Nizami Gəncəvi (1141-1209) yaradıcılığı İslam Şərqi renessansının tərkib
hissəsi olmaqla, Azərbaycan intibahının zirvəsi hesab edilir. Şairin poetik irsi
özünəqədərki Şərq və dünya ictimai-bədii fikrinin mühüm uğurlarını özündə əks
etdirməklə qalmamışdır. Onun lirikasında və poemalarında irəli sürülən fikir və
ideyalar, bütün bunların bədii-estetik ifadəsi özünün vüsətli fikir tutumu, romantik
ənginliyi baxımından yeni, orijinal və yüksək bir mərhələ təşkil edir[8]. Odur ki,
N.Gəncəvinin "Xəmsə"si və qəzəl, qəsidə, rübailərdən ibarət olan lirikası daim maraq
və diqqət mərkəzində olmuşdur. Çünki əgər Xəmsəyə daxil olan poemalarda Nizami
dühası özünün ideya-estetik ifadəsini epik planda tapırsa, "lirik əsərləri öz ideya
252
dərinliyi, forma gözəlliyi bədii təsir gücü
etibarilə şairin ölməz dastanlarından əsla geri
qalmır"[9]. Burada lirik qəhrəmanın qəlb
çırpıntıları arzu və idealları real bədii
lövhələrlə təsvir və tərənnüm olunur. Həmin fikir
və duyğular həm də romantik ruhu etibarı ilə
diqqəti cəlb edir. Bu poeziyanın fəlsəfi
məzmununu humanizm, halallıq, fədakarlıq,
ülvilik, mübarizlik və işıqlı sabaha haqqın,
ədalətin təntənəsinə dərin və sarsılmaz inam
təşkil edir. Lirik "mən"in şəxsində insanın daxili,
ruhi aləminə nüfuz edilərək onun saflığı, ülviliyi,
sevgisinin ilahi məzmunu üzə çıxarılır. Nəticə
etibarilə insana, onun varlığına və hüquqlarına
hörmət və məhəbbət ideyası bədii-fəlsəfi
məzmunda təqdim edilir.
N.Gəncəvinin məhəbbət lirikasının əsasını
real, həyati duyğular təşkil etsə də, o, ideya-
fəlsəfi məzmunca panteizmə, sufizmə biganə deyil. Bu hal, yəni real məhəbbətin ilahi
eşq səviyyəsi öz əksini Məcnunun Leyliyə vurğunluğunun bədii-estetik ifadəsinin
ideya-fəlsəfi məzmununda tapır. Çünki, Nizaminin fəlsəfi baxışlarında dörd ünsür və
ruhun varlığı qəbul edilsə də, onlar ayrılıqda deyil, vəhdətdə və "əqli-küllün" real
həyatın və maddi varlığın hərəkətverici qüvvə kimi dərk və qəbul edilməsinə
əsaslanırdı[10].
Beləliklə, N.Gəncəvinin insana, onun mənəvi-əxlaqi dünyasının paklığına
hörmət və ehtiram dolu məhəbbət lirikasının dayaqları real həyatdırsa, onun ümid və
idealları ilahi varlığa, ruhun öz ilkinliyinə qovuşmasına, bununla da kamillik, kamil
insan zirvəsinə doğru yönəlmişdir. Şairin təqdim etdiyi bu ülvi duyğulu, ilahi eşq
sevdalı kamil qəhrəmanı təbii olaraq humanizm ideyalarının daşıyıcısı və ifadə
edicisidir. Ona görə o, adil və cəsarətli, həqiqətpərəst və ədalət tərəfdarıdır, zahid
kimi qəzəb və ölümün gözünə dik baxır, qarı kimi Sultan Səncəri ədalətə və insanlığa
xidmətə çağırır, bayquşların timsalında Nuşirəvana ölkəni abad etmək, tərəqqi və
inkişafa yönəltmək borcunu yada salır və s.
Ədəbiyyatşünaslıqda "Xosrov və Şirin" poemasından danışılarkən o, əsasən
əyləncələrə meyilli, yüngülxasiyyət, ziddiyyətli, lakin inkişafda olan bir obraz kimi
xarakterizə olunur[11]. Əslində isə Xosrovun əyləncələrə meyilliyi onun yüngül
xasiyyətliliyindən irəli gəlmir. Bu cür hallar, yəni hardasa bir qədər ipə-sapa
yatmazlıq, ağlına gələn fikri fərqinə varmadan həyata keçirmək və s. yeniyetməliyə,
gəncliyə məxsus fərdi keyfiyyətlərlə daha çox bağlıdır. Çünki, Xosrov da vəliəhd,
hökmdar olmaqdan qabaq insandır. Özü də qayğıdan uzaqlığı onun həm də hökmdar
atasına arxalanmasından, özünü güvəncli hiss etməsindən də irəli gəlir. Bütün bunlar
253
isə Xosrovun yüngülxasiyyətliliyinə dəlalət etməkdən çox N.Gəncəvi tərəfindən
onun bir fərd, bir xarakter kimi hərtərəfli təsvir və təqdimetmə meyil və istəyindən
doğur. Bununla belə Nizami onun bu xüsusiyyətlərinə ictimai münasibətin
həssaslığını da nəzərə çatdırmağı unutmur. Belə ki, Nizamiyə görə Xosrovun başqa
gənclər kimi laübalı vaxt keçirməyə haqqı yoxdur. Çünki, o, digər həmyaşıdlarından
fərqli olaraq, vəliəhddir. Ölkənin və xalqın taleyi gələcəkdə ona tapşırılacaq. Gələcək
məsuliyyətli və taleyüklü vətəndaşlıq vəzifələrinə isə elə yeniyetməlik və gənclik
dövründən hazırlaşmaq lazımdır. Ona görə də N.Gəncəvi Xosrovun təbii insani
davranış və addımlarının hər birinə ictimai münasibətin həssaslığını bu qədər qabarıq
verməklə öz sənətinin həqiqətpərəstliyinə, reallığına sadiqlik nümayiş etdirmişdir.
Yəni Xosrovu birinci növbədə yeniyetmə, gənc bir fərd kimi təqdim etmiş, əsər boyu
isə onun bir insan və hökmdar kimi təkamül və inkişaf mərhələlərini oxucunun gözü
qarşısında təbii və aydın lövhələrlə canlandırmışdır.
Sultan Səncər, Ənuşirəvan, Hörmüz və başqalarının bir hökmdar kimi hər
hansı situasiyada müdriklik göstərib kimisə dinləyə bilmələri onların həm də yetkin
yaş dövrlərindən irəli gəlir.
N.Gəncəvi "Xəmsə" boyu hökmdar obrazının təkamülü ilə ölkədəki vəziyyət
arasındakı paralelliyi izləyir, təsvir və təqdim edir. Şair, Xosrovun yeniyetməlik və
gənclik dövrlərinə xas əyləncələrdən adil və yetkin hökmdar səviyyəsinədək keçdiyi
inkişaf mərhələlərini göstərdiyi halda, Bəhramı bir qədər sonrakı mərhələdə - taxt-
tacda ikən təqdim edir. Xosrovdan fərqli olaraq, Bəhramın əyləncələri onun taxt-
tacdakı uğurlarından sonra təsvir edilir. Bununla Nizami sanki insanın - hökmdarın
istənilən əqli və ideya-mənəvi inkişaf dövründə əyləncəyə olan meylinin təbii və
sönməz olduğunu göstərmək istəmişdir. Eyni zamanda bu meyil və həvəsin, şöhrətdən
doğan başgicəllənmənin ağrısını hər kəs kimi hökmdar - Bəhram Gur da çəkir. Ancaq
yetkinlik, kamillik və digər üstün keyfiyyətləri ona hər şeyi yoluna qoymağa kömək
və imkan verir.
"Xəmsə"də İskəndər isə yetkinlik mərhələsindən kamilliyə doğru axtarışlar
dövründə təqdim edilir. Bu zaman N.Gəncəvi "İqbalnamə"də təqdim edəcəyi ideal
cəmiyyətin ilkin nümunələri ilə oxucunu tanış edir. Əgər "Xosrov və Şirin"də
Məhinbanunun və Şirinin hakim olduğu məkanda belə bir cəmiyyətin
mümkünsüzlüyünə işarələr varsa, "İskəndərnamə"də Nüşabənin sarayında və
ölkəsində, həmçinin xoşbəxtlər diyarında həmin arzu olunan ölkənin ilkin və bir qədər
ibtidai nümunəsi ilə tanış oluruq. Bununla şair "İqbalnamə"də İskəndərin qurduğu
dövlətin heç də xəyal olmayıb, mümkünlüyü ideyasını əsaslandırır. Belə bir cəmiyyət
isə hissin, ehtirasların yox, ağlın, elmin, bütövlükdə zəka səltənətinin bərqərar olduğu
bir şəraitdə mümkündür.
Maraqlıdır ki, N.Gəncəvi ideal insan, hökmdar və cəmiyyətin, əmin-amanlıq
və ədalətin, insana qayğı və hörmətin hökm sürdüyü cəmiyyətin başlanğıc və ilkin
mərhələlərini əsasən qadın hökmdarların timsalında təqdim edir. Bununla şair qadına
anaya xas şəfqət və məhəbbətin ideya-bədii rəsmini çəkmiş və onların bəşər övladının
254
taleyində, onun iqbalının təminatında oynadıqları şəfqətli rolu göstərməyə çalışmışdır.
Bütövlükdə N.Gəncəvinin humanizm və insanlıq, məhəbbət və gözəllik, ədalət və
əmin-amanlıq, insanın ilahi varlıq, axtarışları onun həm lirikasında, həm də
"Xəmsə"si boyu davam edib tamamlanmışdır. Bu barədə professor
Rüstəm Əliyev çox
gözəl yazmışdır: "Heç də təsadüf deyildir ki, zaman keçdikcə Nizaminin poemaları
nəsə tam, bütöv bir əsər kimi dərk edilməyə başladı. Çünki bu əsərlər həqiqətən bir-
biri ilə üzvi surətdə bağlı idi və özünəməxsus bir silsilə təşkil edirdi, ideya və bədiilik
cəhətdən aydın ifadə olunmuş vəhdətə, tamlığa malik idi. Artıq şairin ölümündən
sonra bu silsilə "Xəmsə" ("Beşlik") adını aldı"[121.
Bu ədəbi xəzinədə əbədi qərar tutan Nizami Gəncəvi dühasının şəfqətli və
istiqamətverici hikmət nuru sonrakı dövrlərdə onun xələfləri tərəfindən
Azərbaycandan qat-qat geniş bir məkanda davam və inkişaf etdirildi, yeni-yeni
məzmun və ideyalar kəsb etdi. Həmin prosesin bu gün olduğu kimi gələcəkdə də
davam edəcəyinə əsas verən cəhətlərdən biri də orta əsrlərdə Azərbaycan ictimai-
əbədi düşüncəsinin davamlı inkişaf mərhələlərinin hər birinin özgün və orijinal tərzdə
üzə çıxmasıdır. İntibah düşüncə dalğasının təsirinin güclənməsində ərəb xilafəti
daxilində elm və ticarətin inkişafı və mövcud olan dövlətlərin tərəqqisi də az rol
oynamırdı. Odur ki, XIII əsrin ortalarına doğru mədhiyyə ədəbiyyatı davam və həm
sənətkarlıq, həm də ideya-məzmun cəhətindən inkişaf etməklə yanaşı, yeni düşüncə
və yaradıcılıq meyilləri də qabarıq nəzərə çarpmağa başlayırdı.
Məsələn, dövrün görkəmli şairlərindən olan Zülfüqar ġirvaninin (1190-1304)
şəxsində mədhiyyə ədəbi ənənələrinin inkişafını və yeni-yeni çalarlar kəsb etdiyini
görmək olar. Mənbələr onun altı dildə "Divan" müəllifi olduğunu göstərsələr də,
bunlardan yalnız farsca olan "Divan" günümüzə qədər gəlib çatmışdır.
Zülfüqar Şirvaninin əldə olan poetik irsi qəsidə, qəzəl, rübai, qitə, tərkibbənd
və tərcibəndlərdən ibarətdir. Buradakı nümunələrdə insan və onun duyğuları, azadlıq
eşqi saf və səmimi bir hisslə tərənnüm edilir. Şairin təsvirlərində məşuqun cövr-
cəfasından bəhs edilməklə yanaşı, sevinc, şuxluq, aşiqin romantik arzularının vüsəti,
inam, fikir sərbəstliyi diqqəti cəlb edir. Zülfüqar poeziyasında əlvan təsvir və ifadə
lövhələri, forma müxtəlifliyi, süjet orijinallığı da qabarıq nəzərə çarpır. Məsələn, o,
qəsidələrində bir qayda olaraq, əvvəlcə gözəlin, məşuqun bədii təsvirini verdikdən
sonra mədhiyyəyə keçir. Bu parçada o, insan gözəlliyinə qibtə, məftunluq və səcdə,
həm də lirik qəhrəmanın daxili mənəvi aləminin zənginliyini və
humanizmini ifadə
edir. Həmin qəsidələrin bəzisində diqqəti cəlb edən cəhət bir neçə beytdən sonra vəzn
və qafiyənin dəyişməsidir. Qəsidənin bu növündən, yəni "qəsideyi-tulani"dən başqa o,
üç qafiyəli qəsidələr də yaratmışdır.
Şirvaninin poeziyası məhəbbət mövzusuna daha artıq meyilli olsa da, burada
fəlsəfi fıkirlər, dünyanın, kainatın dərkinə dair mühakimələr də vardır. Məsələn, şairin
"Lamiyyə" qəsidəsinin girişində dünyanın və kainatdakı canlıların maddi və ruhi
olmaqla iki tərkibdən yarandığı bildirilir. Buraya dörd ünsür, ruhun həmin dörd
ünsürdən ucalığı, lakin bədənsiz mövcud ola bilməsi qənaətləri də daxildir. Şair öz
255
oxucusundan ağıl və nəfsini tərbiyə və idarə etməsini təmənna edir. Bildirir ki, buna
nail olan kəslərin ruhları onların vəfatlarından sonra ən uca zirvədə qərar tutacaqdır.
Z.Şirvaninin poeziyası Qətran Təbrizi, Ənvəri, Xaqani və Nizami ənənələrinin
yeni məzmun və formada davamıdırsa, Hümam Təbrizinin (1201-1314) yaradıcılığı
intibah düşüncəsinin yeni istiqamətli ideya-fəlsəfi məzmun keyfiyyətləri ilə təzahürü
kimi diqqəti cəlb edir. Şairin yaradıcılığının ərəb və fars dillərində olan nümunələri,
dini-fəlsəfi baxışlarına görə o, Elxani hökmdarı tərəfindən qətlə yetirildikdən sonra,
Rəşidəddin Fəzlullah tərəfindən toplanaraq divan şəklinə salınmışdır. Bu poetik irsdə
əsasən azad sevgi tərənnüm edilir. Özü də Hümamın lirik qəhrəmanı insana sevgisini
Allah sevgisinə bağlamır. O, insan saflığını, onun daxili və zahiri gözəlliyini bütün
gözəlliklərdən üstün tutur.
H.Təbrizinin şeirlərində məhəbbətin təsvirinin bitdiyi yerdə insan nəfsinin
törədə biləcəyi xətalardan qorunmaq yolları barədə öyüd-nəsihətlər, dövrün
hakimlərinin qanunsuzluqlarından, zülmkarlıqlarından, ilan xislətli olmalarından və s.
şikayətlər, habelə onlara bəd əməlləri müqabilində təhdid dolu xəbərdarlıqlar özünə
yer alır.
Hümam Təbrizi öz sələfi Nizami Gəncəvi irsinə və ənənələrinə daha çox bağlı
olmaqla yanaşı, bu ənənələrə və Azərbaycan ictimai-fəlsəfi və ideya-estetik fikrinə
gətirdiyi yeni daha sərbəst düşüncə və bədii ifadə tərzi ilə diqqəti cəlb edir. O,
əqidəsindən, yəni insan düşüncəsinin islam ehkamlarından, Quran ayələrindən asılı
olmayıb tamamilə sərbəst şəkildə özünü ifadə edə bilməsi fikrindən təqiblər və ölüm
təhlükəsi ilə üzləşəndə belə dönməmişdir. Hümam bu sabitqədəmliyinə və əqidəsinə
qəti inamına görə qətlə yetirilsə də, onun irəli sürdüyü ideyalar İslam Şərqi
dünyasında və Azərbaycan ictimai-bədii fikrində islam ehkamlarından çıxmasına,
daha doğrusu, islami ideyaları daha çox həyatın, real aləmin dərkinə və insanlığın,
onun ümid, arzu və tələblərinin ictimai-fəlsəfi dərkinə tətbiqetmə meylinə stimul
verdi, zəmin yaratdı.
Bu zəmin üzərində meydana çıxan cəhətlərdən biri anadilli yazılı
ədəbiyyatımızın yaranmasıdır. Həmin ədəbiyyatın ilk məlum və istedadlı
nümayəndəsi Ġzzəddin Həsənoğludur. İ.Həsənoğlunun doğum və ölüm illəri dəqiq
bilinməsə də, mənbələr onun XIII əsrdə yaşayıb yaratdığını, Əsfəraində doğulduğunu,
Azərbaycanda, Rumda, Hindistanda məşhur olduğunu və əsərlərinə çoxlu nəzirələr
yazıldığını göstərirlər. Şairin poetik irsi daim diqqət mərkəzində olmuş, son iki əsrdə
isə mütəxəssislərin səyi ilə hələlik dörd qəzəli üzə çıxarılıb ədəbi ictimaiyyətə təqdim
edilmişdir. Bunlardan üçü - "Apardı könlümü...", "Necəsən, gəl, ey yüzü ağım
bənim", "Əcəb bisəm..." Azərbaycan dilində, biri isə "Rəhmsiz xəlq olunubdur o
nigarım, nə edim?" fars dilində yazılmışdır. İ.Həsənoğlunun qəzəlləri dil və ifadə
zənginliyi, fikir dərinliyi və duyğu zərifliyi, şeir texnikasının mükəmməlliyi ilə
diqqəti cəlb edərək, o dövr Azərbaycan dili və ictimai-bədii düşüncə səviyyəsi
haqqında oxucuda aydın təsəvvür yaradır.
İ.Həsənoğlunun lirik qəhrəmanının sevgilisi real, həyati gözəldir. O, məğrur,
256
qürurlu və son dərəcə füsunkardır, bənzərsizdir. Aşiqin hər dilinə aldanan deyil.
Çünki ağıllı və öz qədrini biləndir. Bütün bunları bildiyi və qiymətləndirdiyi üçündür
ki, aşiq məşuqunun təbiətindən gələn cövrü cəfalara mətanətlə dözür və bütün
bunlardan sanki mənəvi bir rahatlıq duyur. Odur ki, şairin poeziyası səmimiyyəti
insana sonsuz ehtiramı, dünyəviliyi, həyat eşqi, nikbinliyi və poetik pafosunun
yüksəkliyi, ideya-estetik orijinallığı ilə yadda qalır.
İzzəddin Həsənoğlunun lirikasından başqa XIII əsrdə Azərbaycan yazılı
ədəbiyyatının başqa bir nümunəsi də məlumdur. "Dastani-Əhməd Hərami" adlanan
bu poemanın bizə çatan yeganə nüsxəsinin ilk səhifəsi cırılıb itdiyindən müəllifinin
adı hələlik bilinmir. Əsər məsnəvi formasında yazılsa da, mövzusuna, ideya və
məzmununa görə Azərbaycan xalq dastanları ənənələrini xatırladır. "Dastani-Əhməd
Hərami" özündə Azərbaycan ictimai-bədii düşüncəsində epik təfəkkürün inkişaf
səviyyəsini də dolğun əks etdirir.
Poemanın qəhrəmanları – Əhməd Hərami, Bağdad hakimi, Güləndam, Xoca
Rüstəm, Güləfrux və b. fərdi keyfiyyətləri ilə yadda qalır. Əsərin süjet quruluşu
bitkindir. Onun ana xəttini xeyirxahlığın, haqq və ədalətin qəhrəmanlıq, saflıq və
sədaqətin şər qüvvələr, kin-küdurət, zalımlıq və qəddarlıq üzərindəki qələbəsi təşkil
edir. "Dastani-Əhməd Hərami"də xüsusən Güləndamın şəxsində Azərbaycan etnik
düşüncəsi, ailə mədəniyyəti və tərbiyə sisteminin təntənəsi, saflıq, tədbirlilik,
xeyirxahlıq və böyüyə sonsuz ehtiramın insana son nəticədə uğur gətirəcəyinə inam
təsdiqini tapmışdır.
Azərbaycan ictimai-ədəbi və fəlsəfi fikrində XIII əsrdə meydana çıxan
yeniliklər içərisində sufi-panteist ideyaların qabarıq təzahürü diqqəti cəlb edir. Bu xətt
Dostları ilə paylaş: |