AZƏrbaycanin göRKƏMLĠ adamlari


Stalin  haqqında  xatirələri



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix31.01.2017
ölçüsü2,62 Mb.
#7140
1   ...   18   19   20   21   22   23   24   25   26

Stalin  haqqında  xatirələri.  1954-cü  il  may  ayının  21-də  İstanbulda 
gündəlik  çıxan  böyük  «Dünya»  qəzeti  Məmməd  Əmin  Rəsulzadənin  Stalin 
haqqında  xatirələrini  çap  etdi,  Stalin  haqqında  xatirələri  bütün  Türkiyənin  
marağına  səbəb oldu və çoxları kimliyini öyrənmək istəyirdi. XX əsrin ən qəddar 
cəlladı  bütöv  imperiya  yaradıb  ona  otuz  bir  il  başçılıq  etmiş  diktatoru  belə 
yaxından tanıyan Məmməd Əmin Rəsulzadə kimdir? 
Hələ  Stalin  haqqında  xatirələri  çap  olunmazdan  qabaq  «Dünya»  qəzeti 
1954-cü  il  18  may  nüsxəsində  yazıların  çıxacağı  anonsunu  və  Məmməd  Əmin 
Rəsulzadənin bir fotosunu dərc edərək altda bu sətirləri yazmışdı: 
«Rəsulzadə  Məmməd  Emin  bütün  həyatı  boyunca  gərək  kültur  və  sosial 
sahələrdə,  gərək  siyasi  sahədə  Azərbaycan  türklüyünün  hür  və  müstəqil  dövlət 
yaşayışına  hazırlamaq,  yetişdirmək  və  dolğunlaşdırmaq  üçün  gecəli-gündüzlü 
insan  taqətinin  fövqündə  bir  qeyrət  sərf  etmişdir.  Rəsulzadə  Məmməd  Emin 
Azərbaycan  dövləti  fikrinin  və  istiqlal  eşqinin  canlı  bir  timsalı,  sönməz  bir 
məşəlidir. 
Azərbaycanın  gənc  istiqlalçı  nəsli  Emin  Rəsulzadəni  20-ci  əsr  Azərbaycan 
istiqlal  savaşının  ən  canlı  simvolu  olaraq  tanımaqdadır.  Onun  hər  əsərində,  hər 
şüarında istiqlal yolunun silinməz izləri və aydınladıcı işıqları sezilir». 
«Dünya» qəzeti 28-ci nömrəsində (1954-cü il iyunun 20-ə qədər) Məmməd 
Əmin Rəsulzadənin  yazılarını  «Bir türk  milliyyətçisinin Stalinlə  ihtilal xatirələri» 
başlığı ilə çap etmişdi. 

200 
 
Həmin  o  günlərdə  bütün  Türkiyədə  onun  xatirələrini  oxuyur,  Stalinlə  bu 
qədər yaxın olmuş bir  «türk  milliyyətçisindən» danışırdılar. O zamana  kimi bəlkə 
də çoxları Məmməd Əmin Rəsulzadənin «Azərbaycan davası»ndakı mübarizəsinin 
kimlərlə  toqquşmasını  bilmirdilər.  Çünki  o  heç  zaman  özü  haqqında  danışmağı 
sevməzdi. Bəziləri isə Məmməd Əmin Rəsulzadəni; «iki il milli hökumətə başçılıq 
etmiş şəxs» kimi tanıyırdılar. Amma indi çoxları təəccüb içində qalmışdı. Əsrin ən 
böyük  cəlladı  Neronu  ilə  birgə  iş  görmüş,  yaxınlıq  etmiş  və  Azərbaycanın 
müstəqilliyi  uğrunda  bu  qədər  iş  görmüş  şəxsi  yaxşı  tanımayıblar.  Bəli,  vardı 
belələri. Və indi sərt faktlar qarşısında donub qalmışdılar. 
Amma  ondan  ötrü  qopan  bu  hay-küy  adi  bir  hal  idi.  Onu  Stalinlə  yaxın 
tanışlığının  belə  maraqla  qarşılanması  qəti  maraqlandırmırdı.  O  Stalinlə  bağlı 
xatirələrini  də  belə  reklam  və  səs-küy  üçün  yazmamışdı.  Onun  öz  ağrıları  vardı. 
Bütün gördüyü işlər, yazdığı adi sözlər belə bu ağrını sağaltmağa xidmət edirdi. Bu 
ağrı Azərbaycan ağrısı idi. Onu hər zaman göynədir, içərisini sızladırdı. O əsarətdə 
qalan  vətənini  xilasa  çalışır  və  bütün  şüurlu  həyatını  da  bu  işə  sərf  edirdi.  Stalin 
haqqındakı  xatirələri  də  əslində  apardığı  «Azərbaycan  davası»nın  davamı  idi.  O 
xatirələrin  çox  həqiqətləri  üzə  çıxaracağını  düşünürdü.    Bu  xatirələrdə  məqsəd 
Stalinlə  necə  tanışlığını,  görüşüb,  söhbətlər  etdiyini  oxuculara  çatdırmaq  deyil, 
əsasən Azərbaycanın hansı xəyanətkar üsullarla işğalını geniş ictimaiyyətə demək 
idi.  Çünki  Stalin  o  zaman  bolşeviklər  hökumətində  yüksək  səlahiyyətə  malik 
deyildi, hər iş, hər fitnə və Azərbaycanı işğal planı ondan yox, Lenindən, bir də çar 
imperiyasının  əvvəlki  torpaqlarını  yenidən  Rusiyaya  qaytarmaq  istəyən 
millətçilərdən  başlayırdı.  Məmməd  Əmin  Rəsulzadə  bu  faktları  Stalinin  dilindən 
oxuculara  çatdırır,  onları  acı  həqiqətə  inandırır.  Azad  bir  dövlətə  bolşeviklərin 
qanlı təcavüzündən xəbər verir. 
O,  Stalin  haqqındakı  xatirələrini  1953-cü  ildə  yazmışdı.  Lap  çoxdan  da 
yazıb çap etdirə bilərdi. Amma bir şeyi diqqətdən qaçırmamışdı: Stalinin hələ sağ 
qaldığını  və  əlində  möhkəm  iftira,  böhtan  yayan  təbliğat  maşınının  olduğunu. 
Olsun  ki,  onun  yazdığı  xatirələri  diktatoru  olduğu  dövlətin  mənafeyi  baxımından 
Stalin  qəbul  etməyəcək,  hər  yana  səs-küy  yayacaq  ki,  bunlar  düzgün  deyil,  belə 
söhbətlər  olmayıb.  Onda  bu  xatirələri  təsir  gücü,  maraq  dairəsi  azalardı.  Geniş 
ictimaiyyətdə  şübhə  yaradardı.  Maraqla  oxusalar  da,  həqiqət  faktlarına 
əhəmiyyətsiz yanaşırdılar. 
O  Stalinə  nifrət  edirdi.  Onun  haqqında  danışanda  bu  münasibətini  açıqca 
bildirərdi.  Stalini  «türk  xalqlarının  cəlladı»  adlandırardı.  Bir  zaman  yaxın 
olmağına,  evlərinin  çörəyini  yeməyinə,  bir  neçə  dəfə  onu  ölümdən  qurtarmağına 
baxmayaraq  Stalini  sevməzdi.  O  yaxşı  bilirdi  ki,  dünənki  bir  quldur  hansı  yolla 
hakimiyyət  başına  gəlib.  Həmin  hökumətin  də  hansı  üsulla  qurulduğunu  bilirdi. 
Ümumiyyətlə,  bu  sistemin  bütün  daxiliyyatından  yaxşı  xəbərdar  idi.  Çünki  bir 
zaman  onun  özü  də  bu  sistemi  qurmaq  istəyən  sosialist  bolşeviklərlə  yaxınlıq 
etmişdi. Amma sonradan bunların «diktatorluq və terror»la nəfəs aldığını, bu yolla 

201 
 
hakimiyyətə  keçmək  istədiyini  biləndə  onlardan  uzaqlaşmışdı.  Stalin  isə  Leninin 
ideyalarından  qanadlanan  bu  qanlı  sistemi  möhkəmləndirdi,  özünün  diktatorluq 
aləminə  çevirdi.  Heç  şübhəsiz  ki,  Stalin  onun  yanında  «işıqlı  kommunizmdən», 
yaxud  «sosializmin»  təntənəsindən  danışmazdı.  Çünki  Məmməd  Əmin 
Rəsulzadənin  bu  sözlərə  yalnız  güləcəyini  düşünərdi.  O  Məmməd  Əmin 
Rəsulzadənin  sosializmin  və  proletar  diktaturasının  «mahiyyətini»  dərindən  dərk 
etdiyini  bilirdi.  Bilirdi  ki,  Məmməd  Əmin  Rəsulzadə  Lenin  və  onun  bu  adlar 
altında, hakimiyyət başında qalmaq istəklərini yaxşı anlayır. Yox, Stalin Məmməd 
Əmin  Rəsulzadəni  yaxşı  tanıyırdı.  Stalinin  ona  böyük  hörməti  vardı.  Həmişə 
mehribanlıqla  danışar,  müraciətlərində  də  səmimi  olardı.  O  türk  millətindən  olan 
yeganə  azərbaycanlı  idi  ki,  Stalin  onu  ölümdən  qurtarmışdı.  Minlərlə  türkü  «uf» 
demədən  qətlə  yetirən  Stalin  Məmməd  Əmin  Rəsulzadənin  taleyindən  narahat 
olmuşdu. Öz keçmiş dostuna borcunu qaytarsa da hər halda elə bir qəddar adamın 
Məmməd Əmin Rəsulzadəni unutmayıb terror maşınından salamat çıxarmağı adi iş 
deyildi. 
Stalinin  Məmməd  Əmin  Rəsulzadəyə  rəğbəti  vardı.  Deyilənə  görə,  30-cu 
illərdə  bir  görüşdə  Məmməd  Əmin  Rəsulzadənin  ünvanına  kimsə  kəskin  sözlər 
deyib. Stalin acıqlanıb ki:  «Tanımadığın adam haqqında elə sözləri danışma!» 
...Məmməd  Əmin  Rəsulzadə  Stalin  haqqında  xatirələrini  yazıb  çap 
etdirməklə özünün «Azərbaycan davası»nı davam etdirirdi. 
Ankara.  1954-cü  il,  28  may.  Bu  gün  Azərbaycan  istiqlalının  otuz  altıncı 
ildönümüdür. Otuz altı il bundan əvvəl Azərbaycan azad dövlət elan edilmişdi. Az 
keçməmiş xalqın başı üzərində üç rəngli bayraq dalğalandırılmışdı. 
Düz otuz altı il idi ki, o harda olursa-olsun bu günü yad edir, toplantı keçirib 
həmvətənlərini  başına  yığır,  28  mayın  istiqlaliyyət  günü  olduğundan  danışır. 
Deyirdi ki, bu yüksək, şanlı bir gündür. Elə bəşəri istəkdir ki, biz Azərilər həmişə 
ona doğru can atmışıq və son nəfəsimizə kimi də yolunda vuruşacağıq. 
28  may  bayramı  Ankaradakı  Azərbaycan  Kültur  Dərnəyi  tərəfindən  qeyd 
olunur.  Cümə  günü  saat  altı  radələrində  Dərnək  üzvləri  və  qonaqlar  binaya 
toplaşırlar. Əbdül Vahab Yurdsevər 28 mayın böyük tarixi əhəmiyyətindən danışır. 
...Sonra  söz  ona  verilir.  Bu  onun  sonuncu  28  may  bayramıdır.  Otuz  altı  il 
əvvəl  isə  dostları  ilə  birlikdə  indi  işığına  toplaşdığı  günü  xalqın  tarixinə  qızılı 
hərflərlə həkk etmişdilər. 
Otuz altı ilə əvvəl olmuşdu bu hadisə. 
O  adamlar  da  həyatda  yox  idi,  hamısı  köçüb  getmişdi.  Çoxunu  isə  qətlə 
yetirmişdilər. Sağ qalan o idi yalnız. Və o vaxtdan bəri mərhum dostlarının, azad 
Azərbaycanı  quranların  ruhunu  şad  etməkdən  ötrü  həmişə  bu  bayramı  keçirirdi. 
Onların adını yad edir, gənclərə xatırladırdı. 
28  mayın  36-cı  ildönümü  bayramında  yenə  onun  hamını  sehrləyən  alovlu 
sözləri eşidilirdi: 

202 
 
«28  may  1918-ci  il  milli  Azərbaycan  hərəkatının  ən  böyük  günüdür. 
Bundan 36 il əvvəl milli şura tərəfindən Azərbaycanın istiqlalı elan olunmuşdu; Bu 
tarixdə  türk  və  müsəlman  aləmində  ilk  dəfə  milli  xalq  hakimiyyətinə  dayanan  bir 
cümhuriyyət qurulmuşdur. 
Yüz  il  əvvəl  ayrı-ayrı  9  xanlıq  halında  çarlığın  hakimiyyəti  altına  düşən 
Azərbaycan  Birinci  Dünya  hərbi  nəticəsində  çökən  Rusiya  imperatorluğunun 
zülmü altından siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı...» 
28 may bayramında xalqın həm vətənpərvər oğullarını, həm də xəyanətkar 
adamlarını gənclərə tanıdırdı: 
«Parlamentə  və  hökumət  xaricində  Firidun  Köçərlilər,  Piri  Mürsəlzadələr, 
İslam  Qabilzadələr,  Mirzə  Abbaslar,  müəllimə  Vəsilə  xanımlar,    Kazımzadə  
Kazım  bəylər,  Rəfibəyli Xudadat bəylər, şair Hüseyn Cavid ilə Əhməd Cavadlar, 
gənc zabitlərdən  Ağa Kərim  Əlizadə, Ağa Səlim Rəhimzadə, Salman Rəhimzadə, 
İbrahim  Axundzadə,  doktor  Dadaş  Həsənzadə  və    sairləri  kimi  qurbanlarımız  və 
şəhidlərimiz vardır. Azərbaycan cəlladı Bağırovun bir hesabatında qeyd olunduğu 
kimi  52-dən  çox  qanlı  xalq  üsyanlarında  fədakaranə  ölən  minlərcə  igid 
partizanlarımızı  unutmayalım.  Gənc  ordumuzun  şəhid  komandanları  Həmid 
Qaytabaşıları,  Süleyman  Paşaları,  Tlexas  Murad  Gərayları,  İbrahim  Ağaları, 
Səlimov Həbib bəyləri və bir çox digərlərini də xatırlayalım. 
Adları  və  xatirələri  hamımıza  əziz  olan  Fətəli  xan,  Nəsib  bəy,  Həsən  bəy, 
Səməd Paşa, Əbuzər bəy, Məmməd Bağır bəy, Müseyib, Murtuza bəy, Rəhim bəy 
və sairə kimiləri ilə bərabər düşmən tərəfinə keçmiş və milli iradəyə xəyanət etmiş 
Qarayevlər, Qarabəyovlar kimi bədxahlar da parlamentdə üzv olmuşlardır... 
...Bunu  bilməliyik  ki,  davamız  üç  kişinin  aparacağı  bir  dava  qısır  bir  dava 
deyildir. O nəsildən nəslə dövr edən bir davadır. Təcrübəli böyükləri ilə dəliqanlı 
gənclərini qopmaz ideal və fikir birliyi ilə bir-birinə sıx bağlayan bir davadır». 
...O 28 may günündə dediyin sözlər hamının qəlbini coşdurur, «Azərbaycan 
davası»nı,  yəni  vətənin  istiqlaliyyət  mübarizəsini  aparmağa  ruhlandırır.  Ona  görə 
də  sözlərini  qurtaran  kimi  sürəkli  alqış  sədaları  eşidilir.  Hamı  sevir  səni,  özünə 
mənəvi dayaq, ümid yeri bilir. 
Kültur Dərnəyinə  toplaşanlar  28  may bayramını  yalnız ağrılı sözlərlə qeyd 
etmirlər,  axırda  Azərbaycan  musiqisindən  parçalar  səslənir,  rəqslər,  oyunlar 
keçirilir, qonaqlara Azərbaycan qaydasınca tez-tez çay verilir. 
Saat  doqquzda  toplantı  qurtarır.  28  may  bayramı  beləcə  başa  çatır.  Bu 
sonuncu  isqiqlaliyyət  bayramıdır  ki,  təntənə  ilə  yola  salır.  Bir  daha  28  mayın 
xoşbəxt çöhrəsini bu Kültur Dərnəyinə gəlib yad etməyəcək. 
Almaniya. Münhen şəhəri. «Qurtuluş» radiosunun  Azərbaycan şöbəsi.   
Yanvar  ayıdır.  «Qurtuluş»  radiosu    Məmməd  Əmin  Rəsulzadənin      yazdığı    bir 
məqalənin  mətnini  Azəri  türklərinə  çatdırır.  Yazıda  mühüm  hadisədən  – 
Azərbaycan Cümhuriyyətinin böyük dövlətlər tərəfindən tanınmasından danışıl ır. 
Yazıda  Azərbaycan  şivəsini  mühafizə  edib.  Fikirləşib  ki,  bəlkə  yazdığı  sözlər 

203 
 
dəmir  qəfəsi  dəlib  içəri  keçəcək  və  əsir  həmvətənləri  həqiqət  sözünü  eşidəcək. 
Amma  ümidi az idi, çox az idi buna. Yaxşı bilirdi   ki,   indi   dustaq  vətənindəki 
azərbaycanlıların  başı  qarışıb  kommunizm  qurmağa.  Və  həqiqət  işığından  bu 
bixəbərlər  kommunizmin  zirvəsinə  doğru  elə  inamla  irəliləyirlər    ki,  onları  tutub  
saxlamaq  mümkün  deyil.  Yaxşı  bilirdi  bolşeviklərin  qanlı  terror  süzgəcindən 
keçmiş Azəriləri  indi  yalnız  bir   problem  düşündürür: beşillik plan, — «Vətən»ə 
Moskvaya  çoxlu  yağ  göndərmək,  Rusiyaya  müftə  göndərilən  neftin  hasilatını 
çoxaltmaq,  lazım  gələndə  ermənilərə  torpaq  vermək.  Bu  idi  yurddaşlarını 
düşündürən,  narahat  edən.  Qalan  istəkləri  çoxdan  qara  parçaya  büküb  atmışdılar 
quyunun  dibinə.  O  milli  hisslər  bağlamasını  quyudan  çıxarıb  açmaqmı  olardı? 
Buna  kim  cəsarət  edərdi?  Açardın,  cəzanı  da  alardın.  Açardın,  elə  həmin  andaca 
«gözə görünməzlər» — Pankratov «osobı otdelinin» layiqli davamçıları —«DTK» 
işçiləri səni terror maşınının qanlı çarxlarına salıb parça-parça edərdilər. Ona görə 
də adamlar susur və keçmişin həqiqətləri haqqında düşünmək belə istəmirdilər. 
O,  vətənindəki  vəziyyəti  yaxşı  başa  düşürdü.  Bu  haqda  məlumatı  vardı. 
Amma  həqiqətin  işığını  az  da  olsa  o  adamlara  yetirmək  istəyirdi.  Düşünürdü  ki, 
qoy onun səsini eşidəndə lap radionu bağlasınlar, qorxudan qaçıb gizlənsinlər. Eybi 
yox,  təki  olsun.  Təki  bilsinlər  ki,  onların  dünənində  bir  işıqlı  dövr  —  «o 
Azərbaycan»  dövranı  olub.  Çünki  bu  həqiqəti  eşidə-eşidə  axır  hərəkətə  gəlib 
qaranlıq qəfəsdən çıxmağa çalışacaqlar. 
…«Qurtuluş» radiosu onun sözlərini azərbaycanlılara çatdırır: 
«Bundan 36 il əvvəl 1918-də dörd Qafqasiya cümhuriyyətinin istiqlalı elan 
olunmuşdu... 
Cümhuriyyətlərin  Dövlətlər  tərəfindən  tanınması  Qafqasiyalı  xalq 
kütlələrində  böyük  bir  sevinc  doğurdu.  Azərbaycan  ilə  Gürcüstanda  bütün  xalq 
günlərlə şadlıq nümayişləri etdi. 
Millətin  bu  ümumi  sevincinə  şərik  olmayan  ancaq  bir  zümrə  vardı: 
bolşeviklər sözdə  millətlərin  azadlıq və  istiqlallarına  hörmət etdiklərini elan edən 
və Lenin ilə Stalinin imzalarıyla «millətlər istərlərsə, Rusiyadan ayrılıb tamamiylə 
müstəqil  dövlətlər  qura  bilərlər!»  deyən  bunlar  işdə  əksinə  hərəkət  etdilər.  Qızıl 
ordunun  üstün  qüvvətləriylə  Qafqasiya  cümhuriyyətlərini  basdılar  və  zorla 
sovetləşdirdilər. 
Az  bir  zaman  içində  əldə  silah  olaraq  müdafiəyə  qalxan  xalq  kütlələrini 
vəhşiyanə  bir  surətdə  əzdilər.  Milli  dini  və  məhəlli  nə  qədər  müəssisə  varsa 
namusunu  yıxdılar. Sovetlərin hər tərəfində  qurduqları,  tarixdə  misli görünməmiş 
istibdad rejimini burada da bərpa etdilər.... 
Yalan  və  aldadıcı  şüarlarla  məmləkətə  girən  bu  zülmkarlar  əvvəlcə  bu 
yalanlara  uyan  yerli  kommunistlərdən  bir  çoxunu  dəxi,  suyu  sıxılmış  limon  kimi, 
sonradan  bütün  işlərdən  atdılar.  Sözdə  hər  nə  qədər  bir  «Sovet  Azərbaycan 
cümhuriyyəti»  varsa  da,  həqiqətdə  bu  cümhuriyyət  sovet  imperatorluğunun  hər 
haqq  və  səlahiyyətdən  məhrum  bir  vilayətindən  başqa  bir  şey  deyildir.  Sovet 

204 
 
Azərbaycanındakı  bütün  idarələr  Moskvadan  gələn  əmrlərə  və  oradan  göndərilən 
amirlərə tabedir... 
...Lakin  dünyadakı  bütün  azad  insanlar  və  millətlərlə  bərabər  haqq  və 
səlahiyyətə  sahib  olmaqdan  siz  qətiyyən  məyus  olmayın.  Azadlıq  və  insanlıq 
haqları  bütün  dünyada  qalib  olacaq  və  o  zaman  siz  də  1918-ci  ildə  olduğu  kimi, 
yenidən azad olacaqsınız. 
O gün uzaq deyildir!» 
Məmməd  Əmin  Rəsulzadə  isə  ömrünün  bu  son  aylarında  ağrıdan  qıvrılır, 
fəryad qoparır, yatan Azəriləri oyatmağa çalışır, gözləri önündəki qaranlıq pərdəni 
qaldırmaq  istəyirdi.  İndi  də  xalqının  görkəmli  ziyalısı,  yazıçısı  Mirzə  Fətəli 
Axundov haqqında həqiqətləri həmvətənlərinə çatdırır. 
Almaniya.  Münhen  şəhəri.  «Qurtuluş»  radiosunun  Azərbaycan  şöbəsi, 
1955-ci il, fevral ayı. 
Məmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına çatdırdığı son sözlər. Bu 
sözlər  Mirzə  Fətəli  Axundovun  ölümü  münasibətilə  yazdığı  məqalədən  götürülüb 
və radioda oxunmuşdur: 
«...Mirzə  Fətəli  «Şərq  istibdadı»nın  yumşaldılmasını  istəyirdi.  Halbuki 
bolşeviklərin  qurduqları  diktatorluq  rejimi  ən  geniş  fantaziyaları  belə  kölgədə 
buraxan  bir  dəhşət  və  vəhşət  tablosu  ərz  etməkdədir.  Bu  tarixdə  rastlanmayan  bir 
zülm və mütləqiyyət rejimidir. 
Mirzə Fətəli, Batı Avropa mədəniyyətini idealizə edirdi. Sovetlər isə burjua 
adını  verdikləri  bu  mədəniyyətə  arxalarını  çevirmiş,  ona  amansız  bir  hərb  elan 
etmişlərdir. 
..Kommunizmin ana fikri olaraq tərvic olunan allahsızlıqdan bəhs edilərkən 
bolşeviklər çox dəfə Mirzə Fətəlinin adını anırlar. Onun ateistliyindən bəhs açırlar. 
Bu  bir  iftiradır.  Bu  yalana  əsla  inanmayın.  Mirzə  Fətəli  yuxarıda  söyləmiş 
olduğumuz  kimi,  Allah  fikrinə,  yəni  mütləq  həqiqət  idealına  qarşı  qətiyyən 
mübarizə  etmirdi.  Onun  mübarizə  etdiyi  şey  inam  və  düşüncəyə  mane  olan 
sxolastik  təfəkkür  tərzi  idi.  Bu  növü  düşünüş  tərzi  indi  bütün  sovetlərdə 
hakimdir...». 
 
* * * 
 
...Ankarada,  Sakariyyə  caddəsində  yaşayanlar  bir  nurani  sifətli  adamın  hər 
gün  həyətdə  gəzişdiyini  görürdülər.  Çoxları  onun  kim  olduğunu  bilmirdi.  Amma 
kədərli  baxışından,  qəmgin  görünüşündən  həyatda  çox  əziyyətlər  çəkdiyini  hiss 
edirdilər.  Qoca  ömrünün  son  günlərini  yaşayırdı.  Ömrünün  yaşıl  ağacının 
yarpaqları saralmış, indi yavaş-yavaş tökülməyə başlayırdı. Həyətdə gəzdiyi yerdə 
birdən  dayanır,  uzun  müddət  fikrə  gedir,  kədərli  gözlərini  harasa—lap  uzaqlara 
dikib  baxırdı.  Görənlər  bəzən  təəccüblənirdilər,  qocaya  nə  olub  ki,  belə  qəmli-
qəmli  dayanıb  fikrə  gedir.  Amma  adamlar  acı  həqiqətdən  xəbərsiz  idilər. 

205 
 
Bilmirdilər  ki,  bu  qocanın  ürəyi  vətənindən—indi  əsirlikdə  qalan  yurdundan 
nigarandır. Hərdən beləcə dayanıb fikrə getməyi də özündən asılı deyil. Bu vətən 
ağrısı,  yurd  ağrısıdır  ki,  birdən  içərisindən  qopub  sızlayır  və  onu  tərpənməyə 
qoymur. 
Ankarada,  Sakariyyə  caddəsində  yaşayanlar  tez-tez  həyətdə  dayanıb  dərin 
fikirlərə  gedən  bir  qoca  görürdülər.  Bu  qoca  ömrünün  son  günlərini  yaşayırdı. 
Amma  qoca  həyatdan,  dünyadan  narazı  köçürdü.  Haqqın,  həqiqətin  həmişə  ayaq 
altda  tapdandığını  görürdü.  Azad  Türkiyənin  havasını  udub  yaşasa  da  qocanın 
ürəyində  otuz  beş  il  idi  ki,  ayrı  düşdüyü  vətən  həsrəti,  Azərbaycan  dərdi 
alovlanırdı.  
Qoca ömrünün son günlərini yaşayırdı...  
Doktor  Məhəmməd  Kəngərli:  Vəziyyəti  qəfildən  pisləşdi.  Ölümündən 
təxminən  bir  həftə  əvvəl  həyat  yoldaşı  Leyla  xanımla  bizə  qonaq  gəlmişdilər. 
Əhvalı  yaxşı  idi.  Gedəndən  iki  gün  sonra  Leyla  xanım  zəng  vurdu  ki,  bəs  Emin 
bəyin şəkəri qalxıb, vəziyyəti pisdir. Aparmışıq xəstəxanaya. 
Professor  Əhməd  Qaraca:  Ölümündən  bir  gün  əvvəl  martın  5-də  Əbdül 
Vahab  Yurdsevər,  doktor  Həmid  Yaşad,  doktor  Həmid  Ataman  və  mən  getdik 
xəstəxanaya—Emin  bəyi  yoluxmağa.  Görüşdü  bizimlə.  Yataqdan  azca  qalxıb 
balınca  dirsəkləndi.  Gümrah  görünürdü.  Dedi  ki,  operasiya  olmalıyam,  amma 
şəkərim  imkan  vermir.  Sonra  Həmid  bəydən  dərnək  haqqında  soruşdu,  Vahab 
bəyin jurnala  nə  yazdığı ilə  maraqlandı. Biz otaqdan çıxanda da hiss olunurdu  ki, 
vəziyyəti yaxşıdır. 
Gecə əmim oğlu Bəhman Turan (doktor idi) evə gəlib dedi ki, Emin bəyin 
vəziyyəti ağırlaşıb. Şəkər qomasına girib, halı çox pisdir... 
1955-ci il, martın 6-sı. Ankara universitetinin tibb fakültəsi xəstəxanası. 2-si 
daxiliyyə  klinikası.  Otağa  çoxlu  adam  toplaşıb.  Leyla  xanım,  Məmməd  Əli 
Rəsuloğlu,  Əbdül  Vahab  Yurdsevər,  Kərim  Odər,  İbrahim  Bədəl,  Heydər  Atak. 
Məhəmməd  Kəngərli  və  başqaları  həyəcan  içində  dayanıb  ölüm  yatağına  düşmüş 
xəstəyə  baxırlar.  Xəstə  ölümlə  çarpışır.  Ölümün  qara  caynaqları  ona  sarı  uzanıb. 
Xəstə  son  gücünü,  qüvvətini  toplayıb  istəyini,  arzusunu  bir  ünvana  çatdırmaq 
istəyir. Otaqdakılar xəstəyə baxır, onun huşsuz vəziyyətdə  olduğunu, yoxsa nə isə 
düşündüyünü bilmək istəyirdilər. 
Xəstə  ölümün  addım  səslərini  getdikcə  yaxından  eşidir  və  ən  böyük 
arzusunu qəlbinin hələ sönməmiş hərarətiylə doğma yurduna—vətəni Azərbaycana 
göndərirdi: 
— Ey Azəri gənci! Bu ölüm ayağında, son nəfəsimdə üzümü sənə tuturam. 
Eşit ağrılarımı, dediklərimi yaddaşına köçür. 
Neçə əsrlər boyudur ki, uca Qafqaz dağlarında bir ağ quş zəncirlənib. O quş 
hər zaman çırpınır, çırpınır, zənciri qırmaq istəyir. Amma gücü çatmır. Zəncir çox 
bərkdir.  Ağ  quşu  zəncirlənmiş  halda  da  sakit  buraxmırlar.  Qara  dimdikli  qartallar 
hər dəfə gəlib onun sinəsini parçalayır, qanını axıdıb gedirlər. Amma o quş ölmür, 

206 
 
dözüb dayanır, özünə qüvvə toplayır. Ağ quş qüvvətlənən kimi qara qartallar yenə 
üstünə  hücum  çəkir.  Ağ  quş  inildəyir,  əzab  çəkir.  Ağ  quşun  fəryadından  yer,  göy 
də davam gətirməyib ağlayır, göz yaşı tökür. Ağ quşu hamı sevir, çünki o mehriban 
və  səxavətlidir.  Amma  heç  kəs  ağ  quşa  kömək  əlini  uzada  bilmir.  Çünki  qara 
qartallardan qorxurlar. Qara qartallarda nə mərhəmət var, nə də xeyirxahlıq. Onlar 
dünyaya  yalnız  işgəncə  verməyə  gəliblər.  Qara  qartal  özü  xoşbəxt  yaşamağa  can 
atmaz.  Qara  qartal  başqasının  da  səadətini  arzulamaz.  Qara  qartal  halal  çörəyi 
yeməz.  O  həmişə  ağ  quşun  sinəsini  parçalayıb  qanını  içməklə  dolanar.  Bir  gün 
qəribə hadisə baş verdi. Yaxın yurddaşlarımızla toplaşıb min bir müşkülatla, əzab-
əziyyətlə ağ quşu xilas etməyə getdik. Qara qartallar bizi görüb üstümüzə  hücum 
çəkdilər.  Qanlı  çarpışmalar  oldu.  Qartallar  vəhşi  caynaqları,  dimdikləri  ilə 
bədənimizi  deşik-deşik  etdilər.  Amma  biz  qorxu-hürkü  bilmədən  ağ  quşu  xilas 
etmək  istəyilə  həvəslənib  zərbələrə  dözürdük.  Ağ  quş  onu  əsarətdən  qurtarmağa 
gəldiyimizi  görüb  həyəcanlanır,  qanadlarını  sərt  qayaya  bağlamış  zənciri  dartıb 
qırmaq istəyirdi. Ağ quşun bu çırpıntısı bizə sanki qüvvət verirdi. Axır ki, döyüşdə 
qalib gəldik. Qara qartalları qovub uzaqlaşdırdıq. Ağ quşun qanlı zəncirlərini qırıb 
azadlığa buraxdıq. Heç bilirsənmi ağ quş əsarətdən qurtulmağına  necə sevinirdi?! 
Neçə  il  idi  ki,  bağlı  qanadlarını  bütün  genişliyi  ilə  açıb  mavi  səmalarda 
xoşbəxtliklə  uçur,  bizə  azadlıq  nəğməsi  oxuyurdu.  Ətrafdakı  bütün  canlılar  ağ 
quşun azad olub xoşbəxtliklə qanad çalmağına sevinir, ona gözaydınlığı verirdilər. 
Güllər,  çiçəklər  təbəssümlənib  ətir  və  rayihələrini  ətrafa  yayır,  ağ  quşun  gəlişini 
pişvaza çıxırdılar. Adamlar bəxtəvərlikdən ağlayıb göz yaşı tökür, «ağ quş, ağ quş» 
deyib onu səsləyir, xoşbəxt ömür arzulayırdılar. 
...Amma bu xoşbəxtlik uzun sürmədi. Qara qartallar qüvvə toplayıb yenə ağ 
quşun  üstünə  hücum  çəkdilər.  Bu  dəfə  hamı  ayağa  qalxdı,  sevimli  ağ  quşu 
qorumağa çalışdılar. Amma bacarmadılar.  Çünki qara qara qartallar sayca çox və 
güclü    idi.  Minlərlə  insanın  qanı  axıdıldı  ağ  quşun  yolunda.  Axıdılan  qandan  iri 
gölməçələr  yarandı.  Qartallar  hücum  çəkib  hər  yanı  dağıtdılar;  evləri,  eşikləri  
yandırdılar, körpələrə, qocalara belə rəhm etmədilər. Ağ quşu  əsarətə alıb yenidən  
sərt qayalara zəncirlədilər. Yenidən sinəsini parçalayıb qanını sormağa başladılar. 
Ağ  quş  indiyə  kimi  də  qayalara  zəncirbənd  olub  ağrıdan  inildəyir.  Qara 
qartallar hələ də ağ quşun sinəsini didib-parçalayırlar… 
 
Ey gənclik! Ey Azəri gənci! Eşit sözlərimi! Son ümidim, qüvvətim sənsən! 
Arzumu, istəyimi sənə deyib gedirəm! 
Eşit,  dinlə  məni!  O  qayalara  zəncirbənd  olan,  sinəsini  Qara  qartallar 
parçalayıb  qanı  axıdılan  ağ  quş  sənin  Vətənindir!  O  ağ  quş  Azərbaycanımızdır! 
İndi  ağrıyır,  əzab  çəkir.  Onun  qanadlarını  sərt  qayalara  bağlayıb  uçmağa 
qoymurlar! Amma inanıram, inanıram ki, sən o quşun zəncirlərini qırıb parça-parça 
edəcək, azadlığa buraxacaqsan! Bunu mütləq edəcəksən!...» 
...Xəstə  ölümlə  çarpışırdı.  Otaqdakılar  həyəcan  içində  dayanıb  ona 
baxırdılar: 

207 
 
Məhəmməd Kəngərli: — Tez-tez alnına tər gəlirdi. Biz da dəsmalla alnının 
tərini silirdik. 
—Xəstə son gücünü, qüvvətini toplayıb istək və arzusunu uzaq vətəninə—
ona müqaddəs olan bir ünvana çatdırırdı: 
—Azəri  gənci!  Eşit  sözlərimi!  Söz  ver  ki,  sən  yenə  ayağa  qalxacaq, 
üstündəki  qorxu  kölgəsini  kənar  edəcək,  xalqın  istiqlaliyyəti  yolunda  dönməz 
olacaqsan!  Azəri  gənci,  bir  şeyi  də  unutma!  O  azad  vətəni  quranda,  istiqlaliyyət 
carçısı olan ağ quşu azadlığa buraxanda, bu yolda qanı tökülənləri həmişə xatırla, 
yada  sal.  Azad  vətən  onların  məzarıstanlığından  başlayır!  Bu  həqiqəti  həmişəlik 
dərk  et!  Bilirsənmi  ki,  o  dustaq  vətənində  niyə  şəhid  adı  çəkilmir?  Bilirsənmi  ki, 
niyə  ordakı  şəhid  qəbirlərini  dağıdıb  məhv  etdilər?  Həqiqət  izini  itirməkdən, 
azadlıq  istəyini  yaddaşlardan  silməkdən  ötrü  belə  amansız  oldular.  Amma  sənə 
inanıram, inanıram ki, nahaq qanı yerdə qoymayacaq, düşməndən qisas alıb şəhid 
olanların ruhunu şad edəcəksən! İndi son vəsiyyətimə qulaq as: «Ey gənclik, sənin 
öhdəndə böyük bir vəzifə var: səndən əvvəlki  nəsil  yoxdan bir bayraq,  müqəddəs 
bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi ki: 
—Bir kərə yüksələn bayraq bir daha enməz! 
Əlbəttə  ki,  sən  onun  ümidini  qırmayacaq,  bu  gün  parlament  binası 
üzərindən  Azərilərin  yanıq  ürəklərinə  enmiş  bu  bayrağı  təkrar  o  bina  üzərinə 
dikəcək və bu yolda ya qazi, ya da şəhid  olacaqsan! 
—Qəfildən  xəstə  hərəkətsiz  oldu.  Bayaqdan  asta-asta  döyünən  ürəyi 
həmişəlik  dayandı.  Otaqdakılar  hönkürtü  ilə  ağlamağa  başladılar.  Saat  22.45 
dəqiqə idi. 
Doktor  Məhəmməd  Kəngərli:  —  Ağlayırdıq,  hamımız  ağlayırdıq. 
Ağlamamaq  mümkün  idimi?  Emin  bəy  kimi  insanı  itirmişdik...  Onun  dediyi  son 
söz Azərbaycan oldu. Sonra mələfəni üstünə çəkdik. Üstünü ağla örtəndə son dəfə 
Emin bəyə baxdım. Sifəti həmişəki kimi nurlu və işıqlı idi... 
Daxiliyyə  klinikasında  azərbaycanlı  mühacirlər  acı-acı  ağlayırdılar. 
Hamının gözündən ürəyinin ağrısı olan yaş tökülürdü. 
Heydər  Atakın  acı  xatirəsi:  —  Ağır  dərd  hamımızın  belini  qırmışdı.  Hər 
şeyi  unudub  ağlayırdıq.  Birdən  otaqda  Leyla  xanımı  görmədim.  Ürəyimə  nə  isə 
damdı.  Tez  Əbdül  Vahab  bəylə,  Həmid  Atamanla  birlikdə  klinikadakı  otaqları 
axtarmağa başladıq. Otaqlardan birinin qapısı möhkəm bağlı idi. Qapını açıb içəri 
girdik  və  gördüyümüz  mənzərədən donub qaldıq:  Leyla  xanım otaqdakı qazı açıb 
özünü zəhərləyib öldürmək istəyir. Tez onu xilas etdik. 
Leyla  xanım  sevimli həyat  yoldaşı Məmməd Əmin  Rəsulzadənin ölümünə 
dözə bilmirdi. 
...Gecə  səhərə  kimi  yanında  qaldılar.  Hamısı  halsız,  pərişan,  ağır  dərd 
içində.  İçəriləri  ağrıya-ağrıya  heç  zaman  unutmayacaqları  o  böyük  insana  son 
borclarını verirdilər. 

208 
 
Ankara  radiosu  martın  7-də  gecə  saat  22.45-də  Məmməd  Əmin 
Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yaydı. 
1955-ci  il,  8  mart.  Ankaranın  Hacı  Bayram  Camisi.  Məmməd  Əmin 
Rəsulzadənin  dostları  onun  tabutu  başında  fəxri  qarovulda  dayanıblar.  Ankara 
şəhər valisi Kəmal Aygün də başsağlığı verməyə gəlib. 
Saat  12.30-da  cənazəni  Hacı  Bayram  camisindən  götürüb  Əsri 
məzarıstanlığına  aparmağa  başladılar.  Cənazənin  önündə  Azərbaycan  Kültur 
Dərnəyi,  İdil-Ural  türkləri,  Cəfər  Seyid  Əhməd  Krımər,  Krım  türkləri, 
Yardımlaşma  dərnəyi,  Milli  kitabxana,  Dil  və  tarix-coğrafiya  fakültəsi,  türk 
kitabxanaçılar  Dərnəyi,  Qarslı  yüksək  təhsil  tələbələrinə  Yardım  Dərnəyi, 
Azərbaycan  külturunu  yaşatma  dərnəyi,  Atamanlar,  Araslılar  ailəsi,  hür  polşalılar 
və Ankaranın keçmiş Polşa səfiri, Qəzetçilər cəmiyyəti, polşalı dostları, Əmlak və 
Kredit  bankı,  hakimiyyət  qəzeti  tərəfindən  göndərilən  çələnglər  vardı.  Çələngi 
aparanların  arxasınca  polis  dəstəsi,  polisdən  sonra  mərhumun  tabutu  və  tabutun 
arxasında onun yoldaşı, dostları gedirdilər. 
Tabut Ankara Ədliyyə sarayına qədər əllər üstündə daşınaraq burada maşına 
qoyuldu. Sonra  tabutu  Əsri məzarıstanlığının 156 ada 12 parsel nömrəli qismində 
açılan məqbərin yanına gətirdilər. 
Göz yaşları içərisində dəfn mərasimi başlandı. Qara tabutu qaranlıq məzara 
endirəndə  dözə  bilmirdilər.  Elə  bir  insanı  necə  qıyıb  qara  torpağın  ağuşuna 
verəydilər.  Amma  amansız  taleyin  acı  hökmünə  baş  əyməmək  mümkün  deyildi. 
Tabut  qara  və  soyuq  məzara  tapşırıldı.  Hönkürtülər,  ağlaşma  səsi  Əsri 
qəbiristanlığını  titrədirdi.  Dözmək  çətin  idi,  çox  çətin  idi  bu  əbədi  vidalaşmaya 
dözmək.  Torpaq  öz  övladını  qoynuna  alırdı.  İnsanın  ömrü,  günü  harada  keçirsə 
keçsin, son dayanışı, açacağı son qapı torpaqdır. 
Adamlar  ağlayırdı,  göz  yaşı  tökürdü.  O  qara  torpağa  basdırmalı  adam 
deyildi axı! 
Məzarı  başında  ilk  sözü  Əbdül  Vahab  Yurdsevər  söylədi  (Əbdül  Vahab 
Yurdsevər də 1920-ci ildən sonra Azərbaycandan getməyə məcbur olmuşdu): 
«Əziz arkadaşlarım! 
Bu  gün  son  yarım  əsrlik  türk  tarixinin  ən  böyük  və  ən  nurlu  simalarından 
birini torpağa təslim edirik. Məmməd Əmin Rəsulzadə əlli ildən çox siyasi, ictimai, 
elmi,  ədəbi  çalışmaları,  türklük  və  Azərbaycan  istiqlalı  uğrundakı  qəhrəmanca 
savaşları  ilə  bu  yüksək  ünvana  və  şanlı  mərtəbəyə  çatmışdır.  Emin  bəy  türk 
ulusunu  qurtuluş  yoluna  təşkilatlandıran  parlaq  bir  istiqbala  doğru  götürənlərdən 
biridir. Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir. 
Onun yolu istiqbal və zəfər yoludur. 
Emin  bəyin  böyüklüyü  və  yüksəkliyi  ölümündən  sonra  daha  bir  qüvvət 
halında  yaşamasında  və  əsərləri  ilə  bütün  bir  milləti  yaşatmasındadır.  Torpağa 
verdiyimiz onun vücududur. Başımızda və qəlbimizdə yaşayan onun ölməz böyük 
ruhudur. 

209 
 
Emin  bəy  çətin  vəzifəsini  yerinə  yetirmiş  və  pak,  açıq  bir  alınla  istiqlal 
şəhidlərimizin hüzuruna çıxmaqdadır. Özünə haqdan rəhmətlər və sizlərə də səbir 
və mətanət diləyirəm». 
Sonra söz professor Əhməd Cəfəroğluya verildi: 
«Vücudunu bir gün göz yaşları içində Anadolunun əziz torpaqlarına əmanət 
etdiyimiz  böyük  ustad  Məmməd  Əmin  Rəsulzadə  milli  hürriyyət  və  istiqlal 
uğrunda  əlli  ildən  bəri  şanla  və  şərəflə  apardığı  çətin  mübarizə  yoluna  gənc 
yaşlarında  Bakıdan  başlayaraq  Tehranda  və  İstanbulda  eyni  sövq  və  həyəcanla 
davam  etmiş,  hadisələrin  seyrinə  təkrar  Azərbaycana  dönmüş,  orada  yandırdığı 
müqəddəs  qurtuluş  məşəlini  1917-ci  ildə  Moskvada  toplanan  türk  və  müsəlman 
nümayəndələrinin  tarixi  qurultayına  qədər  götürmüş,  orada  inamı  ilə  qəlbləri 
tutuşdurmuş,  dönüşündə  Azərbaycanın  rus  zülmündən  qurtuluşunda  və  istiqlalını 
elan  edişində  baş  rolu  oynamış,  bolşevik  istilasından  sonra  yenə  yurdunu  tərkə 
məcbur qalaraq Avropa məmləkətlərinə çıxmış... 
Nə şərəfli bir həyat! 
Cənabi  haqq  onu  rəhmətlərinə  qərq  etsin  və  bizlərə  də  ona  layiq  olmağa 
nəsib etsin!» 
Sonra  türküstanlılar  adından  Məmməd  Əmin  Rəsulzadənin  ən  yaxın  və 
köhnə dostlarından olan Tahir Çağatay danışmışdır: 
«Bu  gün  türkçülərimizdən,  qurtuluş  başçılarımızdan  Azərbaycan  istiqlal 
hərəkatının banisi və rəhbəri, böyük, ustad Rəsulzadə Emin bəy fani dünya və onun 
sakinləri  olan  biz  fanilərlə  vidalaşır.  Bu  vidalaşmada  biz  fanilər  ağlarkən 
Azərbaycan  istiqlalının  və  türk  qurtuluş  hərəkatlarının  əziz  şəhidləri  onu 
qarşılamaq  və  cənnəti  əlada  özünü  gözləyən  mümtaz  məqamına  mərasimlə 
götürməyə hazırlanırlar. 
Azəri  qardaş,  ağlayırsan,  qan  ağlayırsan,  haqlısan.  Çünki  qeyb  etdiyin 
qiymət  böyükdür.  Yalnız  burası  sənin  üçün  bir  təsəlli  qaynağı  olacaqdır  ki,  bu 
itkinin acısını, kədərini təkbaşına deyil, bütün türklüklə birlikdə daşıyacaqsan. Bu 
gün  bütün  inamlı  türklük  bir  bütün  olaraq  ağlamaqda  və  matəm  tutmaqdadır.  Bu 
gün qoca Türküstanın otuz milyonluq türk xalqı sənin yanında yer almış kimidir. 
Sənin  böyük  ruhun  qarşısında  əyilərək  bütün  qüvvət,  qüdrət  və 
səmimiyyətimizlə sənin göstərmiş olduğun yoldan ayrılmadan yüyürəcəyimizə söz 
veririk...» 
...Həmin  o  günü  Ankaranın  Əsri  məzarıstanlığında  hönkürtü  ilə  ağlayan 
yetmiş  üç  yaşlı  bir  qoca  da  vardı.  Bu  ağır  itki  ona  olduqca  pis  təsir  etmişdi.  Bu 
ölümdən  sonra  həmin  qoca  özünü  dünyada  tək-tənha  hiss  etdi.  O  adam  Məmməd 
Əmin  Rəsulzadənin  əmisi  oğlu  Məmməd  Əli  Rəsuloğlu  idi...  Vətənsiz  qalmış 
Məmməd  Əli  indi  də  əmisi  oğlunu  itirmişdi.  Elə  bu  ağrıdan  yanaraq  deyərdi: 
«Keşkə mən öleydim, Emin bəy yaşayaydı». 
...Axşamüstü  matəm  içində  yananlar  Azərbaycan  Kültur  Dərnəyinə 
toplaşdılar. Məmməd Əmin Rəsulzadənin xatirəsinə ilk matəm yığıncağı keçirildi. 

210 
 
Dərnəyin  idarə  heyətinin  sədri  Həmid  Ataman  Məmməd  Əmin  Rəsulzadənin 
apardığı  «Azərbaycan  davası»ndan  danışdıqdan  sonra  Süleyman  Təkinər,  Əhməd 
Cəfəroğlu, Əbdül Vahab Yürdsevər çıxış etdilər.... 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin