Ağ rəng. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında,
xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir. Hətta
bütün rənglərin ağ rəngdən törəməsi fikri də var və bu səbəbdən o, "ana rəng" adlanır.
Bu doğrudan da belədir. Qırmızı, qara, sarı, yaşıl, mavi rənglərdə olan parça, ip və s.
nəsnələri ağ rəngli etmək mümkün olmadığı halda, ağ rəngli nə varsa boyalar vasitəsi
ilə digər rəngli etməyin heç bir çətinliyi yoxdur.
Ağ rəngin çoxəhatəli olduğunu dedik. Bir çox hallarda ağ sözlərə qoşulmaqla
həm də "böyük" mənasında işlənir. Biz bunu "Kitabi-Dədə Qorqud"da rast gəldiyimiz
"Ağ meydan" birləşməsində də görürük. Məsələyə günümüzün baxımından yanaşsaq,
biz bilirik ki, hər dövlətin mərkəz (paytaxt) və böyük şəhərlərində çoxlu meydanlar
olur. Amma bunlardan biri "Baş meydan" ("baş" sözünün də "böyük" mənası vardır.
Baş nazir, Baş katib, Baş komandan, Baş redaktor, yəni digər nazirlərdən, katiblərdən,
komandirlərdən, redaktorlardan böyük olan) sayılır. Dövlət tədbirləri, səviyyəli
mərasimlər, nümayişlər, yarışlar bu meydanda keçirilir. Əski çağlarda xaqanın, xanın
oturduğu məkan – mərkəz indiki paytaxt şəhərləri böyüklükdə olmasa da, onların da
seçilən meydanı olub və buna "Ağ meydan", yəni "Böyük meydan" deyilib. Elə
"Kitabi-Dədə Qorqud"da da "Ağ meydan"dakı "ağ" böyük mənasındadır.
Ağ rəng həm də qalibiyyət mənasındadır. Yenə elə "Kitabi-Dədə Qorqud"da
belə bir epizod var. Abidənin on birinci boyunda deyilir ki, kafirlər Salur Qazanı
yatmış halda tutub əsir aparırlar. Uruz Oğuz bəyləri ilə birlikdə atasını əsirlikdən
qurtarmağa yollanır. Kafirlər Qazan xanın özünü bu gələnlərə qarşı çıxarırlar. Şərt
kəsirlər ki, gələnləri geri oturtsan, azad olacaqsan. Kimlə vuruşacağını bilməyən
Qazan xan şərtlə razılaşıb meydana çıxır. Boyda deyilir: "Qazan gördü kim, ləşkər
önündə bir ağboz atlı ağ ələmli, bəkdəmir donlu, Oğuzun önüncə gəldi, çadırın
tikdirdi, alay bağladı durdu". Yenə elə buradaca Salur Qazan çərinin - ordunun
önündəki ağ sancaqlının kimliyini soruşur[6].
Biz bilirik ki, ələm (tuğ), sancağın bu gün başa düşülən mənası bayraqdır. Bəs
353
bu bayraq - ələm, sancaq nə üçün ağdır? Bayrağın ağ rəngdə olması bilavasitə onun
elə rənginə görə qalibiyyət (ağ rəngli bayrağın təslimolma anlamı sonrakı zamanların
işidir) rəmzi olmasını simvollaşdırır. Bunun belə olması sarıdan qaynaqlarda da
xəbərlər vardır. Belə ki, Manasın da qalibiyyət bayrağı "Ağ bayraq" adlanırmış[7].
Çingiz xanın da doqquz qotazlı məşhur bayrağı "Böyük ağ bayraq" imiş. Düşmənlər
həmişə öndə gələn bu böyük "ağ bayraq"dan vahiməyə, qorxuya düşdüklərindən
döyüşsüz-filansız təslim olurmuşlar[8]. Sual oluna bilər ki, bu sözügedənlərin digər
rəngli bayraqları olmayıb? Olub. Vaxtilə hər dövlətin, daha qədimlərdə el, tayfa
birləşmələrinin, əsasən, üçrəngli bayrağı var imiş: ağ, qırmızı, qara. Hər bayrağın
rəngi rəmzi səciyyə daşıyıb. Ağ rəngli bayraq - qalibiyyət, qırmızı rəngli bayraq -
tərəflərin bir-birinə müharibə elan etməsi, qara rəngli bayraq - güc, qüdrət demək
imiş. Əgər bir dövlət başqasının sərhədlərində üç bayraq - qırmızı, qara, ağ rəngli
bayraq qaldırmışsa, bu sənə müharibə elan edirəm, səndən qüdrətliyəm, sənə qalib
gələcəyəm mənasında imiş.
Yenə də elə qaynaqlardan öyrənirik ki, Çingiz xan döyüşə "Böyük ağ bayrağı",
"Qırmızı bayrağı" və güc, qüdrət timsalı olan qara rəngli bayrağı ilə yollanırmış[9].
"Kitabi-Dədə Qorqud"da da kafirlər döyüşə qara rəngli bayraqla gəlirlər. Bununla
özlərinin güclü, qüdrətli olduqlarını nümayiş etdirmək istəyirlər. Ağ bayraqlı Oğuzlar
ilk olaraq kafirlərin qara rəngli bayrağını qılınclamaqla, ayaq altına salmaqla onları
əlbəəl təslim olmağa məcbur edirlər.
Ağ rəngin həm də Tanrı rəngi kimi düşünüldüyünü demişdik. Bu üzdən də o,
uğur gətirən rəng bilinmişdir. Əbəs yerə deyil ki, əski çağlarda döyüşə yollanan
sərkərdələr həmişə ağ rəngli at minərmiş və bununla da uğur qazanacaqlarını
düşünərmişlər. Misal üçün, böyük hun hökmdarı Mete düşmən üstünə gedəndə yalnız
və yalnız ağ rəngli at minərmiş. Böyük sərkərdə Gültəkinin döyüşlərdəki qələbələrinin
bir səbəbi də onun həmişə ağ rəngli at minməsi ilə izah edilmişdir. Ağ rəngli atın hətta
padşah seçkisində də uğur gətirdiyi zənn olunub. Yunan tarixçisi Herodotun
rəvayətinə görə, farslardan yeddi zadəgan muğlarla döyüşdə üstünlük qazanır. Və elə
bu yeddi zadəgan da İran taxtına namizəd olur. Dara da bunların arasında imiş. İran
adətincə onlar atlarına minib günəş doğmamış şəhərdən kənara çıxmalı imişlər.
Günəşin ilk şüası görününcə kimin atı kişnəsəymiş, o da padşah seçilməliymiş.
Daranın ağ rəngli atı bu seçkidə ilk kişnədiyindən Dara da İranın şahı olur[10].
Elə düşünülməsin ki, rəng təsəvvürü yaradan "ağ"ın mənfi anlamda olması
ümumiyyətlə məhduddur. Bəlli olduğu üzrə, dövlət quruluşunda bayraq (tuğ, sancaq)
müstəqillik simvolu olaraq həmişə uca tutulmuş, yüksək dəyərləndirilmişdir. Amma
bu da var ki, əski çağlarda türklərdə ölən üçün də bayraq asmaq adəti olub. Və bu
adətdə baxışı çəkən yön də vardır. Belə ki, öz əcəli ilə ölən üçün qara rəngli bayraq
asılır, qara rəngli paltar geyilir. Döyüşdə şəhid olaraq dünyasını dəyişən üçün isə ağ
rəngli bayraq asılır, ağ rəngli paltar geyilir. Hətta döyüşə yollanan türk xaqanları da
ordudakılara örnək olmaq üçün şəhidlik nişanəsi kimi öncədən ağ rəngli paltar
geyərmişlər[11]. Türk mədəniyyətindən bir çox məsələləri mənimsəmiş əski Çin
354
məişətində də bu deyilən cizginin olmasını qaynaqlar xəbər verməkdədir. Çinlilər də
ölənin şərəfinə ağ rənğli bayraq asar, dünyasını dəyişənin yaxınları ağ rəngli paltarlar
geyərmişlər[12]. Məsələ belədir ki, "Son zamanlara qədər Azərbaycanın bir sıra
yerlərində yaslı adamlar ağ paltar geyərmişlər. Misal üçün, Naxçıvanda bu adət var
imiş. Əri ölmüş qadın dörd ay on gün başına ağ tənzif bağlardı. Bu müddətdən sonra
yaxın qohum-əqrəbadakı qadınlar yığışıb onu yasdan çıxararmışlar. Bu yaslı qadının
başına xına qoyar və sonra o, ağ tənzif örpəyi örtməz, ağ rəngli paltar geyməzmiş. Ağ
rəng matəm bəlgəsi olduğu üçün bir sıra rayonlarda yatmış uşağın üstünə ağ
örtməzlər.
Əskidən Qafqazda yaşayan bir sıra türkdilli xalqlarda: qumuqlarda,
qaraçaylılarda indi də ağ matəm, yas rəngi sayılır. Bu xalqların yas adətlərindəki bir
əlamət maraqlıdır: qəbirlərin başdaşılarında kiçik, dərin oyuq oyulur və ora ağ bayraq
sancılır"[13].
İndi də dilimizdə işlənən "ağ yalan", "ağ böhtan", "ağ şər" ifadələrindəki "ağ"
yalanın, böhtanın, şərin şişirtmə dərəcəsi olmaqla mənfi əlamət bildirir. Yaxud, "Üzün
ağ olsun, yaxşı üzümü ağ elədin" deyimindəki "ağ"lar da əslində mənfi anlama gələn
"qara" mənasındadır. Bu, "Üzün qara olsun, üzümü qara elədin" deməkdir. Elə "Üzə
ağ olmaq"dakı "ağ" da söz qaytarmaq, itaətdən çıxmaq, deyiləni qulaq ardına vurmaq
və s. anlama gələn deyimdir.
Göründüyü kimi, ağ rəngin məişətdə həm müsbət, həm də mənfi funksiyası
vardır.
Dostları ilə paylaş: |