Karat bu gün də zərgərlik işlərində geniş istifadə olunur və 0,2 q-a bərabərdir.
Dinar çəki vahidi kimi çox az istifadə edilmişdir. Ərəb xilafəti dövründə zərb
edilən qızıl pul olmuşdur. Dinarın çəkisi 4,235 q idi.
Adına tibbi və digər mənbələrdə rast gəlinən, lakin məişətdə az işlənən kiçik
çəki vahidlərindən biri də rətldir. Rətl 40,6 q-a bərabər olmuşdur.
Düymə (düym sözündəndir) xalq arasında bu gün də işlənən ölçü vahididir.
Beynəlxalq razılaşmaya görə, 1 düymə 25,4 mm-ə, yəni 2,54 sm-ə bərabər
götürülmüşdür ki, bu da baş barmağın diametri ilə eynidir.
Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir
düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25
mm-in yarısına yox, 15 mm-ə bərabərdir.
Kəllə isə əsasən qənd ölçüsüdür. Keçmişdə kəbin kəsiləndə iki xalvar buğda,
bir kəllə qənd və bir girvənkə çay gətirərdilər. Əkinləri suvararkən axıdılan suyun
miqdarını ölçmək üçün qol və qulaq sözlərindən istifadə edilmişdir. Qol və qulağın
hər ikisi əsas arxdan ayrılan şırımdır. Qol təxminən bilək yoğunluğunda su axıdır.
Qulaq isə ondan daha az su axıdan şırıma deyilir. Çayın qolu ifadəsi də yuxarıdakı
mənaya uyğun gəlir. Böyük çaylara qarışan xırda çaylar qol adlanır. Kotan
Azərbaycanda şum alətindən başqa torpaq ölçüsü vahidi mənasında da işlədilir. Belə
ki, qubalı Şeyx Əli xanın 1806-cı ilə aid fərmanında bir kotan yerin (torpağın) adı
çəkilir. Gəncə qəzası dövlət kəndlilərinin iqtisadi məişətinin tədqiqatçısı N.Abelova
görə, burada torpaq ölçüsü kimi kotanın bir gündə şumladığı sahə başa düşülürdü ki,
xalq arasında günlük adlandırılan bu sahə 0,5 desyatinə bərabər idi. Başqa sözlə,
birgünlük sahə elə bir kotan demək idi.
Kotana ölçü vahidi kimi digər türk xalqlarında da rast gəlinir. Orta əsrlərdə
Türkiyədə "kotan" istilahı iki mənada işlədilirdi. Birinci mənada - qoşqu heyvanı
qoşulmuş alət, ikinci mənada isə həmin alətlə bir gündə şumlanmış torpaq sahəsi[42].
Azərbaycan xalqının çəki və ölçü vahidlərinin öyrənilməsi göstərir ki, onlar
qədim tarixə malik olub, həm də xalqın köçəri, maldar, gəlmə olduğu haqda iddiaları
təkzib edir. Çünki onların böyük əksəriyyəti əkinçilik məhsullarının ölçüsünü göstərir.
463
|