XALQ TƏBABƏTĠ
Azərbaycan xalqı özünün çoxəsrlik tarixi ərzində yaratmış olduğu maddi və
mənəvi mədəniyyət nümunələri, adət-ənənələri, mərasimlər, oyun və əyləncələr, ailə-
məişət məsələlərində mütərəqqi vərdişlər və s. ilə yanaşı, həm də zəngin empirik bilik
və bacarıqlar sisteminə əsaslanan xalq təbabəti, xalq müalicə üsulları və vasitələri
düşünüb tapmış, onları sınaqdan keçirib təkmilləşdirə-təkmilləşdirə, zənginləşdirə-
zənginləşdirə zəmanəmizə qədər gətirib çıxarmışdır. Bu mənada qədim Şərqin və
antik dünyanın xalq təbabəti ənənələri üzərində pərvəriş tapan Azərbaycan xalq
təbabəti öz tarixi kökləri ilə çox-çox qədimlərlə səsləşir. Xəstəliklərin baş verməsi,
heyvan, bitki və mineral mənşəli maddələrin müalicəvi xüsusiyyətləri, həmçinin
xəstəliklərin profilaktika və müalicəsində bir sıra praktik üsullar, gigiyenik vərdişlər
haqqında xalq tərəfindən toplanmış empirik məlumatların cəmindən ibarət olan xalq
təbabəti[1] nəzəri şərtlərə əsaslanmadan aparılan müalicə vasitələri ilə fərqlənmiş,
xalqımızın
adət-ənənələrində,
məişətində,
zərbi-məsəllərində,
nağıllarında,
dastanlarında, əfsanə və rəvayətlərində, eləcə də qiymətli əlyazmalarda və söz
sərraflarının yaradıcılığında öz əksini tapmışdır. Xalq təbabəti Dördüncü geoloji
dövrün antropogen zonalarında insan əmələ gələndən az sonra onların gündəlik
müşahidəsi və təcrübəsi sahəsində meydana çıxmış, tədriclə sınaqlardan çıxarılaraq
formalaşmağa başlamışdır. Hələ ən qədim dövrlərdə ibtidai insanlar gündəlik həyat
müşahidələri əsasında yaşadıqları təbii sığınacaqların, mağaraların ətrafında yeməli
yabanı bitki və otların, həmçinin müxtəlif müalicə əhəmiyyətli bitkilərin yayıldığını
görür, xəstə və yaralı heyvanların özlərinə lazımlı qidanı tapıb yediyinin, zəhərli bitki
və otlardan yan keçərək şüursuz instinkt nəticəsində təbiətdəki müxtəlif dərman
bitkilərini sərbəst, səhvsiz axtarıb tapmasının, seçib ayırmasının və fizioloji
tələbatlarını ödəmələrinin şahidi olurdular. Bütün bu müşahidələrin nəticəsində ibtidai
insanlar özlərini müalicə edir, təbii ot, bitki, mineral su və s.-dən istifadə edərək geniş
yayılmış bir sıra mərəzlərin (sancı, başağrısı, qusma, zədə və yaralar, zəhərlənmə,
qızdırma, ishal və s.) qarşısını alırdılar. Zaman keçdikcə ibtidai dövrün insanları
arasında bir çoxları böyük təcrübə toplayaraq müalicə etmək vərdişlərinə yiyələnir və
ümumi kütlədən ayrılırdılar. Xalq içərisində belələri təbib, loğman, həkim və s. adlarla
tanınırdı. İnsanların ilk loğmanları, şübhəsiz ki, ən çox magiyaya əsaslanan, ondan
qidalanan şamanlar, cadugərlər və türkəçarələr olmuşdur[2]. Sonralar ot və bitkiləri
yığıb toplamaqla, onların müalicə xüsusiyyətlərini öyrənməklə məşğul olan, satışını
təşkil edən xüsusi peşəkar təbabət biliciləri - əttarlar meydana gəlmişdir. Müasir
əczaçıların və əczaxanaların funksiyasını yerinə yetirən bu xalq biliciləri müxtəlif
xəstəliklərin müalicəsində istifadə olunan məlhəmlərin, bitki, heyvan və mineral
mənşəli həblərin, şirələrin, cövhərlərin, məcunların hazırlanmasında peşəkarlıq
təcrübəsi qazanmışlar.
Azərbaycanda xalq təbabətinin inkişafı, insanların qədim zamanlardan öz
sağlamlıqları barədə düşünməsi haqqında faktik materiallara şifahi xalq
284
yaradıcılığında daha tez-tez rast gəlirik. Burada, bir qayda olaraq, qəhrəmanın
xəstələnməsi, onun üçün məlhəm olacaq şəfaverici ot, çiçək, bitki və s. axtarılması
epizodları ön plana çəkilir. Qədim babil və şumerlərin yaratdıqları "Bilqamıs haqqında
dastan"da əsərin qəhrəmanı Bilqamıs ölməzlik və şəfa çiçəyi axtarır. Xalq rəvayətinə
görə, böyük sərkərdə və imperator Makedoniyalı İskəndər də bütün ömrü boyu dirilik
çeşməsi axtarmaqla məşğul olur və hətta bu çeşmənin Şirvan dağlarında -
Azərbaycanda olması qənaətinə gələrək buraya səfər edir. Xalq rəvayətlərinin
digərində isə qeyd edilir ki, məşhur yunan təbibi Hippokrat Odlar ölkəsinə gəlir və
buranın zəngin təbiəti onu valeh edir. Bir dəfə Hippokrat Qanıx (Alazan) çayının
kənarında oturub çayda çimən uşaqlara tamaşa edirmiş. Belə soyuq payız havasında
çimənlərin soyuqlayıb xəstələnəcəklərindən narahat olan Hippokrat görür ki, uşaqlar
çaydan çıxıb kənardakı zoğal ağaclarına dırmaşdılar, meyvələri dərib yeməyə
başladılar. Hippokrat gülərək öz-özünə fikirləşir ki, "bu xalq böyük xalqmış; dərdini
də bilir, dərmanını da"[3]. Zoğaldan soyuqdəyməni aradan götürən vasitə kimi indi də
xalq arasında geniş şəkildə istifadə edildiyi məlumdur. Qeyd edək ki, bu xalq
rəvayətində tarixi bir gerçəklik də özünü göstərir. Belə ki, Azərbaycanda təbabətin
tarixini tədqiq edən İ.K.Əfəndiyev qədim Yunanıstanda tibb elmlərinin xeyli inkişaf
etdiyini və bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycanda təbabət haqqında
fikirlərin formalaşmasına əhəmiyyətli təsir göstərdiyini qeyd edir. Müəllif yunan
fikrinin böyük dahiləri olan Hippokratın, Alkmeonun və başqalarının Azərbaycanda
olması faktını da təsdiq edir[4]. Tarixdən də məlum olduğuna görə, Makedoniyalı
İskəndərin işğalları ilə yaranan yunan imperiyasının tərkibinə Cənubi Azərbaycan da
qatılmışdı və Ellin mədəniyyəti burada geniş yayılmışdı. Sonralar Azərbaycanda Ellin
mədəniyyətinin təsiri ilə tibbi biliklər xeyli inkişaf etdirilmişdi.
Azərbaycan xalqının nağıl və dastan yaradıcılığında da xalq təbabətinin
qədimliyini təsdiqləyən etnoqrafik materiallar çoxdur. Xalq nağıllarımızdan
"Məlikməmməd", "Hatəmin nağılı", "Lal qız", "Pəri bulağı", "Otların bəhsi" və s.,
dastanlarımızdan "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Lətif şah", "Məhəmməd və
Güləndam" bu qəbildəndir. Xalqımızın ilk yazılı mənəvi mədəniyyət abidəsi olan
"Kitabi-Dədə Qorqud" dastanının "Dirsə xan oğlu Buğacın boyunu bəyan edər"
boyunda Dirsə xanın xatunu ov zamanı yaralanmış oğlu Buğacı ana südü və dağ
çiçəklərindən hazırlanmış qarışıq məlhəm ilə sağaldır. Bu barədə dastanda deyilir:
"Ana, ağlamagil, mənə bu yaradan ölüm yoxdur, qorxmagil. Boz atlı Xızr (İlyas)
mənə gəldi. Üç kərə yaramı sığadı. Bu yaradan sənə ölüm yoxdur (dedi). Dağ çiçəyi,
ana südü sənə məlhəmdir, - dedi. Böylə degəc qırx incə qız yayıldı, dağ çiçəyi
döşürdülər. Oğlanın anası əmcəyini bir sıxdı, südü gəlmədi, iki sıxdı, südü gəlmədi,
üçüncüdə kənduyə zərb elədi, qanı doldu. Sıxdı, südlə qan qarışıq gəldi. Dağ çiçəyi ilə
südü (qarışdırıb) oğlanın yarasına urdular (bağladılar)... oğlanın qırx gündə yarası
önəldi, sapsağ oldu"[5].
Ana südü və dağ çiçəklərinin misilsiz şəfaverici xüsusiyyətləri haqqında
"Koroğlu" dastanının "Zərnişan xanımın Çənlibelə gətirilməsi" qolunda da ətraflı bəhs
285
edilir[6]. Göründüyü kimi, hələ uzaq keçmişdən dağ çiçəklərinin şəfaverici
xüsusiyyətləri xalqa məlum idi və onlardan yeri gəldikcə istifadə edilirdi.
Digər bir şəfaverici vasitə kimi mineral sulardan və qaynar çeşmələrdən
istifadə edilməsi haqqında da dastanlarımızda diqqətəlayiq faktlar vardır. Məsələn,
"Koroğlu" dastanında göstərilir ki, yeddi ildən bir cümə axşamı məşriq və məğrib
tərəfdən doğan iki müxtəlif ülkər gəlib göyün ortasında toqquşur və bu toqquşmadan
Qoşabulağa nurlar tökülür. Kim bu zaman həmin bulağın suyunda çimərdisə, köpüklü
sular onda sonsuz qüvvə, güclü səs əmələ gətirərdi[7]. "Məhəmməd və Güləndam"
dastanında isə Güləndam müxtəlif ot və bitkiləri toplayan, onlardan şəfaverici
dərmanlar hazırlayan və bu dərmanların istifadə qaydalarını bilən səriştəli bir xalq
təbibi kimi təqdim olunur[8]. Bu faktlar sübut edir ki, xalqımız çox qədimlərdən
müalicə vasitəsi kimi təbiətə müraciət etmiş, müxtəlif xəstəliklərin müalicəsində təbii
ot və bitkilərdən hazırladığı preparatlardan məharətlə istifadə etmişdir. VII-XII
əsrlərdə ərəblərin yaratdığı dünyəvi mədəniyyət içərisində təbabət elmi xüsusi yer
tutmuş, praktiki təcrübələr, müşahidələr hesabına xeyli zənginləşmişdir. VIII-IX
əsrlərdən başlayaraq Azərbaycanda ərəb işğallarının bərqərar olması və tarixi
Azərbaycan torpaqlarının Ərəb xilafəti tərkibinə qatılması ilə xalq təbabətində ərəb
təsirinin güclənməsi meyilləri müşahidə olunur. Qeyd etmək lazımdır ki,
Azərbaycanın təbibləri və təbabət biliciləri ərəb xalq təbabətinin üsullarını sadəcə
olaraq ehkam kimi qəbul etməmiş, onu xalq bilikləri və təcrübələri hesabına xeyli
zənginləşdirmişlər. İlk orta əsrlərdə Xilafət tərkibində Azərbaycan şəhərlərinin
inkişafı, iqtisadi dirçəliş, ticarət əlaqələrinin genişlənməsi, bir sözlə, ölkənin sosial-
iqtisadi yüksəlişi mədəniyyət və elmin inkişafına səbəb olmuş, müxtəlif elm
sahələrinin xalq müdrikliyindən bəhrələnən görkəmli nümayəndələri meydana
gəlmişdir. Onların içərisində Azərbaycandan kənarda da məşhur olan Hafiz Əziz oğlu,
Məkki Əhməd oğlu, Abdulla Əbdülməlik oğlu və b. bir çox elm sahələri ilə yanaşı
xalq təbabətinə aid də qiymətli əsərlər yaratmışlar. Ərəb tarixçisi Yaqut Həməvi təsdiq
edir ki, Mavərənnəhrə və Xorasana səyahət etmiş bərdəli Məkki Əhməd oğlu elmin
müxtəlif sahələrinə (astronomiya, fəlsəfə, coğrafiya, təbabət) aid saysız-hesabsız
kitablar yazmışdır[9]. Bu əsərlərdə xalq təcrübəsində sınaqdan çıxarılan çoxsaylı
müalicə üsulları və vasitələri, müalicə reseptləri öz əksini tapmışdır.
Azərbaycan xalq təbabətinin nisbətən coşqun inkişaf dövrü orta əsrlərə təsadüf
edir. XI əsrdən başlayaraq səlcuq türklərinin Azərbaycana ardıcıl axınları nəticəsində
xalqımızın formalaşması prosesi başa çatmış, elmi biliklərin bir çox sahələri ilə yanaşı
xalq təbabətinə də diqqət artmış, ona həsr olunan yeni-yeni əsərlər meydana gəlmişdir.
Tədqiqatlardan aydın olur ki, X-XIV əsrlərdə Azərbaycan xalq təbabətinin kamil
biliciləri olan İsa əl-Riqqi Tiflisi, Əbu Mənsur Müvəffəqi, Kafiəddin Ömər Osman
oğlu, Cəlaləddin Təbib, Əkmələddin ən-Naxçıvani, Mühzabəddin Təbrizi, Mahmud
ibn İlyas, Əbdül Məcid Təbib və başqaları kimi alim təbiblər yaşamışlar.
Azərbaycanda ilk dəfə olaraq təbabətin mövcud vəziyyətini qələmə alan İsa əl-
Riqqi Tiflisi olmuşdur. O, X əsrdə Tiflisdən Suriyaya qədər Yaxın və Orta Şərqin bir
286
çox ölkələrinə səyahət etmiş, səfər təəssüratlarının nəticəsi olaraq kiçik həcmli, lakin
qiymətli "Tibb" əsərini qələmə almışdır. Öz əsərində müəllif xəstəlikləri - qızdırma ilə
müşayiət olunan; mədə-bağırsaq; ağciyər, qaraciyər, dəri, cinsi, "natural" (yəni
psixoloji) və travmatoloji xəstəliklər kimi qruplaşdırmış, onların müalicəsində istifadə
olunan təbabət üsul və vasitələrindən bəhs etmişdir.
Azərbaycan xalq təbabətinin inkişafında misilsiz xidmətləri olan görkəmli
alimlərdən biri də Əbu Mənsur Müvəffəqidir. Bu görkəmli təbabət bilicisi X əsrdə
xalq təbabətində tətbiq olunan dərmanları sistemləşdirərək ilk dəfə dərmanşünaslığa
dair özünün məşhur əsərini yazmışdır. Müasir farmakologiya istiqamətində yazılmış
həmin əsər xalq təbabətinin inkişafına çox böyük təkan vermişdir. Əsərdə 446 bitki
mənşəli və 44 heyvan mənşəli dərman maddələrinin ətraflı təsviri verilmişdir. XIX
əsrin axırlarında Əbu Mənsurun bu əsərini Mirzə Əbdülxalıq Axundov ərəb dilindən
alman dilinə tərcümə etmiş, əsər 1893-cü ildə Almaniyada çap olunmuşdur[10].
Dövrünün görkəmli təbiblərindən olan Cəmaləddin Təbib Atabəylər
(Eldənizlər) dövlətinin son nümayəndəsi Atabəy Özbəyin, Əkmələddin ən-Naxçıvani
isə şair Mövlana Cəlaləddin Ruminin müalicə həkimləri olmuşlar. Əkmələddin ən-
Naxçıvani haqqında danışan orta əsr müəlliflərindən biri onu "müdriklərin ağası,
dünya həkimlərinin rəisi" adlandırmışdır[11].
XI əsrin sonu - XII əsrin əvvəllərində Azərbaycanda təbabət elmlərinin
inkişafında və formalaşmasında görkəmli alim, böyük təşkilatçı Kafiəddin Ömər
Osman oğlunun xüsusi xidmətləri olmuşdur. Məşhur Azərbaycan şairi Xaqani
Şirvaninin doğma əmisi olan K.Ömər Osman oğlunun tibbə dair əsərləri bizə gəlib
çatmasa da, onun praktik fəaliyyəti haqqında xeyli məlumatlar vardır. Azərbaycanda
farmakologiya və dərmanşünaslığın inkişafına böyük töhfələr verən tanınmış təbib və
əttar Ömər Osman oğlu Şirvanda – Məlhəm kəndində "Mədrəseyi-Tibb" (Tibb
Mədrəsəsi) adlanan şəfa ocağı təşkil etmişdir. Burada bir silsilə dərman bitkilərinin
xalq təbabətində istifadə qaydaları, müalicə üsulları və əhəmiyyəti geniş şəkildə
öyrənilirdi. Azərbaycanda, eləcə də bütün Yaxın Şərqdə Məlhəm Tibb Akademiyası
kimi məşhur olan bu tibb mədrəsəsində ilk tibb stasionarı yaradılmış, gənclərə təbabət
sənətinin sirləri aşılanmışdır. Burada ilk dəfə olaraq tibb tarixində müalicə məqsədləri
üçün istifadə edilən şəfalı məlhəmlər hazırlanmışdır.
Azərbaycanda Nizami dövrünün məşhur təbib və filosoflarından biri
Müzhabəddin Əli ibn Əhməd Təbrizi olmuşdur. Müasirləri onu Azərbaycanın ibn
Sinası və əl-Razisi adlandırmışlar[12]. Fundamental tibb traktatları olan "Əl-Muxtar"
və "Kitabi tibb ül-Cəmali" əsərlərində müəllif, xəstəlikləri "hərari" və ya "termiki",
"kimyəvi", "mübadiləvi", "əsəbi" və "mühiti" xəstəliklər kimi qruplaşdırmış, onların
təbii üsullarla müalicə qaydalarını göstərmişdir. İbn Sinanın və yunan təbiblərinin
irsindən bəhrələnən M.Təbrizi tibb elmlərinin inkişafı yolunda da xeyli işlər görmüş,
Azərbaycanda tibbi təhsilin böyük təşkilatçılarından biri kimi Təbriz Akademiyasında
şərəfli nüfuz sahibi olmuşdur.
Azərbaycanda təbabət tarixinin öyrənilməsində XIII əsrdə yaşamış Mahmud
287
ibn İlyasın "Tibbi elmi kitab" əsəri mühüm mənbə hesab olunur. Dörd böyük
bölmədən ibarət olan bu kitabın birinci bölməsi nəzəri tibbi elmlərə, ikinci bölməsi
tibb elmlərinin praktiki əhəmiyyətinə, üçüncü və dördüncü bölmələri isə dərmanlara
(mürəkkəb dərmanlara) həsr olunmuşdur. Bir çox ölkələrə səyahət edən Mahmud ibn
İlyası nəzəri və praktiki təbabətin silsilə məsələləri ilə məşğul olduğu üçün "alimlərin
başçısı və ağası, həkimlərin müəllimi, xalqın ulduzu" adlandırmışlar[13]. Müəllif
əsərində elmi-nəzəri və praktiki təbabəti məharətlə uzlaşdıra bilmiş, insan
orqanizminin quruluşu, onun daxili müvazinətinin qorunub saxlanması, orqanizmin
funksiyaları, qəlb (ürək), beyin və s. haqqında qiymətli tibbi mülahizələr irəli sürmüş,
diaqnostika, simptomologiya, dərmanşünaslıq və müalicə prinsipləri sahəsində
özünəqədərki elmi-nəzəri fikirləri ümumiləşdirmişdir.
Mahmud ibn İlyasın müasiri, məşhur alim Xoca Nəsirəddin Tusinin şagirdi və
davamçısı olan Əbdül Məcid Təbib XIII əsrin 70-ci illərində yazdığı "Kitab ül-tibb"
(Tibb kitabı) əsəri ilə xalq təbabəti haqqında biliklərimizi xeyli zənginləşdirmişdir. 49
bölmədən ibarət olan bu kitabda çoxsaylı xəstəliklərin diaqnozu və müalicəsi
sahəsində bütün məsələlər öz əksini tapmışdır. Bunların içərisində psixi xəstəliklər,
astma (təngnəfəslik), zəhərlənmə, göz xəstəlikləri, cinsiyyət orqanlarının xəstəlikləri
və s. üstünlük təşkil edir. Müəllif əsərində mamaçalıq və hamiləlik məsələlərinə
xüsusi fəsil həsr etmiş, doğuşdan sonra körpənin qidalanmasında ana südünün, ananın
özünün qidalanmasında isə yüngül yeməklərin - şərbət, bal, doşab, isgəncəbi, toyuq
bulyonu, dovğa, müxtəlif mürəbbələrin müalicəvi əhəmiyyətini qeyd etmişdir.
Təəccüblüdür ki, Əbdül Məcid Təbib doğuşdan sonra qadınlara verilən və Ümumşərq
səciyyəli "doğum yeməyi" sayılan quymağın əleyhinə olmuşdur.
Bütün bu faktlar sübut edir ki, orta əsrlərdə artıq xalq təbabəti əsasında elmi
təbabət təşəkkül tapmış, təcrübi və nəzəri biliklər, tibbi məlumatlar müxtəlif müəlliflər
tərəfindən ətraflı şərhlər və təhlillərlə daha da zənginləşmişdir. Zaman-zaman
təbabətə
dair çoxsaylı əsərlər meydana çıxmış, bu sahənin xalq içərisindən çıxan səriştəli
biliciləri yetişmişdir. Onlar istər qədim yunan müəlliflərinin, eləcə də ərəb təbabət
bilicilərinin və Şərqin tibb ensiklopediyası sayılan Əbu Əli ibn Sinanın, əl-Biruninin
əsərləri ilə yaxından tanış olmuş, onlardan yaradıcı şəkildə istifadə edərək Azərbaycan
təbabət tarixində mühüm nüfuz qazanmışlar. Hətta orta əsrlərdə xalq təbabəti elə bir
inkişaf mərhələsinə qədəm qoymuşdur ki, dövrün ziyalıları,
alim və şairləri də ondan
yaradıcı surətdə bəhrələnmiş, öz yaradıcılıqlarında xalqın uzun əsrlər boyu əldə etmiş
olduğu təcrübi biliklərdən formalaşan təbabət məsələlərinə geniş yer vermişlər. Bu
baxımdan xalqımızın təbabət tarixinin bu və ya digər səhifələrinin öz əksini tapdığı
dahi Şərq mütəfəkkiri N.Gəncəvinin yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir.
Əsərlərindən görünür ki, Nizami zəmanəsinin güclü təbabət bilicisi olmuşdur.
Təbabəti "elmlər elmi" adlandıran Nizaminin əsərlərində insanın bədən quruluşu,
orqanizmin daxili üzvləri, bir sıra xəstəliklər və onların müalicəsi zamanı istifadə
olunan dərmanlar, pəhriz saxlamağın xeyri, düzgün qidalanma, içkinin zərəri və s.
haqqında ətraflı məlumatlar vardır[14]. O, insan orqanizminin daxili üzvlərini obrazlı
288
şəkildə belə tərənnüm edirdi:
Bu yarımisti Nəfəsabad (diyarında)
Günorta şahı başda oturmuşdur.
Qırmızı atlı ədəblə onun qabağında,
Ləl qəbalı zəfər əsgəri bir yanda.
Acıqlı bir cavan onun şikar kəşfiyyatçısı,
Ondan aşağı qəmgin bir (qara qul dayanmışdı).
Kəməndatan pusquya durmağa hazırlaşmış,
Bir misbədənli (pəhləvan) özünə günəşdən zireh taxmışdı[15].
Mətnin izahından bəlli olur ki, nəfəsabad - ağciyər, günorta şahı - qəlb, qırmızı
atlı - ürək, ləl qəlbli zəfər əsgəri - qaraciyər, qara qul - dalaq, kəməndatan - mədə,
misbədənli pəhləvan - böyrək, acıqlı bir cavan - öd kisəsidir. Qədim təbiblər belə
hesab edirdilər ki, öd kisəsinin iki ağzı var, biri ağciyərə açılıb qanı təmizləyir, digəri
isə mədə ilə birləşib qara səfranı mədəyə daxil edir[16].
Nizaminin əsərlərində göz xəstəliklərinin müalicəsi üçün səndəl yarpağı
suyunun, eləcə də xalqımızın məişətində geniş tətbiq edilən zəfəran, abqora, gülab,
aloe, itburnu, reyhan, narınc, üzərlik kimi bitki və məhsulların tez-tez adının çəkilməsi
onun xalq təbabəti ilə nə qədər yaxından tanışlığını təsdiqləyir[17]. Şair bəd-nəzərdən
qorunmağın ən yaxşı vasitəsi kimi üzərliyi məsləhət görürdü:
Birinə bədnəzər dəyərsə əgər,
Dəyişər əhvalı, tez-tez əsnəyər.
Bədnəzər olarsa əgər bir insan,
Alnı hərarətdən tərlər çox zaman.
Üzərlik yaxarlar gözdəyən üçün,
Od yaxıb-yandırar dərdi büsbütün[18].
Azərbaycanın "qızıl dövrü" adlandırılan XII əsrin sosial-iqtisadi, elmi-mədəni
mühitinin xalq təbabətinə göstərdiyi müsbət təsirin davamına biz orta əsrlərin
sonlarında da təsadüf edirik. Belə ki, XVI-XVIII əsrlərdə Azərbaycanda xalq təbabəti
ənənələrindən bəhrələnən çoxsaylı alim-təbiblər ordusu yaranmış, təbabəti
zənginləşdirən dəyərli tibb əsərləri meydana çıxmışdır. Onların içərisində Cənubi
Azərbaycanın Xoy şəhərində yaşayıb-yaradan məşhur Azərbaycan alimi İbn Kəbirin
(vəfat ili - 1311-ci il) "Camei-Bağdadi", Məhəmməd ibn Yusif Hərəvinin "Cavahir əl-
lüğə", Yusif Məhəmməd ibn Yusif Təbibin "Cam ül-fəvaid" (1513-cü il), Məhəmməd
Bərgüşadinin sərlövhəsi məlum olmayan əsəri, Ramazan ibn Şeyx Əli Lənkəraninin
"Fərruxnamə Cəmali", İsmayıl Gürqaninin 1476-cı ildə üzü köçürülmüş "Zəxireyi-
Xarəzmşah", Rüstəm Gürqaninin "Zəxireyi-Nizamşah" kimi əsərlər mühüm yer tutur.
Bu əsərlərdə bitki, heyvan və mineral mənşəli dərman vasitələri ilə aparılan müalicə
üsulları ilə yanaşı, latın, yunan və ərəb dillərində işlənən təbabət və farmakologiya
terminlərinin izahlı lüğətləri də verilmişdir. Bu isə orta əsrlərdə təbabət elminin
inkişafında böyük rol oynamışdır.
Azərbaycan əczaçılıq sənətinin və təbabət elminin inkişafında mühüm hadisə
289
sayılan Şəmsəddin ibn Kəmaləddin Kaşaninin yazdığı "Ərvahül-əcsad" ("Ölülərin
ruhu") əsəri 33 fəsil və 546 bölmədən ibarət olub, ayrı-ayrı xəstəliklərin səbəbi,
əlamətləri, növləri və konkret müalicə üsullarından bəhs edir. Əsərin farmakologiya
hissəsi də geniş və əhatəlidir. Bu hissədə həm sadə, həm də mürəkkəb tərkibli
dərmanların növləri, onların hazırlanması, istifadə üsulları və sahələri şərh olunur.
Əsərdə müəllifin "Calinius məcunu"nun hazırlanması üçün verdiyi resept onun
dərman preparatlarının hazırlanmasında nə qədər dəqiq olduğunu sübut edir: darçın,
quluncan, qərənfil, zəfəran, ağ istiot - hərəsindən 4,8 qram. Ona 24 qram saqqızağacı
şirəsi, 2,8 qram qənd, 86,4 qram bal qatışdırıb sərin və gün düşməyən yerdə
saxlamaq. Dozası: hər yeməkdən əvvəl və sonra təqribən 9 qram[19].
XVII əsrdə Səfəvi hökmdarı Süleyman şahın dövründə yaşayıb-yaratmış
Azərbaycan alimi və təbibi Seyid Məhəmməd Mömin (1698-ci ildə vəfat etmişdir)
özünün məşhur "Töhfeyi-həkim Mömin" və ya "Töhfət ül-Möminin ("Möminin
töhfəsi") əsərində Azərbaycan xalq təbabətinə aid çox qiymətli fikir və mülahizələr
söyləmiş, bu elmin bütün incəliklərinə bələd olmuşdur. İlk tibb təhsilini Səfəvi
saraylarında həkim işləyən atası Mir Məhəmməd Zaman Hüseynidən alan S.M.Mömin
30-dan çox müxtəlif dilli mənbələri araşdıraraq 1669-cu ildə yazdığı min səhifədən
çox bu əsərində mürəkkəb tərkibli dərman vasitələrinin, bəzi yağların alınması,
həblərin, məcunların hazırlanma texnologiyası, hər bir tərkib hissənin miqdarı,
həmçinin bir sıra mineralların emalı haqqında ətraflı məlumatlar vermişdir. Daha
dəqiq desək, əsərdə 1400-dən artıq bitki, heyvan və mədən mənşəli sadə dərman
vasitələrindən bəhs edilmişdir. Bu əsər dövrünün tibb əsərləri içərisində o qədər
mötəbər olmuşdur ki, İran, Hindistan və Pakistanda 22 dəfə nəşr olunmuşdur[20].
Farmakologiya sahəsində yazılmış ən qiymətli əsərlərdən biri sayılan bu
kitabda
dərman bitkilərinin və başqa vasitələrin adları yunan, pəhləvi, hind, fars və
Azərbaycan dillərində verilmişdir ki, bu da bir çox adların mənbələrdə düzgün
müəyyənləşdirilməsinə kömək etməklə yanaşı, həm də əsərin özünü mötəbər təbabət
mənbəyi kimi səciyyələndirir.
Naməlum türk müəllifi tərəfindən yazılan və üzü XVIII əsrin əvvəllərində -
1712-ci ildə Məhəmməd Yusif Şirvani tərəfindən köçürülmüş "Tibbnamə" əsərində də
Azərbaycan xalq təbabətinə aid qiymətli məlumatlar toplanmışdır. 114 vərəqdən və
120 babdan ibarət olan bu əlyazma 1990-cı ildə kitab halında nəşr olunmuşdur[21].
Əsərdə bütün bədən üzvlərində baş verən xəstəliklərin müalicəsi, dərmanların və
məcunların hazırlanması, onların tərkibi, tətbiqi üsulları və təsiri haqqında yetərli
məlumatlar verilir.
Qeyd etmək lazımdır ki, artıq son əsrlərin sonunda Azərbaycanın təbabət
biliciləri və alim-təbibləri arasında ixtisaslaşma getmiş, onlar ayrı-ayrı bədən
üzvlərində baş verən xəstəliklərin müalicəsi sahəsində peşəkarlığa yiyələnmişlər. Türk
səyyahı Övliya Çələbi hələ XVII əsrdə Təbrizdə qan almağı bacaran, habelə cərrah və
göz həkimliyi edən 1200-ə qədər həkimin olduğunu qeyd edirdi[22].
XIX əsrdə Azərbaycanda əhali artımına və sənayedə kapitalist münasibətlərinin
290
inkişafı ilə əlaqədar şəhərlərin inkişaf etməsinə baxmayaraq, peşəkar həkim kadrları
azlıq təşkil edir, əhaliyə səhiyyə xidməti, demək olar ki, göstərilmirdi. Azərbaycan
əhalisinin böyük əksəriyyəti yenə də xalq təbabətinə üstünlük verir, ucuz başa gələn
xalq təbabəti vasitələri ilə müalicə olunurdular. Azərbaycan təbiəti, onun yeraltı və
yerüstü sərvətləri, flora və faunası daim öz zənginliyi ilə seçilmiş, bu təbii vasitələr
tarixən çoxsaylı dərman preparatlarının hazırlanmasında əhəmiyyətli rol oynamışdır.
Etnoqrafik araşdırmalardan aydın olur ki, Azərbaycan xalq təbabətində 3500 müxtəlif
bitkidən istifadə edilmiş, Azərbaycan florasının 25%-ni
ancaq burada yetişən endemik
bitkilər təşkil etmişdir. Bundan əlavə, respublikamızda yetişən təqribən 400 növ ot,
kol bitkisinin kökləri, meyvələri və yarpaqlarından dərman məhsullarının
hazırlanmasında xammal kimi istifadə edilmişdir(23). Digər bir məlumatda isə qeyd
edilir ki, əgər keçmiş SSRİ-də bitən təqribən 20 min
bitki növündən 2500-ü dərman
bitkisi kimi yararlıdırsa, Azərbaycanda yayılan 4200 bitki növündən, demək olar ki,
hamısında dərman bitkisi xüsusiyyətləri vardır. Rəsmi təbabətdə isə bunların hələlik
240 növündən istifadə edilir[24]. Göründüyü kimi, Azərbaycanda xalq təbabətini
inkişaf etdirmək üçün maddi baza – xammal bazası zəngin olmuşdur. Xalqın
içərisindən çıxan səriştəli təbabət biliciləri ilə yanaşı, artıq XIX əsrdə və XX əsrin
əvvəllərində dünyanın bir çox ölkələrində (Odessada, Bağdadda, Qahirədə, Buxarada,
Məşhəddə, İsfahanda, Tehranda və b.) ali və orta tibb təhsili almış azərbaycanlı
həkimlər də fəaliyyətə başlamışdır. Görkəmli şair Abbas Səhhət Tehran darülfünunun,
N.Nərimanov isə Odessa universitetinin tibb fakültəsini bitirib vətənə qayıtmışdılar.
Onlar öz həkimlik fəaliyyətlərində daim xalq təbabəti irsindən bəhrələnirdilər.
Bütün bunlara baxmayaraq, XIX əsr Azərbaycanında əhaliyə tibbi yardım
yarıtmaz olaraq qalırdı. Tədqiqatlardan məlum olur ki, XIX əsrin sonu - XX əsrin
əvvəllərində Azərbaycanda 291 həkim, 450 orta təhsilli tibb işçisi, 43 xəstəxana
müəssisəsi olmuşdur. Bunlardan Yelizavetpol quberniyasının Cavanşir qəzasının
payına 1 həkim, 2 feldşer, Yelizavetpol qəzasının payına isə yenə də 1 həkim və 2
feldşer düşürdü. Onlar əsasən ədliyyə tibb-ekspert işləri ilə məşğul olurdular[25].
Bəhs olunan dövrdə Göyçay qəzasında 2 həkim, 6 nəfər rota feldşeri və 2 mama,
Zaqatala dairəsində isə 1 həkim və 2 feldşer var idi[26]. XIX əsrin 80-ci illərində
bütün Bakı quberniyasında 33 həkim çalışırdı ki, onların da 10-u Bakıda işləyən
azərbaycanlı həkimlər idi[27].
XX əsrin əvvəllərində Azərbaycanda tibb kadrlarının artımında azacıq irəliləyiş
müşahidə olunur. Belə ki, bu dövrdə kənd əhalisinə 33 həkim, 99 feldşer və 33 mama
tərəfindən xidmət edildiyi, 1913-cü ildə Bakı şəhərinin bütün neft mədənlərində 40
həkim və 120 orta təhsilli tibb işçisinin çalışdığı göstərilir[28]. Bütün bunlar isə
olduqca azlıq təşkil edirdi. Müxtəlif xəstəliklərdən, xüsusilə də taun, vəba, xolera və s.
kimi kütləvi epidemiyalardan qorunmaq üçün əhalinin başlıca pənahı, ümid yeri xalq
təbabəti biliciləri idi. Kadr çatışmazlığı ucbatından, əhalinin kimyəvi dərman
məhsullarına qəti laqeydliyindən Azərbaycanda tibb-səhiyyə xidməti inkişaf edə
bilmir, böyük əksəriyyət ənənəvi müalicə üsullarına üstünlük verirdi. Xalq təbabətinin
291
uzun müddət, davamlı şəkildə xalq məişətində yaşadılmasının köklərini həm də bu
amillərdə axtarmaq lazımdır. Xalq daha çox gördüyünə, təcrübədə sınaqdan çıxarılan
müalicə üsul və vasitələrinə meyil göstərirdi.
Öz dövrünün yeganə, həm də effektli müalicə sahəsi kimi şöhrət qazanan xalq
təbabətinə Azərbaycanın Rusiya tərkibinə qatılmasından sonra diqqət daha da artmış,
onun sirlərinin kollektiv şəkildə öyrənilməsinə, şəfaverici müalicə üsullarının təbliğ
edilməsinə və türkəçarə ara bilicilərinin fırıldaqlarının aradan qaldırılmasına böyük
cəhdlər edilmişdir. Bu cəhətdən Qafqazın mədəni mərkəzi sayılan Tiflisdə yaradılmış
Qafqaz İmperator Səhiyyə Cəmiyyətinin fəaliyyəti diqqətəlayiqdir. Qafqaz xalqlarının
səhiyyə və təbabət mədəniyyətinin öyrənilməsini və təbliğ edilməsini qarşısına
məqsəd qoyan bu cəmiyyətin dövri nəşrlərində Azərbaycan qəzalarının tibbi-
topoqrafik tədqiqinə, eləcə də xalq təbabətinə aid çoxsaylı məqalələr dərc edilmişdir.
Bu yazılarda xalq təbabəti, onun müalicə üsul və vasitələri təqdir edilir, müxtəlif bitki,
heyvan və mineral mənşəli dərman məhsullarının hazırlanma texnologiyası, tərkibi,
istifadə qaydaları konkret faktlarla işıqlandırılır(29).
XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan xalq təbabətinin
öyrənilməsində və təbliğ edilməsində azərbaycanlı müəlliflərin də araşdırmalarına
təsadüf edilir. Bu cəhətdən Həkim ağanın Cənubi Qafqaz tatarları (azərbaycanlıları –
F.V.) arasında yaraların müalicəsi haqqında[30], Rəşid bəy Əfəndiyevin Qutqaşen
(indiki Qəbələ) kəndinin və Nuxa qəzasının xalq təbabəti haqqında[31], Həsən bəy
Zərdabinin "Əkinçi" və "Kaspi" qəzeti səhifələrində çap olunmuş silsilə məqalələri və
"Torpaq, su və hava", "Bədəni salamat saxlamaq düsturuləməlidir", "Gigiyena" kimi
əsərlərində Azərbaycan xalq təbabətinin müxtəlif problemləri haqqında verdikləri
məlumatlar milli kadrların xalq təbabətinə münasibətindən soraq verir.
Azərbaycan
xalq
təbabəti
ənənələrinin öyrənilməsində, təbliğində,
səhiyyəmizin mövcud durumunun müəyyənləşdirilməsində XX əsrin 20-ci illərində
(1923-cü ildə) yaradılan Azərbaycanı Tədqiq edən və Öyrənən Cəmiyyətin
(Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin) də böyük xidmətləri olmuşdur.
Cəmiyyətin nəzdində yaradılan "İctimai təbabət və gigiyena komissiyası" ətrafında
toplaşan alim-həkimlər və xalq təbabəti biliciləri topladıqları materialları vaxtaşırı
cəmiyyətin "Xəbərlər"ində dərc etdirir, xalq təbabətinə aid fikir və mülahizələrini
burada şərh edirdilər. Bunların içərisində Ş.Həsənovun informasiya səciyyəli
məqaləsində[32] Azərbaycanda xalq təbabətinin mövcud vəziyyəti, bir çox bitkilərin
müalicəvi əhəmiyyəti və s. haqqında verdiyi məlumatlar faydalıdır.
Beləliklə, gətirdiyimiz faktlar və araşdırmalar bir daha sübut edir ki,
Azərbaycan xalq təbabəti zəngin tarixi ənənələr üzərində pərvəriş tapmışdır. Zaman-
zaman xalq məişətində tətbiq olunan müalicə üsul və vərdişləri təkmilləşdirilmiş,
yeniləri praktikaya daxil olmuş, onların müalicə effekti, səciyyəvi xüsusiyyətləri,
hazırlanma və tətbiqi qaydaları haqqında sanballı tibb əsərləri yazılmışdır. Lakin
təəssüflə qeyd etməliyik ki, əsrlərcə yaşadılan xalq təbabəti ənənələri XIX əsrin ikinci
yarısından başlayaraq qismən, XX əsrin əvvəllərindən isə kimya elminin inkişafı ilə
292
əlaqədar öz mövqeyini sürətlə itirməyə başlamış, rəsmi təbabətin kimya elminin təsiri
altına düşməsi qədim müalicə üsul və vasitələrinin unudulmasına səbəb olmuşdur.
Hazırlanan kimyəvi dərman vasitələrinin orqanizmə daha tez təsir göstərməsi,
xəstənin halının sağalmağa doğru getdikcə dəyişməsi xalq təbabətini gözdən salsa da,
indi hər kəsə uzun zaman qəbul olunan kimyəvi tərkibli dərman vasitələrinin zərərli
təsiri daha çox aydındır. Belə ki, farmakoloqların özlərinin də etiraf etdikləri kimi,
"kimyəvi əsasda hazırlanan bu dərmanlar uzun müddət qəbul olunduqda insan
orqanizmini zəiflədir, lazımi müalicə səmərəsi vermir, onların böyük əksəriyyətinin
orqanizmə göstərdiyi əlavə mənfi təsir həddən artıq çox olur. Odur ki, bir sıra hallarda
adamlarda dərman xəstəliyi yaranır, onların bir çoxu xəstəxanalarda yalnız kimyəvi
dərmanların törətdiyi fəsadlara görə müalicə olunurlar.
Hazırda dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da yenidən
təbii vasitələrlə müalicə üsullarına üstünlük verilməyə başlanmış, ənənəvi xalq
təbabətinə meyil və münasibət əsaslı surətdə yeniləşmişdir. Bu dönüşün yaranmasına
son zamanlar əhalinin sosial vəziyyəti və iqtisadi durumu, əksər dərman məhsullarının
qiymətinin həddən artıq bahalaşması kimi sırf iqtisadi-siyasi amillər də həlledici təsir
göstərmişdir. Buna görə də xalqımızın təbabət sahəsində olan yazılı irsinin və ənənəvi
olaraq nəsildən-nəslə ötürülən praktiki təcrübəsinin diqqətlə araşdırılmasına,
öyrənilməsinə və təbliğ edilməsinə ciddi ehtiyac vardır. Bu bir həqiqətdir ki, xalq
təbabətində istifadə olunan dərman vasitələri ilə müalicənin səmərəli perspektivləri
olduqca böyükdür və burada dərman bitkilərinin diapazonu olduqca genişdir. Onlar
iltihaba qarşı, bəlğəmgətirən, tərlədən, ürək tonusunu qaldıran, qankəsən, qanın
qatılığını tənzimləyən, ödqovan, sidikqovucu, bakteriya və göbələyə qarşı və digər
təsirlərə malikdirlər. Təbii dərmanların kimyəvi dərmanlara nisbətən üstünlüyü həm
də onların uzun müddət əlavə təsir göstərmədən tətbiq oluna bilməsindədir[34]. Etiraf
etmək lazımdır ki, Azərbaycanın zəngin xalq təbabəti xəzinəsi indiyədək lazımınca
öyrənilməmişdir. Bu mənəvi sərvətimizin sirlərini öz varlıqlarında yaşadan ulularımız
- ağsaqqal və ağbirçəklərimiz dünyalarını dəyişdikcə, biz hər an bu irsə sahib olmaq
imkanlarını da itirir, əczaçılıq sahəsində zəngin empirik biliklərdən və sınamalardan
məhrum oluruq. Ona görə də bunları vaxtında toplamaq, sistemləşdirmək, etnoqrafik
baxımdan təhlil və şərh etmək günün vacib məsələlərindən biridir.
Şair, bu yerləri yaxından tanı!
Təbiət quranda Azərbaycanı
Onu sığallamış cənnətin əli,
O böyük hikmətli qüdrətin əli[35] -
deyən dahi şairimiz Səməd Vurğun nə qədər də haqlı olmuşdur. Doğrudan da,
Azərbaycan qüdrətdən yaranan təbii varlıq kimi yeraltı və yerüstü zənginliklərə, dağlı-
aranlı iqlimə, dərman bitkiləri ilə məşhur olan floraya malik olmaqla xalq təbabəti
üçün misilsiz xammal bazası rolu oynamışdır. Təbiətin xalqımıza təmənnasız bəxş
etdiyi bu zənginlikdən istifadə edən ulularımız - əvvəlcə şamanlar, cadugərlər və
türkəçarələr, sonralar "həkim", "təbib", "loğman" və s. adlarla məşhurlaşan əttarlar
293
qazandıqları empirik bilik və təcrübələrə əsaslanaraq müxtəlif səciyyəli dərman
vasitələri yaratmış, təbii üsullarla müalicənin bütöv bir sistemini araya gətirmişlər.
Xalq təbabətinin araşdırılmasından aydın olur ki, Azərbaycanda təbii üsulla müalicə
vasitələri bitkilərdən, heyvan mənşəli məhsullardan, mineral tərkibli maddələrdən və
mədən sularından ibarət olmuşdur.
Azərbaycan xalq təbabətinin bütün tarixi ərzində bitki mənşəli dərman
vasitələrindən daha geniş şəkildə istifadə edilmişdir. Bu, Azərbaycan təbiətinin bitki
örtüyü ilə zənginliyindən irəli gəlir. Burada zaman-zaman itburnu, əzgil, moruq,
böyürtkən, zoğal, yemişan, şirin biyan, qora, boymadərən, əvəlik, bağayarpağı, nanə,
yarpız, çaytikanı, yemlik, yolotu, şomu, andız, kəklikotu, dağkeşnişi, qırxbuğum,
qaymaqçiçəyi, səhləb, yeralması, ətotu, zəfəran, xaşxaş və s. xalq təbabətində
sınaqdan çıxarılmış, onların şəfaverici xüsusiyyətləri aşkarlanmış, müxtəlif
xəstəliklərin müalicəsində əhəmiyyəti təsdiqlənmişdir. Məlumdur ki, hər hansı bir
bitkinin tərkibində alkaloidlərin, amin turşularının, qlükozoidlərin, yağların,
antibiotiklərin, büzüşdürücü (aşı) maddələrin, piqmentlərin, efir yağları və digər
birləşmələrin birinin və ya bir neçəsinin olması ona dərman bitkisi səciyyəsi verir.
Keçən əsrin ikinci yarısında respublikamızda belə dərman bitkilərinin yeni-yeni
növləri də aşkara çıxarılmış və elmi təbabətə daxil edilmişdir. Bunlar Qafqaz
xanımotu, beşyuvalı yemişan, cökəyarpaq pişikotu, boylu acılıqotu, adi zirinc, qıfotu,
Hirkan acıyoncası, novruzçiçəyi, quşüzümü, ətirli yovşan, qantəpər, boranı toxumları
və s.-dən ibarətdir[36].
Bütün bunlardan başqa, Azərbaycanda müalicə əhəmiyyətli bitkilərin, bostan-
tərəvəz məhsullarının, bar ağaclarının mədəni şəkildə yetişdirilməsi ənənəsi də
mövcud olmuşdur. Xalq üzüm, nar, heyva, zoğal, armud, gilas, alma, qoz, fındıq,
əncir, tut, gavalı və s. bu kimi bar ağaclarından bağlar salmış, mövsümi səciyyəli
bostan məhsulları (qarpız, yemiş, kələm, xiyar, pomidor, badımcan, bibər) və
tərəvəzlər (keşniş, şüyüd, soğan, sarımsaq, kəvər, ispanaq, cəfəri, tərə, nanə, yarpız)
yetişdirmişdir. Ev şəraitində yetişdirilən bu bağ-bostan bitkilərindən hazırlanan
mürəbbə, şirə, bəkməz, qax, kişmiş, zoğal axtası, alana, sucuq, albuxara, qaysı və
müxtəlif tutmalar bəzən dərman vasitəsi kimi işlədilmiş, insan sağlamlığına xidmət
etmişdir.
Ənənəvi xalq təbabətində dağ-çəmən otlarını seçib ayırmaq, toplamaq,
qurutmaq, onlardan, yeri gəldikcə, müalicə əhəmiyyətli dərman məhsulları hazırlamaq
böyük səriştə tələb etmiş, bu işin mahir biliciləri olan əttarlar nəslinin yaranmasına
gətirib çıxarmışdır. Etnoqrafik materiallar xalq təbabətinin əsasını təşkil edən dərman
bitkilərinin yetişdiyi vaxt, onların toplanması, qurudulması, saxlanması, dəqiq tərkibli
dərman məhsullarının hazırlanması haqqında maraqlı məlumatlar verir. Ənənəvi
təbabət tərəfindən sınaqdan çıxarılmış bu xüsusiyyətlərin öyrənilməsi bir daha sübut
edir ki, elin gözü tərəzi olmuş, sərraf dəqiqliyi ilə hər şeyi yerli-yataqlı seçmiş,
istifadəsinə tam rəvac verdikdən sonra dərman bitkilərinin tədarükünə və emalına
başlamışdır. Xalq təbabətində bir sıra xəstəliklərin müalicəsində istifadə edilən
294
gicitkən və yarpız kimi bitkilərin tədarükü yazağzı həyata keçirilərdi. Bənövşənin
toplanması üçün ən münasib vaxt Novruz bayramı günləri, yəni yazın gəlməsi vaxtı
hesab edilərdi. Xalq təcrübəsinə görə, müalicə xassəsinə malik mineral sulardan ilin
quyruq doğan dövrünədək (avqustun 15-dək) istifadə olunardı. Ağac və kolların
toplanması isə bitkinin tam yetişməsindən sonra başlanardı. Öskürəyə qarşı istifadə
edilən andızın kökləri avqust-sentyabr aylarında, ishal, qanaxma, qarın ağrılarının
müalicəsi üçün istifadə edilən qanbat kökünü isə payızda əldə edərdilər. Murdarça,
palıd ağaclarının qabığı isə yazağzı toplanar, mülayim havada qurudular, çay kimi
dəmlənib içilər, mədə-bağırsaq, qəbizlik, ishal, boğaz və diş ağrıları zamanı istifadə
edilərdi[37].
Xalq məişətində dərman bitkilərinin qurudulmasına da böyük əhəmiyyət
verilirdi. Adətən, ot-çəmən bitkiləri, müxtəlif giləmeyvələr və meyvələrin kölgədə
qurudulması daha məqsədəmüvafiq hesab olunardı. Çünki sınanmış təcrübəyə görə,
gün altında qurudulan bitki, ot, meyvə və s. öz keyfiyyətini itirir, həddən artıq çox
quruduğu üçün istifadəyə yararlı olmurdu. Xüsusilə də, ot-çəmən bitkilərinin
qurudulması prosesində onların şehlə, yağışla islanmasına yol verməzdilər. Bu halda
nəmlik onları tez xarab edir, rəngini isə qaraldırdı.
Ot-çəmən, meyvə və giləmeyvə, mineral-mədən və heyvan mənşəli
məhsullardan alınan dərmanlar müxtəlif cövhər, məcun, həb, dəmləmə, şirə, həlim,
maz, məlhəm şəklində hazırlanır, müvafiq xəstəliklərin müalicəsində istifadə
olunurdu. Maraqlı cəhət isə bu idi ki, zaman-zaman bu dərman məhsullarının
keyfiyyəti yaxşılaşır, çeşidi artırdı. Təbabətin atası, eramızdan 400 il əvvəl yaşamış
yunan həkimi Hippokrat 200 dərmanın, Diaskorid (eramızın I əsri) 400 dərmanın,
Qalen (eramızın II əsri) 500 dərmanın, Əbu Əli ibn Sina (eramızın X əsri) 800
dərmanın təsvirini vermişdir. XVII əsrdə nəşr olunmuş dərmanlar haqqında Nürnberq
məlumat kitabında 1300 dərman verilmişdir[38].
Bir qayda olaraq, dərman məhsullarının istehsalında xalq təbibləri onları təbii
şəkildə, qatışıqsız hazırlamağa üstünlük verirdilər. Bu cür dərmanların sırasına
cövhərlər, şirələr, dəmləmələr daxil edilirdi. Müxtəlif ekstraktların, həblərin,
məcunların, maz və məlhəmlərin hazırlanmasında isə onların tərkibinə bitki və ya
heyvan yağları, mum (vərəmum), bal, yumurtanın ağı və ya sarısı, un, tabaşir, süd və
s. əlavə edilirdi. Bu əlavələr dərmanların zərərli təsirini aradan qaldırır, keyfiyyətini
və düşərliliyini artırırdı. Bu əlavələr içərisində bal mühüm qida məhsulu olmaqdan
əlavə, hələ qədim zamanlardan şəfaverici müalicə vasitəsi kimi də istifadə edilmişdir.
Təqribən 6 min il bundan əvvəl qədim Misir əhalisi baldan müalicə, kosmetika və
çürümədən qorunma vasitəsi kimi istifadə etmişdir. Bunu məşhur Eber papirusunda
olan tibbi məlumatlar təsdiqləyir. Hindistanda zəhərlənmiş adamları balla
sağaltmışlar. Eramızdan əvvəl III-II minilliklərdə çinlilər balın şəfaverici
xüsusiyyətlərini mənimsəmiş, qədim Yunanıstanda mədə və qaraciyər xəstəlikləri,
əsəb pozğunluqları, irinli yaralar balla müalicə olunmuş, qədim Romada isə
çürümədən qorunma vasitəsi kimi baldan geniş istifadə edilmişdir. Xalq təbabətinin
295
sirlərinə yaxından bələd olan mütəfəkkir el həkimləri, təbabət biliciləri arı balını insan
ömrünü uzadan, iş qabiliyyətini, zehni, fiziki fəaliyyətini artıran bir vasitə kimi
qiymətləndirmiş, onu cavanlıq, gümrahlıq mənbəyi hesab etmişlər[39]. Orta əsrlərdə
xalq təbabətinə həsr olunmuş bir çox əsərlərdə mədə-bağırsaq, öskürək, zəhərli
həşəratlar və quduz it dişləmələrində, eləcə də ağciyər və digər daxili orqanların
müalicəsində bal və ondan hazırlanan məlhəmlərin geniş istifadəsindən soraq verilir.
Bunların arasında balın çobanyastığı, gicitkən, darçın, zəncəfil, yağ, sirkə, soğan,
sarımsaq, yabanı
havuc, xaşxaş, xardal toxumu və s. ilə qatışığından hazırlanmış
müalicə vasitələri mühüm yer tuturdu. XII əsrdə Məlhəm Tibb Mədrəsəsinin
yaradıcısı Kafiəddin Ömər Osman oğlu ürək xəstəliklərinin müalicəsində balın
şəfaverici xüsusiyyətlərini göstərməklə yanaşı, bişirilmiş balqabaq və ya yerkökünün
balla qatışığını
böyrək xəstəliklərində müalicə vasitəsi kimi tövsiyə etmişdi[40].
Toplanılan etnoqrafik çöl materiallarının nəticələrindən aydın olur ki, keçmişdə
Şirvanın el təbibləri böyrək xəstəliyinin müalicəsi üçün qarpızı yarıya bölərək hər iki
üzünə bal çəkər, bir gecə ayazda saxlayar, sonra xəstəyə yedirərdilər. Bu məqsədlə
balın itburnu suyu ilə qarışığı da müsbət nəticə verirdi. Böyrəkdə daş olduqda balın
zeytun yağı və limonla qarışığından gündə 3 dəfə xörək qaşığı ilə
qəbulu tövsiyə
edilirdi. Bəzən böyrək daşını əritmək üçün balın gülxətmi toxumu ilə dəmləməsinin
acqarına qəbulu da yaxşı təsir göstərirdi.
Quba bölgəsində malyariya xəstəliyinin müalicəsində balın şit nehrə kərəsi ilə
qatışığından hazırlanan məcun xüsusilə güclü təsirə malik idi və xəstənin qızdırmasını
aşağı salırdı.
Şəki-Zaqatala bölgəsində balı əzilmiş sarımsağa qatıb göyöskürəyə qarşı
müalicə vasitəsi kimi istifadə edirdilər. Abşeronda isə bu məqsədlə içərisi oyulmuş ağ
turpa bal sürtür, bir müddət ayazda saxlayır, alınan məhlulu xəstəyə içirdirdilər.
Lənkəran bölgəsində bağırsaq parazitlərini məhv etmək üçün 200 qram boranı
toxumunu əzərək 100-150 q balla qatışdırıb xəstəyə verirdilər. Quba-Xaçmaz
bölgəsində isə bədənin zədələnmiş və şişmiş yerlərinə bal sürtülmüş dovşan dərisi
bağlamaqla onun müalicəsini sürətləndirirdilər[41].
Göründüyü kimi, qədim təbiblər balın faydalılığını onun uzun zaman xarab
olmamasında görmüş, dərman məhsullarının hazırlanmasında, bir çox dərmanların
orqanizmə təsirinin gücləndirilməsində, bədən tərəfindən tez sorulmasının təmin
edilməsində balın özündən, şərbətindən və qatışığından geniş istifadə etmişlər.
Yaşamaq uğrunda mübarizədə sağlamlığı qorumaq, xəstəliklərə yol verməmək,
xəstələndikdə sağlamlığın qeydinə qalmaq insanları daim düşündürmüş, bu
düşüncələrin, təcrübələrin, müşahidələrin nəticəsi olaraq ənənəvi xalq təbabəti
formalaşmışdır. Həm də bu prosesdə insanın təbabət təfəkkürü inkişaf etmiş, insan
uzun ömür sürmək, sağlam olmaq, müxtəlif xəstəliklərlə mübarizə aparmaq yollarını
və metodlarını mənimsəmişdir.
Etnoqrafik materialların araşdırılması göstərir ki, xalq təbabətinin geniş tətbiq
edildiyi orta əsrlərdə, eləcə də XIX-XX əsrin əvvəllərində bir çox xəstəliklər - sümük
296
sınığı və çıxığı, ürək, qan-damar, tənəffüs orqanları, mədə-bağırsaq, qaraciyər, öd və
dalaq, böyrək, göz, sinir-əsəb, dəri, yel xəstəlikləri və s. məlum idi, onların
əksəriyyətinin müalicəsində mühüm nailiyyətlər əldə edilmişdi.
Xalqımızın ənənəvi təbabətinə məlum olan xəstəliklərdən ən geniş yayılanı
müxtəlif sınıq və çıxıqlarla müşayiət olunan bədən travmaları idi. Belə zədələnmələr
diqqətsizlikdən, qeyri-ənənəvi fiziki işləri yerinə yetirməkdən, güləş və döyüş zamanı,
müxtəlif idman oyunlarını həyata keçirərkən və s. hallarda baş verirdi. Məhz bu
səbəbdəndir ki, Azərbaycanın, demək olar ki, hər bir kəndində bir və ya bir neçə
sınıqçı olur, onlar özlərinə məxsus müalicə üsulları ilə sınıq və çıxıqları
müvəffəqiyyətlə müalicə edirdilər. Tədqiqatlar göstərir ki, Quba elində
sınıqçı Abusəttar, usta Şıxqayıb, Şükür kişi, qarabulaqlı Şamil Qədir oğlu, Şirvanda
Məhəmmədrza Məlikov, Şeyx Eyyub, Sufi Məhəmməd, Hacı Mirzə Məhəmməd,
Mirzə Ağa, Kərbəlayı Ələkbər, Qarabağda usta Hüseyn və Mirzə Cavad, Şəkidə
loğman Cəlal, həkim Baba, Naxçıvanda Kəlba Salah, Mirzə Nəsrullah Mirzəli oğlu,
Şərurda sınıqçı Naib kişi, Hacı Cəfəralı, Hacı Məhəmməd, Şahbuzda kükülü
Məhəmməd, Vedibasarda İsmayıl Vəli oğlu, sınıqçı Ələkbər Cəmil oğlu, Borçalıda
Məmməd Mustafa oğlu, Həsən Şirməmmədov və Məhəmməd Əsgərov, Gəncəbasarda
eldarlı Musa Əhməd oğlu və s. tanınmış el təbibləri olmaqla yanaşı sınıqçılıq
peşəsinin də kamil biliciləri idilər[42]. Onlar ətraf orqanların, onurğa sütunu, boyun,
qabırğa, bel, çanaq sümüyü sınıqları və çıxıqlarının müalicəsində öz bilik və
bacarıqlarını nümayiş etdirir, sümüklərin düzgün bitişməsində zəruri olan üsul və
vasitələrdən istifadə etməklə, insan sağlamlığının bərpasına nail olurdular. Hələ elmi
cərrahlığın inkişaf etmədiyi dövrlərdə xalq sınıqçı-təbibləri öz peşələrinin mahir ustası
olmaqla xalqın tələbatını büsbütün ödəyirdilər.
Sınıqçılıq sənətinə yiyələnməyin özünün də incə xüsusiyyətləri vardı. "Əslində
atadan oğula, oğuldan nəvəyə nəslən keçən sınıqçılıq sənəti uzun bir prosesin
nəticəsində əldə edilirdi. Həm də burada usta-şagird ənənəsi mövcud idi. Ustalar
aylarla, illərlə öz yanlarında şagirdlər saxlar, təcrübələrini onlara öyrədərdilər. Ancaq
müəyyən təcrübə keçən, ənənələrə yiyələnən şagirdlərə sınıqçı adı verilərdi. Məhz
bundan sonra onların el-obasında sınıqçılıq etməyə mənəvi hüquqları çatardı"[43].
Bəzən peşəkar ustalar öz şagirdlərinin püxtələşməyini sınaqdan çıxarmaq üçün
şüşə və saxsı qabları kisəyə və ya xurcuna qoyduqdan sonra vurub sındırar, şagirdləri
onu bərpa etməyə çağırardılar. Şagird isə gözlə görmədən, əllərini içəri salmadan
onları bərpa etməli olardı. Bunu bacaran hər bir şagird usta olmağa layiq bilinərdi.
Bəzən belə sınaqlar dəfələrlə təkrar olunardı.
Sınıqçılıq sənətində başlıca məharət sınmış yerləri müəyyən etdikdən sonra
çığlanmış sümükləri əllə hamarlayıb öz əvvəlki vəziyyətinə gətirmək idi. Bundan
sonra müasir gipsi əvəz edən yaxı məhlulunu parça üzərinə çəkib sınıq yerinə
bağlayırdılar. Bu yaxı maddəsi bal, un, ağac yapışqanı, yumurta sarısı, duz, zəy və
hətta saqqızdan hazırlanırdı. Sarığın tərpənməməsi və sümüklərin yerinə kip oturması
üçün sınmış yer hər iki tərəfdən ağac şinlər və ya qarğı çiliklər vasitəsilə bağlanırdı.
297
Adətən bir həftədən sonra sarıq-gips açılır, sınığın vəziyyəti yoxlanılırdı. Əgər ehtiyac
olardısa, sarıq yenidən təkrar olunar, sümük əyri bitərdisə, onu sındırıb yenidən
birləşdirərdilər. Bunun üçün yumşaldıcı vasitə kimi qoyun quyruğundan, keçi
piyindən, çilədağı bitkisinin kökündən məlhəm hazırlayıb sümüyü yumşaldır, sındırır,
yenidən nizamlayıb gipsə salırdılar. Sümüyün sürətlə bitişməsi üçün xəstəyə xaş və ya
kəlləpaça suyu yedizdirirdilər. Sınıq və çıxığı tez sağaltmaq üçün həm də nar ağacının
qurudulmuş kökünü toz halına gətirdikdən sonra əzvay (aloe) ilə qarışdırıb həmin yerə
bir neçə dəfə təpitmə kimi qoyurdular[44].
Bəzən ayaqda, əldə burxulma və ya çıxıqlar olduqda yenə də sınıqçılar imdada
gəlir, çıxıqları yerinə salır, burxulmuş yerləri isə çirkli yun üzərinə yumurta yaxısı
çəkib bağlayırdılar. Bu qayda ilə şiş aradan götürülür, ağrılar azalırdı.
Azərbaycanda geniş yayılan xəstəliklərin bir qismini ürək-damar sistemi
xəstəlikləri təşkil edirdi. Xalq təbibləri, loğmanlar bu sahədə zəngin empirik biliklər
sisteminə yiyələnmişdilər. Xüsusilə müəyyən qorxu, həyəcan, qarabasma hissləri
nəticəsində əmələ gələn ürək ağrıları, ürəkkeçmə, halsızlıq, ürək döyüntüsü, ruh
düşkünlüyü, qan azlığı, qan təzyiqi və s. xəstəliklərin müalicəsində təklif olunan təbii
vasitələr daha effektli təsirə malik idi. Hələ vaxtilə dahi mütəfəkkir Nizami ürəyi
insan orqanizminin normal vəziyyətinin və rahatlığının asılı olduğu mühüm orqan
adlandırmış, "rahat, sakit adam odur ki, onun ürəyi möhkəmdir" - demişdi[45].
Məlhəm Tibb Mədrəsəsinin yaradıcısı K.Ömər Osman oğlu XII əsrdə ürək
xəstəliklərinin müalicəsində şirin pəhrizdən - bal, bəkməz, şərbət, şirin çaxır, meyvə
şirələri və s. istifadə edilməsini tövsiyə etmişdi.
Əsrlərcə sınaqdan çıxarılmış xalq təcrübəsinə görə, bişmiş almanın balla
qarışığı (gündə 3 dəfə olmaqla bir xörək qaşığı); mərəçüyüd şərbəti, bal şərbəti, zirinc
şərbəti, limon şirəsi, zəfəran, darçın, pişikotu, sümürgən, qurudulmuş və toz halına
salınmış qarpız qabığının ilıq suda hazırlanmış məhlulu, beçə balı və inək kərəsi ürək
xəstəliklərinin və ürəklə bağlı çoxsaylı fəsadların aradan qaldırılmasında mühüm
vasitələr hesab edilmişdir.
Məlumdur ki, qan təzyiqinin normal səviyyəsinin saxlanmasında, orqanizmdə
qan dövranının tənzimlənməsində qan damarları fövqəladə rol oynayır. Bəzən
müxtəlif xəstəliklər ucbatından qan damarları kirəcləşir, onların keçiricilik qabiliyyəti
azalır, bu da orqanizmdə fəsadlı xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Odur ki,
xalq təbabəti biliciləri bu fəsadları aradan qaldırmaq üçün çoxlu müalicə vasitələri
düşünüb tapmış, onları tətbiq etməklə ürək-damar sisteminin sağlamlığını təmin
etmişlər. Belə müalicə vasitələrindən biri də damarları yağlı çöküntülərdən
təmizləmək üçün 10 gün və ya uzun müddətə tətbiq olunan üzüm rejimidir. Yazılı
təbabətin də təsdiq etdiyi kimi, "böyrək narahatlığından yaranan ürək zəifliyi zamanı
üzüm şirəsi ürək əzələlərinin enerjisini artırır, zərərli maddələri bədəndən çıxarır və
ürəyin fəaliyyətini asanlaşdırır"[46]. Damarların təmizlənməsində qaynanmış kələmin
suyu və xörəkdə dəfnə yarpağı işlətmək də effektli təsir göstərir.
Qanazlığı xəstəliyi üçün də üzüm sınanmış vasitələrdən biri hesab edilir.
298
Qanazlığını aradan götürmək üçün ulularımız gülöyşə nar, şaftalı, qırmızı
(qızıləhmədi) alma, yabanı fındıq, noxud, qırqovul əti, uzunqulaq südü, çiyələk, şirin
tut, yerkökü şirəsi, xurma və s. yeməyi məsləhət görmüşlər. Göstərilən bitki və
meyvələr qan dövranının tənzimlənməsində, qatı qanın duruldulmasında da mühüm
vasitə kimi işlədilirdi.
Xalq təbabətində mühüm profilaktik tədbirlərdən biri də qan təzyiqinin normal
səviyyədə saxlanılmasıdır. Hələ qədim tibb biliciləri yemişan bitkisinin
meyvələrindən bu məqsədlə geniş istifadə etmişdilər. Qədim tibdə göstərilir ki,
meşədə bitən qara yemişan bitkisinin noxud boyda və noxudaoxşar meyvəsindən
gündə 150-200 qram yedikdə yüksək qan təzyiqini aşağı salır, qırmızı yemişan
meyvəsi isə qan təzyiqini qaldırır[47]. Qan təzyiqinin tənzimlənməsində meyvələrdən
turş alma, albalı, ərik şirəsi, zirinc, turşməzə alma, xiyar suyu, limon, əzgil;
tərəvəzlərdən kahı, balqabaq turşusu, pərpərəng; heyvandarlıq məhsullarından isə yağı
tamam yığılmamış ayran, qurud, qatıq və s. mühüm müalicə vasitələri olmaqla, həm
də insan sağlamlığına əhəmiyyətli təsir göstərir. Ulularımız təsadüfi olaraq deməyiblər
ki, ağartı və göyərtini çox yeyən adam sağlam və uzunömürlü olar. Elmi təbabətin
hələ meydana gəlmədiyi dövrlərdə xalq təbabəti biliciləri tərəfindən tətbiq edilən bu
müalicə vasitələri ürək-damar sistemi xəstəliklərinin müalicəsində başlıca yer tuturdu.
Çox qədimlərdən əhali arasında geniş yayılmış xəstəliklərdən biri də tənəffüs
orqanlarının (burun, boğaz, nəfəs borusu, sinə) xəstəlikləri olmuşdur. Ciddi
soyuqlama ilə müşayiət olunan bu cür xəstəliklər xalq arasında zökəm, tumov,
sətəlcəm, göyöskürək, inaq və s. adlarla məlum idi. Tənəffüs orqanlarının xəstəlikləri,
bir qayda olaraq, soyuqlamadan və keçici viruslardan törəyir. "Soyuqdan mini ölər,
istidən biri də ölməz" - el deyimi soyuqdan törəyən xəstəliklərin çoxluğuna işarədir.
Zökəm, tumov və göyöskürəyə tutulmuş xəstələrdə boğazın selikli qişası,
boğaz badamcıqları iltihabı zədələnmələrə düçar olur, xəstələrdə hərarət yüksəlir,
halsızlıq baş verirdi. Belə xəstələri sağaltmaq üçün xalq təbibləri kəklikotu, nanə,
yarpız, itburnu, sarıçiçək, əvəlik, lavanda, qəvliçiçəyi və s. dəmləmələrini məsləhət
bilir, balın isti suda hazırlanmış şərbətinin, zirinc şərbətinin, bişirilmiş ilıq inək
südünün, şalğam şərbətinin, üzüm sirkəsinin effektli müalicə vasitəsi olduğunu
göstərirdilər.
Boğaz ağrılarının sakitləşdirilməsində və aradan götürülməsində müxtəlif
tərkibli qarqara vasitələrinin (əzgil yarpağının qaynanmış suyu, iki dəfə qaynadılan
arpa suyu, dağ yarpızı məhlulu, gülxətmi qarqarası və s.) böyük müalicəvi əhəmiyyəti
dəfələrlə təcrübədə təsdiq edilmişdi. Məhəmməd Yusif Şirvani yazırdı ki, "kimsənin
boğazı gəlirsə və ya dilçək olmuş olsa, gərəkdir ki, bir miqdar nişastanı bir miqdar
sirkə ilə qaynadıb sonra bir parça əsgi bezin üzərinə su edib və bir dənə cəvizi dəxi
əzib üzərinə səpib və ondan isti edib, altından yuxarı təpəsinədək
vuralar, üç günədək dura, şəfa bulub xilas olar"[48].
Boğaz ağrısını yox etmək üçün xalq arasında boğazın sığanması (basılması)
kimi tədbirlər də həyata keçirilirdi. Badamcıqları irinli iltihabdan xilas etmək üçün əli
299
düşərli (səbəbli) ağbirçəklər sübh tezdən xəstənin boğazını basırdılar. Bunun
üçün
təmiz yuyulmuş və duza, zəyə bulaşdırılmış şəhadət barmaq vasitəsilə xəstənin
badamcıqları basılardı ki, irinli yara deşilsin və axıb təmizlənsin. El arasında
inaq
(hənaq) adlandırılan bu cür xəstəliyin müxtəlif müalicə üsulları ilə yanaşı, basılmaqla
(sığamaqla) müalicəsi haqqında hələ XVIII əsrdə "Tibbnamə" müəllifi də məlumat
vermişdi[49].
Yuxarı tənəffüs orqanlarının iltihabı xəstəliklərindən biri də qara öskürək və ya
göyöskürəkdir. Əsasən uşaqlar arasında geniş yayılan bu xəstəlik qızdırma və
hərarətin yüksəkliyindən, öskürəyin şiddətindən uşağın rənginin göyərməsi ilə
əlaqədar belə adlandırılırdı. Onun müalicəsi üçün təmiz yaylaq havası, itburnu
meyvələri, heyva tumu və cavan heyva zoğlarının dəmləməsi məsləhət görülürdü.
Xəstə tərlədilir, sinəsinə təpitmə qoyulur, kürəyi gənəgərçək yağı ilə ovulurdu. Bəzən
qozun arakəsmələrinin dəmləməsini də effektli müalicə vasitəsi kimi xəstəyə
içirdirdilər[50].
Soyuqdəymənin, öskürəyin, boğaz ağrısının ötüb keçməsi üçün çox zaman xalq
arasında əvəlikdən və ispanaqdan geniş istifadə edilirdi. Gürcüstan azərbaycanlıları
bunun üçün əvəliyi bişirir və yağda qovurur, onu həm yeyir, həm də məlhəm kimi
boğaza bağlayırdılar. Sinə iltihabı və bədəndə qızdırması çox olan adamlar ispanaqdan
hazırlanmış xörəklər yeyir, oynaqların, yaraların, şişlərin ağrısı zamanı ondan təpitmə
düzəldib həmin yerə qoyurdular[51].
Soyuqdəymə və sətəlcəm zamanı xəstələrin alın nahiyələrindən, küpə
qoyulmuş yerlərindən çərtmə üsulu ilə qan almaq, onları təzə soyulmuş qoyun dərisinə
salmaqla tərlətmək, müxtəlif dağ-çəmən otlarından (kəklikotu, yarpız, gicitkən,
sarıçiçək, lilpar və s.) hazırlanmış isti vannalara (belə vannalara el arasında "hərhoş"
və ya "hor-horup" suyu deyilirdi) salmaq kimi müalicə üsulları da çox-çox
qədimlərdən məlum idi.
Ənənəvi xalq təbabətində sinə ağrıları və ağciyər xəstəliklərinin də
müalicəsində olduqca faydalı müalicə vasitələri əldə edilmişdi. Kafiəddin Ömər
Osman oğlu hələ XII əsrdə ağciyər xəstəliklərinin müalicəsində yüngül qaynadılmış
heyvan beyni, yumurta sarısı və "yemlik" adlanan yeməli otların qarışığından
hazırlanan yeməyin qəbul edilməsini məsləhət görürdü[52]. "Tibbnamə"də köks
ağrıları üçün mərsin (həmərsin) və innab şərabının, bal şərbətinin içilməsinin, sinəyə
fındıq yağının sürtülməsinin, qızıl üzüm, innab, üzərlik toxumu, darçın, əncir,
çuğundur, şirin badam, şalğam və balqabaq yeyilməsinin faydalı olduğu
göstərilirdi(53).
Ağciyər xəstəliklərinin ən qorxulusu vərəm hesab olunurdu. Onun müalicəsi
üçün təbabət biliciləri ayı piyi, kirpi əti, uzunqulaq südü, keçi və inək südü və s. kimi
şəfaverici yemək və içkilərdən istifadə edilməsinə böyük üstünlük verirdilər.
Xalq məişəti təbabətinə məlum olan xəstəliklərin böyük bir qismini də mədə-
bağırsaq xəstəlikləri təşkil edirdi. Onların müalicəsi təbii üsullarla aparılır, bunun
üçün müxtəlif bitkilərdən, yağlardan, meyvələrdən istifadə edilir, onlardan
300
dəmləmələr, qarışıqlar, şirə və şərbətlər hazırlanırdı. Xalq təcrübəsinə görə, mədə
xəstəliyinin ilkin əlamətləri mədə narahatlığı, mədə şirəsi ifrazının pozulması,
mədənin turşuluğunun artması ilə müşayiət olunurdu. Ulularımız mədə turşuluğunun
aradan qaldırılmasında almanın, fındığın, günəbaxan tumunun, eləcə də üzüm və
portağal şirələrinin müalicəvi əhəmiyyətini gözəl bilirdilər. Mədə-bağırsaq
xəstəliklərinin müalicəsində adi zoğalın yarpaqlarının və tumlarından hazırlanmış
tozun çay kimi dəmlənib içilməsi də faydalı hesab olunurdu. Bununla həzm prosesi
yaxşılaşır, köpolma aradan qalxır, qarın ağrıları götürülür, qanlı ishal sağalırdı. Qarın
ağrılarında, qanlı ishalda qankəsici vasitə kimi Şərq palıdının qabığından hazırlanan
dəmləmə də güclü şəfaverici xüsusiyyətə malik idi. Bəzən yandırılmış palıd
qabıqlarının külünü su ilə qarışdırıb az miqdarda uşaqlara içirtməklə onlarda qarın
ağrısını müalicə edirdilər.
"Tibbnamə"nin müəllifi mədə-bağırsaq xəstəliklərinin müalicəsində turp
toxumu, sarımsaq, nanə və darçın yeməyi, hətta şərabı, gül suyu ilə birgə limon şərabı
içməyi tövsiyə edirdi[54].
Mədə-bağırsaq xəstəliklərinin müalicəsində balın da şəfaverici xüsusiyyətləri
etnoqrafik tədqiqatlarla təsdiq edilmişdir. Bal bağırsaqlarda həzm prosesinə yaxşı təsir
göstərir. Xəstəlik zamanı razyananı darçın və yaxud balla, yaxud bir çimdik zəfəranı
balla suda qarışdırıb içmək çox xeyirli olur. Zirə, cəfəri, kök və acıbadam toxumunu
balla qarışdırıb həb kimi gündə 8 q qəbul etmək bağırsaq və mədə yaralarının
sağalmasına kömək edir. Xalq təcrübəsinə görə, bağırsaq yarası və xroniki qəbizlik
hallarında 2-3 qaşıq təmiz balı yarım stəkan şüyüd suyuna qatıb gündə iki dəfə içmək,
təmiz bala bağayarpağı suyu qataraq gündə 100 q imalə etmək və ya acqarına içmək
yüksək müalicəvi təsir göstərirdi[55].
Ənənəvi xalq təbabətində mədə şişi və yarası zamanı xiyar və təzə keşniş suyu
içmək, kitrə və kərəviz toxumunu bala qatıb yemək, mərci, nar qabığı və qızılgülü
balla qarışdırıb qaynatmaq və təpitmə qoymaq, qarın nahiyəsinə heyva yağı sürtməklə
yanaşı, çox gərəkli sayılan bir müalicə üsulundan da istifadə edilir. Belə ki, mərsin
yarpağı və heyvanın suyu çıxarılır, alma, gülab, səndəl və gül yağından düzəldilmiş
mum ilə qarışdırılır, sonra qoyun dərisini həmin məhlula batırıb mədə üzərinə
qoyurdular. Müəyyən müddətdən sonra mədənin şişi çəkilirdi[56].
Mədə-bağırsaq xəstəliklərinin müalicəsində xalq həmçinin müxtəlif yabanı və
mədəni ot və bitkilərdən (yarpız, gülxətmi, dağ nanəsi, kəklikotu, səhləb, quluncan,
pərpərəng, əvəlik, tərxun, çobanyastığı, zəncəfil, gicitkən, gülümbahar, əməköməci,
dazıotu, yovşan yarpağı, sarımsaq və s.), meyvələrdən (əncir, gavalı, üzüm, ağ tut,
şabalıd, ərik, limon, turş nar), bostan-tərəvəz məhsullarından (yerkökü, kartof, yemiş,
kələm, çuğundur, ağ boranı tumu və s.), müxtəlif yağlardan (inək yağı, zeytun yağı,
çaytikanı yağı, itburnu yağı və s.) geniş şəkildə istifadə edirdi.
Müxtəlif mədə-bağırsaq xəstəliklərinin (mədə narahatlığı, turşuluğun artması,
ürək bulanması, mədə qazı və köpmə, mədə ağrısı, mədə pozulması və qəbizlik, qarın
ağrısı, ishal, mədə iltihabı, mədə şişi və xorası, mədə bəlğəmi, bağırsaq yarası, mədə
301
zəifliyi və s.) müalicəsində istifadə edilən çoxlu təbabət üsulları xalq təbiblərinin insan
sağlamlığına qayğısından, təbiətimizin bizə bəxş etdiyi zənginliklərdən faydalı surətdə
bəhrələnməkdən, elmi təbabətin meydana gəlmədiyi dövrlərdə ənənəvi xalq
təbabətinin inkişaf səviyyəsindən soraq verir.
Xalq təbabətində müalicəsinə böyük ehtiyac olan xəstəliklərin bir qrupunu da
öd, dalaq və qaraciyər xəstəlikləri təşkil edirdi. Təbabət elminin təsdiq etdiyinə görə,
qaraciyər orqanizmin sağlamlığını qoruyan əsas orqanlardan biri olmaqla, qidanın
mənimsənilməsi və qan dövranının tənzimlənməsi funksiyasını həyata keçirir. Bəzən
həzmin çətinləşməsi, qida rejiminin pozulması, eləcə də öd kisəsi və öd yolunun
iltihabı qaraciyərin də xəstəliklərinə gətirib çıxarır. Məşhur təbabət bilicisi K.Ömər
Osman oğlu qaraciyəri dalağa, ağciyərə və böyrəyə ötürülən qara qanın
təmizlənməsində mərkəz, mənbə hesab edirdi. Dahi Nizami isə qaraciyər xəstəliklərini
ən ağır xəstəliklər sırasına daxil edir, insanın naturasının (zahiri görünüşünün) qanla
müəyyən olunduğunu (xalq arasında deyildiyi kimi, "sifətində qan qalmayıb",
"dodağının qanı qaçıb", "sifəti çıraq kimi alışıb-yanır", "üzünün rəngi solub" və s.),
insanın qaraciyərsiz durumunun ağlasığmaz olduğunu göstərirdi. Məşhur təbib İsa əl-
Riqqi özünün "Tibb" əsərində qaraciyər xəstəliyinin eynilə qan xəstəliyi olduğunu,
daha doğrusu, xəstəlik zamanı qaraciyərdə ödlə qanın qarışığından "qara qan"
yarandığını və onun orqanizmə yayıldığını qeyd edir, insanın bədəninin və gözlərinin
sarı-yaşılımtıl rəngə çaldığını, qarnının şişdiyini ("su ilə doldurulmuş motal"),
hərəkətinin məhdudluğunu, qusma, başağrısı və azacıq hərarətinin olmasını xəstəliyin
əlaməti kimi ayırırdı. Bu xəstəliyin nəticəsində İsa əl-Riqqi baldan, üzümdən, tut
meyvəsindən və şirin nardan istifadə edilməsini və xəstədən qan alınmasını tövsiyə
edirdi[57]. Xalq təcrübəsinə görə, qaraciyər xəstəlikləri zamanı əlin arxa tərəfindən,
çeçələ barmaqdan, habelə said damarından qan almaq daha məqsədəuyğun hesab
edilirdi.
Qaraciyərin "orqanizmin laboratoriyası" olduğunu yaxşı bilən ulularımız daim
onun qeydinə qalmış, xəstələndikdə isə bir çox müalicə üsulları və vasitələrindən
istifadə etmişlər. Belə müalicə üsullarından biri qaraciyər nahiyəsinə qarışıq tərkibli
təpitmələr qoyulmasıdır. Bu təpitmələr xəstəliyin ayrı-ayrı mərhələlərində işlədilirdi.
Kəskin qaraciyər sancmaları zamanı yovşanı azacıq döyür, ərinmiş mum və xına yağı
ilə qatır, ciyər və çanaq sümüyü nahiyəsinə qoyurdular. Xəstəlik temperaturla olardısa
səndəl, kafur, qızılgül yağı tərkibli təpitmədən istifadə edilirdi. Qaraciyərin böyüməsi
və irinləməsi zamanı çobanyastığı, xəşəmgül, süsən kökü, gülxətmi kökü, yarpız, quru
əncir, kişmiş, qızardılmış soğan, yabanı zəfəran toxumunun yağı, yapışqan, arpa unu
və təbii boraksla saqqız qarışığından hazırlanan təpitmə işlədilirdi. Bəzən təpitmələri
banandan, bağayarpağı, gülab və gül yağından, azca döyülmüş pərpərənglə gül yağı
qatışığından, quru gülxətmi, xiyar, balqabaq suyu və gül yağı qatışığından və s. də
hazırlayırdılar[58].
Ənənəvi xalq təbabətində qaraciyər xəstəlikləri zamanı şibyə, razyana, qara
gavalı, nar, alma, heyva, ağ üzüm, qara tut, gənəgərçək, banan, fıstıq və malın topuq
302
sümüyünü yandırıb yumşaq döyməklə gündə üç misqalını isgəncəbi ilə içmək
(yemək), təzə süd, xiyar, balqabaq, kasnı və quşüzümü suyunu iskəncəbi ilə qatıb
içmək, turş nar şirəsi, çobanyastığı şərbəti, söyüd şirəsi, ayran, limon şərbəti içmək,
habelə xörəkdə zəfəran işlətmək, zirinc həbi qəbul etmək sınanmış müalicə vasitələri
hesab olunurdu.
Xalq arasında qaraciyər, öd kisəsi və öd yollarının kəskin soyuqlaması,
maddələr mübadiləsinin pozulması və s. nəticəsində əmələ gələn xəstəliklərin birini də
sarılıq adlandırırlar. Bu zaman üzün rəngi avazıyır, gözün ağına sarılıq çökür. Sarılıq
xəstəliyinin ilk təsvirini məşhur təbib və ensiklopedik alim Əbu Əli ibn Sina
vermişdir[59]. Qədim tarixə malik olan və keçici xarakter daşıyan sarılıq xəstəliyinin
müalicəsində ulularımız magik səciyyəli üsullardan (xəstəyə qəfildən sillə vurmaq,
xəstənin başını söhbətlə qatıb qəfildən yumurta ilə alnına zərbə endirərək
diksindirmək və s.) istifadə etməklə yanaşı, təbii vasitələrlə müalicəyə də böyük
üstünlük vermişlər. Belə müalicə vasitələrindən biri xəstəyə 20 gün ərzində acqarına
zirinc suyu, turş nar şirəsi, süd, badam yağı, mərəçüyüdün qaynanmış suyu,
bağayarpağı və turş alma suyu içirdilməsidir. Bəzən xəstələrə pəhriz məqsədilə sərçə
əti və yumurtası məsləhət görülürdü. Əgər xəstəlik ciyər yolları və damarlarının
tutulması ilə kəskinləşərdisə, xəstəni qusdurar, vanna qəbul etdirər və bədənini
çobanyastığı, süsən, şüyüd və ya bənövşo yağı ilə yağlayardılar. Sarılıq gözlərə sirayət
etdikdə isə körpə balqabağı odda bişirərək suyuna bir miqdar un qatır, bu məlhəmi
gözə çəkirdilər. Bəzən bu məqsədlə keşniş suyu da işlədilirdi.
Xalq təcrübəsinə görə, dalaq sancmaları və böyüməsinin qarşısını almaq üçün
balqabaq yarpağını və məcnun söyüdün yarpağını əzərək iskəncəbi ilə içmək, acı
badam yemək faydalı hesab olunurdu. Sınanmış müalicə vasitələrindən biri də əvəlik,
nanə, yarpız və kəklikotu yarpaqlarını xırda-xırda doğrayaraq "balva" adlanan xörək
hazırlayıb günaşırı yeməkdir. Bu, dalaq şişinin müalicəsində daha faydalıdır. Dalağın
müalicəsi üçün müxtəlif tərkibli təpitmələrin (yulğun çöpü və ya turp toxumunun sirkə
ilə qatışığı, xardalın əncirlə qatışığı, quzuqulağı kökü, turp qabığı, acı paxla və
yarpızın sirkə ilə qatışığı və s.) də effektli müalicə vasitəsi olduğu xalq təbibləri
tərəfindən dəfələrlə sınaqdan çıxarılmışdır. M.Y.Şirvani dalağın müalicəsində ağ
soğanın yağını dalağa sürtmək; sarımsağı sirkə ilə qarışdırıb, qaynadıb sonra bir parça
çörək üzərinə qoyaraq dalağa bağlamaq; dalaq nahiyəsinə tülkü dalağı bağlamaq kimi
tədbirlərin də böyük fayda verdiyini qeyd edirdi. O, həmçinin dovşan bağırsağını
bişirib yeməyi; əməköməci kökünü əzib balla qarışdıraraq səhərlər acqarına yeməyi;
böyürtkən gülünü əzib qaynadaraq üç səhər acqarına içməyi də dalağın müalicəsində
məsləhət görürdü[60].
Azərbaycanın təbabət biliciləri böyrək xəstəlikləri və sidik yollarının
müalicəsində itburnu meyvəsi, andız, gülxətmi kökü, qarğıdalı saçağı, kəklikotu,
çobanyastığı və yemişan çiçəyi dəmləmələrinin; ayran, balqabaq suyu, portağal, üzüm
və yerkökü şirəsi, xiyar və qarpız suyu, iskəncəbi, limon şərbəti, yemiş tumunun
şirəsi, alma, heyva, nar şərablarının da faydalılığını dəfələrlə təcrübədən keçirmişlər.
303
Bu vasitələr böyrək iltihabını sağaldır, yaranı ləğv edir, böyrəyi daşdan və qumdan
təmizləyir, hərarəti aşağı salır, sidik yollarını açırdı. Maraqlıdır ki, hələ XII əsrdə
K.Ömər Osman oğlu böyrək xəstəliklərini bişirilmiş balqabaq və yerkökünün balla,
yaxud üzüm şirəsi ilə qatışığından hazırlanan yeməklə müalicə etməyi məsləhət
görürdü. XVIII əsr müəllifi M.Y.Şirvani isə qadın südü ilə bal qarışığının, sığır
qanının böyrəkdə və sidik yolundakı daşların əridilməsində əhəmiyyətini qeyd
edirdi[61].
Azərbaycanın kənd əhalisi arasında tez-tez göz xəstəliklərinə də təsadüf
edilirdi. Göz ağrısı, göz şişi, göz qapaqlarının iltihabı, mirvari suyu, itdirsəyi bu
qəbildən idi. Loğmanlarımız müxtəlif səbəblərdən törəyən belə xəstəliklərin
müalicəsində empirik qaydalara əsaslanan üsullar və vərdişlər əldə etmişdilər. Bu
müalicə üsulları göz xəstəliklərinin xarakterindən asılı olaraq tətbiq edilirdi. Belə ki,
göz qapaqlarının iltihabında körpələrin göz qapaqlarını ana südü ilə silir, yaşlıların
gözlərinə isə tünd çayla yuduqdan sonra çay dəminin cecəsini tənziflə bağlayırdılar.
Göz ağrısı, göz qızartısı, göz iltihabı və şişlərinin müalicəsində gülab, yumurta ağı,
sürmə, tutiya, heyva şirəsi, badam içi, şibyə, kələm, zəncəfil yağı, sumağın gülabda
qaynadılmış damcıları, əzvay, zəfəran, bal və s. faydalı vasitələr hesab olunurdu.
Bunlar həm yeyilir, həm də məlhəm kimi gözə çəkilirdi. Ulularımızın təcrübəsinə
görə, göz ağrısı, göz qişasında qırmızılıq, qansızma olanda ona ilk uşağı qız olan
gəlinin südündən sağıb tökəndə daha tez sağalardı.
Gözün mirvari suyuna qarşı köhnə zeytun yağını gözə sürtmək, gün altında bir
neçə müddət saxlanan və qatılaşdırılan sumaq kütləsini gözə sürtmək, saqqız ağacının
külünü gözə çəkmək, qabıqsız yumurtanın üstündəki bərk pərdəni ayırıb tünd sirkədə
qaynadaraq gözə çəkmək və s. də təsirli müalicə üsulları hesab olunurdu.
Göz xəstəliklərindən biri də itdirsəyidir. Xalq inamına görə, itdirsəyi çıxan yerə
bir tikə çörək sürtüb itə atanda yara tez sağalırdı. Bəzən qulaq çirkini itdirsəyinin
üstünə çəkib, xalq arasında deyildiyi kimi, "onu murdarlamaqla" da yaranı
sağaldırdılar. Ən təsirli müalicə vasitələrindən biri də işlənmiş paltar sabununu süddə
qaynadaraq alınan qatışığı ilə yaranın üstünə çəkmək idi. Bu məlhəm itdirsəyini bir
sutka ərzində yetişdirib deşirdi. Bu məqsədlə bağayarpağından da istifadə edilirdi.
Xalq təbabətinə məlum olan xəstəliklərin müəyyən qismini də əsəb-sinir
pozuntuları nəticəsində əmələ gələn ruhi xəstəliklər təşkil edirdi. Azərbaycanda belə
xəstələrə seyrək təsadüf olunsa da, xəstəliyin əlamətləri ilə bağlı olaraq onlara xalq
tərəfindən müxtəlif adlar verilirdi: dəli, divanə, məcnun, vurğun, azğın, vasvası,
qızğın, səfil, səmə, ipləmə, şundul, sarsaq, gic, gicbəsər, əbləh, axmaq, dıydıq, seyrək,
kəmağıl, yüngül, yelbeyin, başıxarab, başıboş, quduz və s. Xalq təbabəti bu cür
xəstəliklərin müalicəsində xoş rəftarı, açıq havada gəzintini, səfərlərə çıxmağı,
əyləncəli oyunları, ruhu oxşayan musiqini dinləməyi əsas müalicə vasitələri hesab
edirdi. Bununla yanaşı, Nizaminin əsərlərində belə xəstəliklərin müalicəsi kimi
kamforanın, xam zəncəfilin, zəfəranın şəfaverici xüsusiyyətlərindən bəhs olunur.
"Tibbnamə"nin müəllifi divanəliyin müalicəsində xəstəyə ayı qanının içirdilməsini,
304
iki-üç baş və yaxud, bir baş qızıl sarımsağın yedirdilməsini, qabığını dəxi tüstü edib
verilməsini, ud əs-səlib (dərman pionu-buynuzbaşı) bitkisini möhkəm əzib tüstüsünün
verilməsini ziyadə faydalı hesab edirdi. Bu cəhətdən başa qabaq (boranı) və badam
yağını sürtməyi də şəfaverici vasitə kimi dəyərləndirirdi[62].
Ulularımızın təbabət təcrübəsində dəri xəstəlikləri - çiban, dolama, irinli
yaralar, şişlər, ziyil, dəri yanıqları, qoturluq, dəmrov və s. də düşərli dava-dərmanlarla
müalicə olunurdu.
Çiban və dolama kimi xəstəliklərin müalicəsində bağayarpağından, odda
azacıq bişirilmiş soğandan, suda pörtlədilmiş kələmdən və araba yağından geniş
istifadə olunurdu. Onları yaraya bağlayır və ya sürtür, bir müddətdən sonra yara
deşilir, iltihab aradan götürülürdü. Bəzən dəridə qorxulu çibanlar da əmələ gəlirdi.
Onlar uzun müddət "göz vermir", deşilmir və yüksək hərarətlə müşayiət olunurdu.
Belə çibana xalq arasında "kor çiban" deyilirdi. Yuxarıda göstərilən müalicə vasitələri
ilə yanaşı, belə çibanların üzərinə həm də duz və ya şəkər tozu qatılmış xəmir qoyub
bağlayırdılar. Bu qəbildən olan xəstəliklərin müalicəsində təbabət biliciləri vələs
ağacının qurudulmuş qabıq və yarpaqlarından hazırlanan tozun kərə yağında
məlhəmindən, eləcə də ətirnaz, Avropa gərməşovu və xəşənbülün kök, qabıq, gövdə
və budaqlarından hazırlanan dəmləmə, məlhəm və mazlardan da istifadə edirdilər.
Dolama isə adətən loğman tərəfindən kəsilir, kökü çıxarılır, yaranın yeri turşu
(rub və ya lavaşana) ilə yuyulub bağlanırdı. El arasında bu qəbil xəstəliyin soğan,
bağayarpağı məlhəmi qoymaqla, eləcə də dolamalı barmağı camışın burnuna
soxmaqla müalicə edilməsi də məlum idi.
Dəri xəstəliklərinin müalicəsində şəfaverici vasitə kimi yumurta sarısından
alınan yağdan da istifadə edilirdi. Bədən xaricində (dəridə) olan şişləri sağaltmaq üçün
sürtgəcdən keçirilmiş ağ turpun balla qatışığından 5-6 gün yaraya məlhəm qoymaq;
üzərliyin yarpaqlarını isladıb bir neçə gün şiş üzərinə qoymaq; buğda ununun balla
təpitməsindən istifadə etmək; şüşə tozu ilə unun qatışığından alınan horranı şiş üzərinə
yaxıb bağlamaq və s. kimi müalicə üsulları faydalı hesab olunurdu.
Əhali arasında geniş yayılmış dəri xəstəliklərindən biri də ziyil idi. Adətən
görünən yerlərdə - əldə, üzdə əmələ gələn ziyilin qopub düşməsi üçün onu at tükü və
ya keçi qəzili ilə möhkəm bağlayıb qurudur, yerini isə yetişməmiş əncirdən çıxan
südlə, əhəngi sirkə ilə qatıb yandırmaqla dağlayırdılar. Bəzən ziyilin üstünə sarımsaq
bağlamaqla, soğanın ortasını oyub oraya duz dolduraraq əmələ gələn suyu bir neçə
dəfə ziyilin üstünə sürtməklə də müalicə üsullarından istifadə edilirdi. Yazılı
mənbələrdə ziyilin müalicəsi üçün sərçə nəcisinin tüpürcəklə qatışığının, itüzümünün
bir neçə dənəsinin suyunun ziyilin üstünə sürtülməsi, eləcə də bir neçə əzilmiş
badımcanın ziyil üstünə sürtülməsi və çəyirtkə ayaqlarının qoparılıb ziyilə sürtülməsi
də məlum idi[63].
Xalq inamına görə, göydə ulduzları saymağa cəhd edən şəxs günah işlədər və
onun əlinə ziyil düşərdi. Təzə ay çıxanda əlinə ziyil düşən şəxs ziyili süpürgə ilə
süpürər və bu zaman deyərdi:
305
Təzə ay, səni xoş gördük!
Ziyil, yerini boş gördük![64]
Azərbaycan kəndlərində tez-tez müxtəlif səciyyəli əl, ayaq və bədən
yanıqlarına təsadüf edilirdi ki, belə dəri yanıqlarının sağaldılması üçün də xalq
müdriklərimiz layiqli müalicə vasitələri sınaqdan çıxarmışlar. Hər şeydən əvvəl, dəri
yanıqlarının sağaldılması üçün balıq yağından, mürəkkəb damcılarından, çiy kartofdan
geniş istifadə edilirdi. Yanığa sidik sürtülməsi, soyuq palçıq çəkilməsi, suluqları duzlu
su kompresi ilə aradan götürmək üsulları da məlum idi.
Xalq təbabətində yanıq yaralarını tez sağaltmaq üçün yemişin içini yanıq
üzərinə qoymaq, ilbizin qabığını toz halına salaraq gündə iki dəfə bir neçə gün yaraya
səpmək sınanmış vasitələrdən idi. Yanıq yaraları irinli olduqda isə, dazıotunu əzərək
məlhəm hazırlayır, onu gündə bir dəfə olmaqla 5-6 gün yaraya bağlayırdılar. Bu
məlhəm yaranın qurumasına və göz bağlamasına kömək edirdi.
Təzə yaraların (döyüşdə qılınc yarası, məişət zəminində baş verən hadisələrdə
bıçaq yarası, eləcə də təsərrüfat işlərində ehtiyatsızlıq ucbatından əmələ gələn yaralar -
kərənti, oraq və çin yarası) qanını dərhal kəsmək üçün təbabət biliciləri parçanı
yandıraraq külünü yaraya basırdılar. Bəzən bu məqsədlə Azərbaycan florasında geniş
yayılan quşəppəyi, üzərlik, boymadərən, yarpız, ispanaq, gicitkən, su bibəri, qızılcıq,
dovşandodaq, dərman sincanotu, başınağacı, ətirşah, xaşxaş və s. kimi bitkilərdən də
yeri gəldikcə istifadə edilirdi.
Xalq arasında yayılan xəstəliklərdən biri də xiyarək idi. Bu xəstəlik insanın bud
nahiyəsində xiyarvari şiş şəklində əmələ gəlir, çox ağrılı olurdu. Onu adətən xəstəni
dağlamaqla müalicə edirdilər. Belə ki, yaxşıca qızdırılmış taxta qaşığı xəstənin xəbəri
olmadan şişin üstünə basır və bu yolla xəstəliyi "qorxudub qaytarırdılar". Bəzən də
göy xiyarı uzunsov yarı bölərək şişin üstünə bağlayırdılar.
Azərbaycan kəndlərində geniş yayılan dəri xəstəliklərinin bir qismini də
qoturluq təşkil edirdi. Kəskin və şiddətli bədən qaşınmaları ilə müşayiət olunan bu
xəstəliyin müalicəsi üçün xalq bilicilərimiz xalis balı şüyüdlə qaynadıb suyunu həftə
yarım ərzində xəstə nahiyəyə çəkməyi; tənbəki suyu, günəbaxan və ya zeytun yağı
məlhəmini qaşınan yerlərə sürtməyi; ardıc ağacının qozalarını əzərək suyundan hər
həftə bədənə çəkməyi; üzərliyin kökündən alınan suyu arpa unu ilə qataraq məlhəm
hazırlayıb yaraya bağlamağı şəfalı müalicə vasitələri kimi sınaqdan çıxarmışlar.
Dəri xəstəliklərindən olan dəmrovun Azərbaycanda quru və sulu dəmrov
olmaqla iki növü geniş yayılmışdı. "Tibbnamə"də bunlar "ağ bəhaq" və "qara bəhaq"
kimi xatırladılır. Bu xəstəliklər də kəskin qaşınmalarla müşayiət olunur, az vaxtda
bütün bədənə yayılırdı. Dəmrovun müalicəsində empirik üsullardan ən qədimi
qaynanmış heyvan sidiyi olmuşdur. Onu qaşınan yerə sürtməklə xəstəliyi müalicə
edərdilər. Bəzən kal əncirin südündən də müalicə məqsədilə istifadə edilirdi. Sulu
dəmrov xəstəliyində gərməşov və qaratikanı yandırmaqla yağ əldə edir, həmin yağa
qazan qarası əlavə edərək məlhəm hazırlayır, gündə bir dəfə olmaqla, bir həftə
dəmrovun üstünə çəkirdilər. Q.Cavadov yazır ki, xalq təbabətində dəmrov xəstəliyinin
306
digər müalicəsi - üzərlik bitkisini əzib adi yağa qarışdırmaqla alınan məhlulun dərinin
xəstə hissələrinə çəkilməsi sayılmışdır. Loğmanların dediyinə görə, dəmrov olan yeri
adi paltar sabunu ilə yuyub qurudar, ora həmin məhluldan sürtərdilər. Maz gündə iki
dəfə çəkilərdi. Maz sürtülərkən ilk dəfə 10, daha sonra isə 7 gün bədənə, xüsusilə də
dəmrov olan hissəyə su vurulmaması məsləhət görülərdi. Bu bədəndə quru dəmrovun
müalicəsi üçün ən münasib üsullardan sayılırdı[65].
"Tibbnamə" əsərinin müəllifi dəmrovun müalicəsinə xüsusi fəsil həsr etmiş və
bu gün də öz həyati əhəmiyyətini itirməyən maraqlı əlac növlərini məsləhət
görmüşdür: "Əgər söyüd ağacını yandırıb və sonra külünü bir az sirkə ilə qarışdırıb
insanın üzündə peyda olan dəmrova sürtsələr, dəf edər; ayın ilk çərşənbə gününü
gözləyib işəyələr və sidiyi götürüb dəmrova sürtələr və (o) ardına baxmayıb gedər,
olduqca xeyirlidir; bu xəstəlik üçün bir hənanı öz sidiyi ilə qarışdırıb dəmrov üzərinə
sürtsələr, xilas olarlar; bir az kükürdü elə o qədəri sirkə ilə qarışdırıb, bir az günlüyü
(buxurkolunun qatranı-ladən - F. V.) dəxi əzib və bir az sirkə ilə qarışdırıb dəmrova
sürtsələr, xilas olarlar; limonu dəxi dəmrova bir neçə dəfə sürtsələr, xilas bular,
olduqca xeyirlidir"[66].
Azərbaycanda, xüsusilə uşaqlar arasında geniş yayılan dəri xəstəlikləri qızılca,
su çiçəyi, məxmərək və s. adlarla tanınır, müalicə olunmadıqda çox təhlükəli fəsadlar
verir, hətta ölümlə nəticələnirdi. Qızılcanın müalicəsində ulularımız at, ulaq və dəvə
südündən istifadə edir, pəhriz məqsədilə ət xörəklərinə qadağa qoyur, şirin şeylər,
xüsusilə tut bəkməzi yeməyi məsləhət görürdülər. Yoluxmanın qarşısını almaq üçün
belə xəstələri ayrıca otaqda saxlayır, əyninə qırmızı paltar geyindirir, başına isə
qırmızı yaylıq bağlayırdılar. Magik səciyyəli bu tədbir qızılcanı "qorxudub
qaytarmaq" məqsədilə həyata keçirilirdi. Xalq inamına görə, qızılcaya tutulmuş
xəstəni içərisinə qızıl üzük salınmış ilıq suda çimizdirəndə tez sağalırdı. Bəza xəstələri
gicitkən, çağan, acı biyan və s. bitkilərin suyunda da çimizdirirdilər.
Allergik səciyyəli məxmərək xəstəliyinin (el arasında buna bəzən
"qurdeşənəyi" də deyirdilər) müalicəsi üçün ulularımız yeni doğulan at balasının
üstündəki pərdəni ("qulun pərdəsi") yığaraq qurudur, lazım gələndə xəstəni onun
suyunda çimizdirirdilər. Müalicə məqsədilə heyva ağacının dibindəki torpağın insan
sidiyi ilə qarışığından alman məhlulu bədənə çəkməklə də məxmərəkdən xilas olmaq
mümkün idi.
Çiçək xəstəliyi bu xəstəliklər içərisində ən qorxulusu olub, nəticə etibarilə
korluğa, çopurluğa və hətta ölümə gətirib çıxarırdı. El təbibləri arasında bu xəstəliyin
sadə müalicə üsulları məlum olsa da, dünya xalqlarının praktikasında vaksinlə
peyvənd ən münasib müalicə üsulu hesab edilmişdir[67].
Bütün bunlar bir fakt olaraq təsdiq edir ki, Azərbaycanın təbabət biliciləri dəri
xəstəliklərinin müalicəsində də geniş empirik biliklər sisteminə yiyələnmiş, dəfələrlə
sınaqdan çıxarılan dərman vasitələri və müalicə üsullarının köməyilə hətta ağır
yanıqları və təhlükəli dəri xəstəliklərini müvəffəqiyyətlə müalicə etmişlər. Bu fikirləri
Azərbaycan kəndlərində uzun əsrlər boyu tüğyan etmiş qızdırma, taun, yatalaq, qara
307
yara (Sibir xorası), vəba, vərəm və s. epidemiya səciyyəli xəstəliklər haqqında da
söyləmək mümkündür. Bir sıra sosial-iqtisadi problemlərin həll olunmaması
ucbatından əhalinin sanitar-gigiyena durumunun aşağı səviyyədə olması belə
xəstəliklərin yayılmasına güclü təkan versə də, xalq təbibləri imkanları daxilində
onlarla mübarizə aparmış, çoxlu dava-dərman vasitələri və üsulları kəşf etmiş, xalqın
harayına çatmışlar.
Azərbaycan kəndlərində uzun əsrlər boyu əhalini narahat edən xəstəliklərin
böyük bir qismini də oynaq, bel və boyun fəqərələrini əhatə edən revmatik səciyyəli
xəstəliklər təşkil etmişdir. Xalq arasında bu xəstəliklər "duzlaşma" və "yel
xəstəlikləri" adı ilə məlum idi. Yel xəstəlikləri adi və qızıl yel olmaqla iki formada
təzahür edirdi. Xəstələrdə hərəkət məhdudlaşır, oynaqlarda qırmızı ləkələr peyda olur,
güclü sızıltılarla müşayiət olunan kəskin ağrılar ilin rütubətli fəsillərində (payızda və
qışda) daha da şiddətlənirdi. Belə xəstələrdə bir növ, havanın dəyişəcəyini əvvəlcədən
hiss etmək "qabiliyyəti" formalaşırdı. Əsasən rütubətli iqlim
şəraiti və irsiyyətlə
əlaqədar törəyən belə xəstəliklərin müalicəsinin özünəməxsus üsulları və vasitələri
məlum idi. Hər şeydən əvvəl, yel xəstəliyinə tutulan şəxslərin
yenicə soyulmuş keçi,
qoyun və ya mal dərisinə bükərək tərlətmək ənənəvi müalicə üsulu idi. Müalicənin
effektliliyini artırmaq üçün bəzən dəriyə təbii bal sürtürdülər. Yataq vəziyyətində bir
neçə saat dəridə qalan xəstə güclü tərləməklə xəstəlikdən xilas olurdu.
Ənənəvi xalq təbabətində yel xəstəliklərini müalicə etmək üçün təbii neft və
(mazut) qaynaqlarına da müraciət edilirdi. Gəncəbasarda Eldar kəndlərinin əhalisi
burada təbii şəkildə yerdən çıxan mazut gölünün suyunu ("qır suyu") yığaraq iri
çəlləklərdə qızdırır, onun içərisində oturmaqla yel xəstəliyini müalicə edirlilər. Bəzən
mazutu bədənə sürtərək 5-6 saat günəş vannası qəbul etmək də faydalı təsir göstərirdi.
Yel xəstəliyinin müalicəsində kəklikotu vannası qəbul etmək də sınanmış
üsullardan hesab olunurdu. Bunun üçün yarım kiloqrama qədər kəklikotunu çit
torbaya doldurub suda 15-20 dəqiqəyədək qaynadır, sonra onu ilıq su doldurulmuş
dərin vannaya tökməklə içərisinə uzanırlar. Təxminən yarım saatdan sonra vannadan
çıxıb yataqda özünü tərlədirlər.
Yel və oynaq ağrılarının müalicəsində kəklikotu, minaçiçəyi, məryəmnoxudu
çiçəyi, cəfəri, yemlik kökü, tərxun, qızılgül, kərəviz, itburnu, narınc ağacının
yarpaqlarının sulu dəmləmələrini qəbul etmək, müxtəlif məlhəmlər hazırlamaq və
ağrıyan yerlərə bağlamaq geniş tətbiq olunurdu. Bal, dəvəqanqalı, kərəviz salatı,
qoyunqulağı, dəvə əti, armud, alma, yemiş yeməyin, yerkökü, üzüm və quşüzümü
şirələri içməyin də xəstəliyə olduqca faydalı təsir göstərdiyini xalq təbibləri dəfələrlə
sınaqdan keçirmişlər. İlan yağı, ayı piyi, porsuq və oxlu kirpi yağı, dəvə güvəcindən
alınan yağ və s. ilə bədənin ağrıyan nahiyələrini bir neçə gün yağlamaq da yel
xəstəliyində müalicə vasitələri kimi istifadə olunurdu. Bəzən yeli olan xəstələr özlərini
bal arısına qəsdən çaldırırdılar. Xalq inamına görə, arı zəhəri yel xəstəliyini müalicə
edirdi.
Qızılyel xəstəliyinin müalicəsi üçün xalq təbiblərimiz boymadərən bitkisini
308
yandırıb külünü 200 qram qoyun quyruğu ilə qataraq məlhəm hazırlayır, günaşırı
xəstənin ağrıyan yerlərinə bağlayırdılar. Bir aya qədər davam edən bu müalicə
qızılyeli yox edirdi. Təbabət təcrübəsində qara toyuğun dərisinin də qızılyelə kömək
etdiyi sınaqdan çıxarılmışdı.
Azərbaycanda təxminən üç min illik tarixi olan qanalma (qanburaxma)
vasitəsilə insan sağlamlığının qorunması xalq təbabətinin məişətimizdə oynadığı rolun
əhəmiyyətini bir daha təsdiq edir. Xalq inamına görə, bir il ərzində insanın qanı
korlanır. Buna görə də ildə bir dəfə qanalma üsulu ilə insan qanını təmizləmək
vacibdir. Azərbaycanda və İranda uzun əsrlər boyu tətbiq edilən, antik dünya
dövlətlərinin təbibləri tərəfindən qəbul olunan, bir sözlə, Şərq ölkələrindən Avropaya
yayılan ənənəvi qanalmanın xalq arasında neştərləmə və həcəmətqoyma olmaqla iki
üsulu mövcud olmuşdur. Dünya təbabətində "Koss məktəbi" kimi məlum olan qədim
səhiyyə ocağında məşhur təbib Hippokrat da olmaqla qanburaxma üsulundan geniş
istifadə edilmiş, Fransa kralı XIII Lüdovik il ərzində bədənindən 47 dəfə qan aldırmış,
italyan rəssamı Rafael, fransız filosofu Dekart, alman şairi Gete də bu müalicə
üsullarına müraciət etmişlər. Bütün bunlar göstərir ki, əsası Şərq təbabəti ilə bağlı olan
qanalma üsulu faktik olaraq Qərbdə də geniş yayılmışdır[68].
Adətən neştərləmə üsulu ilə qan aldıqda bədənin müvafiq yerindən neştər
vurulur, korlanmış, artıq qan oradan axıdılırdı. Həcəmətqoyma üsulunda isə neştərlə
çərtilən yerlərə küpə qoyulur, qara qan küpə vasitəsilə sorulub çıxarılırdı. Xalq
arasında geniş yayılmış bir deyimə görə, "toy çırtıq, qan artıqlığı ilə çərtik gətirərdi".
Qəbul edilmiş ümumi qaydaya görə pirani, ixtiyar kişilərdən və uşaqlardan qan
almazdılar. 14 yaşından yuxarı yeniyetmələrdən qan yazqabağı alınardı. Yaz vaxtı
səhərlər, qışda isə axşamlar qan almaq yaxşı nəticə verərdi. İnsan orqanizmində baş
verən xəstəliklərə uyğun olaraq əldən, barmaqdan, qulaq içindəki damardan,
kürəkdən, said damardan, vidici damarından, baş damarından (qifal), qulaq arxasında
olan damardan (xülqülüzn), bədən damarlarından (başlıq və əkvəl), iki dodağın orta
yerindəki iki damardan (əraq-əs-şəfteyn) qan alınması məqsədəuyğun hesab
edilirdi[69]. Bədəndən bu cür qanalmalar nəticəsində qan şiddəti azalır, qan dövranı
tənzimlənir, xəstəliyə tutulma ehtimalları aradan qalxır, insan sağlamlığı bərpa
olunurdu. Hələ XII əsrdə qanalmanın zəruriliyinə işarə edən dahi şairimiz Nizami
yazırdı:
Sən qanın qüvvəsini bir azca azaltmaq üçün
Dəmir tək olsan da, dəmirlə yaralanmalısan[70].
Bitki, heyvan və mineral mənşəli müalicə vasitələri ilə yanaşı, xalq təbibləri,
müasir terminlə ifadə etsək, fizioterapevtik müalicə üsullarından da geniş istifadə
edirdilər. Buraya müalicə suları, müalicə palçığı, müalicə nefti, günəş vannası, masaj
etmə və s. üsullarla müalicələr daxil idi.
Azərbaycanın zəngin təbiəti, axar-baxarı burada min dərdin dərmanı olan
müalicəvi su çeşmələrinin, şəfalı qaynamaların mövcudluğunu şərtləndirirdi.
Azərbaycanın müxtəlif bölgələrində mövcud olan İstisu, Turşsu, Yelsu, Qotursu,
309
Bədo, Qalaaltı suyu, Dalaqsu, Xaltan istisuyu, Cimi, Xaşı, Xanəgah isti müalicə suları,
Naxçıvanda Badamlı, Sirab, Vayxır və s. kimi şəfaverici qaynaqlar, Lənkəran və
Masallıda Haftəni, Havzavu və Donuzütən kimi isti və kükürdlü sular, Abşeronda
Suraxanı, Diridağın müalicəvi suları əsrlər boyu xalqımızın müalicəsində təbii
vasitələr kimi istifadə olunmuş, hətta şöhrəti uzaq-uzaq ellərə də yayılmışdır. Haftoni,
Havzavu və Suraxanı isti sularından vanna qəbulu üsulu ilə istifadə etməklə yanaşı,
kükürdlü palçıqlarından bədənə sürtməklə məlhəm kimi də faydalanırdılar.
Azərbaycan ərazisində mindən çox termal və soyuq sulu mineral bulaqlar
vardır ki, onların da 200-dən çoxundan hazırda da müalicə məqsədləri üçün istifadə
olunur. M.Vəlili (Baharlı) 1921-ci ildə nəşr etdirdiyi əsərində Azərbaycanın mədən
suları və palçıqları haqqında təbabət doktoru F.L.Fexnerin tərtib etdiyi cədvəli
vermişdir. Həmin cədvəldə mineral sular və palçıqların kimyəvi tərkibi (kömürü-turş,
duzlu, dəmirli, acı, kükürdlü, aqrotermli), adları, yerləşdikləri məkan, hətta texniki
durumu (isti, ilıq, qaynar, buxarlanan) göstərilmişdir[71]. Bütün bunlar sübut edir ki,
xalqımız ənənəvi təbabətdə mineral sulara və palçıqlara da böyük diqqət vermiş, həm
daxilə qəbul etməklə, həm də isti yay günlərində müalicə vannaları və mazlar şəklində
yetərincə faydalanmışlar.
Azərbaycanda təbii şəkildə mövcud olan müalicə vasitələri sırasında neft
xüsusi yer tutmuşdur. Quba bölgəsindəki "Təngə nefti", Şirvanda "Ağdaş nefti",
Gəncəbasarda "Naftalan nefti" və palçığı, eləcə də Abşeron nefti uzun əsrlər boyu
oynaq xəstəliklərinin, üşütmənin, qızdırmanın, sümük ağrılarının, yelin, dəri
xəstəliklərinin (qoturluq, keçəllik, dəmrov) müalicəsində təbiblərimiz tərəfindən geniş
istifadə edilmişdir. Məşhur Avropa səyyahı Marko Polo XIII əsrdə yazırdı ki,
Gürcüstan sərhədi yaxınlığında yağla dolu quyu vardır. Bu yağ o qədər çoxdur ki,
yüzlərlə gəmini birdəfəyə yükləmək olar. O, yemək üçün deyildir. Onu dəvələrdə olan
qaşınmaya, qotura qarşı maz (məlhəm) kimi işlədirlər. Bu yağın ardınca uzaq
ölkələrdən gəlirlər. Ölkənin hər yerində isə ondan işıqlandırma (yanacaq) vasitəsi kimi
istifadə edirlər[72]. Naftalan nefti həm ümumi və oturaq vanna kimi qəbul edilir, həm
də palçığı məlhəm kimi bədənə sürtülürdü. Hərəkət-dayaq sisteminin müalicəsində,
ağrıkəsici vasitə kimi, iltihaba qarşı, habelə sinir-əsəb sistemi xəstəliklərinin
müalicəsində də Naftalan neftinin əvəzi yox idi. Qcyd etmək lazımdır ki, uzun illər
əhali tərəfindən müalicə vasitəsi kimi işlədilən Naftalan neftindən yalnız XIX əsrin
sonlarından başlayaraq kütləvi şəkildə məlhəmlər hazırlanmışdır. 1892-ci ildə alman
mütəxəssisi E.İ.Yeger çar hökumətindən patent alaraq "Naftalan" və "Kojelan" adlı
məlhəm hazırlatmışdır. 1912-ci ildə isə alman sahibkarı Kvel "Koramal-Naftalan"
firmasını təşkil etmiş, Naftalan neftindən istifadə edən alman sahibkarları Almaniyada
"Maqdeburq" və "Drezden" səhmdar cəmiyyətləri təsis etmişlər. Beləliklə, zaman
keçdikcə bu neftin müalicə əhəmiyyətindən bütün dünya xalqları da yararlanmağa
başlamışdır. Orta əsrlərdə arabalar və dəvə karvanları vasitəsilə xarici ölkələrə daşınan
müalicə neftindən artıq XX əsrin əvvəllərində məlhəmlər, mazlar şəklində kütləvi
istifadə edilmişdir. Tədqiqatlardan aydın olur ki, Rusiya-Yaponiya (1904-1905-ci
310
illər) və I Dünya müharibəsi illərində (1914-1918-ci illər) yapon və alman əsgərlərinin
səhra çantalarında yaralara sürtmək üçün Naftalan neftindən hazırlanan məlhəm dolu
bankalar olmuşdur[73]. Böyük Vətən müharibəsində də (1941-1945-ci illər) Naftalan
neftindən müalicə məqsədləri üçün geniş istifadə edilmişdir.
Bu tarixi faktlar Naftalan neftinin müalicə əhəmiyyətini bir daha təsdiq edir.
Hazırda Naftalan nefti ilə müalicəyə böyük tələbat olduğunu nəzərə alaraq Naftalan
şəhərinin özündə kurort-müalicə müəssisəsi istifadəyə verilmiş, Bakı və Gəncə
şəhərlərində təbii üsullarla müalicə müəssisələri açılmış, Bakı şəhərində Naftalan Tibb
Mərkəzi fəaliyyətə başlamışdır. Ulularımızın ənənəvi təbabətindən bəhrələnən rəsmi
(elmi) təbabət Naftalan neftinin sirlərinə indi daha çox bələd olmağa başlamışdır.
Bəzən soyuqlamadan, iqlim dəyişməsindən, yol yorğunluğundan və s. asılı
olaraq bədəndə olan əzginliyi, süstlüyü aradan qaldırmaq üçün təbabət biliciləri
kürəyin ovdurulmasına (masaj edilməsinə) böyük üstünlük verirdilər. Xalq arasında
buna "quluncun qırılması" da deyilirdi. Bunun üçün xəstənin kürəyi əridilmiş keçi
piyi, zeytun yağı, sonralar isə kamfora yağı ilə möhkəmcə ovuşdurulur, xəstəyə
tərgətirici yeməklər və dəmləmələr verilirdi. Ovdurulmanın (masajın) sağlamlığa
böyük təsiri haqqında hələ XII əsrdə böyük Nizami "İskəndərnamə" əsərində belə
yazırdı:
Dincəldi istidən, həm də təlaşdan,
Qala qorxusundan, yol əzabından.
Bu qədər sıxıntı, zərbə görmüş tən
Ancaq ovdurulmaqla asayiş tapdı.
Bədən dincəlirkən şah yuxuya daldı[74].
Beləliklə, Azərbaycan xalqının yaratmış olduğu ənənəvi təbabət mədəniyyəti
uzun əsrlərin sınaqlarından çıxaraq zənginləşmiş, empirik biliklər sistemi kimi
formalaşmış və bu günümüzə ulularımız tərəfindən ərməğan kimi çatdırılmışdır. Onu
qorumaq, öyrənmək, xalq içərisində mövcud olan və hələ də ümumun istifadəsinə
verilməyən xalq müalicə üsul və vasitələrini qələmə almaq, təbliğ etmək hər kəsin
vətənpərvərlik borcudur. Xalq təbabəti elə bir zəngin xəzinədir ki, bu gün də öz
əhəmiyyətini itirməmişdir və ondan hamının bəhrələnməyə haqqı vardır.
|