Sarı rəng. Rənglər ailəsində sarı rəngin də məxsusi yeri vardır. Arxada da
bildirmişdik ki, sarı rəng Azərbaycanda daha çox quraqlığı, qıtlığı, xəbisliyi, bədliyi
bildirdiyi halda, bir sıra digər xalqlarda o, fəallığın, mərhəmət və şəfqətin rəmzi
sayılmışdır. Bəzi türk xalqları öz ünvanlarına da rəng olaraq "sarı" əlavə etmişlər.
Misal üçün, uyğurlar özlərini "sarı uyğur" adlandırmaqla fəxr etmişlər. Göytürklərin
on qəbiləsindən beşi "Sarı Türkeş", digər beşi isə "Qara Türkeş" dövləti yaradır. "Sarı
Türkeşlər" özlərini əsilzadə hesab edirlər[36]. Bu da onunla bağlı imiş ki, onlar sarı
rəngi həm də Tanrı rəngi hesab edirmişlər. Bu inam buryatlarda da olub. Onlar hətta
bütün dünyanı, bu dünyada olan varlıqları sarı rəngdə bilmişlər. Bu üzdən də torpağa
məxsus çoxaltma, artırma amilini qadına da şamil etmiş və qadını - ananı sarı rəng,
kişini - atanı isə gümüşü rəng anlamında düşünmüşlər[37]. Mifə görə, Çingiz xanın
ulu əcdadı - Günəşin sarı rəngli şüasından törənmişdir və elə sarı rəngdən törəndikləri
üçün xaqanlıq da yalnız bu nəslə məxsusdur[38].
Geosimvolikada - istiqamətbildirmədə də sarı rəngə baxış fərqli-fərqlidir. Belə
ki, dünyanın dörd dövründən birinin rəngi hesab olunan sarı rəng çox-çox etnoslarda
mərkəzin rəmzi bilindiyi halda, bəzi etnoslarda başqa-başqa səmtlərin göstəricisi
sayılmışdır. Misal üçün, Amerika hindularında sarı rəng qərbin, hindistanlılarda
cənubun, kalmıklarda şimalın göstəricisi zənn edilmişdir.
İnsana məxsus bir əlamətin nəzərə çarpmasında da sarı rəng iştirak edir. Misal
üçün, bir kimsənin qorxu, üzüntü, sarsıntı keçirməsi onun üzünün sarı rəng
almasından da bilinir. Sarı rəngi ifadə edən "sarılıq xəstəliyi" də vardır.
Dostları ilə paylaş: |