Ala rəng. Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub
canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində
sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud
yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi
xassələr olduğunu bildirir"[25]. Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ
olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə
basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm
işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini
demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz",
"Alaboyun", "Alabaş" (it adı) və s.
Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə,
"ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul
uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala
yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! // Dibin
ala baxar olsam dibsiz ağac!") və s. mənaları da vardır və bunu "Kitabi-Dədə
Qorqud"dan gətirilmiş misallar da təsdiq edir.
|