RƏNGLƏR VƏ SAYLAR
Dünyada yaşayan xalqlar müxtəlif olduqları kimi, onların baxış və görüşləri,
əhatə olunduqları mühitə münasibətləri, məişət mədəniyyətləri də fərqli-fərqlidir. Bu
deyilən cəhət rənglərə də aiddir. Yəni hətta hamı tərəfindən eyni adda, mahiyyətdə
deyilən, düşünülən bir rəng ayrı-ayrı etnosun etnik mədəniyyətində fərqli assosiasiya
yarada bilir.
Rənglər bəzi hallarda əşya və hadisələrin məzmununu, insanların
xarakterlərini, emosiyalarını müəyyənləşdirən simvola da çevrilir. Misal üçün, bütün
dünyada ağ rəng işıq, uğur, xoşbəxtlik, hətta Tanrı rəngi hesab edildiyi halda, başqa
rənglərə münasibət belə deyil. Belə ki, bir çox xalqlarda sarı rəng - fəallıq, mərhəmət,
şəfqət, qırmızı rəng - toplaşma, cəmləşmə, göy (mavi) rəng - qəzəb, hirs, həyəcan,
etiraz simvolu bilinirsə[1], əksər türk xalqlarında, o sıradan Azərbaycan türklərində
sarı rəng - quraqlığın, qıtlığın, xəbisliyin, paxıllığın, qırmızı rəng dava-dalaşın,
müharibənin, dəliliyin (dilimizdə "Dəli qırmızı sevər" deyimi vardır), yaşıl rəng -
bolluğun, bar-bərəkətin, mavi rəng - sevincin, şadlığın, xoş xəbərin simvolu sayılır.
Mərhələlər boyu irəliləyən bəşəriyyət nəinki kainatı, bu kainatda olan
varlıqları, hadisələri, ümumiyyətlə, bütün mövcudluğu, dünyanı rənglər mühitində
düşünmüşdür. Hətta deyilənə görə, dünya yarandığı zamandan bu vaxtadək dörd dövr
yol keçmişdir: ağ, sarı, qırmızı, qara. Dünyanın yaşadığımız indiki dövrü qara
rənglidir[2].
Dünyada rəng adları çoxdur: ağ, qara, qırmızı, göy, mavi, yaşıl, sarı, qəhvəyi
(xurmayı, darçını), çəhrayı, narıncı, boz (qonur), şabalıdı, sumağı, bənövşəyi, püstəyi,
sürməyi, firuzəyi, innabı və bunların çoxsaylı çalarları. Amma bunlardan ağ, qırmızı,
qaranın yayılma sferası daha genişdir və bunlar kainatın - səmanın, yerüstü, yeraltı
dünyanın quruluş sistemini bildirən kimi düşünülmüşdür.
Rənglər geosimvolikada - istiqamət bildirmədə də mühüm rol oynamışdır.
Misal üçün, istər Mərkəzi Asiya və onlarla qonşuluqda yaşayanların, istərsə də atlı
türk və ümumiyyətlə, türk mədəniyyətindən həvəslə təsirlənənlərin, çox vaxt onlarla
qaynayıb-qarışanların dünya səmtlərini rənglərlə işarələmələri belədir: şimal - qara
rəng, cənub - qırmızı rəng, şərq - mavi rəng, qərb - ağ rəng, mərkəz - sarı rəng[3].
Yenə də qaynaqlarda bildirilir ki, bir vaxt Çin və İranda rənglərin istiqamət bildirməsi
üst-üstə imiş. Bunlarda göy (mavi, yaşıl) qərbin, sarı rəng mərkəzin, qırmızı rəng
cənubun, ağ rəng şərqin, qara rəng şimalın simvolu imiş. Amerika hindularında isə
rənglərə geosimvolik baxış belə olub: şərq - qara, cənub - ağ, qərb sarı (qırmızı), şimal
- göy (yaşıl). Sibir xalqlarından bəziləri, misal üçün, kalmıklar şərqi - ağ (gümüşü),
cənubu - göy, qərbi - qırmızı, şimalı - sarı (qızılı) zənn etmişlər. Asiya köçəri tayfaları
arasında da səmtlərin rənglərlə işarələnməsi geniş yayılmış və onlar, əsasən, belə olub:
qırmızı - cənub, qara - şimal, mavi – şərq, ağ - qərb, sarı - mərkəz. Uyğur yazılı
abidələrində dünyanın dörd səmtinin rəng göstəricisi belədir: şərq - göy (yaşıl -
352
əjdaha), qərb - ağ (pələng), cənub - qırmızı (sağsağan), şimal - qara (ilan)[5].
Geosimvolikada dünyanın yeddi iqlimə bölündüyü və həmin yeddi iqlimin
kosmosun yeddi vasitəsi ilə idarə olunmasının bilavasitə rənglərlə bağlılığı da
söylənilməkdədir. Deyilən məsələ belədir:
I iqlim: Hind diyarı. İdarə edən - Zühəl, rəng qara, VII göydə.
II iqlim: Çin diyarı. İdarə edən - Müştəri, rəng qəhvəyi, VI göydə.
III
iqlim: Türk diyarı. İdarə edən - Mərrix, rəng qırmızı, V göydə.
IV
iqlim: Xorasan diyarı. İdarə edən - Günəş, rəng sarı, IV göydə.
V iqlim: Mavərün-nəhr diyarı (Orta Asiya). İdarə edən - Zöhrə, rəngi yaşıl, III
göydə.
VI iqlim: Rum diyarı (Anadolu). İdarə edən - Ütarid, rəngi mavi, II göydə.
VII iqlim: Bolqar diyarı. İdarə edən - Ay, rəngi ağ, I göydə[5].
Beləliklə, mənzərəni ümumi şəkildə göz önünə gətirsək, əski çağlarda ictimai
mühitin bütövlükdə rənglərlə ifadə olunduğu aydınlaşır.
Dostları ilə paylaş: |