323
icrası ilə həyata keçib-keçməyəcəyini bildirir. Qədim xalq məişətində çox güclü
mövqeyi olan falın əsas növləri bunlardır: odla falabaxma (priomantiya), quşların
uçuşu ilə falabaxma (ornitomantiya), əllərin içindəki xətlərlə falabaxma (xiromantiya),
səma varlıqları ilə falabaxma (kosmomantiya), say-rəqəmlə falabaxma
(arfimomantiya), su ilə falabaxma (hidromantiya).
Falın icrası əsasən iki şəkildə göz falı (bəsit, sadə), qulaq falı (mürəkkəb)
adlanır.
Bəsit, sadə göz falında sözdən istifadə, demək olar ki, yox dərəcəsindədir.
Mürəkkəb qulaq falında isə müxtəlif ayinlərin icrası ilə bərabər əsas üstünlük sözə
verilir. Göz falı iştirakçılarının sayı ilə də qulaq falından seçilir. Qulaq falının icrası
zamanı ən azı iki nəfərin iştirakı vacibdirsə, göz falını təkbaşına da icra etmək
mümkündür.
Azərbaycanda sadə, bəsit fal növlərindən sayılan odla falabaxma daha geniş
yayılmışdır. Bu da səbəbsiz deyil. Od bəşəriyyət tarixində, xüsusən məişətdə bərabəri
olmayan bir tapıntıdır. Azərbaycanda oda həmişə xoşbəxtlik, uğur bəxş eləyən hami
tək baxılmış, ona and içilmişdir. Odun qayğısına qalmış, onu qorumuş, sönməsini isə
bədbəxtliyin, ölüm-itimin əlaməti bilmişlər. Elə "ocağın sönsün" qarğışı da bu görüşlə
bağlıdır. Əski çağlarda axşamlar evdən kimsəyə od verilməzmiş. Guya evin xeyir-
bərəkəti qaçarmış. Deyilənə görə, adamlar yığışıb təzə ailə quran üçün ev tikər, onları
ilkin dolanacaqla təmin edərmişlər. Ancaq bircə od verməzlərmiş. Cavanlar ikilikdə
bağ-bağçadan qov, dağ-daşdan çaxmaqdaşı tapar, ağsaqqalın qoruyub saxladığı el
çaxmağı ilə öz ocaqlarını yandırarmışlar. Ocaq yandırmaq bina salmağın rəmzi imiş.
Ocağın, odun hamiliyinə inamın nəticəsi insanlarda sınama məzmunlu
qənaətlərin yaranmasına da yol açmışdır: "Ocaqda yanan odundan ətrafa çatıltı ilə
qığılcım sıçrasa, deməli, haradasa ocaq başında oturanların haqqında danışılır",
"Yanan odundan alov birdən-birə düz qalxsa, evə qonaq gələr" və s.
Elə gəlini apararkən odun, ocağın başına dolandırmaq, yanında şam yandırmaq
adəti də əslində onu oda - hamiyə tapşırmaq deməkdir. Uşağın ilk köynəyini də ona
geyindirməmişdən qabaq ocağın üstünə tutar, alovda alazlayarmışlar ki, bu da şər
qüvvələri yandırmaq, qorxuzub qaçırmaq inamı ilə bağlıdır. Çünki adamlar bu fikirdə
olublar ki, guya şər qüvvələr yalnız baş tərəfdən uşağa zərər toxundura bilirlər.
Köynək də başdan geyilən paltar olduğundan bədxah qüvvələr onunla uşağın canına
daxil olar, ona zərər toxundurarlar.
Qorxu götürmək məqsədi ilə icra olunan çıldaq ("çillə dağ") və mıx-çəngəl
ayinlərində də oda inam üstünlük təşkil edir. Çıldaq ayinində çıldaqçı pambığı, yaxud
əsgi parçasını alışdırıb qorxanın əsəb tellərinin qurtaracaq ucları yerləşən nöqtələrə
qəfildən toxundurur. Həmin kimsənin səksənməsinə səy olunur. Bu vaxt guya
qorxunun, xəstəliyin törədiciləri olan şər ruhlar qaçırlar. Əslində burada təsirə qarşı
əks təsir yaratmaq - təqlidi sehr prinsipinə əsaslanır.
Mavi-göy rəng bütün müsbət çalarları ilə yanaşı, həm də matəm, ölüm rəmzi
sayılmasına etiqad olub. Odur ki, sonu ölümlə nəticələnəcək naxoşluğu qovmaq,
324
uzaqlaşdırmaq üçün göy rəngli əsgi parçasını azarlının gözü qarşısında odda
qızardılmış şişlə dəlik-deşik edir, sonra da əsgini yandırıb tüstüsünü onun burnuna
tutur, nəhayət, külünü də alnına sürtürlər.
Oddan istifadəni dünyagörüşün nisbətən inkişaf mərhələsinin təzahürü olan
ibtidai göz falında da görürük. Hamilə qadının doğacağı uşağın oğlan, yaxud qız
olacağını öncədən müəyyənləşdirmək üçün oda müraciət edilib. Ayində niyyət tutulur
və kəsilmiş heyvanın suluğunu oda atırlar. Əgər suluq odda partlayıb içindəki su
ətrafa səpələnsə, deməli, falına baxılan qız, yox əgər su havaya fısqırsa, onda oğlan
doğacaq.
Falabaxmanın sadə növlərindən sayılan kosmomantiya - səma cisimləri ilə
falabaxma da məişətdə mühüm yer tutur. Ay falında yolu gözlənilən, intizarı, həsrəti
çəkilənin falına baxılır. Uzaq səfərdə olan kimsənin əziz, yaxın adamı niyyət tutub
bütövləşmiş Ayın əksini güzgüyə salır. Əgər bu əksdə cüzi, azacıq da olsa, insan
fiquruna bənzər əlamət müşahidə edirsə, onda arzusunda, intizarında olan adamın
tezliklə qayıdıb gələcəyinə inanır. Aydındır ki, bir şəxs, yaxud müəyyən məsələ, iş
barədə düşündükdə, fikir çəkildikdə hiss və duyğularda bunların təsviri xəyali olaraq
yaranır. Həmin adam hara baxırsa onun gözünə elə bu xəyali təsvir əks olunur. Ay falı
da elə bu görüşlə bağlıdır.
Sadə və mürəkkəb falın sərhədlərini birləşdirən say-rəqəm falı (arfimomantiya)
artıq dünyagörüşün yeni bir təzahür formasıdır. Burada tutulmuş niyyət sayımın tək,
yaxud cüt gəlməsi ilə yozulur. Yəni ayində həm də söz fəallıq kəsb edir. Say-rəqəm
falında Azərbaycanda daha çox düyüdən istifadə olunub. Çünki düyü də buğda kimi
həmişə müqəddəs nemətlər cərgəsində sayılıb. Qız gəlin gedərkən ata evindən çıxdığı
vaxt ovcunda bir xışma düyü olur. Tanıdığı qızların adını dedikcə yerə bir düyü dənəsi
salır. Sonuncu düyü dənəsində adı çəkilən qızın da ərə gedəcəyi zənn olunur. Yaxud,
bir qədər düyü götürüb sayarlar. Düyü cüt sayı ilə qurtarsa, deməli, tutulmuş niyyət
xeyirlə nəticələnəcək.
Azərbaycanda falın mürəkkəb növü - qulaq falı daha geniş yayılıb. Burada
baxmaqdan, görməkdən savayı, aparıcı rol eşitməyə, sözə məxsusdur. Yəni insanların
ilkin şüurunda sözün təsir gücünə, eşidilməsi ilə tutulmuş niyyətin necə olacağına
inam hissi üstünlük təşkil edir. Falın bu növündən, əsasən İlaxır çərşənbədə istifadə
olunur.
Mürəkkəb falda bir vasitə kimi daha çox sudan istifadə edilir. Elə buna görə də
falın bu növü su ilə falabaxma (hidromantiya) adlanır. Sözsüz, bəsit göz falında da
sudan istifadə etməklə ayinlər icra edilir. Misal üçün ərgən qızlar yeni il axşamı qaba
bir neçə qaşıq su töküb pəncərə qabağına qoyurlar. Sabahısı isə elə həmin qaşıqla suyu
başqa qaba tökürlər. Əgər su əvvəlkindən az olarsa, falına baxılan qızın qarşıdakı ildə
ərə gedəcəyi düşünülür. Sözsüz ki, bu yön indi fizikanın buxar qanunu ilə bağlı
məsələ kimi izah olunur. Amma ibtidai şüur dövrünün adamlarını bu qanunu
bilməməkdə ittiham etmək olmaz.
Bilavasitə suyun olması sayılan mürəkkəb falın ən məzmunlusu "Vəsfi-hal"dır.