Andlar, dualar. Etnosun maddi və mənəvi mədəniyyətinin hərtərəfli
öyrənilməsində mühüm mahiyyət kəsb edən etnoqrafiyanın etiket sahəsi cəmiyyətdə
əxlaq, davranış, rəftar, vərdiş, hərəkət, həmçinin danışıq-nitq normalarını özündə
ehtiva edir. Qədim inam və etiqadlarla, insanların ilkin təsəvvür və düşüncələri ilə
bağlı yaranan andlar da gündəlik danışıq etiket tipidir. Ünsiyyət vasitəsi olmaqla and
tərəflərin hadisəyə, olmuşa və olmalıya münasibətlərini ifadə edir. Andlar əsasən iki
yolla yaranır. Birincisi, mifoloji təsəvvürün ortaya çıxardığı sakral-müqəddəs
sayılanlara içilən andlar. Əski çağlardan yaranan bu qəbil andlar elə indinin özündə də
məişətdə yaşamaqdadır. İkincisi, müəyyən bir iş, məsələ, əhvalat, hadisə ilə bağlı
yaranan andlardır. Andların hər iki növündə söylənilmiş fikirdəki mahiyyətin yalan
yox, doğru olması andiçmə ilə təsdiqlənir. Bu səbəbdən andiçməyə həmişə ciddi
yanaşılmış, yalandan andiçmənin isə fəlakət törədəcəyinə inanmışlar. Bir vaxt ölüm
cəzası yalnız yalandan andiçməyə görə təyin olunurmuş. Bir qədər yüngülləşdirilmiş
şəkildə olsa da, belə bir yönün davamını andiçmənin yalan, yoxsa doğru olmasını
müəyyənləşdirmək üçün keçirilən "Qurd seyiri" ayinində də görürük. Qaydaya görə,
bir kimsənin andının doğru olub-olmamasını yoxlamaq üçün qurd seyiri (qurdun
topuğunun üst hissəsi seyir adlanır) yandırılır. Qurd seyiri yandırıldıqda yığılırsa,
deməli, sınanılanın da andı yalandır və o da özündən asılı olmayaraq yığılmağa
başlayır. Qurd seyiri qutsal sayılır. Ümumiyyətlə, onun yandırılması uğursuzluğun
başlanğıcı işarəsidir. Buna görə də yalandan and içən qurd seyirinin yandırılmasına
razı olmayıb günahını boynuna alır[11].
İslam dini ənənələrinin Azərbaycana gəlişi ilə bu sayaq andlar öz yerini, əsasən
"Qurani-Kərim"ə verməli olmuşdur. Yəni, "Quran"a and içmək ən ağır, çətin imtahan
sayılmışdır. Bir kimsənin "Quran"a yalandan and içdiyi bilinsə belə, and içdirən and
içənə inanmalı olmuşdur. Çünki Tanrının "Quran"a yalandan and içəni mütləq
cəzalandıracağına şübhə edilməmişdir. Məhz belə bir anda "Kitabi-Dədə Qorqud"da
tuş oluruq. Sözsüz, bu abidə islamiyyət vaxtından çox-çox əvvəllərin yaradıcılıq
örnəyidir. Bəlli olduğu üzrə, "Kitabi-Dədə Qorqud"da çox-çox zamanların izləri
vardır. İslamiyyət də onlardan biri kimi.
Abidədən aydın olur ki, oğuzların yaşadıqları vaxtlarda da anda inam, sözsüz,
çox güclü olmuşdur. İçilmiş andı sındırmaq, ona əməl etməmək bağışlanmazmış.
Oğuzlar hətta ölümü yalandan and içməkdən üstün tutmuşlar. Abidənin sonuncu
boyunda deyilir ki, Bozoklar və Ucoklar eyni zamanda yığılıb gəldikdə Salur Qazan
evini yağmaladarmış. O, bir kərə bu adəti pozur. Bu işi yalnız Bozoklar olanda görür.
Oğuzun Ucoklar tirəsi bundan inciyib müshəfə ("Quran"dan hissə, parça) and içməklə
Salur Qazana düşmən kəsildiklərini bildirirlər. Amma onlar Oğuzun dörd niqablı
igidlərindən biri olan Bamsı Beyrəkdən hüşəndiklərindən Salur Qazanın üstünə
hücum etməkdən çəkinirlər. Odur ki, hiylə işlədib Bamsı Beyrəyi çağırırlar. Müshəfə
and içdirib öz tərəflərinə çəkmək istəyirlər. Əks halda, ölümlə hədələyirlər. Bamsı
Beyrək isə ölümünə razı olur, amma canını qurtarmaq üçün müshəfə yalandan əl basıb
326
and içmir. Salur Qazana dönük çıxmayacağına and içir:
Mən Qazanın nemətini çoq yemişəm,
Bilməzsəm, gözümə dursun!
Qaraqucda Qazılıq atına çoq minmişəm,
Bilməzsəm, mənə tabut olsun!
Yaxşı qaftanlarını çoq geymişəm,
Bilməzsəm, kəfənim olsun!
Ala bargah otağına çoq girmişəm,
Bilməzsəm, mənə zindan olsun!
Mən Qazandan dönməzəm...[12].
Eyni baxımdan "Kitabi-Dədə Qorqud"un on birinci boyunda Salur Qazanın
özünün də and içdiyi maraq doğurur. Kafirlər Salur Qazanı yatmış halda qarmalayıb
əsir aparırlar. Oğuz ərənləri onu qazamatdan qurtarmağa gələndə kafirlər Qazan xana
deyirlər: "And iç kim, bizim elimizə yağılığa gəlməyəsən. Həm bizi öy, Oğuzı
sındırgil, səni qoyu verəlim, var get!"[13]. Salur Qazan yalandan and içə bilməz. Bu,
Oğuzların şərəfinə sığan iş deyil. Nə etməli? Ya Oğuzları sındırmalı, kafirləri öyməli,
ya da ölümünə razılaşmalıdır. O, çıxış yolunu ustalıqla tapır. Dolayısıyla belə and içir:
"Vallah, billah, doğrı yolu görər ikən əyri yoldan gəlməyəyin!"[14]. Kafirlər elə zənn
edirlər ki, bu andla Qazan xan onların tərəfinə keçmişdir. Əslində isə Salur Qazan xan
Oğuzların yolunu "doğru yol" saymış və "bu yoldan dönüb əyri yola" getməyəcəyinə,
kafirlərlə əlbir olmayacağına and içmişdir.
Qədim zamanlardan Azərbaycanda Günəş, Ay, su, od, ocaq müqəddəs
sayılmış, torpağa, çörəyə ehtiram bəslənilmişdir. Bütün bunlar məişətimizdə indi də
yaşamaqda olan "Günəşə and olsun", "Aya and olsun", "Su haqqı", "Torpağa and
olsun", "Ocağa and olsun", "Od haqqı", "And olsun anamın üz qoyduğu torpağa",
"And olsun kəsdiyimiz duz-çörəyə", "İşığa and olsun" və s. kimi andların yaranıb
yayılmasına yol açmışdır.
Canlı danışıqda dini duyğu və ehkamlara, islam müqəddəslərinə,
ziyarətgahlara, pir-ocaqlara aid andlar da az deyil: "Tanrı haqqı", "Allah haqqı", "Bu
üzü qibləyə and olsun", "Qurana and olsun", "Yalan deyirəmsə, Quran qənimim
olsun", "Məscid haqqı", "And olsun getdiyim Kəbəyə", "Kəbə haqqı", "And olsun
Əlinin qılıncına", "Bu Əli yoluna and olsun", "On iki imama and olsun", "And olsun
Həzrət Abbasın qələm olan qollarına", "And olsun Kərbəla müsibətinə", "Peyğəmbər
haqqı", "And olsun qıldığım namaza", "Tutduğum oruca and olsun", "Yaradan haqqı",
"Yaradana and olsun", "And olsun imam Rzanın qəbrinə", "İmam Hüseynə and
olsun", "Yalan deyirəmsə, getdiyim Həcc qənimim olsun" və s.
Ümumi səciyyə daşıyan və geniş yayılmış bu tərz nümunələrlə yanaşı, nisbətən
dar çevrəli, qohumluq, doğmalıq, şəxsi münasibət ifadə edən andlar da məişətdə
mühüm yer tutur: "Atamın canına and olsun", "And olsun anadan əmdiyim südə",
"Başın haqqı", "Canına and olsun", "Qardaşım canı", "Tək balamın canına and olsun",
"Əziz canına and olsun", "Sənin əziz başına and olsun", "Sabaha salamat çıxmayım",
327
"Özüm ölüm", "Sən öləsən", "Cavan canına and olsun", "Atamın goru haqqı", "Qərib
dayımın canı üçün" və s.
Bu andlar həyatda, qarşılıqlı münasibətlərdə tez-tez içilən andlardır. Məişətdə
olduğu kimi, xalq yaradıcılığı örnəklərində də andlar qədərincədir. Burada nəinki
insanlar, hətta sirli-sehrli qüvvələr - divlər, pərilər belə verilmiş vədi, sözü mütləq
yerinə yetirəcəklərini bildirmək üçün analarının südünə, Süleyman peyğəmbərin
üzüyünün qaşına və s. and içirlər.
Xalq yaradıcılığı örnəklərində and yalnız sözlə, həmçinin ayin səviyyəli
hərəkət, işlə, əşya vasitəsi ilə də icra olunur. Bu baxımdan əhd-peyman andı baxışı
çəkir. İki dost həmişəlik sirdaş, qardaş olacaqlarını əhd-peyman andı ilə təsdiqləyir.
Andın əsas əlaməti and içənlərin barmaqlarını çərtib qanlarını bir-birlərinə
qarışdırmalarıdır. "Dostluğun sirri" adlı Azərbaycan nağılının əsas qəhrəmanları
Məmmədlə Məlik çətin bir səfərə yollanmazdan qabaq etibarlı dostluğu, sədaqəti
qanla möhürləyən əhd-peyman andı içirlər. Nağılda deyilir: Onlar əhd-peyman
elədilər ki, möhkəm dost olaq. İkisi də barmaqlarını çərtib qanlarını qatdılar[15].
Qılınc altından keçməklə andiçmə də əski təsəvvürlərlə bağlıdır. "Kitabi-Dədə
Qorqud"un üçüncü boyunda Bamsı Beyrəyin yalandan ölüm xəbərini gətirən Yalançı
oğlu Yalancuq onun nişanlısı Banıçiçəyi almaq istəyir. Toy başlanır. Bu vaxt
əsirlikdən qurtaran Bamsı Beyrək gəlib çıxır. Həqiqət aşkar olur. Günahının
bağışlanması üçün imdad diləyən Yalancuq Bamsı Beyrəyin qılıncının altından
keçməklə bir daha belə iş tutmayacağına and içir[16]. Buradan anlaşılır ki, andın
pozulması qılıncla doğranmaqla nəticələnəcəkdir.
Elə "Koroğlu" dastanında Dəli Həsən də Koroğlunun qılıncının altından
keçməklə ona sadiq olacağına and içir.
Sözsüz, andiçmənin bilavasitə qılıncla bağlı olması səbəbsiz deyil. Əski inama
görə, qılınc Tanrı tərəfindən göydən göndərilib və çox vaxt qılınca elə "Tanrı qılıncı"
deyilmişdir. Bundan savayı, məşhur türk sərkərdəsi Atillanın qılıncı da göydən gəlmiş
qılınc bilinmişdir. Koroğlunun Misri qılıncı da göydən gəlmiş daşdan döyülüb
hazırlanmışdır.
Qılıncdan savayı, digər nəsnələrin də and vasitəsi olması xalq yaradıcılığı
nümunələrində özünə yer tapıb. Misal üçün, "Daşdəmirin nağılı" və "İlyasın
nağılı"nda sirrin saxlanılacağına müxtəlif əşyalar vasitəsi ilə and içilir. Nağılların əsas
qəhrəmanları Daşdəmir də, İlyas da nara iynələr sancır, kağızı qayçı ilə xırda-xırda
doğrayır, Daşdəmir əti tikə-tikə doğrayır, İlyas Quranı öpür. Bununla bədənləri iynə
sancılmış nar kimi oxlansa da, kağız kimi doğransalar da, ət kimi tikə-tikə
parçalansalar da, sirri gizli saxlayıb, heç vaxt, heç kəsə açmayacaqlarına and içirlər.
Dualar insanların təbiət, cəmiyyət hadisələrinə münasibətlərində yaranan inam
və etiqadlarının ifadəsidir. Qarşı tərəflərin bir-birlərinə arzu, istəklərini bildirən dualar
ümumi şəkildə konkret zaman içində olmaması səbəbindən, andlar kimi
etnoqrafiyanın etiket bölməsinə daxil olur. Yəni dualar zaman və məkandan asılı
olmayaraq, birinin başqasına uğur istəyi ilə deyilir, söylənilir. Bu səbəbdən də
328
mərasim, mərasim ayini növü ola bilmir. Bununla belə, bir sıra hallarda dualar
mərasimlər, ayinlər keçirilən vaxtlarda da söylənilir. "Kitabi-Dədə Qorqud"dakı
boyların sonluğunda bildirilir ki, igidlərin uğuru, yaxud kafirlər üzərində çaldıqları
qələbə şərəfinə mərasimlər keçirilir. Bu mərasimlərdə iştirak edən Dədə Qorqud
dualar söyləyir: Yerli qara dağların yığılmasın! Kölgəlicə qaba ağacın kəsilməsin!
Qamin aqan görkli suyun qurumasın! Qanadların ucları qırılmasın! Çaparkən ağ-boz
atın büdrəməsin! Çalışanda qara polat üz qılıncın gödəlməsin! Dürtişərkən ala
göndərin ufanmasın! Ağbirçəkli anan yeri behişt olsun! Ağ saqqallı baban yeri uçmaq
olsun! Haqq çırağın yana dursun! Qadir Tanrı səni namərdə möhtac eyləməsin! Axır-
sonu ari camaldan ayırmasın! "Amin" deyənlər dizar görsün! Ağ alınanda beş kəlmə
dua qıldıq, qəbul olsun! Allah verən umudun üzülməsin! Yığışdırsun-durışdursun
günahınızı adı görkli Məhəmməd Mustafa yüzi suyuna bağışlasın! Oğulla qarındaşdan
ayırmasın!
Məzmun və deyiliş baxımından dualar alqışlara çox yaxındır. Ayrı-ayrılıqda
müstəqil məfhum olan "alqış"la "dua" bəzən paralel şəkildə deyilir. "Kitabi-Dədə
Qorqud"da övladı olmayan Dirsə xana məsləhət görülür ki, acları doyursa, çılpaqları
geyindirsə, borcluları borcdan qurtarsa, Tanrının inayəti ilə övladı olar. Dirsə xan belə
də edir. Eyni zamanda o, böyük bir mərasim düzənləyir. Oğuz bəylərini qonaq çağırır.
Boyda deyilir ki, mərasimdə nə üçün iştirak etdiklərini bilən bəylər "Əl götürdülər,
hacət dilədilər. Bir ağzıdualının alqışıyla Allah-Taala bir əyal verdi: Xatını hamilə
oldu, bir neçə müddətdən sonra bir oğlan doğurdu"[17]. Yaxud alqış-qarğışın dua
funksiyası yerinə yetirməsi dastandakı "Ol zamanda bəglərin, alqışı alqış, qarğışı
qarğış idi. Duaları müstəcab olurdı" qənaəti ilə dəqiq şəkildə ifadə olunmuşdur.
Canlı danışıqda müşahidə olunan duaların böyük bir qismini bilavasitə islam
dini ifadələri təşkil edir: "Allah-Taala səni düşmənə möhtac eləməsin", "Allah-
Taalanın köməyi ilə heç vaxt "nə edim, necə edim?" deməyəsən", "Ey Uca Tanrı,
süfrəmizin bərəkətini bol eylə. Bizi çörəklə imtahana çəkmə", "Ey Qadir Tanrı,
dərgahına əl qaldırıb dua eləyirəm ki, bütün gedənlər sağ-salamat evlərinə dönsün,
mənim də bircə balam onların içində", "Ya on iki imam, düşmənlərimizi zəlili-xar
eylə" və s. Bu sayaq dualardan sonra, adətən "Amin!" deyilir.
Duaların bir qismi də şəxsi münasibətlər nəticəsində yaranır. Görülən xeyirxah
işin müqabilində bir kimsə digərinə "Başıuca olasan", "Bir əkib - beş götürəsən",
"Dost-düşmən yanında üzüağ olasan", "Kölgən üstümüzdən əskik olmasın" və s.
şəkildə dualar söylənilir.
Dostları ilə paylaş: |