Göy (mavi) rəng. Göy rəng çox-çox hallarda nəinki mavi, hətta bəzi hallarda
yaşıl rənglə eyni mənalı, eyni funksiyalı olur. Göylə mavini bir-birindən fərqləndirən
başlıca əlamət göyün tünd, mavinin isə nisbətən açıq olmasıdır. Amma bu o demək
deyil ki, göylə mavi həmişə bir-birinin eyni ola bilir. Misal üçün, yetişməmiş, kal
anlamına gələn göy meyvə - göy alça, göy gavalı, göy alma, göy ərik, yaxud göy
(yaşıl) meşə, göy (yaşıl) ot, göy (yaşıl) çəmən və s. deyilə bildiyi halda, mavi alça,
mavi gavalı, mavi alma, mavi ərik, mavi ot, mavi meşə, mavi çəmən və s. deyilmir.
Eləcə də göy rəng həmişə mavi rəngi əvəz eləyə bilmir. Belə ki, "göy" rəng yox,
substantivləşəndə əlamət olaraq mütləq "mavi" tələb edir. Misal üçün, səma, asiman
adları daşıyan Göy qübbəsinin - göyün rəngini bildirmək üçün "göy Göy" yox, "mavi
Göy" deyilir. Yanacaq olaraq istifadə olunan qaz "göy qaz" yox, "mavi qaz" adlanır və
s.
Bəzən göy və mavi rəng paralel olaraq eyni nəsnənin əlaməti olur: göy dəniz //
mavi dəniz, göy sular // mavi sular. Bəzən də elə olur ki, göy rəng mavi rəngin
vəzifəsində çıxış edir. Saçı yumaq üçün istifadə olunan gilabının bir növü doğrudan-
doğruya mavi (hətta boz) olduğu halda "mavi gilabı" yox, "göy gilabı" adlanır. Yaxud
insana məxsus bəzi əlamətlər "göy"lə ifadə olunduğu vaxt "mavi" heç yada da
düşmür. "Göyöskürək", "içi göynəmək", "üzü göynəmək", "yarası göynəmək",
"göyərə-göyərə ağlamaq", "boğazı göynəmək" və s. misallarda olduğu kimi.
Bir çox xalqlarda göy (mavi) rəng əbədiyyət, əbədilik, sadiqlik rəmzi sayılır
361
[41]. Türk xalqlarında, o sıradan Azərbaycan türklərində göy (mavi) rəng başqa
mənalarla yanaşı, həm də sevincin, şadlığın, xoş xəbərin simvolu bilinir. Bu, bilavasitə
göy rəngin öz adını Tanrı məkanı Göydən alması ilə ilgilidir. Hələ onu demirik ki,
əski mifoloji təsəvvürlərdə Tanrı özü həm də göy rəngli bilinmiş (ayrı-ayrı etnoslarda
Tanrının ağ, hətta sarı rəngli düşünüldüyünü xatırlatmışdıq), başqa sözlə, göy rəng
Tanrı rəngi sayılmışdır. Misal üçün, Altay əfsanələrində Tanrı "göy saqqallı bir
ixtiyar" olaraq tanıdılır. Və yenə də bildirilir ki, "Türklər göyə Göytanrı deyirlər.
Bugünkü türkcəmizdə söylədiyimiz "göy" sözü göyün rəngindən başqa bir şey
deyildir. Göy rəng qutsal göyün olduğu qədər Tanrının da simvolu idi. Bir şeyi göy
rənginə büründürmək və ya göy sözü ilə bərabər söylənən o şeyi qutsal saymaq və ya
Tanrı ilə bağ qurmaq istəyindən irəli gəlmişdir"[42].
İş burasındadır ki, epik ənənədə Tanrı tərəfindən Göydən göndərilənlər də çox
vaxt elə göy rəng əlamətli olaraq təsvir edilir. Misal üçün, "Oğuz kağan" dastanında
bildirilir ki, Oğuz xanın ordusu önündə "göy tüklü, göy yeləkli qurd" gedir. Üstündə
göy rəng - Tanrı rəngi daşıyan bu qurdu Oğuza uğur gətirən olaraq elə Tanrının özü
göydən göndərmişdir. Oğuzun iki xanımından biri Göydən Günəşin şüası ilə yerə
enmişdir. Bu xanımın da gözləri "göydən göy" rəngdədir. Yəni Tanrı Oğuza
göndərdiyi bu qızın da gözlərinə öz rəngindən hopdurmuşdur.
Göy rəngli atla bağlı belə bayatı örnəkləri vardır:
Mən aşiqəm atı var,
Göyün yeddi qatı var,
Öndə gələn oğlanın
Altında göy atı var.
Göy at, yalına qurban,
Tirmə şalına qurban,
Məni yara tez yetir,
Polad nalına qurban.
Göy atı minən oğlan,
Minib tez sürən oğlan,
Qayıdıb elə gəlsən,
Ollam qismətin, oğlan[43].
Göründüyü kimi, burada göy atın "öndə gələn", "yara tez yetirən" olması
söylənilir. Bu məsələ "Çil madyan" nağılında bir az da qabarıqdır. Göy rəngli atın
cıdırda ötülməz olması nağılda belə təsvir olunub: "Biri var idi, biri yox idi. Göyün
altında, yerin üstündə bir şah oğlu var idi. Bu şah oğlunun bir göy atı var idi. Şah oğlu
hər gün göy atını minib meydana çıxarmış. Şəhərin bütün yaxşı atçapanlarını da oraya
yığırlarmış. Şah oğlu atlılarla cıdıra çıxarmış. Cıdırda şah oğlunun göy atı bütün atları
keçərmiş[44].
Atın Tanrıya məxsusluğu, Günəşin şüası ilə yerə endirilməsi haqqında
362
məlumatlar az deyil. Haqqında danışdığımız göy rəngli atdakı "göy"də Tanrı ilə, göy-
səma ilə və onların simvolu sayılan göy-mavi rənglə bağlıdır. Etiqada görə, göy rəngli
at da elə göy-səma atıdır. Bu cəhət özünü bayatılarda da göstərməkdədir:
Göy atım göy üzündə,
Torpağında, düzündə,
Mən yarımı tanıram,
Qoşa xal var üzündə.
Göydən gələn göy atlı,
Qolları quş qanatlı,
Yarıma xəbər apar,
Mən piyada, o atlı[45].
Göy rəngli atın Tanrıya məxsusluğu, kömək edəcəyi kimsəyə Göydən göy
rəngli at göndərib göyə aparması motivi Altay miflərində də vardır[46].
Göy rəngin qəmi, kədəri, ələmi, ölüm-itimi, hüznü, yası, matəmi bildirməsi də
məlumdur. "Kitabi-Dədə Qorqud"a müraciət edək. Burada bir kimsə yaslı olduğunu
bildirmək üçün ev-eşiyini qara rənglə yanaşı, həm də göy rənglə bəzəyir. Özü göy
rəngli don geyinir. Bamsı Beyrək əsirlikdən qurtarıb evlərinə yetişdikdə bulaqdan su
aparan bacısının ağladığını görür. O, bacısının nə üçün ağladığını öyrənmək istədikdə
həm də soruşur: "Qaralı, göylü otağı // Sorar olsam, kölgə kimin?" Bacısı da dərdli-
dərdli: "Qaralı, göylü otağı sorar olsan // Ağam Beyrəyindir //Ağam Beyrək gedəli
köçərim yox"[47]. Düşmənlərə əsir düşmüş Uruz onu xilas etməyə gələn atasına -
Salur Qazana deyir: "Anam mənim üçün göy geyib qara sarınsın // Qalın Oğuz elində
yasımı tutsun"[48].
Arxada göy rəngin yaşıl rəngi də əvəz eləməsini demişdik. Amma bu da var ki,
yaşıl rəngə əski məişətimizdə, eləcə də folklor örnəklərimizdə rast gəlmək çox nadir
hadisə sayılır. Çünki yaşıl rəng islam dininin simvolik atributlarından olduğu üçün
həmin dövr mədəniyyətimizdə özünə yer tapa bilməmişdir. Məsələnin deyilən
istiqaməti, yəni yaşıl rəngin hansı görüşlərlə bağlılığı Tanrı mələklərinin də yaşıl
donlu olması ilə sübuta yetir. Bu yönü Nizami Gəncəvi də nəzərdən qaçırmamışdır. O,
"Yeddi gözəl" əsərində demişdir:
Səmadan atını çaparaq uçan
Bakir mələkləri tut kəməndə sal.
Göyün ulduzları izləyir səni.
Yaşıl geyimlilər gözləyir səni.
Yaxud:
Yaşıl çıraq kimi parlaq göründü,
Sənət mələyi tək yaşıl büründü[49].
Sözsüz ki rənglər haqqında daha geniş danışmaq mümkündür. Amma bu
deyilənlər də rənglərin bütövlükdə mənəviyyat və məişət tariximizi öyrənməkdə
mühüm rolu olduğunu sübut edir.
363
SAYLAR
Adi məişət məsələlərindən başlamış ən yüksək səviyyəli görüş və
danışıqlaradək say-rəqəmsiz ötüşə bilən bir sənəd, bir tədbir təsəvvürə gətirmək
mümkün deyil.
Bu gün insanlar bəşər tarixinin ən qədim çağlarından davam edib gəlməkdə
olan hesab, say əməliyyatının deyiliş və yazılışında, əsasən, iki növündən istifadə
edirlər. Bunlardan birincisi ideoqrafik saylardır: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İlkin olaraq
Hindistanda sıralanmış bu sayların dünyaya yayılışı ərəblər vasitəsi ilə olmuşdur. Bu
səbəbdən də həmin saylar həmişəlik olaraq dünyada "ərəb say sistemi" adıyla
tanınmışdır.
İdeoqrafik sayların sözlə deyilişi iyirmi dörddür: sıfır, bir, iki, üç, dörd, beş,
altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan,
yüz, min, milyon, milyard, trilyon. Bunlardan son üçündən əvvəlki iyirmi bir söz (say)
bilavasitə türk dilləri deyilişlidir.
İkinci qisim saylar bizim zamanımızda daha çox sıra əlamətlərini özlərində
daşıyan rum (Roma) saylarıdır. Xətlərin yardımı ilə yaradılan, adlanan və istənilən
miqdarı bildirməyə qadir olan rum sayları yeddidir: I (1), V (5), X (10), L (50), C
(100), D (500), M (1000).
İndi bütün dünya üçün ümumistifadə xidməti daşıyan bu saylar çox-çox qədim
zamanlarda xüsusi səciyyəli olmuşlar. Mif örnəklərinin, daş kitabələrin, Şərq yazılı
mənbələrinin, qədim yunan tarix, coğrafiyaçılarının verdikləri xəbərlərdən bəlli olur
ki, bir nəsil, bir tayfa, bir el öz iş-gücündə başqalarının sayından istifadə edəndə
bunun əvəzində töycü ödəməliymiş[50].
Buradan da belə qənaət yaranır ki, qədim əyyamlarda boy, qəbilə, tayfa
birləşmələrinin öz məxsusi sayları olub və bunların bəziləri zaman ötdükcə
simvollaşaraq "sevimli", "uğurlu", "müqəddəs" və bəzən də "nəhs" bilinib. Misal
üçün, türk xalqları, əsasən, 9 sayını, Misir və Yunanıstanda yaşayanlar 12 sayını
uğurlu bilmişlər[51]. 3, 7, 40 sayları isə, demək olar ki, dünyanın əksər xalqlarında
seçilən say olaraq tanınmışdır. Əski monqol məişətində 6, 60 sayları qutsal
bilinmişdir.
Biri ikidən, ikini üçdən, üçü dörddən, dördü beşdən və s. seçə bilmək vərdişi
say-rəqəm sisteminin yaranmasına yol açmışdır. İnsanın ilk say, hesab "maşını" elə
onun öz əlləri olmuşdur. O, sağ əlinin şəhadət barmağı ilə sol əlinin çeçələ barmağını
qatlamaqla bir sayını yaratmış və bununla da sadə saydan dünyaya mürəkkəb say
sistemi bəxş etmişdir.
Dostları ilə paylaş: |