xaricdəki Azərbaycan cəmiyyətlərinin,
milli-mədəni mərkəzlərin, assosiasiyaların sayı xeyli artmış, onların
fəaliyyət dairəsi genişlənmişdir. Şübhə yoxdur ki, xarici ölkələrdəki
azərbaycanlı icmaların hamısı heç də arzu olunan səviyyədə fəaliyyət
göstərmək imkanına malik deyildir. Onların bir qismi qədim etnik
torpaqlarda, bir çoxu isə keçmiş sovet respublikalarının ərazisində
məskunlaşmışlar. Dünyanın bütün qitələrinə səpilmiş azərbaycanlı icmaları
ictimai, siyasi və iqtisadi zəmində fəaliyyət göstərirlər. Azərbaycan
icmaları ilə, onların yaratdıqları cəmiyyətlərlə, milli-mədəni mərkəzlərlə
hərtərəfli sıx əlaqələrin yaradılması çox vacibdir və bu zaman milli-mənəvi
dəyərlərin qorunub saxlanılması, təbii, coğrafi, tarixi, milli-psixoloji,
iqtisadi və digər amillər mütləq nəzərə alınmalıdır.
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan
cəmiyyətləri və mədəniyyət mərkəzləri ana dilimizin, mədəni irsimizin,
adət-ənənələrimizin qorunub saxlanılması, təbliğ olunması sahəsində
olduqca xeyirxah, əvəzsiz fəaliyyət göstərirlər. Bu günkü Azərbaycan
Respublikası azərbaycanın ictimai-siyasi həyatı, burada baş verən
demokratik proseslər barədə nəinki soydaşlarımız, eyni zamanda, bu və ya
başqa ölkənin geniş ictimaiyyəti arasında obyektiv məlumat yaymaqda
həmin cəmiyyətlərin və mədəniyyət mərkəzlərinin səmərəli işi
təqdirəlayiqdir. Onlar son illərdə torpaqlarımıza təcavüz etmiş erməni
millətçilərinin işğalcılıq əməllərinin, haqsız ərazi iddialarının, sərsəm
xülyalarının ifşa olunması, əsl həqiqətin dünya ictimaiyyətinə catdırılması
işində böyük səy göstərirlər.
Yeri gəlmişkən, qeyd edək ki, Qarabağ avantürasının təbliğat, maddi
və hərbi təminatında erməni diasporasının xaricdəki fəaliyyətinin genişliyi,
çoxsahəliliyi, nizamlı quruluşu heyrət doğurur. Bu da təsadüfi deyil. Çünki,
erməni diasporasının və lobbisinin köklü ənənəsi, tarixi səbəbləri var. Hələ
qırxıncı illərdə Ermənistanda xarici diaspora ilə işləmək üçün xüsusi
komitə yaradılmışdır. Eyni zamanda, 1988-ci ilin fevral, ayından
başlayaraq Azərbaycana qarşı erməni təcavüzü başlayandan sonra xarici
ölkələrdə yaşayan 30 milyondan artıq azərbaycanlının səsi uzun müddət
eşidilmədi. Belə hal respublikamızda həqiqətən haqlı təəccübə səbəb oldu.
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət
cəmiyyətləri 1988-ci ildən sonra öz fəaliyyətlərini xeyli gücləndirdilər və
müxtəlif ölkələrdə yeni-yeni cəmiyyətlər, mərkəzlər yaranmağa başladılar.
1990-cı ilin qanlı yanvarından sonra bu cəmiyyətlərin və mərkəzlərin səsi
demək olar ki, dünyanın bütün, böyük dövlətlərindən eşidilməyə başlandı.
Bizim günlərdə artıq xarici ölkələrdə yaşayan soydaşlarımızın səsi
çox gur eşidilir. Onlar Azərbaycan Respublikasında baş verən hər böyük
siyasi hadisəyə hay verirlər, qaçqınlar üçün dərman və paltar göndərirlər.
Azərbaycanlı biznesmenlərin çoxu indi Azərbaycan Respublikasının
iqtisadiyyatına, elminə sərmayə qoymağa hazırdırlar və bunun üçün
müvafiq zəruri şəraitin yaradılmasını gözləyirlər.
Bütün bunlar son illərdə müstəqillik və demokratiya yollarında geniş
addımlar atmağa başlayan respublikamızda xarici soydaşlarımızla bağlı
aparılan ardıcıl işlərin və konkret addımların nəticəsidir.
Son bir neçə ildə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan
mədəniyyət mərkəzləri və cəmiyyətləri ilə əlaqələr xeyli intensivləşmişdir.
“Azərbaycan dünyası” Beynəlxalq əlaqələr Mərkəzi və “Vətən”
cəmiyyətinin fəaliyyəti ilə yanaşı, respublikamızın bir sıra əlaqədar
təşkilatları da xarici ölkələrdə yaşayan soydaşlarımızla sıx əlaqə
yaratmağa təşəbbüs göstərmişlər.
1990-cı ildə İstambulda Azərbaycan cəmiyyətlərinin birinci
beynəlxalq qurultayı olmuşdur. Həmin qurultayda bütün dünyada fəaliyyət
göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin və cəmiyyətlərin vahid
ittifaqda birləşdirməsi barədə qərar qəbul olunmuş, əlaqələndirmə şurasının
yaradılması təklif edilmişdir. Bu qurultay ilk növbədə xarici ölkələrdəki
Azərbaycan cəmiyyətlərinin fəaliyyəti, onların bir-birinə bənzər
problemləri ilə tanışlıq baxımımdan böyük əhəmiyyət kəsb etdi.
1991-ci ilin yanvarında Respublikada Nazirlər Kabineti “Ayrı-ayrı
respublikalarda yaşayan azərbaycanlılarla əlaqələri möhkəmləndirmək,
milli mədəniyyətin, doğma dilin və ənənələrin inkişafında onlara kömək
göstərmək tədbirləri haqqında” qərar qəbul etmişdir.
Respublikamızdan kənarda fəaliyyət göstərən Azərbaycan mədəni
cəmiyyətləri arasında əlaqə yaratmaq və aparılan işləri düzgün
istiqamətləndirmək məqsədi ilə mart ayının 28-dən 30-dək Bakı şəhərində
Mədəniyyət Nazirliyi xətti ilə Azərbaycan Mədəni cəmiyyətləri sədrlərinin
iştirakı ilə seminar müşavirə keçirilmiş, konkret vəzifələr
müəyyənləşdirilmişdir.
Respublika Mədəniyyət Nazirliyi Azərbaycan mədəniyyət
mərkəzlərinə maddi kömək göstərmək məqsədi ilə bir sıra konkret tədbirlər
görmüşdür. Demək olar ki, cəmiyyətlərin əksəriyyəti ədəbiyyat, rəsm
əsərləri, musiqi alətləri, milli geyimlərlə təmin olunmuşlar. Bazar günü
məktəblərində Azərbaycan dilinin tədrisi üçün onlara nazirlik tərəfindən
nəşr olunan “Azərbaycan dilini öyrənirik” qramvallar albomu göndərilmiş,
dahi Nizaminin 850 illik yubileyi ilə əlaqədar olaraq Tallində, Daşkənddə,
Sankt-Peterburqda, Kiyevdə, Xarkovda, Minskdə, Moskvada və başqa
şəhərlərdə fəaliyyət göstərən Azərbaycan mədəni mərkəzləri ilə birlikdə
geniş tədbirlər keçirilmiş, keçmiş ittifaq respublikalarında bir çox
şəhərlərdə Novruz bayramı münasibətilə şənliklər təşkil edilmişdir. Bu
şənliklərdə respublikanın ayrı-ayrı folklar kollektivləri çıxış etmiş,
artistlərimiz teatrlaşdırılmış tamaşalar göstərmişlər.
Həmin ilin iyun ayında isə Zuğulbada keçmiş SSRİ-nin müxtəlif
şəhərlərində fəaliyyət göstərən Azərbaycan Respublikası Azərbaycan milli
mədəniyyət mərkəzləri və cəmiyyətləri nümayəndələrinin konfransı çox
səmərəli olmuşdur.
1992-ci ildə də xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr
möhkəmləndirilmişdir. Belə ki, aprel ayında Bakıda xarici ölkələrdəki
Azərbaycan mədəniyyət mərkəzləri və cəmiyyətlərinin əlaqələndirmə
mərkəzi yaradılmış, avqusta isə xaricdəki Azərbaycan cəmiyyətlərinin
Bakı konfransı keçirilmişdir. Bakıda Dünya azərbaycanlılarının birinci
qurultayı keçirilməsi nəzərdə tutulmuşdur. Xalqımızın tarixində çox
əlamətdar ictimai-siyasi hadisə olacaq həmin qurultayın əhəmiyyəti böyük
olacaqdır.
İndi uzun və əzablı ayrılıq sona çatıb.
Xaricdə yaşayan həmvətənlərimiz də özlərini müstəqil Azərbaycan
dövlətinin vətəndaşı kimi hiss etməli, onların halalca haqqı özlərinə
qaytarılmalı, ədalət bərpa olunmalıdır. Bax, qurultay bu tarixi və bəşəri
vəzifəni müəyyən dərəcədə həyata keçirməlidir. Xaricdəki azərbaycanlılar
cəmiyyətlərinin bir-biri ilə, eyni zamanda respublikamızla əlaqələrini
möhkəmləndirmək, onların fəaliyyətini tənzimləmək, qürbətdəki
soydaşlarımızın təşkilatlanmasını sürətləndirmək, həqiqətlərimizin onların
vasitəsi ilə daha çox ölkəyə yayılmasını təmin etmək, mühacir
qardaşlarımızın hüquqlarını qorumaq, xaricdəki milyonlarla
azərbaycanlının mədəni muxtariyyət qazanmasına səy göstərmək də bu ali
məclisin məqsədlərinə daxil olacaqdır.
Xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin və
mədəniyyət mərkəzlərinin nümayəndələri vaxtaşırı respublikamıza gəlir.
Respublikamızın ictimai siyasi, iqtisadi və mədəni həyatı ilə yaxından
tanış olurlar. Müstəqillik yollarına çıxan Şimali Azərbaycanda gedən
demokratik dəyişikliklər soydaşlarımıza dərin təsir bağışlayır, onları
sevindirir. Öz növbəsində Azərbaycan ictimai və mədəniyyət xadimlərinin,
incəsənət ustalarının xaricdəki çıxışları və görüşləri soydaşlarımızla
əlaqələrin möhkəmlənməsinə kömək edir. Son vaxtlar dövlət səviyyəsində
görülən tədbirlər, ictimai təşkilatların, xüsusən “Yurddaş”, “Vətən”,
“Tanıdım”, “Sodrucestvo”, “Bakılı” və digər cəmiyyətlərin, Azərbaycan
Mədəniyyət Fondunun fəaliyyəti xaricdəki həmvətənlərimizlə əlaqələrin
rəngarəngliyini müəyyən dərəcədə zənginləşdirmişdir.
Lakin ictimai-siyasi həyatda gedən demokratik proseslər
soydaşlarımızla, onların yaratdıqları cəmiyyətlərlə, mədəni mərkəzlərlə,
təşkilatlarla əlaqələrin daha da genişlənməsini, dərinləşməsini, onların
fəaliyyətlərinin əlaqələndirilməsini tələb edir. Heç şübhə yoxdur ki, dünya
azərbaycanlılarının ilk qurultayının keçirilməsi yurddaşlarımızla və
soydaşlarımızla əlaqələrin möhkəmlənməsində mühüm vasitə olacaqdır.
Qurultaya xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin
və mədəniyyət mərkəzlərinin işləməsinin əlaqələndirilməsinə imkan
yaradacaq, yeni bir nüfuzlu beynəlxalq qurumun təşkilinə, onun daha
səmərəli və müntəzəm fəaliyyət göstərməsinə şərait yaradacaqdır. Bütün
bunların əməli və tarixi əhəmiyyətini nəzərə alıb Dünya azərbaycanlılarının
birinci qurultayının keçirilməsi vacibdir.
* * *
Azərbaycan Respublikası Elmlər Akademiyası Milli Münasibətlər
İnstitutu fəaliyyətə başladığı ilk günlərdən xarici ölkələrdə yaşayan
soydaşlarımız ilə əlaqə yaratmağa cəhd göstərmiş xarici ölkələrdə
yaradılmış Azərbaycan mədəniyyət mərkəzləri və cəmiyyətlərinin işi ilə
maraqlanmışdır.
Bu bir tərəfdən həmin mərkəz və cəmiyyətlərə müəyyən kömək əli
uzatmaq məqsədi ilə bağlıdırsa, digər tərəfdən istəyirik ki, yaxın gələcəkdə
respublikamızdan kənarda fəaliyyət göstərən milli mədəniyyət ocaqlarımız,
onların fəalları vətənpərvər oğullarımız haqqında ayrıca kitab hazırlayıb
nəşr etdirmək olmuşdur. Bu məqsədlə dünyanın bir çox ölkələrinə, o
cümlədən, keçmiş Sovetlər ittifaqının ayrı-ayrı respublika və şəhərlərinə
göndərdiyimiz məktublara cavablar almışıq. Belə məktubların içərisində
sevindirici xəbərlərlə yanaşı, təəssüf doğuran, ürək ağrıdıcı sətirlərə də tez-
tez rast gəlirik. Və məlum olur ki, Vətənimizin böyük bir ərazisi düşmən
təcavüzünə məruz qaldığı bir dövrdə doğma Azərbaycanımızdan min
kilometrlərlə uzaqlarda hər bir imkandan istifadə edərək, respublikamızın,
xalqımızın başını uca edən oğullarımızla yanaşı, yalnız öz cibini və
mənafeyini güdüb hər cür əmələ qoşularaq, millətimizə, torpağımıza ləkə
gətirən üzdəniraq “oğullarımız” da az deyil. Sonuncuların əməlləri barədə
eşidərkən xəcalət təri tökürsən.
İstər-istəməz fikirləşirsən ki, məhz belələridir Moskvada, Sankt-
Peterburqda, Riqada, Tallində, Samarada, Tümendə, Xabarovskda və neçə-
neçə başqa şəhərlərdə antiazərbaycanlı (alverçi-azərbaycanlı, ruşvətxor-
Azərbaycanlı, cinayətkar azərbaycanlı) obrazı yaratmaq üçün canfəşanlıq
edən düşmənlərimizin əlinə əsas verənlər. Onsuz da xalqımızın
demokratiya və müstəqillik yollarında qazandığı uğurların, suveren
Azərbaycanımızın dünya miqyasında atdığı addımlarının paxıllığını
çəkənlər az deyildir. Hətta iş o yerə çatıb ki, bu gün istər yaxın, istərsə də
uzaq xarici ölkələrdə Qafqazdan olan hər hansı bir millətin nümayəndəsi
cinayət törədirsə, yöndəmsiz iş tütursa, kobudluq edirsə, onu mütləq
azərbaycanlı kimi qələmə vermək üçün, azərbaycanlının ayağına yazmaq
üçün dəridən-qabıqdan çıxırlar. Belə olduğu halda biz azərbaycanlılar
harada olursa-olsun istər Şimali Qafqazda, istər Rusiyada, istər Baltikyanı
ölkələrdə, istər Orta Asiyada, istər Avropanın və Amerikanın bu və ya
başqa ölkələrində daha həssas, daha ehtiyatlı, daha tədbirli davranmalı, öz
hərəkətlərimizə diqqət yetirməliyik.
* * *
Oxuculara təqdim olunan bu kitab xarici ölkələrdə fəaliyyət göstərən
Azərbaycan cəmiyyətlərinin, mədəniyyət mərkəzlərinin və
assosiasiyalarının fəaliyyətini əks etdirən ilk təşəbbüsdür.
Xaricdə yaşayan soydaşlarımızla əlaqələrin hələ istənilən səviyyədə
öyrənilməməsi, indiyə kimi bu sahədə aparılan araşdırmaların zəifliyi
kitabın tam əhatəli olmasına imkan verməmişdir. Xatırladaq ki, hazırki
kitabın rus və ingilis dillərində də nəşri nəzərdə tutulmuşdur. Bu kitabın
həmin dillərdə çap olunmasına qədər hörmətli oxucularımızın təklif və
qeydlərini nəzərə alacaq, kitabın mövzu dairəsini daha da genişləndirməyə
çalışacağıq. Müəlliflər gələcəkdə bu istiqamətdə öz tədqiqatlarını davam
etdirəcək, soydaşlarımızın xaricdəki cəmiyyətləri, mədəniyyət mərkəzləri
və digər təşkilatları haqqında məlumatları zənginləşdirməyə, onun daha
əhatəli olmasına cəhd göstərəcəklər. Və, nəhayət, bu kitab üzərində
işlərkən bizə öz köməyini əsirgəməyən “Vətən” və “Yurddaş!”
cəmiyyətlərinin, habelə Milli Münasibətlər İnstitutunun bəzi əməkdaşlarına
öz minnətdarlığımızı bildiririk.
Bizdə belə bir inam var ki, xarici soydaşlarımızın ədəbi, mədəni və
ictimai fəalliyyətinə həsr olunmuş bu kitab həm geniş oxucu kütləsi, həm
də ədəbi və elmi ictimaiyyətimiz tərəfindən Azərbaycan Elmlər
Akademiyası Milli Münasibətlər İnstitutunun kiçik tövhəsi kimi qəbul
ediləcəkdir.
AVSTRALİYA
“AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ”
(Sidney)
Avstraliyanın Sidney şəhərində yaradılmış “Azərbaycan Mədəniyyət
mərkəzi”nin məqsədi respublikamızda baş verən ictimai siyasi,
demokratik prosesləri açıqlamaq, geniş ictimaiyyəti onların mahiyyəti ilə
tanış etməkdir. Mərkəz Azərbaycanla əlaqələri möhkəmlətməklə,
respublikanın mürəkkəb ictimai siyasi vəziyyətini, xüsusən erməni
təcavüzü nəticəsində baş vermiş müharibə haqqında həqiqəti Avstraliyada
yaşayan həmvətənlərimizə çatdırmaqda xeyli iş görür. Mərkəzin sədri
Cəmşid Qızılbaş ötən ilin payızında həyat yoldaşı Əfsanə xanımla Bakıda
qonaq olduğu dövrdə Avstraliya televiziyasının sifarişi ilə bir saatlıq
“Azərbaycan bu gün” filmi üçün material toplamış, Azərbaycanla milli
demokratik hərəkatın gedişi ilə, demokratik qüvvələrin hakimiyyətə gəldiyi
dövrdən həyata keçirilən dəyişikliklərlə dövlət quruculuğu məsələləri ilə
yaxından tanış olmuşdur. Mərkəz Azərbaycandan Avstraliyaya musiqiçilər
dəstəsinin, alimlərin, yazıçıların və dövlət xadimlərinin dəvət olunması
sahəsində də
səmərəli fəaliyyət göstərir. Avstraliya ilə iqtisadi əlaqalərin
yaradılmasında, Sidneydə Azərbaycan mədəniyyəti sərgilərinin təşkili
işində yaxından köməklik göstərir.
C.Qızılbaş doğma vətəni Azərbaycanla müntəzəm olaraq maraqlanır,
onun hazırkı dövrdə ictimai-siyasi həyatı barədə geniş təbliğat aparır.
Xüsusən, bir telejurnalist kimi. Son altı ay ərzində C.Qızılbaş ağır
cərrahiyyə əməliyyatı keçirməsinə baxmayaraq. Azərbaycan haqqında
düzgün və obyektiv məlumatlar yaymaq məqsədilə İsveçdə, Hollandiyada,
Almaniyada, Fransada, İngiltərədə, Kanadada və ABŞ-da səfərlərdə olub.
Bu ölkələrdəki həmkarları, dostları vasitəsilə xeyli iş görüb. İstər sənədli
lentlərin, istərsə də əyani vəsaitlərin - kitab, jurnal, qəzet və s. köməyi ilə
C.Qızılbaş Azərbaycanın bugünkü həyatı, Qarabağ həqiqətləri haqqında
qiymətli telereportac və məqalələri ilə tez-tez dünyanın müxtəlif
telekanallarına, mətbuat səhifələrinə çıxır. Sidney şəhərindəki Siyasi
Elmlər Universitetinin məzunu olan C.Qızılbaşın peşəkar siyasətci kimi
dünya miqyasında Azərbaycanın təbliği ilə bağlı geniş yaradıcılıq planları
vardır.
“AZƏRBAYCAN TÜRKLƏRİ BİRLİYİ”
(Sidney)
Uzaq Avstraliyanın paytaxtı Sidney şəhərində yaşayan
soydaşlarımızın daha bir mədəni cəmiyyətləri “Azərbaycan Türkləri
Birliyi” fəaliyyət göstərir. Bu birliyin yaranması lap son aylara təsadüf
edilir.
Birliyin ən böyük uğurlarından biri Sidney şəhərində “Azərbaycanın
səsi” radiostansiyasının yaradılmasıdır. Həmin radio verilişlərinin Baş
redaktoru Azərbaycan Dillər İnstitutunun məzunu Gülzar Qasımzadədir.
“Azərbaycan Türkləri Birliyi” rəhbəri cənubi Azərbaycan ziyalısı
Həsən bəydir.
Sidneydə yaşayan həmvətənimiz İmaməddin Xanbaba oğlu Bakıda
nəşr olunan “Azadlıq” qəzeti redaksiyasına müraciət edərək “Azərbaycan
Türkləri Birliyi” üzvlərinin Azərbaycan Respublikasında yaşayan
soydaşları ilə əlaqə yaratmaq arzusunda olduqlarını bildirmişdir.
ALMANİYA
“AZƏRBAYCAN ALMANİYA CƏMİYYƏTİ”
(Berlin)
“Azərbaycan-Almaniya Cəmiyyəti” 1988-ci ilin əvvələrində
yaranmışdır. Onun əsas məqsədi Almaniyada Azərbaycana olan marağın
artdığı bir şəraitdə geniş ictimaiyyəti xalqımızın milli dirçəliş prosesi, onun
mədəniyyəti, iqtisadiyyatı və incəsənəti ilə tanış etməkdir. Cəmiyyət
soydaşlarımız, eləcə də Mərkəzi Asiya dövlətlərinin Almaniyada yaşayan
vətəndaşları arasında öz fəaliyyəti ilə şöhrət tapmışdır. Azərbaycana
yardım üçün xüsusi fond yaradılmışdır. Cəmiyyətin yaxından iştirakı ilə
Azərbaycanla həmrəylik mitinqləri təşkil edilir. Qərbdə istedadlı rəssam
kimi tanınan, "Azərbaycan-Almaniya Cəmiyyəti»nin sədri İbrahim Əhrari
dəfələrlə Bakıda olmuşdur. Hər səfəri zamanı Azərbaycana, müharibə
aparan döyüşcülərimizə dava-dərman gətirmişdir. O, Azərbaycan
Rəssamlar Birliyinə fəxri üzv seçilmişdir. İbrahim Əhrarinin rəsm
əsərlərinin Bakıda xeyriyyə məqsədilə sərgisi təşkil edilmişdir. Əldə
olunan vəsait yetim uşaqlara və yaralı əsgərlərə kömək üçün ayrılmışdır.
Cəmiyyət Almaniya ictimaiyyətini Azərbaycan mədəniyyəti, onun zəngin
ənənələri ilə tanış etmək məqsədilə konsertlər, poeziya gecələri, musiqi
festivalları, sərgilər və digər mədəni tədbirlər keçirir. İbrahim Əhrari bu
tədbirlər zamanı toplanan vəsaitlə Azərbaycan Qaçqınlar Cəmiyyətinin
elmi mərkəzinə də yardım etmişdir. Bu yaxınlarda Azərbaycan İncəsənət
muzeyinə dünya rəssamlarının qiymətli oricinal əsərlərini hədiyyə verməsi
rəğbətlə qarşılanmışdır.
Dostları ilə paylaş: |