TÜRKĠYƏYƏ GEDĠRƏM
Uzun ayların həyəcan və gərginlik dolu intizarından sonra Türkiyəyə
gedirəm. Dostum Yusif Gədikli dəvət göndərib. Amma hələ Bakıdakı
görüşümüzdə Yusif bəyə demişdim ki, Türkiyəyə bir məqsədlə getmək istəyirəm.
Türkiyəyə getməkdə məqsədim Məmməd Əmin Rəsulzadənin dostları ilə
görüşmək, faktlar, materiallar toplamaqdır.
Batumdakı gömrükxanada bir nəzarətçi erməninin xoşagəlməz rəftarından
dilxor olsam da, Türkiyə torpağına ayaq basan kimi qanqaraldıcı hadisəni
unuduram. Elə ilk qarşılaşdığım adamlardan mehribanlıq görürəm. İlk gözümə
dəyən türk polisidir. Heç yanı tanımadığımdan ona yaxınlaşıram. Salam verirəm.
Mehribanlıqla salamımı alıb soruşur:
— Nerədənsən?
Cavab verirəm ki, Bakıdan.
Gülümsünərək deyir:
— Azəri qardaşımızsan ki!
Sonra əli ilə yuxarı tərəfi göstərib deyir: —Bax, İstanbul o yandadır. Burdan
maşınla gedirsən Hopaya. Hopadan hər gün İstanbula avtobus gedir.
...Taksi sürücülərinə yaxınlaşıram. Danışığımdan azərbaycanlı olduğumu
bilib birisi deyir:
228
— Burdan Hopaya üç dollara aparırlar. Amma Azəri qardaşım olduğuna
görə səndən iki dollar alacağam.
Bir neçə gürcü müştərini də maşına mindirib yola düşürük.
Qaranlıq çoxdan düşüb. Maşın zülməti yara-yara azad türk torpağı ilə gedir.
Bütün günü ora-bura qaçmağıma, iki gündür ki, yol gəlməyimə baxmayaraq özümü
sakit hiss edirəm. Maşındakı maqnitafondan azad türk şərqiləri çalınır.
...Gecəni Hopadakı mehmanxanada qalıb səhəri günü «Ulusoy» şirkətinə
məxsus yüksək xidmətli avtobusla İstanbula gedirəm. Yolun sağ tərəfində Qara
dənizin gözəlliyi görünür. Avtobus Türkiyənin gözəl şəhərləri olan Trabzonun,
Samsonun, Bolunun içindən ötüb keçir. Arada düşüb çay içirik, çörək yeyirik. Və
hər yerdə insanları mehriban, səmimi görürəm.
«Ulusoy» gecənin qaranlığı ilə şütüyüb gedir. «Ulusoy» İstanbula aparır
bizi.
Səhər saat yeddidə İstanbula çatırıq. Bərk yağış yağır. Gözləmə otağına
keçirəm. Gəlməyim haqqında Yusif bəyə bildirməmişəm. Əvvəlcədən kimisə
narahat etməyi xoşlamıram. Hələ tezdir. Gözləyirəm ki, bir az keçsin və saat
səkkizdə Yusif bəyə zəng vurub gəldiyimi bildirim. Erkən zəng edib yuxudan
oyatmaq da istəmirəm.
Saat səkkizdə Yusif bəyə zəng edirəm, sevinir. Deyir ki, gözlə, gəlirəm...
...On-on bir yaşlı bir türk oğlan yanımda əyləşir. Soruşur:
—Abi, müsafirsənmi?
—Müsafirəm, - deyə cavab verirəm.
—Mən şeylərinizi aparmaqda sizə kömək yaparam. Nerədənsiniz?
—Bakıdan.
—Hə, abi, xoş gəlmisiniz. Amma burada hər adama inanmayın. Bura
İstanbuldur, abi, burda yaxşı adamlar da var, pis adamlar da. Sənə yaxşılıq da
edərlər, pislik də....
Balaca türk oğlan həvəslə İstanbulun «sirrini» mənə açıb danışdığı zaman
Yusif bəy içəri girir. Mehribanlıqla qucaqlaşıb görüşürük.
...Yusif bəyin evində də eyni mehribanlığı görürəm. Həyat yoldaşı
səmimiyyətlə qarşılayır məni. Balaca, beş aylıq qızı Bötül qollarını açıb mənə sarı
can atır...
Sabahı günü işə başlayırıq. İlk sorağını aldığımız adam Əlirza Turandır.
Əlirza bəyə zəng edirik. Saat beşdə Milli Kültur Dərnəyində bizi gözləyəcəyini
deyir.
Saat beş tamamda Əlirza bəy gəlib çıxır. Mehribanlıqla görüşür bizimlə.
Əsli naxçıvanlıdır. Müharibədən sonra gəlib Türkiyəyə. Azərbaycandakı vəziyyəti
soruşur, bir az məlumat verib, Məmməd Əmin Rəsulzadə haqqında xatirəsini
danışmağı xahiş edirəm.
Əlirza Turanın xatirəsi:
229
- Emin bəylə 1945-ci ildə Almaniyada tanış oldum. Haqqında çox
eşitmişdim. Amma özünü ilk dəfə 1945-ci ildə gördüm. Hadisə belə oldu.
Stansiyada dayanıb qatar gözləyirdim. Qatar gələndə gördüm ki, bir adam tez
qapını açıb məni səslədi. Baxdım ki, həmyerlim Məhəmməd Kəngərlidir. Dedi ki,
Emin bəy də burda vaqondadır. Gedək tanış ol. Sonra Türkiyəyə gəldik. Ara-sıra
görüşürdük onunla. 1952-ci il idi. Emin bəy gəlmişdi İstanbula. Yanına gedib
görüşdüm. Dedim ki, sabah sizi evimdə plov yeməyə dəvət edirəm. Cavab verdi ki,
yox, mən İstanbul plovu yemirəm. Soruşdum ki, niyə? Dedi:—Bu İstanbul plovu
yeməməyimin maraqlı tarixçəsi var. 1911-ci ildə İrandan təzəcə Türkiyəyə
gəlmişdim. Dostlarımla getdik yeməkxanaya plov yeməyə. Gətirib bizə saqqız
kimi plov verdilər. Biz təəccübləndik. Axı bizim Azərbaycanda plova min bir
ədviyyat vururlar. Ona görə də İstanbul plovundan yeyə bilmədim. Dostlarımdan
biri dedi ki, eybi yox, Emin bəy, allah qoysa Azərbaycan milli hökumətimizi
quranda Osmanlı hökumətinə bir bəyanat verərik ki, İstanbulda belə plov
bişirməsinlər.
Hamımız gülüşdük. O zamandan bəri mənim İstanbul plovu ilə aram
yoxdur.
Emin bəy geniş qəlbli, səmimi bir insan idi.
Növbəti görüşəcəyimiz adam Sami Yavrucuq bəydir. Bu adam haqqında
məlumatı Türk dünyasını Araşdırmalar Vəqfinin sədri Turan Yazqan verib.
Sami bəy müşavir işləyir. Əvvəlcədən zəng etmişik. Saat ikidə İnönü
caddəsində yerləşən iş yerində bizi gözləyəcəyini deyib.
...Səmimiyyətlə, mehribanlıqla görüşür bizimlə. Tez Yusif bəydən
soruşur:—Yusifcan, qardaşımız çörək yeyibmi, ac deyil ki?
...Sonra Sami bəy ötən günlərin xatirələrini danışır:
—Müharibədən sonra Türkiyədə mühacirlərin siyasi bir iş görməyi çətin idi.
Çünki o zaman vəziyyət gərgin idi. Turançılıq qadağan idi. Müəyyən adamlar da
vardı ki, müstəqilliyini itirib Türkiyəyə gələnlərin geniş təbliğat aparmağını
istəmirdi. Ona görə də məcbur olduq ki, mübarizəmizi qol götürüb oynamaqdan
başlayaq. İlk vaxtlar ancaq mədəni tədbirlərlə işimizi məhdudlaşdırırdıq. Bax, bu
sözləri ona görə deyirəm ki, rəhmətlik Emin bəyin necə çətin şəraitdə «Azərbaycan
davası»nı apardığını biləsiniz. Emin bəyi ilk dəfə 1949-cu ildə Azərbaycan Kültur
Dərnəyinin konqresində gördüm. Elə ilk görüşümüzdən də məndə xoş təəssürat
oyatdı. Səmimi insan idi. Gözəl natiqliyi vardı. Əgər rəhmətlik bilsəydi ki, bir gün
həmişə həsrətində olduğu Azərbaycandan gəlib onu soraqlayacaq, axtaracaqlar.
Heç bilirsinizmi necə sevinərdi?
Görüşəcəyimiz növbəti adam ginekoloq-həkim İldəniz Qurtulandır. İldəniz
bəy haqqında Yusif bəy dostlarının birindən öyrənib. İldəniz bəyə zəng edirik.
Razılaşırıq ki, istirahət günü onun evində görüşək.
İldəniz bəyin qaldığı yer uzaqdadır. İstanbulda qaldığım bu neçə gündə ilk
dəfədir ki, belə uzaq yol gedirik. «Qazlıçeşmə»də minirik qatara. «Eminönü»
230
limanına gəlirik. Limanda «Kadıgöy» gəmisinə minirik. 10 dəqiqəyə qədər
Mərmərə dənizinin gözəlliyinə baxa-baxa gedirik. Kadıgöydə gəmidən düşüb
avtobusla «Anadolu sitəsi»nə —İldəniz bəyin evinə üz tuturuq.
...İldəniz bəy evdə bizi gözləyir. Stolun üstündə çoxlu sənədlər, materiallar
qoyub. Diqqət edirəm. Məmməd Əmin Rəsulzadənin çıxardığı jurnalların hamısı
burdadır: «Yeni Qafqasiya», «Azəri türk», «Odlu yurd», «Qurtuluş»... İldəniz bəy
deyir ki, bunlar hamısı Mirzə Balanın arxivindəndir. Rəhmətliklə bir yerdə
çalışırdıq. Dünyadan köçəndən sonra arxivini qoruyub saxlamışam. Sonra
Məmməd Əmin Rəsulzadənin dəfn mərasimindəki şəkilləri göstərir. Nədənsə
halım pisləşir. Diqqətlə, diqqətlə baxıram matəm şəkillərinə. İldəniz bəy də, Yusif
bəy də əhvalımın dəyişdiyini hiss edirlər. İçəri ağrılarıma bürünmüş halda astadan
deyirəm: allah rəhmət eləsin.
Sonra
İldəniz bəy Məmməd Əmin Rəsulzadənin «Azərbaycan
cümhuriyyəti»ni yazarkan kağıza yazdığı qeydləri göstərir. Diqqətlə Məmməd
Əmin Rəsulzadənin öz xətti ilə yazdığı qeydlərə baxıram: «Göyçay alayı imiş,
Lənkəran deyil», «6-cı fəsil, 12-ci maddədə dəyişiklik etmək», «1918-ci il
yanvarın 12-də Nuru Paşaya verilən ziyafətin təfsilatını Məmməd Əlidən istəmək!»
Bu onun qeydləridir. İlk dəfədir ki, öz dəst-xəttini görürəm.
Sonra Mirzə Balanın o dövrün materiallarını, jurnal və qəzetlərini neçə
səliqə ilə toplamağına heyrət edirəm. Və düşünürəm ki, bu sənədlərin hamısında
Azərbaycanın nəfəsi var. Mirzə Bala doğma yurdu üçün az yanmayıb ki! Amma
indiyə kimi əsiri olduğumuz qanlı rejim qoyubmu ki, gəlib xalqımızın bu
vətənpərvər oğullarının nakam taleyi ilə maraqlanaq!
Sonra İldəniz bəy Məmməd Əmin Rəsulzadə haqqında xatirələrini danışır:
— Atam Əjdər Babazadə əslən Bakıdan—Çəmbərəkənddəndir. 1920-ci il
hadisələrindən sonra «gizli müsavat»ın üzvü olub. Vəziyyət pisləşdikcə onun da
başı üzərində ölüm təhlükəsi dolaşıb. İş o yerə gəlib çatıb ki, sağ qalmağına
ümidini tamam itirib. Bir təsadüf nəticəsində canını qurtaran atam sonradan həmişə
adının yanında «Qurtulan» yazdırıb.
Emin bəyin adını da ilk dəfə atamdan eşitmişəm. Bax, bu albomumdakı
uşaqlıq şəkillərimə diqqət edin. Burda üç rəngli milli Azərbaycan bayrağımız
görünür. Atam bu bayrağı əziz bir xatirə kimi asar, həmişə də məhəbbətlə Emin
bəydən danışardı. 28 mayı—Azərbaycanın istiqlal gününü atam evimizdə bayram
kimi qeyd edərdi. O zamandan qəlbimdə Emin bəylə tanış olmaq, onunla görüşmək
istəyirdim.
1953-cü ildə İstanbula getdim. Atamın həmyerlisi, yaxın dostu Mirzə Bala
ilə görüşdüm. Nəhayət, Ankaraya getdim. Emin bəylə tanış oldum. Çox səmimi,
xoşxasiyyət, şirin bir adam idi. Hərdən zarafatla deyərdi: «İldəniz xoşbəxt adamdır,
çünki həm tibb universitetində oxuyur, həm də Mirzə Balanın universitetində».
Emin bəydə şəkər xəstəliyi vardı. Yadımdadır ki, ömrünün son illərində
İstanbula gəlmişdi. Xaricə getməliydi. «Şehirparası» mehmanxanasında qalırdı.
231
Əhməd Cəfəroğlu, Mirzə Bala, Ağasibəy və Əlirza Turanla birlikdə getdik yanına.
Səmimi söhbətdən sonra yemək təklif olundu. Emin bəy şikayətləndi ki, şəkərim
var, olsaydı bir turş alma yeyərdim.
Emin bəyin ölümünü bir həftə sonra eşitdim. Mirzə Bala ilə birlikdə
ölümünə acı-acı ağlayırdıq.
Zöhrə Göygöl. Azərbaycan Demokratik hökumətinin Baş naziri Yusif bəy
Nəsibbəylinin qızının Türkiyədə yaşadığını bilirdim. Amma ünvanını əldə
etməmişdim. İstanbulda görüşdüyümüz adamlar da onun harada yaşadığından
xəbərsizdi. Dostum Yusif Gədikli Əli Mərdan bəy Topçubaşovun nəvəsi—Zərifə
xanımın telefonunu öyrənib. Ümid edirik ki, Zərifə xanımdan Məmməd Əmin
Rəsulzadə haqqında bir məlumat öyrənəcəyik. Axşam Zərifə xanıma zəng vururuq.
Sabah saat ikidə evində bizi gözləyəcəyini deyir.
...Zərifə xanım mehribanlıqla bizi içəri dəvət edir. Otaqda yaşlı bir qadın da
var: Zərifə xanım:
—Tanış olun, Zöhrə xanımdır, Yusif bəy Nəsibbəylinin qızıdır.
Təəccübdən donub qalıram. Zöhrə xanımı tapmaq üçün neçə ünvana üz
tutub soraqlamışdıq. İndi qəribə təsadüf bizi görüşdürür.
Zöhrə xanım ötənləri xatırlayır:
—Mən o vaxt uşaq idim. Çox şey yadıma gəlmir. Amma sonradan bildim
ki, atamla Məmməd Əmin Rəsulzadə möhkəm dost olublar. Mən Emin bəyin qızı
Lətifə ilə yaxın olmuşam, demək olar ki, uşaqlığımız bir yerdə keçib. 1920-ci ilin
27 aprel faciəsi də yadımdadır. Atam gecə vaxtı evə gəlib həyəcanla dedi: «Biz
bədbəxt olduq». Ondan sonra atamı görmədim. Sonradan faciəli ölümünü eşitdik.
Bolşeviklər Bakıya girəndə biz gedib Məmməd Əmin Rəsulzadəgildə qaldıq. Hər
gecə yük maşınları ilə gəlib camaatın evindəkiləri soyub, talayıb aparırdılar. O
maşının uğultusu indi də qulağımdadır. O maşının səsi eşidiləndə evdə hamı
həyəcan keçirirdi. Qıztamam adlı xidmətçimiz vardı. Evimizdəki pal-paltarları
satıb bizi birtəhər dolandırırdı. Sonra min bir əziyyətlə Türkiyəyə gəldik.
Emin bəy haqqında isə həmişə eşidirdik. Bilirdik ki, dərgilər çıxarır, böyük
işlər görür».
...Zöhrə xanımla ötən illərdən, Demokratik Respublika dövründə yadımda
qalanlardan çox söhbət etdik. Zərifə xanım isə babası Əli Mərdan bəyin şəkli çap
olunan «Prometey» jurnalını bağışladı bizə. Sonra Zöhrə xanım bizi evinə dəvət
edir. Birlikdə gedirik Zöhrə xanımgilə. Yol boyu ötənlərdən danışırıq. Zöhrə xanım
çox səmimi və mehribandır. Söhbətlərindən bir həqiqəti aşkarlayıram: Bu adamlar
hamısı itirdikləri həqiqətin – Azərbaycanın ağrısını çəkir, onun yenidən azadlığa
çıxacağı həsrəti ilə yaşayırlar.
Ölümə məhkum edilmiĢ adam. O, qəribə tərzdə üzümə baxıb sanki
şübhələnirmiş kimi deyir: İncimə, sənə adımı deməyəcəyəm. Çünki ölümə
məhkum edilmişəm. Əgər hökumətiniz sağ qalıb yaşadığımı bilsə, məni rahat
232
buraxmaz. Qabaqlar qondarma bir adım olub, gətir onu da yaz: Seyid İbrahim Əl
Tahir. Amma Emin bəy haqqında xatirəmi danışacağam sənə.
—Hələ müharibə illərində Almaniyada olanda onun adını eşidirdim.
Müharibədən sonra Stalin bizi aparıb güllələmək istəyirdi ki, niyə əsir düşübsünüz.
O zaman Misir kralı Fərrux gəlmişdi Almaniyaya. Gedib yıxıldım ayaqlarına ki,
məni xilas et, özünlə apar. Kral mənimlə bərabər çoxlu azərbaycanlını apardı
Misirə. Bir müddət qalandan sonra gəldik Türkiyəyə, gəlmişəm, amma ağır
vəziyyətdəyəm, heç nəyim yoxdur. Bir tanışım dedi ki, Məmməd Əmin Rəsulzadə
Ankaradadır, ona məktub yaz, sənə kömək etsin. Ankaraya—onun adına məktub
yazdım. Cavab gəldi ki, gəl Ankaraya, filan mehmanxanaya. Gəldim Ankaraya.
Mehmanxana sahibi məni mehribanlıqla qarşıladı, yer verdi. Az keçməmiş gördüm
mehmanxana sahibi məni çağırır yanına. Otaqdakı hündürboylu adamı göstərib
dedi: Tanış ol, Məmməd Əmin Rəsulzadədir. Tez əlini öpmək istədim, qoymadı.
Sonra dedi ki, iki gündən sonra toplantı olacaq, sən də gələrsən. Çox gözəl insandı.
Xəfif gülməyi vardı. Son görüşümüz 1955-ci ildə oldu. Həsən İsmayıllı ilə birlikdə
getmişdik görüşünə. Ölümünü eşidəndə hamımız ağladıq. Yığışıb getdik qəbri
üstünə.
...«Ölümə məhkum edilmiş», vətənindən didərgin salınmış azərbaycanlı ilə
görüşüb ayrılanda ağrılı-ağrılı göz yaşı içində dedi:
—Yolun bir də buralara düşsə, mənə bir ovuc Azərbaycan torpağı gətir.
Çünki daha qocalmışam, öləndə üstümə atsınlar. Özümdə bir az qalmışdı, onu da
bu yaxınlarda dünyadan köçən dostum Nağı bəyin üstünə atdım.
...Bu nakam taleli həmyerlimdən ürək ağrısı ilə ayrılıram. Bu adamların
günahı nədir axı? Günahları odur ki, əsir Azərbaycanda yaşamağı qəbul etməyib,
gəlib Məmməd Əmin Rəsulzadənin başına yığılıblar. Çünki onun Azərbaycanı
işğaldan xilas edəcəyinə inanırdılar.
Əkbər YüzbaĢıoğlu. Əkbər bəyi bizə tanıdan adamlar deyirdilər: onu
yalnız kazinolarda tapa bilərsiniz. Doğrudan da İstanbulda Bayazid meydanı
tərəfindəki əksər kazinolarda Əkbər bəyi tanıyırdılar. Hansına getdiksə dedilər ki,
burda idi, az əvvəl getdi. Axır ki, Əkbər bəyi tapırıq. Çox sakit görünüşlü adamdır.
Əsli gəncəlidir. Türkiyəyə 1936-cı ildə gəlib.
Məmməd Əmin Rəsulzadə haqqında xatirəsi:
—Emin bəyi hələ 1948-ci ildən tanıyırdım. O zaman Türkiyəyə gələn
mühacir azərbaycanlıları yerləşdirirdik. Bütün işlərə rəhbərliyi o edirdi. Bir
görüşümüz isə lap yaxşı yadımdadır.
1953-cü il idi. Səlim bəy dedi ki, bəs Emin bəy səni görmək istəyir. Saat
üçün yarısında getdik yanına. Əhməd Cəfəroğlu da onunla idi. Emin bəy təklif etdi
ki, gəlin birlikdə gedək «Cümhuriyyət» kazinosuna. Getdik. Oturub söhbət edir,
Azərbaycandan danışırdıq. Söhbət necə oldusa Stalindən düşdü. Emin bəy dedi ki,
qulaq asın, Stalin haqda sizə bir lətifə danışım.
233
—Bir gün Stalinin bir dostu yeddiillik şərab dolu tuluğu eşşəyə yükləyib
gedir Kremlə. Stalinə xəbər çatdırırlar ki, bəs bir dostun sənə şərab gətirib. Həmin
adamı Stalinin yanına aparırlar. Günortaya kimi oturub şərab içirlər. Günorta
zamanı eşşək aşağıda başlayır anqırmağa. Stalinin dostu tez qalxır ayağa ki, bəs
eşşək açıb, gedirəm onun yemini verməyə.
Stalin gülüb deyir:
—Ay sağ olmuş, 180 milyon adam acından ölür, heç mənim vecimə deyil,
sənin bir eşşəyin acıb, narahat olursan.
..Emin bəyin hərdən belə lətifələr danışmağı olurdu. Amma Bakıdakı ailəsi,
uşaqları haqda bir söz soruşanda ağrıdan əsəbiləşib deyirdi: o söhbəti qapayın!
Ölüm xəbərini teleqrafla çatdırdılar bizə. Sabahı günü iyirmiyə qədər adam
yığışıb getdik Ankaraya. Biz yola düşəndə axşamüstü idi. Radio onun ölüm
xəbərini verirdi. Dəfnində çoxlu adam iştirak edirdi. Hamı ağlayırdı, göz yaşı
tökürdü...
İndi Ankaraya gedirəm. İstanbulda işimi tam qurtarmamışam. Amma o
adamlar Yeni ildən sonra gələcəklər İstanbula. Ona görə də vaxtı itirməməkdən
ötrü Ankaraya tələsirəm. Ankara həmişə özünə çəkir məni. Türkiyəyə gəldiyim ilk
gündən ora can atıram. Çünki orda qərib bir məzar var. Çünki orda ömrünü,
gününü xalqının yolunda şam kimi əritmiş bir azadlıq fədaisinin ruhu yaşayır. Elə
əslində onun o qərib məzarını ziyarətə gəlmişəm. Ankaraya tələsirəm. Səbrim
tamam tükənib. Avtobusun nə zaman yola düşəcəyini həyəcanla gözləyirəm.
Nəhayət, avtobus tərpənir.
Səhər erkən Ankaraya çatıram. Seyfəddin Altaylının bələdçiliyi ilə
Azərbaycan Kültur Dərnəyinə gedirəm. İlkin olaraq Məmməd Əmin Rəsulzadənin
yaxın dostu Məhəmməd Kəngərli ilə görüşmək istəyirəm. Zəng edirik. Saat ikidə
görüşməyə razılıq verir.
Məhəmməd Kəngərlinin iş yeri Mənəkşə küçəsindədir. Məhəmməd bəy
haqqında çox eşitmişəm. Deyilənə görə Məmməd Əmin Rəsulzadənin dünyadan
köçdüyü son anlarda yanında olub. Məhəmməd bəydən çox söhbət eşidəcəyimə
ümid edirəm.
...Məhəmməd bəylə mehribanlıqla görüşürük. Məmməd Əmin Rəsulzadənin
güllələnmiş oğlu Rəsulun, Azərin, həyat yoldaşı Ümbül Banu xanımın şəkillərini
ona verirəm. Şəkilləri görəndə çox həyəcanlanır. Xüsusilə həyatdan cavan getmiş
Rəsulun taleyinə acıyır. Şəklinə dönə-dönə, ağrı ilə baxır.
Sonra Məmməd Əmin Rəsulzadə ilə bağlı xatirələrini danışır:
—Emin bəylə 1942-ci ilin martında tanış oldum. O zaman Krımda əsir
düşmüşdüm, gətirmişdilər Berlinə. Emin bəy də orda idi. Emin bəy Azərbaycan
milli mərkəzinin sədri idi. Sonra getdim xidmətə. Amma əlaqəmiz itmirdi.
Məktublaşırdıq. Emin bəy Hitlerin «nasionalist» fikirlərinə qarşı çıxırdı, deyirdi
bizə Azərbaycanın istiqlaliyyəti lazımdır.
234
Emin bəy Rumıniyada olanda da onunla görüşürdük. O Buxarestdə idi, mən
isə Konstantsa şəhərində. Yanına gec gələndə deyərdi: səndən nigaran qalıram,
Məhmətcik. Sonra məni əsir aldılar... 1945-ci ilin iyul ayında Almaniyada Emin
bəylə görüşdük. 1947-ci ilə qədər Emin bəylə birlikdə Almaniyada qaldıq. Emin
bəyin rəhbərliyi ilə «Azərbaycan Demokrat Birliyi»ni yaratdıq. Məqsədimiz əsir
azərbaycanlıları Rusiyaya göndərməyə qoymamaq, onları Stalin gülləsindən xilas
etmək idi. Çünki o zaman Stalin əsirləri aparıb güllələyirdi. Biz isə onları xilas
etməyə çalışırdıq.
Sonra Türkiyəyə gəldik. Emin bəy azərbaycanlıların yerləşdirilməsi ilə
məşğul idi. Biz də onun tapşırığı ilə işləyirdik. 1953-cü ildə Emin bəyin təklifi ilə
«müsavat» partiyası Ankara komitəsinin sədri seçildi. Yenə Emin bəyin təklifi ilə
«Müsavat» partiyası mərkəzi komitəsinin üzvü seçildim.
Emin bəy çox böyük insan idi. Uzun boyu, əsmər saçı, oval üzü vardı.
Sifətindən nur yağırdı. Son dərəcə xoşniyyət adam idi. Kimsəyə pisliyi keçməzdi.
Çalışardı ki, hamıya xeyirxahlığı dəysin. Güləndə alçaqdan, xəfifcəsinə gülərdi.
Emin bəyin bir xasiyyəti də vardı. Bir yerə qonaq çağırılanda hamıdan əvvəl
gələrdi. Deyərdi ki, gec gedəndə oturan adamlar ayağa qalxıb narahat olar.
Diqqətli, çox diqqətli adam idi.
Emin bəyin hərdən xoş zarafatları da olurdu. Bir dəfə doktor Həmid Ataman
onun qulağını müalicə edirmiş. Müalicəni qurtarandan sonra soruşur ki, hə, Emin
bəy, indi necə hiss edirsən özünü? Qulağın sağalıbmı? Emin bəy deyir: — Doktor,
hələlik bir söz deyə bilmərəm. Burdan çıxan kimi gedirəm Kəngərlinin yanına.
Əgər onun dediyini eşidə bilsəm, demək qulağım sağalıb, yox eşidə bilməsəm onda
sağalmayıb. Emin bəy belə deyəndə mənim astadan, pıçıltı ilə danışmağımı
nəzərdə tutubmuş. Çünki qabaqlar çox astadan danışan adam olmuşam.
Emin bəy ölümündən bir həftə əvvəl həyat yoldaşı Leyla xanımla bizə
qonaq gəlmişdi. Ayın altısında isə... Yanında idim. Lap yaxında dayanmışdım. Son
sözü «Azərbaycan» oldu...
..Sabahı günü Məhəmməd bəy və Selcuq bəylə birlikdə Əsri
məzarıstanlığına—onun məzarı üstünə getməyi qərara alırıq. (Məhəmməd
Kəngərlinin Ankarada mənə çox köməyi dəyir. Məmməd Əmin Rəsulzadə
haqqında çoxlu sənədləri, faktları Məhəmməd bəy verir mənə).
..Əsri məzarıstanlığına gedirik. Qəribə həyəcan içindəyəm. O qərib məzarla
görüşümün necə olacağını düşünürəm.
Bu da Ankaranın «Əsri» məzarıstanlığı. İkinci qapını açıb içəri giririk.
Qəmgin və soyuq məzarları görəndə içərimdən qəribə gizilti keçir. Deyirlər
ki, məzarıstanlığın nəfəsi ağır olur. Haqq sözdür. Çünki həmişə məzarıstanlığa
gedəndə
əhvalımın dəyişdiyini, halımın pozulduğunu hiss etmişəm.
Məzarıstanlığın qorxusunu ilk dəfə nənəmdən hələ uşaq olanda eşitmişəm. İndiki
kimi yadımdadır. Əziz gün qabağı evimizdə babamın qəbri üstünə gedəcəkdilər.
Getməyə bir gün qalmış axşamüstü yenə o söhbəti edirdilər. Dedim ki, məni də
235
aparın qəbir üstünə. Etiraz etdilər ki, səni ora aparmaq olmaz. İnadkarlıq edib əl
çəkmədim ki, məni də aparın. Axır razılaşdılar. Rahat olub yerimə girdim. Yatmaq
istəyəndə nənəmin pıçhapıçla dediyi sözü eşitdim. «Uşağı ora aparmaq olmaz.
Qorxar!» Səhər yuxudan ayılanda gördüm ki, mənsiz qəbir üstə gediblər. O
zamandan qəbirdən, məzarıstanlıqdan qorxmaq sözü yaddaşıma köçdü.
...Məzarlara baxa-baxa irəli gedirik. Lap qabaqda onun bu soyuq və qərib
torpağa basdırılmağını gözü ilə görən Məhəmməd Kəngərli gedir. Birdən cığırdan
sola dönüb bir qəbrin yanında dayanır. Odur, onun məzarıdır. Ömrü, günü zillətdə
keçən, bir xoş gün görmədən dünyaya göz yuman, bütün işıqlı həyatı boyunca
«Azərbaycan» deyən adamın qəbridir. Özümü saxlaya bilmirəm, məzara sarı atılıb,
soyuq daşı öpürəm. Gözlərim dolub. İçərim isə hönkürür. Həyəcandan boğulan
kimiyəm. Ürəyimdən qeyri-ixtiyari sözlər axır:
«Allah sənə rəhmət eləsin», qəbrin nurnan dolsun. Məzarın üstə gəlmişəm.
Bilirsənmi niyə gəlmişəm? Gəlmişəm ki, sənə ağrılarımızı, dərdimizi danışım.
Gəlmişəm deyim ki, başımıza hələ də oyunlar açılır. Xalqımızın günahsız
oğullarının qanı axıdılır. Torpaqlarımız alınıb düşmənlərə verilir. Varımız,
dövlətimiz yadların əlindədir. Əzilirik, qul kimi işlədilirik. Haqqımız tapdanır.
Səsimizi eşidən yoxdur. Adamlar torpaqlarından, dədə-baba yurdundan qovulur.
Evlərimizin ocağı söndürülür, yurdlarımız xaraba qalır. Gəlmişəm bu sözləri
deyəm sənə. Deyəm və sonra da məzarın üstündə hönkür-hönkür ağlayam.
Düşdüyümüz bu fəlakətdən bizi qurtarmaq üçün canın fəda etdin. Son nəfəsinə
kimi amansız oldun onlara qarşı. Amma nigaran getdin bizdən. Çünki sən
gedəndə biz manqurt halında ömür sürür, biabırçı, xəcalət təri tökən şüarlarla nəfəs
alırdıq. Adını belə çəkmək qadağan idi yurdumuzda. Nə idi səbəbi? Çünki sən
hürriyyət günəşi idin, azadlıq aşiqi idin. Çünki sənin adının çəkilməyi yatanların
qəflət yuxusundan ayılmağı, qanlı rejim hökmranlarının yuxusuna haram qatılmağı
demək idi. Yox, adını qoymazdılar heç zaman çəkilməyə. Çünki dediyin hər söz
qorxunc istibdada, xalqı əsarətə və işğalda saxlayan quruluşa qarşı çarpılan qılınc
zərbəsi idi. Qoymazdılar, bax elə buna görə qoymazdılar adın çəkilsin...
...Dərdin, qəmin ağırlığı üstümə çökmüş halda məzarın başına dolanıram.
Düşünürəm ki, bu yalnız qərib bir Vətən fədaisinin məzarı deyil, bu dünyada əsarət
və işğal altında inildəyən bütün əsir xalqların alovlanan məşəlidir. O məşəl ki,
onun nurundan əsir xalqlar güc alıb qüvvətlənir, azadlığı və istiqlaliyyəti yolunda
şanlı mübarizəyə qoşulur. Bu məşəlin işığını neçə illərdir ki, qaranlıq buludlarla
örtüb bizdən gizləyirlər. Çünki qorxurlar bu məşəldən. Amma indi o məşəli
Azərbaycanda gizlədə bilməzlər. O məşəlin odu yenidən Vətən torpağına yayılır,
xalqı əsarət zəncirindən qurtarmağa səsləyir. O məşəl alovludur, günəş kimi
zülmətləri əridəndir. Qara qüvvələrin, xalqın qanını soranların qənimidir. Özgə
torpağını işğal edənlər ondan həmişə qorxurlar. O məşəl yanır, o məşəl alovlanır!
Həmişəlik və əbədi!
236
...Məzarına baxıram. Mərmər daşların üstündə bu sözlər yazılıb: «İnsanlara
hürriyyət, millətlərə istiqlal». «Bir dəfə yüksələn bayraq bir daha enməz!» Bu onun
sözləridir. Elə bütün ömrü boyu bu sözlərin yolçusu oldu.
Məzarın yanında xatirə şəkilləri çəkdiririk, sonra vidalaşıb məzardan
ayrılırıq. Bəli, vidalaşırıq, sağ ol, salamat qal deyirik. Onun əməlləri, xalqının
istiqlaliyyəti yolundakı şərəfli işi bu gün bizə gəlib çatıbsa, demək o sağdır və
aramızda yaşayır!
...Qəbristanlıqdan çıxanda qoruqçunu görürəm. Düz qapının yanında
dayanıb. Bizimlə mehribanlıqla görüşür. Qoruqçudan soruşuram ki, siz hər günmü
burda olursunuz? Yaşlı qoruqçu təəccüblənir və qəribə heyrət içində deyir: Bəli, nə
olub ki?
Qoruqçuya baxıram, nədənsə bir söz demək istəyirəm ona. Eləcə demək
istəyirəm ki, o məzardan muğayat ol! Gözlə o qərib məzarı!
Lakin heç nə demirəm. Sağollaşıb ayrılıram. Amma Ankaradan gedən günü
bir dəfə də gələcəm bu məzarıstanlığa.
Dostları ilə paylaş: |