RƏQS
Əcəb, sizmisiniz böylə oynayan,
Yoxsa göy üzündə qartallarmıdır?
Yoxsa ürəyimdə coşan, qaynayan,
Şirin arzularım, xəyallarmıdır?
Mikayıl Müşfiq
Rəqs
sənətimizin
tarixi zərb
musiqi alətlərinin tarixindən xeyli
qədimdir. Hələ insanlar ibtidai icma
quruluşunun ilk mərhələlərində əllərini
bir-birinə vuraraq, ahəngdar səs sədaları
altında rəqs etmişlər. Azərbaycan xalqı
uzun əsrlər boyu rəngarəngliyi və
coşqunluğu ilə insanı valeh edən rəqslər
yaratmışdır.
Xalqımızın
xoreoqrafiyasında müxtəlif xarakterli çox
rəqs olmuşdur. Kişi və qadınların tək,
qoşa, kütləvi rəqslərini, habelə oynaq
mahnı ilə müşayiət olunan rəqsləri
göstərmək
mümkündür[163]. Həmin
rəqslər öz xoreoqrafik mürəkkəbliyi,
hərəkətlərin həmahəngliyi, zərifliyi və
dəqiqliyi, oynaqlığı və şuxluğu ilə
insanlara böyük mənəvi zövq vermişdir.
Bu zəngin mənəvi sərvət sadədən
mürəkkəbə
doğru
inkişaf
edərək
saflaşmış, cilalanmış və büllurlaşmışdır.
İncəsənətimizin ən mühüm və
zərif sahələrindən sayılan rəqslərimiz öz dəri rişələrilə torpağımızda kök atmış, yetkin
və qüdrətli sənət kimi sevilmişdir. Rəqs sənətimizin öz gözəlliyi, öz aləmi var.
Rəqslərimiz ürkək baxışlarla, odlu qəlblərlə, çevik gəzişmələrlə, zərif qollarla, oynaq
hərəkətlərlə daha da mənalanır. S.Vurğun cənglə rəqsi misralara düzür, mənalandırır:
Çal, çal dilə gəlsin simləri,
Uçsun buludlara xəyal şəhpəri,
Çal, gəzsin aləmi qanadlı nəğmən,
Mələklər yığılıb öpsün əlindən.
Çal, rəqsə başlasın bütün kainat,
Şad olsun insanlıq, sevinsin həyat.
Al-əlvan, bər-bəzəkli geyimlər yaytək əyilib düzələn rəqqasələrin şuxluğunu
artırır, boyunbağılar, mirvarilər, daş-qaşlar onları daha da gözəlləşdirir, rəqslərin
207
təsirini gücləndirir.
İbtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə
üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs
edirdilər. Bu cəhətdən Qobustan qaya təsvirləri səciyyəvidir. Buradakı qaya rəsmləri,
zəngin incəsənət irsimizlə yanaşı, musiqi və rəqs mədəniyyətimizin inkişaf tarixini
öyrənmək üçün də böyük əhəmiyyətə malikdir. Təsvirlərdən aydın olur ki, qəbilə
üzvləri ova getməzdən əvvəl ovlamaq istədikləri heyvanların rəsmlərini çəkib, onun
ətrafında dini ayin rəqsləri ifa edərlərmiş. Eyni vəziyyət bir sıra qədim xalqların və
xüsusilə hindlilərin həyatında müşahidə edilmişdir. Qobustanda iri qaya üzərindəki
"Yallı"nın təsviri çox təsirlidir. Deməli, xalqımızın rəqsi kimi indi də qalmaqda olan
"Yallı"nın tarixi çox uzaq əsrlərlə bağlıdır.
Son zamanlarda Ordubad rayonunun Nəsirvazlı kəndindən 7 km şimal-şərqdə,
Gəmiqaya adlı yerdə arxeoloq Vəli Əliyev tərəfindən öyrənilmiş qaya təsvirləri
arasında bir rəsm qiymətlidir. Qayanın mərkəzi hissəsində od və günəş rəmzi sayılan
kiçik dairə, onun ətrafında isə qollarını yuxarı qaldırıb rəqs edən insan rəsmləri
verilmişdir[164].
Midiyalılar arasında "Yallı" rəqsi incəsənətin ayrıca bir sahəsinə çevrilmişdi.
Midiya ərazisində aşkar edilən və azı 4 minillik tarixi olan bir sıra materiallar bu
cəhətdən daha xarakterikdir. Boyalı qablar üzərində kişilərlə yanaşı, qadınların da
rəqs etdikləri tamamilə aydın görünür. Burada tək və kollektiv ifa olunan rəqs
təsvirlərinə təsadüf edilir.
Üç min ildən artıq tarixi olan və Naxçıvan ərazisində aşkara çıxarılan bir
boyalı qabın üzərində iki nəfərin rəqsi incəliklə təsvir edilmişdir.
Ə.Bədəlbəyli "Yallı" oyununa yüksək qiymət verərək yazır: "Burada çox
intişar edən "Yallı" forması bütün bir elin, bir obanın kollektiv surətdə öz sevinc
208
duyğularını, bacarıq və istedadını təmsil edən əzəmətli bir yaradıcılığın parlaq
təzahürüdür".
"Yallı" çeviklik, mətanət və zəhmət tələb edir və xalqımızın ən kütləvi
oyunlarından sayılır.
Mingəçevir ərazisində tapılan və 2 min ildən çox yaşı olan bir neçə möhür və
üzüyün ikisi rəqs tariximizin araşdırılması baxımından maraqlıdır. Yerli ustalar
tərəfindən hazırlanmış dairəvi bir möhürün üzərində başsız insan rəqs etdiyi
vəziyyətdə təsvir olunmuşdur. Üzüyün qaşında isə bir kişinin rəqsi verilmişdir.
Bizim ulu əcdadlarımız albanlara məxsus bir qabın üzərində mürəkkəb
kompozisiyalı rəsm və naxışlar təsvir edilmişdir[165]. Həmin rəsmlərdə rəqqasələr və
çalğıçılar qabarıq cizgilərlə nəzərə çarpdırılır. Eramızın IV-V əsrlərinə aid edilən bu
nadir yadigar həmin dövrdə Azərbaycanda xoreoqrafiya sənətinin geniş yayıldığını
göstərir.
Rəqslər el şənliklərində, toyda-mağarda, xüsusilə, hökmdarların saraylarında,
kübar və varlıların məclislərində daha tez-tez təşkil edilərmiş.
XII
əsrdə yaşayan Mücirəddin Beyləqani qadın rəqslərimizi və
xanəndələrimizi həssaslıqla təsvir edirdi:
Örtüyün götürsün, oynasın şən gözəllər,
Xanəndələr oxusun məhəbbətdən qəzəllər.
Əfzələddin Xaqani yazır:
Ey nazlı gözəl, şur ilə meyxanədə rəqs et!
Məst ol, çal, məclisi-məstanədə rəqs et!
Bir ox yarasından tökülən qan kimi qayna!
Coşqun ürək ol, sineyi-pərvanədə rəqs et![166]
Nizami Gəncəvi gözəllərin zərif və incə rəqs çalarlarının dərin məna
məzmununu belə təsvir edir:
Hər dürdanə gözəl bir dürr deşincə,
Məclis xoş avazla gözəlləşincə,
Rəqs üçün düzəldi bir meydan gözəl,
Ayaq qanad açdı, qoşa gəldi əl.
Şamı başlarına alıb düzdülər,
Şam kimi ayağa durub süzdülər[167].
XVI əsr Təbriz miniatür məktəbinin ustadı, məşhur Azərbaycan rəssamı Sultan
Məhəmmədin əsərlərində musiqi alətlərinin böyük bir qismi əksini tapmışdır. XVI
əsrin birinci yarısına aid olan "Şahzadənin əyləncəsi" adlı miniatürdə rəqs səhnəsi
həssaslıqla işlənmişdir. Orada zurnaçılar və qavallı xanəndə təsvir edilmişdir. Həmin
miniatürdə iki nəfər qadının üz-üzə rəqs etməsi aydın görünür. Rəqqasələrin incə
geyimləri, xüsusilə, döş və baş bəzəkləri onların zərif və lirik oyunlarına daha da
gözəllik verir. Burada qadın qamətinin incəliyi, qadın hərəkətinin səlistliyi, oynaqlığı
bütün varlığı ilə nümayiş etdirilir[168].
XVII əsrin əvvəllərində alman səyyahı Adam Oleari Azərbaycanda olmuş və
209
gördükləri haqqında xeyli maraqlı məlumat vermişdir. Onun rəqs sənətimiz haqqında
söylədiyi mülahizələr qiymətlidir. O bir şənlik məclisini belə təsvir edir: "Ortaya iki
dəst xalı döşənildi. Bunlardan birinin üstündə sazəndələr, digərinin üzərində zər-ziba
geyimli gözəl rəqqasə qızlar əyləşdilər. Onların arasında rəqqasə Dilfərib xanım
nəzəri xüsusilə cəlb edirdi. Şairlərin deyişməsindən sonra zurnaların və dəfin
müşayiəti ilə gözəl qızlar ayağa qalxıb süzməyə başladılar. Onların qollarının və
əllərinin, bədənlərinin titrəməsində dəqiqlik və incəlik vardı... Rəqqasələr bəzən
ulduzlar kimi toplaşır, sonra yenidən bütün otağa səpələnirdilər"[169].
Peterburq Rəssamlıq Akademiyasının prezident müavini Q.Q.Qaqarin XIX
əsrin ortalarında Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Bakı, Gəncə və
Şamaxıda olmuş, bir sira qiymətli tablolar yaratmışdır. Qaqarinin 1840-cı ildə çəkdiyi
və Sankt-Peterburqda Rus muzeyində saxlanılan "Şamaxı rəqqasələri" adlı tablosuna
həyəcansız baxmaq olmur. Maraqlı orasıdır ki, Q.Q.Qaqarin həmin tabloda
oynayanların adlarını da vermişdir: Sona, Hikmət, Rəna, Nisə, Səkinə, Məlakə və
başqaları[170].
1852-ci ildə rus tədqiqatçısı İ.Şopen Azərbaycandan söhbət açarkən yazırdı:
"Azərbaycan qızlarının rəqsləri olduqca işvəli və cazibədardır, zərif geyimləri isə bu
cazibədarlığı daha da artırır. Bu libas boğazdan düymələnən, rəngarəng bəzəklərlə
bəzədilən qırmızı ipək köynəkdən, sinəsi geniş oymalı, beldən düymələnən zərxara
koftadan ibarətdir. Don əvəzinə şalvar, ayaqlarına isə naxışlı yun corablar geyirlər.
Qızlar rəqs etdikcə qara, qıvrım saçları çiyinlərinə tökülür və tunc rəngli bədənlərinin
210
əzaları al qumaş altında titrəyir.
Rəqqasələr adətən qabaq-qabağa oynayırlar. Barmaqlarındakı üsküklərin
nəlbəkiyə dəyməsindən ahəngdar sədalar ucalır. Bu səda gah güclənir, gah həzinləşir,
gah da eşidilməz olur. Bu anda rəqqasələr elə ehmal süzürlər ki, onların tərpənişlərini
sezmək belə olmur. Birdən diksinərək irəli atılır və yenidən xəyal kimi cilvələnirlər.
Onların sinəsi xəfifcə titrəyir, dalğın gözləri alışıb-yanır və bədənləri ehtirasdan
süstləşmiş kimi xumarlanır"[171].
1858-ci ildə fransız səyyahı Moan Mahir Şamaxı rəqqasələrini yüksək
qiymətləndirir, Qafqazda tanınan Nisə adlı rəqqasənin adını xüsusilə qeyd edir[172].
Görkəmli fransız ədibi Aleksandr Düma Qafqaz səyahəti zamanı Azərbaycanı
gəzmiş, onun təbiəti haqqında, əhalisinin məşğuliyyəti, əyləncəsi barədə dəyərli
məlumat vermişdir. O yazır: "Mən Əlcəzairdə, İstanbulda, Tripolidə Şərq rəqslərinə
tamaşa etmişəm.
Şamaxılı Nisənin ifasındakı rəqs bunların hamısından
üstündür"[173]. O, səyahətnaməsinin başqa bir yerində şamaxılı musiqi xadimi
Mahmud Ağanın qonağı olduğunu bildirir: "Biz Mahmud bəygilə gəldik, onun evi
İranın (Azərbaycanın - T.B.) ən gözəl binalarındandır. Mən Dərbənddən Tiflisədək
heç bir yerdə belə bina görməmişdim. Biz Şərq qaydasında səliqə-sahmana salınmış
salona daxil olduq. Buradakı sadə, lakin yaraşıqlı avadanlığı sözlə ifadə etmək
çətindir. Qonaqlar üstünə zərif örtük salınan qızılı rəngli atlas döşəkçələr üzərində
əyləşmişdilər. Bu da otağa ayrı gözəllik verirdi. İri pəncərənin qarşısında üç rəqqasə
və beş çalğıçı oturmuşdu.
Musiqi sədaları yüksəlirdi... Üç dəmir dayanacaq üzərində qurulmuş təbil iri
yumurtanı andırırdı. Bizim fleytaya oxşayan tütəyin, mandalinanı xatırladan tarın və
çonquriyə bənzəyən metal dayaqlı kamançanın şən sədaları bir-birinə qarışdı"[174]
Şamaxıda "cəngi" dəstəsi təşkil edən səkkiz rəqqasə qız - Nisə, Səkinə, İzzət,
Rəna, Məlakə, Qəndi və Badam bir-birlərindən öz gözəlliyi, çevikliyi və oynaqlığı ilə
seçilirdilər. Rəqqasələrin hərəsinin öz yeri, öz ədası, sallanışı, duruşu, baxışı
və oyun
manerası var idi. Lakin onların içərisində Nisədən sonra ən cazibədar "cəngi" gözəli
Sona idi. Sona oyuna başlayanda el-oba tamaşasına durarmış.
Yazıçı Əzizə Cəfərzadə tarixi sənədlərə əsaslanaraq bu rəqqasəni çox incəliklə
təsvir etmişdir: "Sona sağ əlini döşünə qoyub məclisin dörd səmtinə baş əydi. Rəqsə
başladı. Əvvəlcə yançaqlarını oynada-oynada dövrə vurdu. Sonra əllərini gah başı
üzərinə, gah çənəsi altına, gah döşləri üstünə, gah da belinə doğru apararaq süzdü.
Məclisin ortasında durub göbəkatma rəqsinə başladı. Sonanın mütənasib əndamı
rəqsin ahəngilə tərpəndikcə, qolları, ayaqları, gərdəni, çənəsi, bütün qadın vücudunun
gözəlliyi bu rəqsdə iştirak edirdi"[175].
1902-ci ildə Şamaxıda olan şair Borey özünün "Səlimə" poemasında şəhərin
musiqi həyatını belə təsvir edir:
Dəfin, balabanın, zurnanın səsi...
Süzəndə qızların gözəl dəstəsi...
Zərif ədalarla, işvəylə, nazla,
211
Çalıb oxuyurlar min bir avazla.
Ayaqlar toxunur biri-birinə,
Atlas libasların ətəklərinə[176].
Təkcə Şirvanda deyil, Azərbaycanın qalan guşələrində də yüzlərcə, minlərcə
adı-sanı bilinməyən rəqqasələr olmuşdur.
Molla Cümə hələ XIX əsrdə gözəl və zərif qızlarımızın el toylarında necə
məharətlə oynadıqlarını təsvir etmişdir:
Ariflər, bircə baxın,
Görün necə yar oynayır.
Naz edir, süzür gedir.
Sevdiyim aşkar oynayır.
Al yanaq, büllur buxaq,
Ağ sinəsi qar oynayır.
Əl vurun, cərgə durun,
Balaca dilbər oynayır.
Mərdana, bu meydana,
Açıb gəlir qollarını.
Habelə, sığmaz dilə,
Vəsf eyləsə dallarını,
Qaz ayaq, durna sayaq,
Xoş oynayır əllərini,
Yan çəkə, səkə-səkə,
Burub gedir tellərini.
Afərin, səd afərin,
Necə hamvar oynayır.
Azərbaycanda daxili məzmunu, gözəlliyi, incəliyi, şuxluğu, zərifliyi,
oynaqlığı, coşqunluğu və axıcılığı ilə səciyyələnən beş yüzdən çox oyun havası
vardır. "Uzundərə", "Qazağı", "Şalaxo", "Bağdadur", "Qızılgül", "Yallı", "Yüzbir",
"Lalə", "Ceyranı", "Cəngi", "Misri", "Ləzginka", "Qaytağı", "İnnabı", "Məxməri",
"Yaylığım", "Tərəkəmə", "Kürdü", "Vağzalı", "Turacı", "Novruzu", "Şahsevəni",
"Heyvagülü", "Qarabağı", "Qızlar bulağı" və yüzlərcə başqalarının adlarını çəkmək
olar[177]. Bu əvəzsiz xəzinədən və tükənməz mənəvi zənginlikdən xalqımız əsrlər
boyu istifadə etmiş və indi də istifadə etməkdədir.
|