178
ayırır. Bu el havalarının hər biri insanda qəlbə hakim kəsilən əhvali-ruhiyyə yaradır.
Ustad aşıqların qəlbində, düşüncəsində və barmaqlarının sehrində pərvəriş
tapan, sazın sinəsində, tellərində və pərdələrində çağlayan havaların tarixi aşıq
sənətinin tarixi qədər qədimdir. Aşıq havaları sadədən mürəkkəbə, azsaylıdan
çoxsaylıya doğru inkişaf yolu keçmiş, əzəmətli mənəvi abidəyə çevrilmişdir. Aşıq
havalarının bəzilərinin yaranma tarixi, təşəkkül tapma səbəbi, kimə məxsus olması
məsələsi aydınlaşdırılmışdır. Qəlb oxşayan aşıq havalarının sayı çoxdur. Bəziləri bu
havaların üç yüzə qədər olduğu, bəziləri yüzdən çox, bəziləri səksənə çatdığı, bəziləri
isə cəmi yetmiş iki olduğunu qeyd edirlər. Əsas məsələ havaların sayından çox onların
məna və məzmunundadır, xalq tərəfindən qəbul edilməsi və sevilməsindədir.
Dünya dolu sevinc, dünya dolu duyğu, qəm bəxş edən aşıq havalarının adları,
onların mahiyyəti və təsir gücü haqqında da mülahizələr az deyildir. Lakin onların
içərisində aşıq sənətinin incəliklərinin mahir bilicisi və təbliğçisi M.Həkimovun fikri
daha məqbuldur. Alim aşıq havalarının adları, onların təsnifi, təsir gücü və hansı
kökdə köklənməsi və səslənməsini inandırıcı dəlil-sübutlar əsasında şərh edir[117].
Lakin imkanın azlığını nəzərə alaraq, onların yalnız bəzilərinin adlarını xatırlatmaqla
kifayətlənəcəyik: "Qaraçı", "Baş Sarıtel", "Orta Sarıtel", "Narıncı", "Borçalı",
"Başxanımı", "Cəlili", "Qəhrəmanı", "Qəribi", "Qürbəti", "Dilqəmi", "Koroğlu",
"Dübeyti", "Zarıncı", "Kərəmi", "Keşiş oğlu", "Gəraylı", "Göyçə gölü", "Müxəyi",
"Müxəmməs", "Naxçıvani", "Novruzu", "Ovşarı", "Paşa köçgü", "Süsənbəri",
"Sultanı", "Təxmis", "Turacı", "Xançobanı", "Hicrani", "Cuxur oba", "Çoban bayatı",
"Şahsevəni", "Şirvani", "Şəşəngi" və onlarca başqa saz havası aşıqlar tərəfindən ifa
edilməkdədir.
Öz rəngarəngliyi və məzmunu ilə seçilən aşıq havaları çoxəsrlik tariximizə
qəhrəmanlıq, mübarizlik səhifələri yazmış, ayrılıq, hicran, kədər, qubar damcıları
ələyib, sevinc, şadlıq qığılcımları səpmişdir. Bu mənəvi zənginlik insanı qəlbən
düşünməyə, daşınmağa, həyata nikbin baxmağa, paklığa, saflığa sövq edir. Bu
havaların xeylisində kövrəklik, göz yaşları, uğursuz məhəbbət qəhərləri aydın sezilir.
Elə bil bu mahnılar öyüd-nəsihət dərsi keçiblər. Bizim aqil babalar dərd
götürər, qubar çəkər, kədər görər, gəlməz görər, ağlamaz. Ölüm gəlsə, mərd dayanar,
şax durar, şaha baxar, ağlamaz. Analarımız dağlar qədər kövrək olar, oğul deyər,
qardaş deyər, ağlayar, ərim deyib, nərim deyib, yarım deyib, ağlamaz. Yetkəm görər,
ötkəm görər - dağlar kimi dikələr, yetim görər, yesir görər - yumaq kimi bükülər. Qara
geyər, sinə döyər, birçək yolar, ağlayar, qan-yaş tökər, cəfa çəkər, kirpiyi ilə od
götürər, ağlamaz. İnam ilə, ümid ilə gəlin ikən qocalar, dözümlənər, ana kimi ucalar.
Namərd görər, nakəs görər - ölər, ülfət bağlamaz, qövr eləsə yaraları - ağlamaz.
Düşmən görər - mərd dayanar, qarşı durar, köhlən minər, sinəsini qalxan edər,
yaraqlanar, qılınc çəkər, qalib gələr.
Bəzi havalarda sınıq qəlbləri sındırmaq, ağlar gözləri ağlatmaq hökmü var.
Dəhşət törədir, yaralı qəlblərə duz basır, göyüm-göyüm göynədir. Bağrının başına
millər sancılır, oxlar, qılınclar sinəni dəlir, deşir. Ümidsizlik qapını döyür, ölüm
179
hökmü-fərman olur. Nisgil üstə nisgil, kədər üstə kədər calanır. Aşiq-məşuqlar kül
olurlar. Külləri torpaqdan sevgi gülləri bitirir, qara tikan bu gülləri tikanlayır, qanlayır,
qovuşmağa qoymur. Kərəm ahı, Əsli naləsi kimi.
Öz oynaqlığı, şuxluğu və şənliyilə seçilən aşıq havaları daha çoxdur, daha
rəngarəng, daha çeşidlidir. Bu eldə eşidilən, çox sevilən havaları dinlədikcə sevinc
üstə sevinc, şadlıq üstə şadlıq calanır. İnsanı gözəlliyə, aydınlığa, genişliyə səsləyir.
Könüllər avazlanır, arzular pərvazlanır. Sanki sağalmaz yaralara məlhəm olur,
çarəsizlərə çarə tapılır, təbib Tanrı ilə qənşər gəlir. Çeşmə başına tökülən gözəllər
gözəlləmə söyləyir, şərqi oxuyur. Ətrindən tel-tel olur, yellənir, coşqun təblər sellənir,
dilbilməzlər dil açır, dillənir. Bərli-bəzəkli, cığalı-toqqalı, zər-xaralı qızlar, gəlinlər
sazlanır, nazlanır. Çayda, çəməndə, gülüstanda şadlanan, süzən gözəllər kirpik çaxır,
qaş oynadır, qıyqacı baxır, dünyanı yandırır-yaxırlar. Ürəklər titrəyir, kövrəklər
üşüyürlər. Şəhla gözlər, al yanaqlar, bal dodaqlar, süzgün baxışlar, şux
yerişlər, ədalar
can alır. Sevənləri kəməndə salır. Hər gözəlin, hər göyçəyin qəlbində min arzu
qanadlanır, min şirin xəyal yaranır, vüsal soraqlayır. "Dağı duman aldı gəl, gözüm
yolda qaldı gəl, canım sadağalandı gəl, gör halım nə haldı gəl" deyirlər.
Qəhrəmanlıqdan xəbər verən cəngilər dünyaya meydan oxuyur, hücumlu
sədalar altında aləmi titrədir. Cavanşir silaha sarılır, atlanır. Babək qəlbində vətən odu
qalayır, şahin tək şığıyır, alınmaz, yenilməz iradəsində heykəlləşir. Koroğlunun
dəliləri meydan sulayır, döyüşə girir, qılınc-qalxan səsi eli haraylayır. Qoç
Koroğlunun nərəsi düşməni dərdə salır, qəmə qərq edir, məğlubiyyətə uğradır. Çox
vaxt da öyüd-nəsihət verir. "Riyadan, yalandan, böhtandan, şərdən aralan, namərddən,
nakəsdən, çuğuldan sakın" sədalarını xəbərdar edir. İnsanda cəsarət, inam, dönməzlik,
enməzlik qığılcımını parladır. "Şimşək kimi çax, ildırım lərzəsini eşitdir, ulduz kimi
parla, günəş kimi yax" deyir.
Tarixi el havaları zəminində yeni-yeni mahnılar, havalar yaradılmış, sayca
artmış, məzmunca daha da mənalanmışdır.
Bir qayda olaraq aşıqlar toy məclisləri və el şənliklərini tək, bəzən də
balabançının iştirakı ilə aparmışlar. Lakin dastan söyləməkdə, deyişmələrdə qoşa
çalıb-oxumuş, bir-birlərini imtahana çəkmişdilər. XX yüzilliyin əvvəllərindən etibarən
böyük xalq məclislərində, aşıqlar qurultayında el sənətkarları dəstə halında, ansambl
şəklində də şənliklər aparmışlar.