Boz rəng. Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-
qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng
anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və
bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik
şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz -
qırqovulun dişisi; boz - dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq - qabayunlu
Azərbaycan qoyun cinsi; bozalaq - gövdəsi yoğun, yarpağı bozumtul alaq otu;
bozarantı - havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) - yağlı
ətdən bişirilmiş sulu qovurma; bozbaş - ət, noxud ilə bişirilən sulu xörək; bozqır -
susuz, otsuz çöl; bozdar - qoyun itinə verilən ad; bozlamac - sacda bişirilən qalın
yayma və s.[26].
Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk
günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay"
adlanır. Ayın bu adda olması da səbəbsiz deyil. Xatırlanan zamanın buludlu, yağışlı,
küləkli, isti, soyuq, günəşli-günəşsiz - bir sözlə, dəyişkən olması ayın belə ad daşıması
ilə nəticələnmişdir. Əbəs yerə deyil ki, insanlar da bu aya münasibətlərini "Boz ay
bozara-bozara keçər" şəklində bildirmişlər. Buradakı özündə bozluq daşıyan "bozara-
bozara"nın da həm müstəqim, həm də məcazi mənası vardır. Yəni rəng bildirmək (boz
paltar, qorxudan, soyuqdan rəngin bozarması) və həm də xasiyyəti, sərtliyi, kobudluğu
bildirmək (boz adam, boz sifət, üstə bozarmaq). "Boz ay bozara-bozara keçər"
deyəndə də, sözsüz ki, daha çox ayın sərtliyi nəzərdə tutulur.
"Kitabi-Dədə Qorqud"dan öyrənirik ki, bir vaxt xanların ağ, qırmızı (qızılı),
qara rəngli otaqları olurmuş və oğlu olanları ağ, qızları olanları qırmızı (qızılı), oğlu-
qızı olmayanları qara rəngli otaqda oturdurmuşlar[27]. Mənbələrdən öyrənirik ki, elə
əski çağlarda xanların "Boz otağı" da var imiş. Onun bu otağı daha çox yas məclisləri
üçün imiş[26]. Deməli, buradakı "boz" tanınma əlaməti kimi otağın, yaxud
ümumilikdə çadırın hansı rəngdə olmasını bildirir.
Arxada boz rəngin həm də "çal", "qır" çalarları olduğunu demişdik. Bu rənglər
özlərini daha çox atlara aid adlarda göstərirlər. Misal üçün, "Kitabi-Dədə Qorqud"da
Boz at, Boz ayğır, Ağboz at adları vardır. Xızırın da atı çox vaxt elə mənbələrdə Boz
at şəklində təqdim olunur. "Qurdoğlu" Azərbaycan əfsanəsinin qəhrəmanı Aldədənin
atının da adı Boz atdır. Qaçaq Nəbinin atı Boz at adıyla məşhurdur. Koroğlunun Qıratı
da əslində elə Boz atdır. Düzdür, Qıratdakı "qır" sözünün mənası ilə bağlı müxtəlif
fikirlər olub. M.H.Təhmasib "qır"ı "qor", yəni "od", "qığılcım" olaraq izah
etmişdir[29]. Sonralar bu fikrə eynilə şərik çıxanlar da olmuşdur[30]. Məsələnin belə
olmamasını sübut edən dəlillər çoxdur. Lüğətlərdə "qır"ın ata aidliyini bildirən
yerlərdə belə yazılıb: çal at, açıq çal at, qırmızı boz at, ala at[31]. Azərbaycan dilində
də "qır"ın mənaları az deyil: kül rənginə çalan ağ, çal, tünd boz rəng və s.[32].
Rəng bildirən "qır" sözündən başqa, ümumiyyətlə, bütövlükdə "Qırat"ın rəngi
ilə bağlı da araşdırmalarda xəbərlər vardır. Bir mənbədə deyilir ki, "Qırat ağ üzərinə
qara xalların yer aldığı rəngdə olan at. Ağla qara və ya daha qatı tükləri bir-birinə
359
qarışmış kimidir. Göy qır, pambıq qır, açıq qır, adi qır, qatı qır, dəmir qır, qızıl qır,
tutqun qır, çilli qır, paxla qır və başqa çeşidləri vardır"[33].
Altay əfsanələrindəki Ağxanın atı bəzən "Ağ qır", bəzən də "Qır bəyaz"
adlanır[34]. Məşhur hun sərkərdəsi Gültəkinin də atlarından biri "Qırat" adlanır.
Gültəkin abidəsinin quzey yazısında deyilir ki, Gültəkin Qıratına minib doqquz əri
mızraqladı[35].
Örnəklərdən biz "qır"ın ağ, çal, ala, ən əsaslısı boz mənalarında açıqlanmasının
şahidi olduq. Çalın və bozun da eyni rəng olduğunu bilirik. Deməli, Koroğlunun
Qıratı da öz üstündə elə əslində ağla açıq boz rəngin qarışığını daşıyıb. Daha dəqiqi
Koroğlunun Qıratı ocaqda yanmış odunun tökülməmiş külü rəngdə, yəni boz rəngdə
olub. Bu rəng adlarını xatırlatdığımız atlara da elə bu cür aiddir.
Dostları ilə paylaş: |