Stalin haqqında xatirələri. 1954-cü il may ayının 21-də İstanbulda
gündəlik çıxan böyük «Dünya» qəzeti Məmməd Əmin Rəsulzadənin Stalin
haqqında xatirələrini çap etdi, Stalin haqqında xatirələri bütün Türkiyənin
marağına səbəb oldu və çoxları kimliyini öyrənmək istəyirdi. XX əsrin ən qəddar
cəlladı bütöv imperiya yaradıb ona otuz bir il başçılıq etmiş diktatoru belə
yaxından tanıyan Məmməd Əmin Rəsulzadə kimdir?
Hələ Stalin haqqında xatirələri çap olunmazdan qabaq «Dünya» qəzeti
1954-cü il 18 may nüsxəsində yazıların çıxacağı anonsunu və Məmməd Əmin
Rəsulzadənin bir fotosunu dərc edərək altda bu sətirləri yazmışdı:
«Rəsulzadə Məmməd Emin bütün həyatı boyunca gərək kültur və sosial
sahələrdə, gərək siyasi sahədə Azərbaycan türklüyünün hür və müstəqil dövlət
yaşayışına hazırlamaq, yetişdirmək və dolğunlaşdırmaq üçün gecəli-gündüzlü
insan taqətinin fövqündə bir qeyrət sərf etmişdir. Rəsulzadə Məmməd Emin
Azərbaycan dövləti fikrinin və istiqlal eşqinin canlı bir timsalı, sönməz bir
məşəlidir.
Azərbaycanın gənc istiqlalçı nəsli Emin Rəsulzadəni 20-ci əsr Azərbaycan
istiqlal savaşının ən canlı simvolu olaraq tanımaqdadır. Onun hər əsərində, hər
şüarında istiqlal yolunun silinməz izləri və aydınladıcı işıqları sezilir».
«Dünya» qəzeti 28-ci nömrəsində (1954-cü il iyunun 20-ə qədər) Məmməd
Əmin Rəsulzadənin yazılarını «Bir türk milliyyətçisinin Stalinlə ihtilal xatirələri»
başlığı ilə çap etmişdi.
200
Həmin o günlərdə bütün Türkiyədə onun xatirələrini oxuyur, Stalinlə bu
qədər yaxın olmuş bir «türk milliyyətçisindən» danışırdılar. O zamana kimi bəlkə
də çoxları Məmməd Əmin Rəsulzadənin «Azərbaycan davası»ndakı mübarizəsinin
kimlərlə toqquşmasını bilmirdilər. Çünki o heç zaman özü haqqında danışmağı
sevməzdi. Bəziləri isə Məmməd Əmin Rəsulzadəni; «iki il milli hökumətə başçılıq
etmiş şəxs» kimi tanıyırdılar. Amma indi çoxları təəccüb içində qalmışdı. Əsrin ən
böyük cəlladı Neronu ilə birgə iş görmüş, yaxınlıq etmiş və Azərbaycanın
müstəqilliyi uğrunda bu qədər iş görmüş şəxsi yaxşı tanımayıblar. Bəli, vardı
belələri. Və indi sərt faktlar qarşısında donub qalmışdılar.
Amma ondan ötrü qopan bu hay-küy adi bir hal idi. Onu Stalinlə yaxın
tanışlığının belə maraqla qarşılanması qəti maraqlandırmırdı. O Stalinlə bağlı
xatirələrini də belə reklam və səs-küy üçün yazmamışdı. Onun öz ağrıları vardı.
Bütün gördüyü işlər, yazdığı adi sözlər belə bu ağrını sağaltmağa xidmət edirdi. Bu
ağrı Azərbaycan ağrısı idi. Onu hər zaman göynədir, içərisini sızladırdı. O əsarətdə
qalan vətənini xilasa çalışır və bütün şüurlu həyatını da bu işə sərf edirdi. Stalin
haqqındakı xatirələri də əslində apardığı «Azərbaycan davası»nın davamı idi. O
xatirələrin çox həqiqətləri üzə çıxaracağını düşünürdü. Bu xatirələrdə məqsəd
Stalinlə necə tanışlığını, görüşüb, söhbətlər etdiyini oxuculara çatdırmaq deyil,
əsasən Azərbaycanın hansı xəyanətkar üsullarla işğalını geniş ictimaiyyətə demək
idi. Çünki Stalin o zaman bolşeviklər hökumətində yüksək səlahiyyətə malik
deyildi, hər iş, hər fitnə və Azərbaycanı işğal planı ondan yox, Lenindən, bir də çar
imperiyasının əvvəlki torpaqlarını yenidən Rusiyaya qaytarmaq istəyən
millətçilərdən başlayırdı. Məmməd Əmin Rəsulzadə bu faktları Stalinin dilindən
oxuculara çatdırır, onları acı həqiqətə inandırır. Azad bir dövlətə bolşeviklərin
qanlı təcavüzündən xəbər verir.
O, Stalin haqqındakı xatirələrini 1953-cü ildə yazmışdı. Lap çoxdan da
yazıb çap etdirə bilərdi. Amma bir şeyi diqqətdən qaçırmamışdı: Stalinin hələ sağ
qaldığını və əlində möhkəm iftira, böhtan yayan təbliğat maşınının olduğunu.
Olsun ki, onun yazdığı xatirələri diktatoru olduğu dövlətin mənafeyi baxımından
Stalin qəbul etməyəcək, hər yana səs-küy yayacaq ki, bunlar düzgün deyil, belə
söhbətlər olmayıb. Onda bu xatirələri təsir gücü, maraq dairəsi azalardı. Geniş
ictimaiyyətdə şübhə yaradardı. Maraqla oxusalar da, həqiqət faktlarına
əhəmiyyətsiz yanaşırdılar.
O Stalinə nifrət edirdi. Onun haqqında danışanda bu münasibətini açıqca
bildirərdi. Stalini «türk xalqlarının cəlladı» adlandırardı. Bir zaman yaxın
olmağına, evlərinin çörəyini yeməyinə, bir neçə dəfə onu ölümdən qurtarmağına
baxmayaraq Stalini sevməzdi. O yaxşı bilirdi ki, dünənki bir quldur hansı yolla
hakimiyyət başına gəlib. Həmin hökumətin də hansı üsulla qurulduğunu bilirdi.
Ümumiyyətlə, bu sistemin bütün daxiliyyatından yaxşı xəbərdar idi. Çünki bir
zaman onun özü də bu sistemi qurmaq istəyən sosialist bolşeviklərlə yaxınlıq
etmişdi. Amma sonradan bunların «diktatorluq və terror»la nəfəs aldığını, bu yolla
201
hakimiyyətə keçmək istədiyini biləndə onlardan uzaqlaşmışdı. Stalin isə Leninin
ideyalarından qanadlanan bu qanlı sistemi möhkəmləndirdi, özünün diktatorluq
aləminə çevirdi. Heç şübhəsiz ki, Stalin onun yanında «işıqlı kommunizmdən»,
yaxud «sosializmin» təntənəsindən danışmazdı. Çünki Məmməd Əmin
Rəsulzadənin bu sözlərə yalnız güləcəyini düşünərdi. O Məmməd Əmin
Rəsulzadənin sosializmin və proletar diktaturasının «mahiyyətini» dərindən dərk
etdiyini bilirdi. Bilirdi ki, Məmməd Əmin Rəsulzadə Lenin və onun bu adlar
altında, hakimiyyət başında qalmaq istəklərini yaxşı anlayır. Yox, Stalin Məmməd
Əmin Rəsulzadəni yaxşı tanıyırdı. Stalinin ona böyük hörməti vardı. Həmişə
mehribanlıqla danışar, müraciətlərində də səmimi olardı. O türk millətindən olan
yeganə azərbaycanlı idi ki, Stalin onu ölümdən qurtarmışdı. Minlərlə türkü «uf»
demədən qətlə yetirən Stalin Məmməd Əmin Rəsulzadənin taleyindən narahat
olmuşdu. Öz keçmiş dostuna borcunu qaytarsa da hər halda elə bir qəddar adamın
Məmməd Əmin Rəsulzadəni unutmayıb terror maşınından salamat çıxarmağı adi iş
deyildi.
Stalinin Məmməd Əmin Rəsulzadəyə rəğbəti vardı. Deyilənə görə, 30-cu
illərdə bir görüşdə Məmməd Əmin Rəsulzadənin ünvanına kimsə kəskin sözlər
deyib. Stalin acıqlanıb ki: «Tanımadığın adam haqqında elə sözləri danışma!»
...Məmməd Əmin Rəsulzadə Stalin haqqında xatirələrini yazıb çap
etdirməklə özünün «Azərbaycan davası»nı davam etdirirdi.
Ankara. 1954-cü il, 28 may. Bu gün Azərbaycan istiqlalının otuz altıncı
ildönümüdür. Otuz altı il bundan əvvəl Azərbaycan azad dövlət elan edilmişdi. Az
keçməmiş xalqın başı üzərində üç rəngli bayraq dalğalandırılmışdı.
Düz otuz altı il idi ki, o harda olursa-olsun bu günü yad edir, toplantı keçirib
həmvətənlərini başına yığır, 28 mayın istiqlaliyyət günü olduğundan danışır.
Deyirdi ki, bu yüksək, şanlı bir gündür. Elə bəşəri istəkdir ki, biz Azərilər həmişə
ona doğru can atmışıq və son nəfəsimizə kimi də yolunda vuruşacağıq.
28 may bayramı Ankaradakı Azərbaycan Kültur Dərnəyi tərəfindən qeyd
olunur. Cümə günü saat altı radələrində Dərnək üzvləri və qonaqlar binaya
toplaşırlar. Əbdül Vahab Yurdsevər 28 mayın böyük tarixi əhəmiyyətindən danışır.
...Sonra söz ona verilir. Bu onun sonuncu 28 may bayramıdır. Otuz altı il
əvvəl isə dostları ilə birlikdə indi işığına toplaşdığı günü xalqın tarixinə qızılı
hərflərlə həkk etmişdilər.
Otuz altı ilə əvvəl olmuşdu bu hadisə.
O adamlar da həyatda yox idi, hamısı köçüb getmişdi. Çoxunu isə qətlə
yetirmişdilər. Sağ qalan o idi yalnız. Və o vaxtdan bəri mərhum dostlarının, azad
Azərbaycanı quranların ruhunu şad etməkdən ötrü həmişə bu bayramı keçirirdi.
Onların adını yad edir, gənclərə xatırladırdı.
28 mayın 36-cı ildönümü bayramında yenə onun hamını sehrləyən alovlu
sözləri eşidilirdi:
202
«28 may 1918-ci il milli Azərbaycan hərəkatının ən böyük günüdür.
Bundan 36 il əvvəl milli şura tərəfindən Azərbaycanın istiqlalı elan olunmuşdu; Bu
tarixdə türk və müsəlman aləmində ilk dəfə milli xalq hakimiyyətinə dayanan bir
cümhuriyyət qurulmuşdur.
Yüz il əvvəl ayrı-ayrı 9 xanlıq halında çarlığın hakimiyyəti altına düşən
Azərbaycan Birinci Dünya hərbi nəticəsində çökən Rusiya imperatorluğunun
zülmü altından siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı...»
28 may bayramında xalqın həm vətənpərvər oğullarını, həm də xəyanətkar
adamlarını gənclərə tanıdırdı:
«Parlamentə və hökumət xaricində Firidun Köçərlilər, Piri Mürsəlzadələr,
İslam Qabilzadələr, Mirzə Abbaslar, müəllimə Vəsilə xanımlar, Kazımzadə
Kazım bəylər, Rəfibəyli Xudadat bəylər, şair Hüseyn Cavid ilə Əhməd Cavadlar,
gənc zabitlərdən Ağa Kərim Əlizadə, Ağa Səlim Rəhimzadə, Salman Rəhimzadə,
İbrahim Axundzadə, doktor Dadaş Həsənzadə və sairləri kimi qurbanlarımız və
şəhidlərimiz vardır. Azərbaycan cəlladı Bağırovun bir hesabatında qeyd olunduğu
kimi 52-dən çox qanlı xalq üsyanlarında fədakaranə ölən minlərcə igid
partizanlarımızı unutmayalım. Gənc ordumuzun şəhid komandanları Həmid
Qaytabaşıları, Süleyman Paşaları, Tlexas Murad Gərayları, İbrahim Ağaları,
Səlimov Həbib bəyləri və bir çox digərlərini də xatırlayalım.
Adları və xatirələri hamımıza əziz olan Fətəli xan, Nəsib bəy, Həsən bəy,
Səməd Paşa, Əbuzər bəy, Məmməd Bağır bəy, Müseyib, Murtuza bəy, Rəhim bəy
və sairə kimiləri ilə bərabər düşmən tərəfinə keçmiş və milli iradəyə xəyanət etmiş
Qarayevlər, Qarabəyovlar kimi bədxahlar da parlamentdə üzv olmuşlardır...
...Bunu bilməliyik ki, davamız üç kişinin aparacağı bir dava qısır bir dava
deyildir. O nəsildən nəslə dövr edən bir davadır. Təcrübəli böyükləri ilə dəliqanlı
gənclərini qopmaz ideal və fikir birliyi ilə bir-birinə sıx bağlayan bir davadır».
...O 28 may günündə dediyin sözlər hamının qəlbini coşdurur, «Azərbaycan
davası»nı, yəni vətənin istiqlaliyyət mübarizəsini aparmağa ruhlandırır. Ona görə
də sözlərini qurtaran kimi sürəkli alqış sədaları eşidilir. Hamı sevir səni, özünə
mənəvi dayaq, ümid yeri bilir.
Kültur Dərnəyinə toplaşanlar 28 may bayramını yalnız ağrılı sözlərlə qeyd
etmirlər, axırda Azərbaycan musiqisindən parçalar səslənir, rəqslər, oyunlar
keçirilir, qonaqlara Azərbaycan qaydasınca tez-tez çay verilir.
Saat doqquzda toplantı qurtarır. 28 may bayramı beləcə başa çatır. Bu
sonuncu isqiqlaliyyət bayramıdır ki, təntənə ilə yola salır. Bir daha 28 mayın
xoşbəxt çöhrəsini bu Kültur Dərnəyinə gəlib yad etməyəcək.
Almaniya. Münhen şəhəri. «Qurtuluş» radiosunun Azərbaycan şöbəsi.
Yanvar ayıdır. «Qurtuluş» radiosu Məmməd Əmin Rəsulzadənin yazdığı bir
məqalənin mətnini Azəri türklərinə çatdırır. Yazıda mühüm hadisədən –
Azərbaycan Cümhuriyyətinin böyük dövlətlər tərəfindən tanınmasından danışıl ır.
Yazıda Azərbaycan şivəsini mühafizə edib. Fikirləşib ki, bəlkə yazdığı sözlər
203
dəmir qəfəsi dəlib içəri keçəcək və əsir həmvətənləri həqiqət sözünü eşidəcək.
Amma ümidi az idi, çox az idi buna. Yaxşı bilirdi ki, indi dustaq vətənindəki
azərbaycanlıların başı qarışıb kommunizm qurmağa. Və həqiqət işığından bu
bixəbərlər kommunizmin zirvəsinə doğru elə inamla irəliləyirlər ki, onları tutub
saxlamaq mümkün deyil. Yaxşı bilirdi bolşeviklərin qanlı terror süzgəcindən
keçmiş Azəriləri indi yalnız bir problem düşündürür: beşillik plan, — «Vətən»ə
Moskvaya çoxlu yağ göndərmək, Rusiyaya müftə göndərilən neftin hasilatını
çoxaltmaq, lazım gələndə ermənilərə torpaq vermək. Bu idi yurddaşlarını
düşündürən, narahat edən. Qalan istəkləri çoxdan qara parçaya büküb atmışdılar
quyunun dibinə. O milli hisslər bağlamasını quyudan çıxarıb açmaqmı olardı?
Buna kim cəsarət edərdi? Açardın, cəzanı da alardın. Açardın, elə həmin andaca
«gözə görünməzlər» — Pankratov «osobı otdelinin» layiqli davamçıları —«DTK»
işçiləri səni terror maşınının qanlı çarxlarına salıb parça-parça edərdilər. Ona görə
də adamlar susur və keçmişin həqiqətləri haqqında düşünmək belə istəmirdilər.
O, vətənindəki vəziyyəti yaxşı başa düşürdü. Bu haqda məlumatı vardı.
Amma həqiqətin işığını az da olsa o adamlara yetirmək istəyirdi. Düşünürdü ki,
qoy onun səsini eşidəndə lap radionu bağlasınlar, qorxudan qaçıb gizlənsinlər. Eybi
yox, təki olsun. Təki bilsinlər ki, onların dünənində bir işıqlı dövr — «o
Azərbaycan» dövranı olub. Çünki bu həqiqəti eşidə-eşidə axır hərəkətə gəlib
qaranlıq qəfəsdən çıxmağa çalışacaqlar.
…«Qurtuluş» radiosu onun sözlərini azərbaycanlılara çatdırır:
«Bundan 36 il əvvəl 1918-də dörd Qafqasiya cümhuriyyətinin istiqlalı elan
olunmuşdu...
Cümhuriyyətlərin Dövlətlər tərəfindən tanınması Qafqasiyalı xalq
kütlələrində böyük bir sevinc doğurdu. Azərbaycan ilə Gürcüstanda bütün xalq
günlərlə şadlıq nümayişləri etdi.
Millətin bu ümumi sevincinə şərik olmayan ancaq bir zümrə vardı:
bolşeviklər sözdə millətlərin azadlıq və istiqlallarına hörmət etdiklərini elan edən
və Lenin ilə Stalinin imzalarıyla «millətlər istərlərsə, Rusiyadan ayrılıb tamamiylə
müstəqil dövlətlər qura bilərlər!» deyən bunlar işdə əksinə hərəkət etdilər. Qızıl
ordunun üstün qüvvətləriylə Qafqasiya cümhuriyyətlərini basdılar və zorla
sovetləşdirdilər.
Az bir zaman içində əldə silah olaraq müdafiəyə qalxan xalq kütlələrini
vəhşiyanə bir surətdə əzdilər. Milli dini və məhəlli nə qədər müəssisə varsa
namusunu yıxdılar. Sovetlərin hər tərəfində qurduqları, tarixdə misli görünməmiş
istibdad rejimini burada da bərpa etdilər....
Yalan və aldadıcı şüarlarla məmləkətə girən bu zülmkarlar əvvəlcə bu
yalanlara uyan yerli kommunistlərdən bir çoxunu dəxi, suyu sıxılmış limon kimi,
sonradan bütün işlərdən atdılar. Sözdə hər nə qədər bir «Sovet Azərbaycan
cümhuriyyəti» varsa da, həqiqətdə bu cümhuriyyət sovet imperatorluğunun hər
haqq və səlahiyyətdən məhrum bir vilayətindən başqa bir şey deyildir. Sovet
204
Azərbaycanındakı bütün idarələr Moskvadan gələn əmrlərə və oradan göndərilən
amirlərə tabedir...
...Lakin dünyadakı bütün azad insanlar və millətlərlə bərabər haqq və
səlahiyyətə sahib olmaqdan siz qətiyyən məyus olmayın. Azadlıq və insanlıq
haqları bütün dünyada qalib olacaq və o zaman siz də 1918-ci ildə olduğu kimi,
yenidən azad olacaqsınız.
O gün uzaq deyildir!»
Məmməd Əmin Rəsulzadə isə ömrünün bu son aylarında ağrıdan qıvrılır,
fəryad qoparır, yatan Azəriləri oyatmağa çalışır, gözləri önündəki qaranlıq pərdəni
qaldırmaq istəyirdi. İndi də xalqının görkəmli ziyalısı, yazıçısı Mirzə Fətəli
Axundov haqqında həqiqətləri həmvətənlərinə çatdırır.
Almaniya. Münhen şəhəri. «Qurtuluş» radiosunun Azərbaycan şöbəsi,
1955-ci il, fevral ayı.
Məmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına çatdırdığı son sözlər. Bu
sözlər Mirzə Fətəli Axundovun ölümü münasibətilə yazdığı məqalədən götürülüb
və radioda oxunmuşdur:
«...Mirzə Fətəli «Şərq istibdadı»nın yumşaldılmasını istəyirdi. Halbuki
bolşeviklərin qurduqları diktatorluq rejimi ən geniş fantaziyaları belə kölgədə
buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu tarixdə rastlanmayan bir
zülm və mütləqiyyət rejimidir.
Mirzə Fətəli, Batı Avropa mədəniyyətini idealizə edirdi. Sovetlər isə burjua
adını verdikləri bu mədəniyyətə arxalarını çevirmiş, ona amansız bir hərb elan
etmişlərdir.
..Kommunizmin ana fikri olaraq tərvic olunan allahsızlıqdan bəhs edilərkən
bolşeviklər çox dəfə Mirzə Fətəlinin adını anırlar. Onun ateistliyindən bəhs açırlar.
Bu bir iftiradır. Bu yalana əsla inanmayın. Mirzə Fətəli yuxarıda söyləmiş
olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən
mübarizə etmirdi. Onun mübarizə etdiyi şey inam və düşüncəyə mane olan
sxolastik təfəkkür tərzi idi. Bu növü düşünüş tərzi indi bütün sovetlərdə
hakimdir...».
* * *
...Ankarada, Sakariyyə caddəsində yaşayanlar bir nurani sifətli adamın hər
gün həyətdə gəzişdiyini görürdülər. Çoxları onun kim olduğunu bilmirdi. Amma
kədərli baxışından, qəmgin görünüşündən həyatda çox əziyyətlər çəkdiyini hiss
edirdilər. Qoca ömrünün son günlərini yaşayırdı. Ömrünün yaşıl ağacının
yarpaqları saralmış, indi yavaş-yavaş tökülməyə başlayırdı. Həyətdə gəzdiyi yerdə
birdən dayanır, uzun müddət fikrə gedir, kədərli gözlərini harasa—lap uzaqlara
dikib baxırdı. Görənlər bəzən təəccüblənirdilər, qocaya nə olub ki, belə qəmli-
qəmli dayanıb fikrə gedir. Amma adamlar acı həqiqətdən xəbərsiz idilər.
205
Bilmirdilər ki, bu qocanın ürəyi vətənindən—indi əsirlikdə qalan yurdundan
nigarandır. Hərdən beləcə dayanıb fikrə getməyi də özündən asılı deyil. Bu vətən
ağrısı, yurd ağrısıdır ki, birdən içərisindən qopub sızlayır və onu tərpənməyə
qoymur.
Ankarada, Sakariyyə caddəsində yaşayanlar tez-tez həyətdə dayanıb dərin
fikirlərə gedən bir qoca görürdülər. Bu qoca ömrünün son günlərini yaşayırdı.
Amma qoca həyatdan, dünyadan narazı köçürdü. Haqqın, həqiqətin həmişə ayaq
altda tapdandığını görürdü. Azad Türkiyənin havasını udub yaşasa da qocanın
ürəyində otuz beş il idi ki, ayrı düşdüyü vətən həsrəti, Azərbaycan dərdi
alovlanırdı.
Qoca ömrünün son günlərini yaşayırdı...
Doktor Məhəmməd Kəngərli: Vəziyyəti qəfildən pisləşdi. Ölümündən
təxminən bir həftə əvvəl həyat yoldaşı Leyla xanımla bizə qonaq gəlmişdilər.
Əhvalı yaxşı idi. Gedəndən iki gün sonra Leyla xanım zəng vurdu ki, bəs Emin
bəyin şəkəri qalxıb, vəziyyəti pisdir. Aparmışıq xəstəxanaya.
Professor Əhməd Qaraca: Ölümündən bir gün əvvəl martın 5-də Əbdül
Vahab Yurdsevər, doktor Həmid Yaşad, doktor Həmid Ataman və mən getdik
xəstəxanaya—Emin bəyi yoluxmağa. Görüşdü bizimlə. Yataqdan azca qalxıb
balınca dirsəkləndi. Gümrah görünürdü. Dedi ki, operasiya olmalıyam, amma
şəkərim imkan vermir. Sonra Həmid bəydən dərnək haqqında soruşdu, Vahab
bəyin jurnala nə yazdığı ilə maraqlandı. Biz otaqdan çıxanda da hiss olunurdu ki,
vəziyyəti yaxşıdır.
Gecə əmim oğlu Bəhman Turan (doktor idi) evə gəlib dedi ki, Emin bəyin
vəziyyəti ağırlaşıb. Şəkər qomasına girib, halı çox pisdir...
1955-ci il, martın 6-sı. Ankara universitetinin tibb fakültəsi xəstəxanası. 2-si
daxiliyyə klinikası. Otağa çoxlu adam toplaşıb. Leyla xanım, Məmməd Əli
Rəsuloğlu, Əbdül Vahab Yurdsevər, Kərim Odər, İbrahim Bədəl, Heydər Atak.
Məhəmməd Kəngərli və başqaları həyəcan içində dayanıb ölüm yatağına düşmüş
xəstəyə baxırlar. Xəstə ölümlə çarpışır. Ölümün qara caynaqları ona sarı uzanıb.
Xəstə son gücünü, qüvvətini toplayıb istəyini, arzusunu bir ünvana çatdırmaq
istəyir. Otaqdakılar xəstəyə baxır, onun huşsuz vəziyyətdə olduğunu, yoxsa nə isə
düşündüyünü bilmək istəyirdilər.
Xəstə ölümün addım səslərini getdikcə yaxından eşidir və ən böyük
arzusunu qəlbinin hələ sönməmiş hərarətiylə doğma yurduna—vətəni Azərbaycana
göndərirdi:
— Ey Azəri gənci! Bu ölüm ayağında, son nəfəsimdə üzümü sənə tuturam.
Eşit ağrılarımı, dediklərimi yaddaşına köçür.
Neçə əsrlər boyudur ki, uca Qafqaz dağlarında bir ağ quş zəncirlənib. O quş
hər zaman çırpınır, çırpınır, zənciri qırmaq istəyir. Amma gücü çatmır. Zəncir çox
bərkdir. Ağ quşu zəncirlənmiş halda da sakit buraxmırlar. Qara dimdikli qartallar
hər dəfə gəlib onun sinəsini parçalayır, qanını axıdıb gedirlər. Amma o quş ölmür,
206
dözüb dayanır, özünə qüvvə toplayır. Ağ quş qüvvətlənən kimi qara qartallar yenə
üstünə hücum çəkir. Ağ quş inildəyir, əzab çəkir. Ağ quşun fəryadından yer, göy
də davam gətirməyib ağlayır, göz yaşı tökür. Ağ quşu hamı sevir, çünki o mehriban
və səxavətlidir. Amma heç kəs ağ quşa kömək əlini uzada bilmir. Çünki qara
qartallardan qorxurlar. Qara qartallarda nə mərhəmət var, nə də xeyirxahlıq. Onlar
dünyaya yalnız işgəncə verməyə gəliblər. Qara qartal özü xoşbəxt yaşamağa can
atmaz. Qara qartal başqasının da səadətini arzulamaz. Qara qartal halal çörəyi
yeməz. O həmişə ağ quşun sinəsini parçalayıb qanını içməklə dolanar. Bir gün
qəribə hadisə baş verdi. Yaxın yurddaşlarımızla toplaşıb min bir müşkülatla, əzab-
əziyyətlə ağ quşu xilas etməyə getdik. Qara qartallar bizi görüb üstümüzə hücum
çəkdilər. Qanlı çarpışmalar oldu. Qartallar vəhşi caynaqları, dimdikləri ilə
bədənimizi deşik-deşik etdilər. Amma biz qorxu-hürkü bilmədən ağ quşu xilas
etmək istəyilə həvəslənib zərbələrə dözürdük. Ağ quş onu əsarətdən qurtarmağa
gəldiyimizi görüb həyəcanlanır, qanadlarını sərt qayaya bağlamış zənciri dartıb
qırmaq istəyirdi. Ağ quşun bu çırpıntısı bizə sanki qüvvət verirdi. Axır ki, döyüşdə
qalib gəldik. Qara qartalları qovub uzaqlaşdırdıq. Ağ quşun qanlı zəncirlərini qırıb
azadlığa buraxdıq. Heç bilirsənmi ağ quş əsarətdən qurtulmağına necə sevinirdi?!
Neçə il idi ki, bağlı qanadlarını bütün genişliyi ilə açıb mavi səmalarda
xoşbəxtliklə uçur, bizə azadlıq nəğməsi oxuyurdu. Ətrafdakı bütün canlılar ağ
quşun azad olub xoşbəxtliklə qanad çalmağına sevinir, ona gözaydınlığı verirdilər.
Güllər, çiçəklər təbəssümlənib ətir və rayihələrini ətrafa yayır, ağ quşun gəlişini
pişvaza çıxırdılar. Adamlar bəxtəvərlikdən ağlayıb göz yaşı tökür, «ağ quş, ağ quş»
deyib onu səsləyir, xoşbəxt ömür arzulayırdılar.
...Amma bu xoşbəxtlik uzun sürmədi. Qara qartallar qüvvə toplayıb yenə ağ
quşun üstünə hücum çəkdilər. Bu dəfə hamı ayağa qalxdı, sevimli ağ quşu
qorumağa çalışdılar. Amma bacarmadılar. Çünki qara qara qartallar sayca çox və
güclü idi. Minlərlə insanın qanı axıdıldı ağ quşun yolunda. Axıdılan qandan iri
gölməçələr yarandı. Qartallar hücum çəkib hər yanı dağıtdılar; evləri, eşikləri
yandırdılar, körpələrə, qocalara belə rəhm etmədilər. Ağ quşu əsarətə alıb yenidən
sərt qayalara zəncirlədilər. Yenidən sinəsini parçalayıb qanını sormağa başladılar.
Ağ quş indiyə kimi də qayalara zəncirbənd olub ağrıdan inildəyir. Qara
qartallar hələ də ağ quşun sinəsini didib-parçalayırlar…
Ey gənclik! Ey Azəri gənci! Eşit sözlərimi! Son ümidim, qüvvətim sənsən!
Arzumu, istəyimi sənə deyib gedirəm!
Eşit, dinlə məni! O qayalara zəncirbənd olan, sinəsini Qara qartallar
parçalayıb qanı axıdılan ağ quş sənin Vətənindir! O ağ quş Azərbaycanımızdır!
İndi ağrıyır, əzab çəkir. Onun qanadlarını sərt qayalara bağlayıb uçmağa
qoymurlar! Amma inanıram, inanıram ki, sən o quşun zəncirlərini qırıb parça-parça
edəcək, azadlığa buraxacaqsan! Bunu mütləq edəcəksən!...»
...Xəstə ölümlə çarpışırdı. Otaqdakılar həyəcan içində dayanıb ona
baxırdılar:
207
Məhəmməd Kəngərli: — Tez-tez alnına tər gəlirdi. Biz da dəsmalla alnının
tərini silirdik.
—Xəstə son gücünü, qüvvətini toplayıb istək və arzusunu uzaq vətəninə—
ona müqaddəs olan bir ünvana çatdırırdı:
—Azəri gənci! Eşit sözlərimi! Söz ver ki, sən yenə ayağa qalxacaq,
üstündəki qorxu kölgəsini kənar edəcək, xalqın istiqlaliyyəti yolunda dönməz
olacaqsan! Azəri gənci, bir şeyi də unutma! O azad vətəni quranda, istiqlaliyyət
carçısı olan ağ quşu azadlığa buraxanda, bu yolda qanı tökülənləri həmişə xatırla,
yada sal. Azad vətən onların məzarıstanlığından başlayır! Bu həqiqəti həmişəlik
dərk et! Bilirsənmi ki, o dustaq vətənində niyə şəhid adı çəkilmir? Bilirsənmi ki,
niyə ordakı şəhid qəbirlərini dağıdıb məhv etdilər? Həqiqət izini itirməkdən,
azadlıq istəyini yaddaşlardan silməkdən ötrü belə amansız oldular. Amma sənə
inanıram, inanıram ki, nahaq qanı yerdə qoymayacaq, düşməndən qisas alıb şəhid
olanların ruhunu şad edəcəksən! İndi son vəsiyyətimə qulaq as: «Ey gənclik, sənin
öhdəndə böyük bir vəzifə var: səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs
bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi ki:
—Bir kərə yüksələn bayraq bir daha enməz!
Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası
üzərindən Azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə
dikəcək və bu yolda ya qazi, ya da şəhid olacaqsan!
—Qəfildən xəstə hərəkətsiz oldu. Bayaqdan asta-asta döyünən ürəyi
həmişəlik dayandı. Otaqdakılar hönkürtü ilə ağlamağa başladılar. Saat 22.45
dəqiqə idi.
Doktor Məhəmməd Kəngərli: — Ağlayırdıq, hamımız ağlayırdıq.
Ağlamamaq mümkün idimi? Emin bəy kimi insanı itirmişdik... Onun dediyi son
söz Azərbaycan oldu. Sonra mələfəni üstünə çəkdik. Üstünü ağla örtəndə son dəfə
Emin bəyə baxdım. Sifəti həmişəki kimi nurlu və işıqlı idi...
Daxiliyyə klinikasında azərbaycanlı mühacirlər acı-acı ağlayırdılar.
Hamının gözündən ürəyinin ağrısı olan yaş tökülürdü.
Heydər Atakın acı xatirəsi: — Ağır dərd hamımızın belini qırmışdı. Hər
şeyi unudub ağlayırdıq. Birdən otaqda Leyla xanımı görmədim. Ürəyimə nə isə
damdı. Tez Əbdül Vahab bəylə, Həmid Atamanla birlikdə klinikadakı otaqları
axtarmağa başladıq. Otaqlardan birinin qapısı möhkəm bağlı idi. Qapını açıb içəri
girdik və gördüyümüz mənzərədən donub qaldıq: Leyla xanım otaqdakı qazı açıb
özünü zəhərləyib öldürmək istəyir. Tez onu xilas etdik.
Leyla xanım sevimli həyat yoldaşı Məmməd Əmin Rəsulzadənin ölümünə
dözə bilmirdi.
...Gecə səhərə kimi yanında qaldılar. Hamısı halsız, pərişan, ağır dərd
içində. İçəriləri ağrıya-ağrıya heç zaman unutmayacaqları o böyük insana son
borclarını verirdilər.
208
Ankara radiosu martın 7-də gecə saat 22.45-də Məmməd Əmin
Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yaydı.
1955-ci il, 8 mart. Ankaranın Hacı Bayram Camisi. Məmməd Əmin
Rəsulzadənin dostları onun tabutu başında fəxri qarovulda dayanıblar. Ankara
şəhər valisi Kəmal Aygün də başsağlığı verməyə gəlib.
Saat 12.30-da cənazəni Hacı Bayram camisindən götürüb Əsri
məzarıstanlığına aparmağa başladılar. Cənazənin önündə Azərbaycan Kültur
Dərnəyi, İdil-Ural türkləri, Cəfər Seyid Əhməd Krımər, Krım türkləri,
Yardımlaşma dərnəyi, Milli kitabxana, Dil və tarix-coğrafiya fakültəsi, türk
kitabxanaçılar Dərnəyi, Qarslı yüksək təhsil tələbələrinə Yardım Dərnəyi,
Azərbaycan külturunu yaşatma dərnəyi, Atamanlar, Araslılar ailəsi, hür polşalılar
və Ankaranın keçmiş Polşa səfiri, Qəzetçilər cəmiyyəti, polşalı dostları, Əmlak və
Kredit bankı, hakimiyyət qəzeti tərəfindən göndərilən çələnglər vardı. Çələngi
aparanların arxasınca polis dəstəsi, polisdən sonra mərhumun tabutu və tabutun
arxasında onun yoldaşı, dostları gedirdilər.
Tabut Ankara Ədliyyə sarayına qədər əllər üstündə daşınaraq burada maşına
qoyuldu. Sonra tabutu Əsri məzarıstanlığının 156 ada 12 parsel nömrəli qismində
açılan məqbərin yanına gətirdilər.
Göz yaşları içərisində dəfn mərasimi başlandı. Qara tabutu qaranlıq məzara
endirəndə dözə bilmirdilər. Elə bir insanı necə qıyıb qara torpağın ağuşuna
verəydilər. Amma amansız taleyin acı hökmünə baş əyməmək mümkün deyildi.
Tabut qara və soyuq məzara tapşırıldı. Hönkürtülər, ağlaşma səsi Əsri
qəbiristanlığını titrədirdi. Dözmək çətin idi, çox çətin idi bu əbədi vidalaşmaya
dözmək. Torpaq öz övladını qoynuna alırdı. İnsanın ömrü, günü harada keçirsə
keçsin, son dayanışı, açacağı son qapı torpaqdır.
Adamlar ağlayırdı, göz yaşı tökürdü. O qara torpağa basdırmalı adam
deyildi axı!
Məzarı başında ilk sözü Əbdül Vahab Yurdsevər söylədi (Əbdül Vahab
Yurdsevər də 1920-ci ildən sonra Azərbaycandan getməyə məcbur olmuşdu):
«Əziz arkadaşlarım!
Bu gün son yarım əsrlik türk tarixinin ən böyük və ən nurlu simalarından
birini torpağa təslim edirik. Məmməd Əmin Rəsulzadə əlli ildən çox siyasi, ictimai,
elmi, ədəbi çalışmaları, türklük və Azərbaycan istiqlalı uğrundakı qəhrəmanca
savaşları ilə bu yüksək ünvana və şanlı mərtəbəyə çatmışdır. Emin bəy türk
ulusunu qurtuluş yoluna təşkilatlandıran parlaq bir istiqbala doğru götürənlərdən
biridir. Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir.
Onun yolu istiqbal və zəfər yoludur.
Emin bəyin böyüklüyü və yüksəkliyi ölümündən sonra daha bir qüvvət
halında yaşamasında və əsərləri ilə bütün bir milləti yaşatmasındadır. Torpağa
verdiyimiz onun vücududur. Başımızda və qəlbimizdə yaşayan onun ölməz böyük
ruhudur.
209
Emin bəy çətin vəzifəsini yerinə yetirmiş və pak, açıq bir alınla istiqlal
şəhidlərimizin hüzuruna çıxmaqdadır. Özünə haqdan rəhmətlər və sizlərə də səbir
və mətanət diləyirəm».
Sonra söz professor Əhməd Cəfəroğluya verildi:
«Vücudunu bir gün göz yaşları içində Anadolunun əziz torpaqlarına əmanət
etdiyimiz böyük ustad Məmməd Əmin Rəsulzadə milli hürriyyət və istiqlal
uğrunda əlli ildən bəri şanla və şərəflə apardığı çətin mübarizə yoluna gənc
yaşlarında Bakıdan başlayaraq Tehranda və İstanbulda eyni sövq və həyəcanla
davam etmiş, hadisələrin seyrinə təkrar Azərbaycana dönmüş, orada yandırdığı
müqəddəs qurtuluş məşəlini 1917-ci ildə Moskvada toplanan türk və müsəlman
nümayəndələrinin tarixi qurultayına qədər götürmüş, orada inamı ilə qəlbləri
tutuşdurmuş, dönüşündə Azərbaycanın rus zülmündən qurtuluşunda və istiqlalını
elan edişində baş rolu oynamış, bolşevik istilasından sonra yenə yurdunu tərkə
məcbur qalaraq Avropa məmləkətlərinə çıxmış...
Nə şərəfli bir həyat!
Cənabi haqq onu rəhmətlərinə qərq etsin və bizlərə də ona layiq olmağa
nəsib etsin!»
Sonra türküstanlılar adından Məmməd Əmin Rəsulzadənin ən yaxın və
köhnə dostlarından olan Tahir Çağatay danışmışdır:
«Bu gün türkçülərimizdən, qurtuluş başçılarımızdan Azərbaycan istiqlal
hərəkatının banisi və rəhbəri, böyük, ustad Rəsulzadə Emin bəy fani dünya və onun
sakinləri olan biz fanilərlə vidalaşır. Bu vidalaşmada biz fanilər ağlarkən
Azərbaycan istiqlalının və türk qurtuluş hərəkatlarının əziz şəhidləri onu
qarşılamaq və cənnəti əlada özünü gözləyən mümtaz məqamına mərasimlə
götürməyə hazırlanırlar.
Azəri qardaş, ağlayırsan, qan ağlayırsan, haqlısan. Çünki qeyb etdiyin
qiymət böyükdür. Yalnız burası sənin üçün bir təsəlli qaynağı olacaqdır ki, bu
itkinin acısını, kədərini təkbaşına deyil, bütün türklüklə birlikdə daşıyacaqsan. Bu
gün bütün inamlı türklük bir bütün olaraq ağlamaqda və matəm tutmaqdadır. Bu
gün qoca Türküstanın otuz milyonluq türk xalqı sənin yanında yer almış kimidir.
Sənin böyük ruhun qarşısında əyilərək bütün qüvvət, qüdrət və
səmimiyyətimizlə sənin göstərmiş olduğun yoldan ayrılmadan yüyürəcəyimizə söz
veririk...»
...Həmin o günü Ankaranın Əsri məzarıstanlığında hönkürtü ilə ağlayan
yetmiş üç yaşlı bir qoca da vardı. Bu ağır itki ona olduqca pis təsir etmişdi. Bu
ölümdən sonra həmin qoca özünü dünyada tək-tənha hiss etdi. O adam Məmməd
Əmin Rəsulzadənin əmisi oğlu Məmməd Əli Rəsuloğlu idi... Vətənsiz qalmış
Məmməd Əli indi də əmisi oğlunu itirmişdi. Elə bu ağrıdan yanaraq deyərdi:
«Keşkə mən öleydim, Emin bəy yaşayaydı».
...Axşamüstü matəm içində yananlar Azərbaycan Kültur Dərnəyinə
toplaşdılar. Məmməd Əmin Rəsulzadənin xatirəsinə ilk matəm yığıncağı keçirildi.
210
Dərnəyin idarə heyətinin sədri Həmid Ataman Məmməd Əmin Rəsulzadənin
apardığı «Azərbaycan davası»ndan danışdıqdan sonra Süleyman Təkinər, Əhməd
Cəfəroğlu, Əbdül Vahab Yürdsevər çıxış etdilər....
Dostları ilə paylaş: |