AZƏrbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix31.01.2017
ölçüsü2,62 Mb.
#7140
1   ...   18   19   20   21   22   23   24   25   26

 
Eşitmişəm ki, bir oğlu sağ qalıb,  Karaqandada yaşayır. Bu xəbəri eşidəndən 
Karaqandaya getmək haqqında düşünürəm. Nəhayət, belə imkan yaranır. 
Bakının qaranlıq bir axşamında «TU-154» təyyarəsi Karaqandaya istiqamət 
götürür.  Bu  təyyarə  üç  saatdan  sonra  məni  Karaqandaya  —Məmməd  Əmin 
Rəsulzadənin  yeganə  sağ  qalan  oğlu  Azərin  əlli  üç  ildir  ki,  sürgündə,  qürbətdə 
yaşadığı bir şəhərə çatdıracaq... 
 
 
 

219 
 
ƏLLĠ ÜÇ ĠL QÜRBƏTDƏ 
 
«Bayatı-Şiraz»ın  kədərli  musiqisi  dalğa-dalğa  yayılıb,  yarıqaranlıq  otağa 
dolurdu.  Ağsaçlı  qoca  içindən  qopan  sonsuz  ağrıları,  dünyanın  bu  amansız 
gərdişində  itirdiyi  atasını,  anasını,  qardaşını,  bacısını,  53  il  ayrı  düşdüyü  yurdunu 
yada salıb tarın ecazkar dili ilə dərdli-dərdli danışırdı. 
«Bayatı-Şiraz» çalırdı...Qəfildən tarı sinəsindən endirib üzümə baxdı: 
—Daha çala bilmirəm... 
Stolustü  lampanın  işığı  qocanın  üzünü  işıqlandırır  və  gözlərinin  yaşla 
dolduğunu  görürəm.  Bir  az  dayanır,  sonra  yenidən  tarı  sinəsinə  qaldırır.  Yenə 
«Bayatı-Şiraz» çalır. Bu dəfə  az, lap az çalır, hiss edirəm  ki,  dərdin ağırlığından, 
həyatda  itirdiyi  adamların  göynək  həsrətindən  bədəni  əsim-əsim  əsir.  Tarı  bir 
kənara qoyub doluxsunmuş halda deyir:  
—Yox, çala bilmirəm... 
Uzaq  Qazaxıstan  elində,  Karaqanda  şəhərinin  bu  qaranlıq  gecəsində 
«Bayatı-Şiraz»  çalıb  ağlayan  qocanın  dönük  taleyini  düşündükcə  qəlbim  parça-
parça olur. 
Düz  53  ildir  ki,  doğma  Azərbaycanından  uzaqlarda  yaşamaq 
məcburiyyətində  qalmış  bu  yetmiş  yaşlı  qoca  xalqımızın  mənəvi  atası  Məmməd 
Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadədir. 
Dediklərimə  əvvəlcə  inanmır,  təəccüblənir.  Sonra  Bakıdan  apardığım 
sənədləri,  şəkilləri,  qəzetləri,  «Azərbaycan  Demokratik  Respublikası»  kitabını 
göstərirəm.  Qəribə  maraq  içərisində    materiallara  baxır.    Qəzetdə  atasının  böyük 
şəklini görəndə diksinən kimi olur. Bir az da yaxından, diqqətlə baxır şəklə. Hansı 
hissləri keçirdiyini bilmirəm.Tamam tutulmuş haldadır.  
Sonra dərindən köks ötürür: Ehtiyatla soruşur: 
—Bəs hökumət necə baxır bu işə? 
—Hökumət də axır ki, icazə verdi, — deyə qəzetdəki  qərarı göstərirəm. 
Azər  müəllim  təəccüb  içində,  fikirli-fikirli  deyir:  —  Qəribədir,  çox 
qəribədir... 
Sonra ötən günlərin söhbətinə başlayır.. 
Atası Məmməd Əmini  xatırlamır. Atası onunla görüşüb vidalaşanda iki ay  
imiş  ki, dünyaya göz açıbmış. Qaranlıq bir  gecədə  atası  evə  gəlir.  Hamı  ilə 
görüşdükdən  sonra  beşikdə  dünyanın  qovğasından  xəbərsiz  yatan  körpə  oğluna 
yaxınlaşır. Üzünü həyat yoldaşına tutur: 
—Nə qoymusunuz bu uşağın adını? 
Ümbul  Banu  xanım deyir ki, bəs adını Əliheydər qoymuşuq.  
Məmməd Əmin oğlunu bağrına basıb narazılıq dolu coşğunluqla deyir: 
—Yox, bu, Əliheydər olmayacaq. Bu Azəri oğludur: Azər olacaqdı bu. 
Məmməd  Əmin  oğlu  Azərlə  belə  görüşüb  ayrılır.  Və  onlar  bir  daha 
görüşmürlər. 

220 
 
(Azər  müəllim  anasından  eşitdiyi  bu  əhvalatı  danışanda  özünü  saxlaya 
bilməyib ağladı.) 
Atası  Məmməd  Əmin  çıxıb  getsə  də  onları  unutmurdu.  Vəziyyətin 
çətinliyinə  baxmayaraq,  bir  neçə  dəfə  onlara  Türkiyədən  bağlama  göndərmişdi. 
Atasının  göndərdiyi parıltılı qara  çəkmələr və  başı qotazlı  qırmızı papaq Rəsulun 
da  (Məmməd  Əminin  böyük  oğlu),  Azərin  də  çox  xoşlarına  gəlmişdi.  Lakin... 
zəmanənin üzü dönmüşdü. Həyatı öz təbii axarından çıxarıb eyni bir yola çəkənlər 
atanın bu kiçik hədiyyəsini də çox gördülər onlara. Anası və qohumları vəziyyətin 
çətinləşdiyini görüb Məmməd Əminə xəbər göndərdilər ki, bizim adımıza daha heç 
nə göndərmə. 
Atası sonradan, başqa adamların adı ilə də  kömək əlini uzatmışdı ailəsinə. 
Az keçməmiş bu yolu da bağlamışdılar. 
Vəziyyət  yaxşı  deyildi.  Böhtan  və  iftira  dolu  təbliğat  maşını  adamların 
şüurunu zəhərləyir, onları həqiqət işığından məhrum edirdi... 
Azər müəllim o dövrü belə xatırlayır: 
—Tez-tez  bu  sözləri  eşidirdik:  Məmməd  Əmin  sizi  burada  qoyub  özü 
aradan  çıxdı.  İndi  xaricdə  kefi  kök,  damağı  çağ  yaşayır.  Siz  heç  yadına  da 
düşmürsünüz. Bu sözlərə anam əhəmiyyət vermirdi. O, atama inanırdı. Atamın heç 
bir  günahının  olmadığını  da  hərdən  danışırdı.  Bu  söz-söhbət  ən  çox  qardaşım 
Rəsulu dilxor edirdi. Məktəbdən gələn kimi hirslə çantasını bir küncə atıb deyirdi: 
«Müəllimlərim  məni  bezdiriblər.  Hər  gün  dərsdə  deyirlər  ki,  «Məmməd  Əminlər 
belə  etdi,  Məmməd  Əminlər  elə  etdi...».  Anam  sakitləşdirirdi  Rəsulu.  Deyirdi  ki, 
elə sözlərə fikir vermə»... 
Azər  müəllim  həyatında  ən  ağır  zərbəni  Rəsul  həbs  olunanda  aldı.  Rəsulu 
bağdan  tutub  apardılar.  Rəsulun  tutulmağı  hamısının  belini  əydi.  On  yeddi  yaşlı 
Azər  hirsindən,  acığından  özünü  bağlarındakı  quyuya  atmaq  istəyirdi.  Amma 
qoymadılar,  tutub  saxladılar.  Az  keçməmiş  Rəsulun  güllələnmək  xəbərini 
eşitdilər.... 
Azər  müəllim bu  hadisəni  xatırlayanda da dözə bilmədi, ağladı. Bu  yetmiş 
yaşlı, başı  müsibətlər çəkmiş  qocanın  faciəsinə, belə  hıçqırtı ilə  ağlamağına  dözə 
bilmirdim... 
Rəsulun ölümündən sonra ailənin sayı da getdikcə azalmağa başladı. 
Gəldi 1937-ci il. 
Həmin  il  qara  paltolu,  qara  şlyapalı  adamlar  hansı  evdə  gur  işıq  yanırdısa 
ora qaranlıq dumanı çökdürürdülər. Hansı bacadan tüstü çıxırdısa gəlib torpaqlayıb 
gedirdilər.  Evləri  dağıdıb,  ürəklərə  dağ  çəkirdilər.  Xalqı  həqiqət  yolundan 
yayındırırdılar. 
—Axşamüstü  anam  getmişdi  xalamgilə,—Azər  müəllim  fikirli-fikirli 
danışır,—maşınla  bizi  aparmağa  gəldilər.  Əvvəl  anamın  harda  olduğunu 
soruşdular.  Sonra  məni  də  maşına  mindirib  apardılar  xalamgilə.  Anamı  götürüb 
gəldilər.  Evdəki  şeylərdən  heç  nəyi  götürməyə  qoymadılar.  Evimizdə  bir  tar  var 

221 
 
idi. Anam tarı o vaxtın pulu ilə 130 manata almışdı. Tarı götürmək istədim. İkisi 
etiraz  etmədi,  lakin  üçüncüsü  tarı  əlimdən  alıb  bir  qırağa  atdı.  (Anasının  aldığı  o 
yadigar  tarı  Azər  müəllim  sonradan  soraqlayıb  tapıb  və  bu  günəcən  özündə 
saxlayır). Sonra bizi maşına mindirib apardılar həbsxanaya. Yadımdadır ki, həmin 
günü  güclü  yağış  yağırdı.  «Azneft»  meydanını  su  basmışdı.  Bizi  aparan  maşın 
çətinliklə gölməçələri yarıb keçirdi. Əvvəl istədilər ki, hamımızı çoxlu kişilər olan 
kameraya doldursunlar, lakin bacım Xalidə etiraz etdi, qışqırıb hay-küy qopartdı... 
Azər  müəllim  indi  astadan,  lap  astadan  deyir  bu  sözləri.  Özü  də  qəribə 
təəccüb  içində  danışır.  Yəqin  təəccüblənir  ki,  «bolşevizm»  bayrağını  əllərində 
tutub  insanlara  guya  «xoşbəxtlik,  bərabərlik»  gətirmiş  o  qara  şlyapalı  adamlar 
hansı  dünyanın  insanları  idi?  Sosialist  inqilabının  xoş  sabahlarından  yağlı-yağlı 
vədlər  verən  bu  adamlar  bəs  niyə  qoca  qarıları,  anaları,  qızları,  gəlinləri  qaranlıq 
həbsxanalara salırdılar? Səbəb indi aydındır. Çünki bu tutulanların çoxu istiqlal və 
azadlıq  şirinliyini  dadmışdılar.  Onların  yaddaşında  xoş  bir  xatirə  kimi  qalan  23 
aylıq  azadlıq  günəşinin  (Azərbaycan  Demokratik  Respublikasının  mövcudluq 
dövrü) işığını qaranlığa bürümək mümkün deyildi. Çünki istiqlaliyyəti bu adamlar 
həyatda  görmüşdülər. Və 1920-ci ilin aprelində  mətbuatın  yazdıqlarına inanmırdı, 
yanıb-yaxılırdı  bu  adamlar...  Bunu  xalqa  «xoşbəxtlik»  gətirmiş  «yoldaşlar»  da, 
«qara  şlyapalılar»  da  yaxşı  başa  düşürdülər.  Və  buna  görə  kütləvi  həbsə,  qırğına 
başlamışdılar.... 
Azər müəllim o ağrılı günləri belə xatırlayır: -Ailəmizi həbs edəndən sonra 
bizi  Gəncəyə  apardılar.  Düz  bir  ay  Gəncə  həbsxanasında  qaldıq.  Sürgünə 
göndərilənlər  çox  olduğundan  biz  növbə  gözləyirdik.  Nəhayət,  gəlib  sabah  yola 
düşəcəyimizi dedilər. Vəziyyətimiz yaxşı deyildi. Özümüzlə demək olar ki, heç nə 
götürməmişdik.  Başqa  ailələrə  pal-paltar,  yorğan-döşək  götürməyə  imkan 
vermişdilər. Bizim ailəyə isə hər şey qadağan olunmuşdu. Düz 28 gün qatarda yol 
getdik.  Şəraitimiz  dəhşətli  dərəcədə  dözülməz  idi.  Hər  vaqonda  beş-altı  ailə 
gedirdi.  Qoca  nənəm  dindar  adam  idi.  Özgə  kişilərin  yanında  bayıra  çıxmamaq 
üçün düz 28 gün heç nə yemədi, elə hərdən qəndi suya batırıb sümürürdü,  aclığa 
tab  gətirsin.  Min    bir  əzablı,  əziyyətli  yol  səfərindən  sonra  gəlib  Qazaxıstana, 
Taldı-Kurqana  çatdıq.  Əvvəlcə  bizi  oradakı  bir  orta  məktəbin  siniflərinə 
doldurdular. Qazaxıstanın 40-50 dərəcə soyuğunda hamımız donurduq. Yerli qazax 
uşaqları  gəlib  maraqla  bizə  baxırdılar.  Bəzən  gətirib  çörək  də  verirdilər.  Həmin 
vaxt  ikinci  bir  ağır  zərbə  aldıq.  28  gün  çörək  yeməyən  Məryəm  nənəm  uzun 
müddətin aclığından və bizə verilən xörəyi yeyəndən sonra dünyaya göz yumdu.. 
19  yaşında  oğlu  güllələnən,  yetmiş  yaşında  anası  acından  ölən  Məmməd 
Əmin bu faciələri eşidirdimi görən? 
Şübhəsiz ki, yüzlərlə, minlərlə azərilərin başına açılan müsibətlərdən xəbər 
tuturdu.  «Həmvətənlərini  zalımların  qanlı  pəncəsindən  xilas  etmək  üçün  çırpınır, 
ayrı-ayrı  ölkələrdə  təşkilatlar  yaradır,  qəzetlər    açır,  insanlara  hürriyyət,  azadlıq 

222 
 
deyirdi». Lakin üstünə qaranlıq çökmüş yurdunun başı üzərində yenidən o 23 aylıq 
hürriyyət günəşinin doğacağına inamını itirmişdi. 
Hətta sürgündə belə çoxlarının «ərin indi  xaricdə kef sürür» 
deməyinə 
baxmayaraq, Ümbul  Banu  xanım  həyat yoldaşının gördüyü işlərin böyüklüyünə 
inanırdı.  Savadlı,  bacarıqlı  bir  qadın  olan  Ümbül  Banu  xanım  bir  dəstə  qadını 
başına toplayıb Moskvaya—Kalininin yanına şikayətə getməyə hazırlaşırdı. Lakin 
amansız əcəl imkan vermədi. 
—Anam  soyuğa  da  dözərdi,  aclığa  da.  Amma  o  qürbət  elə  gedən  gündən 
Rəsulun adı dilindən düşmürdü. «Oğlumu nahaq güllələdilər» deyib ağlayırdı. Elə 
bu dərdlə də dünyadan köçdü. 
Ananın  ölümündən  sonra  qardaşla  bacının  (Azərlə  Xalidənin)  vəziyyəti 
daha  da  pisləşdi.  Yenə  necə  olsa,  anaları  onlara  dayaq  idi,  təskinlik  verirdi,  evə 
böyüklük edirdi. İndi demək olar ki, kimsəsiz qalmışdılar. Lakin başqa yol yox idi. 
Dözüb yaşamağa məcbur idilər. 
Bir  gün  Azər  müəllimin  yaxşı  rəsmlər  çəkdiyini  bilib  məktəbə  çağırdılar. 
Düşərgənin komendantı ilə danışıb məktəbdə rəsm dərsi deməyinə icazə aldılar... 
Azər  müəllimin  sürgündə  dərs  dediyi  şagirdlərdən  biri  olan  əməkdar  elm 
xadimi,  professor Murtuz  Sadıqov hazırda  respublikada  «Vicdan komissiyası»nın 
sədri  kimi  böyük  iş  aparır,  Stalinizmin  qurbanları  olmuş  yüzlərlə,  minlərlə 
azərbaycanlıya bəraət qazandırır. 
İşlərin bir qədər yaxşılaşmağını tale yenə çox gördü Azər müəllimə. Sevimli 
bacısı  Xalidə  yoxa  çıxdı.  Bacısını  çox  axtarıb  soraqladı.  Lakin  heç  bir  məlumat  
öyrənə  bilmədi.  (Azər  müəllim  bu  günə  kimi  də  bacısının  harda  olduğunu,  yaxud 
vəfat  etdiyini  öyrənə  bilməyib.  Bəlkə  oxuculardan  bu  haqda  kimsə  məlumat  verə 
biləcək?  Məmməd  Əminin  bu  didərgin  övladlarını—qardaş  ilə  bacını  50  ildən 
sonra görüşdürəcək?) 
Azər  həyatda  tək-tənha  qalmışdı.  Atası  isə  uzaq  ellərdə  yurduna  azadlıq 
günəşi  gətirmək  üçün  çırpınır,  «Azərilərin  yanıq  ürəklərinə»  xoşbəxtlik  toxumu 
səpmək arzusu ilə alovlanırdı. 
Qaldığı yerin qonşuluğuna Naxçıvandan bir ailə sürgün olunmuşdu. Ailənin 
cavan qızı Şölənin səmimiliyi, sadəliyi diqqətini cəlb etmişdi, söz-söhbətdən sonra 
razılığa gəlib ailə həyatı qurdular. Ramiz adlı bir oğlu oldu. 
1942-ci ildə Azər müəllimi cəbhəyə göndərdilər. 
Müharibədən  sonra  yenidən  Qazaxıstana  gəldi.  Sonra  ikinci  oğlu  dünyaya 
göz  açdı.  Ailə  həyatı,  iki  sevimli  övladı  başına  gələn  faciələri  az  da  olsa 
unutdururdu ona. Lakin... 
Tale  insandan  üz  döndərəndə  çətin  barışır.  Ağrı-acı  insanın  ömrünə  ayaq 
açanda bu  vərdişindən asanlıqla  əl çəkmir. Sanki çəkdiyi  müsibətlərin zülmündən 
könül rahatlığı tapır. Səni belə «yavaş ölümlə» son mənzilə tələsdirir. 
...Tale  yenə  güzaranına  balta  çaldı  Azər  müəllimin.  Həyat  yoldaşı  Şölə 
vaxtsız-vədəsiz dünyadan  köçdü.. 

223 
 
1953-cü  ilin  martında  Stalin  öləndə,  o  da  başqaları  kimi  ağlayıb  göz  yaşı 
tökdü. Stalinin onların başına açılan oyunlardan xəbəri olmadığına inanırdı. 
1956-cı  ildə  qəribə  hadisə  baş  verdi.  Onu  Dövlət  Təhlükəsizliyi  orqanına 
çağırıb dedilər: «Xəbərin varmı ki, atan Məmməd Əmin Rəsulzadə Türkiyədə vəfat 
edib?» 
Əvvəl tutulmuşdu bu  xəbərdən. Sonra  ona  dikilən qəribə  ifadəli baxışların 
marağını, məqsədini bilib demişdi: 
—Mən  indi  onun  ölməyinə  sevinirəm.  Onun  ucbatından  qardaşımı  
güllələdilər. Anam, nənəm dözə bilməyib dünyadan köçdülər, bacım  itkin  düşdü, 
indiyədək harda olduğunu da bilmirəm. Evimiz, eşiyimiz dağıldı... 
—  Demək  atanın  ölümünə  sevinirsən?  —  DTK  əməkdaşı  bir  də  təkrar 
soruşmuşdu. 
Bu dəfə suala cavab vermədi. DTK əməkdaşı da deyəsən verdiyi sualın — 
atanın  ölümünə  sevinib,  kədərlənməyin—lazımsız  cəfəngiyyat  olduğunu  hiss 
etmişdi. 
Bu  cəhənnəm  otağından  çıxıb  sıxıntılı  adamlardan  yaxa  qurtaranda 
rahatlıqla  nəfəs  almışdı.  Yol  boyu  isə  eşitdiyi  sözləri  xatırlayıb  düşünmüşdü; 
«Demək  o  da  dünyadan  köçdü.  Görəsən,  bizi  yadına  salırdımı  heç?  Bilirdimi 
başımıza  gətirilən  oyunları?  Hamısı  onun  ucbatından  oldu.  Onun  adına  görə  bizi 
belə günə qoydular. Yazıq anam bir dəfə də ondan gileylənmədi: Elə hər dəfə söz 
düşəndə  «atanız düz iş görür» deyirdi.  Anamın son nəfəsinə kimi onu    müdafiə 
etdiyini eşitdimi görən? 
Azər  müəllim  bütün  yol  boyu  bu  ağrılı  sualları  vermişdi  özünə.  Atasının 
1955-ci  ildə  uzaq Türkiyədə—Ankara  şəhərində  martın  6-da  gecə  saat  on  birə  on 
beş  dəqiqə  qalanda  son  dəfə  «AZƏRBAYCAN...  AZƏRBAYCAN... 
AZƏRBAYCAN»  deyə,  həyata  göz  yumduğunu  düz  bir  ildən  sonra  eşitdi.  Azər 
müəllim o zaman atasının dünyaya göz yumanda hansı sözləri dediyini bilməmişdi. 
Ümumiyyətlə,  atası  haqqında  uzun  illər  boyu  heç  bir  həqiqəti  bilməyib.  Yalnız 
uzaqdan onun adını eşidib. Evlərində  də  çox az hallarda  atasının adını çəkirdilər. 
Babası,  nənəsi,  anası  bu  adı  həsrətlə,  məhəbbətlə  yada  salırdılar.  Sonradan  nə 
evlərində, nə sürgündə «Məmməd Əmin» adını ucadan demədilər. Bu adı dövran, 
zəmanə qorxulu bir kabusa döndərmişdi. DTK və NKVD işçiləri bu adla bağlı hər 
şeyi dəhşətlə danışıb izah edirdilər. Bu addan sanki qorxurdular, çəkinirdilər. Azər 
müəllimə  elə  gəlirdi  ki,  atası  özünü  xilas  etmək  üçün  xaricə  qaçıb.  Və  hərdən 
fikirləşirdi ki, əgər burda yaşamırsa, çıxıb gedibsə, onda bizdən, onun özündən nə 
istəyirlər? 
Azər  müəllim  çox  şeydən  xəbərsiz  idi  o  vaxt.  Bilmirdi  ki,  23  ay  azərilərin 
başı üzərində istiqlaliyyət bayrağını dalğalandırmış atası öz əqidəsindən dönməyib, 
yenə mübarizə aparır. Onun varlığı, sağ qalmağı «zülmət qartalları»nın işinə mane 
olur. Çünki o, hələ yüzlərlə, minlərlə adamın ümidgahıdır, inam yeridir. 

224 
 
Atasının  doğma  yurduna  kənardan  baxıb,  ömrünün  son  illərində  ürəyi  
parçalana-parçalana  yazdığı  sözləri  də  bilmirdi  Azər  müəllim:  «Qızıl   
totalitarizmin  istibdadı  və  mədəniyyət  dünyasından  təcrid  edilmiş  bir  halda 
yaşamaq çəkilməz bir  faciədir. Bu şərtlər altında yaratmaq isə faciələr faciəsidir. 
Sənətkar möhtac olduğu ən böyük nemətlərdən—hürriyyətdən  məhrumdur. Dünya 
ilə ilgisi kəsilmiş bir durumdadır... 
...Biz  oraya  getmərik:  buraxmazlar.  Onlar  da  buraya  gəlməzlər;    çünki  
göndərməzlər. Çünki hürriyyəti  seçəcəklərindən qorxarlar». 
Atasının  ölümündən  sonra  vəziyyətin  dəyişəcəyinə  inanırdı.  Taldı-
Kurqandan  sonra  yaşamaq  üçün  Novosibirskə  getdi.  Orta      məktəblərin    birində 
müəllim  işləməyə  başladı.  Həmin  vaxtlar  bütün  məktəbliləri  xam  torpaqlara 
işləməyə  aparırdılar.  Bir  gün  rəhbəri  olduğu  sinfin  şagirdləri  gileyləndilər  ona. 
Dedilər  ki,  bəs  işlədiyimizin  pulunu  ala  bilmirik.  Azər  müəllim  söz  verdi  ki, 
onların zəhmət haqqını mütləq alacaq. Lakin iş asanlıqla həll olunmadı. Məktəbin 
direktoru  mühasiblə  əlbir  olub  ona  maneçilik  törədir,  şagirdlərin  pulunu 
vermirdilər.  Azər  müəllim  prinsipial  olduğundan  və  şagirdlərinə  söz  verdiyindən 
işin axırına kimi  getdi. Moskvaya—Xruşşovun adına teleqram göndərdi. Tezliklə 
Moskvadan cavab gəldi: «Şagirdlərin haqqı özlərinə qaytarılsın». 
Şagirdlər çox sevinirdilər pul aldıqlarına görə. Sevimli Azər müəllimə olan 
məhəbbətləri  isə  min  qat  artmışdı.  Belə  prinsipiallığına  görə  bütün  müəllim 
kollektivinin  də  ona  qarşı  hörməti  artmışdı.  Tezliklə  yığılıb  pedaqoji  şuranın 
iclasını keçirdilər. İslasda məktəbin direktorunu və  mühasibini Azər  müəllimdən  
üzr istəməyə məcbur etdilər.  
Novosibirskdə  işləri   pis  getmirdi. Amma   doğma Azərbaycan intəhasız 
bir  qüvvə  ilə  onu  özünə  çəkirdi.  Novxanıdakı  bağları,  mavi  Xəzər,  gözəl  Bakı 
göynək bir xatirə kimi qəlbində yaşayırdı. 
Uzun  illərin  ayrılığından  sonra  Xəzərlə  olan  ilk  görüşünü  də  unutmayıb 
Azər    müəllim.  Xəzərin      mavi  sularını  görəndə  özünü  saxlaya  bilmədi.  Əvvəlcə 
əyilib  torpaqdan  öpdü,  sonra    elə    paltarlı    halda    özünü  suların    qoynuna  atdı. 
Kənardan  baxanların  çoxu  onun  qəribə  hərəkətinə  təəccüblənmişdi.  Amma 
bilməmişdilər  ki,  torpağı  belə  qucaqlayıb  öpən,  Xəzərin  sularını  bağrına  basan, 
ürəyi Vətən yanıqlı bu adam böyük bir xalqın başı üzərində azadlıq işığı yandırmış  
Məmməd Əmin Rəsulzadənin oğludur. Və  şübhəsiz ki, Məmməd Əminə yurduna 
qayıtmaq qismət olsaydı, o da belə edərdi. 
Bakıda  tamam  başqa  vəziyyətlə  qarşılaşdı.  Hiss  etdi  ki,  çoxları  onunla 
ehtiyatla  görüşür,  dayanıb  söhbət  etməyə,  danışmağa  çəkinirlər.  Bu  vəziyyətə, 
soyuq baxışlara, yad münasibətə dözüb yaşaya bilərdi, təki ona ev verəydilər. Heç 
kim  bu  işə  boyun  olmadı.  Bir  az  keçməmiş  isə  DTK-ya  çağırıb  burada 
qalmamağını, çıxıb getməyini tələb etdilər. Demək Vətəndə yaşamaq ona ömürlük 
qadağan  olunmuşdu.  Demək,  Vətən  havasını  udmaq  ona  qismət  olmayacaqdı. 
Həmin  o  ağrılı  günlərdə  həyatdan,  adamlardan,  hamıdan  ürəyi  sınmışdı.  Baş 

225 
 
götürüb üzünə heç zaman gülməyən bu Vətən torpağından tez getmək, uzaqlaşmaq 
istəyirdi. 
Bakıya sonradan, arabir gəlirdi. Amma bu gəlişlərin heç biri ona yurdunda 
qalıb yaşamaq imkanını vermirdi. 
1988-ci  ilin  noyabr  ayında,  Bakının  baş  meydanında  tonqallar  alovlananda 
Azər  müəllim  Bakıda  idi.  Demək  olar  ki,  şəhərdə  olduğu  müddətdə  hər  gün 
meydana  gəlirdi.  Azadlıq  simvolu  kimi  alovlanan  tonqallara  baxırdı.  Xalqın, 
adamların sükunət bataqlığından çıxdığını görüb sevinirdi. 
1990-cı  ilin  ilk  aylarında  adına  məktublar, teleqramlar gəlməyə başladı. 
Məktublarda,  teleqramlarda  hamı  ona  uzun  ömür,  cansağlığı  arzulayır,  atası 
Məmməd Əminlə fəxr etdiklərini bildirirdilər. 28 may  münasibəti  ilə  çoxları onu 
təbrik edirdi.  
Azər müəllim həmin məktubları, teleqramları əziz bir yadigar kimi saxlayır. 
Sonra  Azər  müəllimə  Bakıda  Demokratik  hökumətlə  əlaqədar  görülən   
işlərdən  danışıram,  köhnə  parlament  binasında,  İçərişəhərin  girəcəyində  atası 
Məmməd Əminin böyük şəklinin asıldığını  söyləyirəm.  Təəccüblə soruşur:  
— Yaxşı, bütün bu işləri görən kimdir?  
— Xalqdır, camaatdır, - deyirəm. 
Azər  müəllim  susur.  Gözlərində  təəccüblü  bir  işığın  dolaşdığını  görürəm. 
Sonra qəribə tərzdə deyir: 
—Əgər  belə  qocalmasaydım,  mən  də  xalq  üçün  bir  iş  görərdim. 
Vətənimizin başı qeylü-qaldan xilas olacaqmı? 
Azər  müəllimə  baxıram.  Və  birdən  mənə  elə  gəlir  ki,  qarşımda  oturan    bu  
ağsaçlı    qoca  Azər    müəllim  deyil,  ruhuna  həmişə  alqışlar  dediyimiz  Məmməd 
Əmin Rəsulzadədir. 
Sonra  Azər  müəllimi  Bakıya  dəvət  edir,  bütün  camaatın,  xalqın  onu 
arzuladığını bildirirəm. 
—Bəlkə gəlib Bakıda yaşayasınız?  
Qəribə halda üzümə baxır:  
—Bakıda mənə ev verərlərmi? 
Susuram  və  Azər  müəllimin  bu  sualına  cavab  vermirəm,  keçirəm  başqa 
söhbətə.  Amma  beynimdə  bir  sual  dolaşır:  53  il  qürbətdə  yaşamaq 
məcburiyyətində  qalmış  Məmməd  Əmin  Rəsulzadənin  70  yaşlı  oğlu  Azərə, 
görəsən Bakıda ev verərlərmi? 
...Aydın  bir  Karaqanda  gecəsində  ayrılırıq.  Hər  ikimizin  gözləri  dolub. 
Mehribanlıqla qucaqlaşırıq. Doluxsunmuş halda: 
—Yaxşı yol: - deyir.—Sağ ol, gəlib camaat içində başımı uca elədin, məni 
göylərə qaldırdın. 
...Maşına  minib,  aeroporta  gedirəm.  Bir  az  getmiş  maşının  pəncərəsindən 
dönüb  geri  baxıram.  Uzaqdan  ayın  işığında,  yolun  düz  ortasında  dayanmış  Azər 

226 
 
müəllimi  görürəm.  Düşünürəm    ki,  atası  Məmməd  Əmin  Rəsulzadə  də  düz  35  il 
qürbətdən Vətənə belə həsrət içində dayanıb baxıb. 
...Bakı aeroportunda isə ilk gözümə  görünən tanklar, əli avtomatlı əsgərlər 
oldu. 
 
LAHICDA ĠKĠ GÜN 
 
Lahıca gedirəm. Onun burada  keçən günləri ilə bağlı söhbətlər eşitmişəm. 
Bəzən dolaşıq məlumatlar da deyilir. Hər  şeyi öyrənmək istəyi ilə Lahıca gedirəm. 
Lahıcda  ümid bəslədiyim oranın qocalarıdır. Eşitdiyimə  görə  çoxlu  yaşlı adamlar 
yaşayır Lahıcda. 
«Lahıc  gözəl  və  mənzərəli  bir  yerdə  yerləşir.  Hər  yanı  dağlıq,  meşəlikdir. 
Gözəlliyindən  doymaq  olmur.  Lahıcda  ən  çox  ürəyimə  yatan  adamların  qədim 
dədə-baba  adətini  qoruyub  saxlamağıdır.  Elə  Lahıcın  girəcəyindən  burada 
ötənlərimizin  ab-havasının  yaşadığını,  hələ  qaldığını  hiss  edirsən.  Lahıc  həm  də 
gözəl  misgərlik  sənətini  yaşadan  torpaqdır.  Lahıclılar  qonaqpərvər,  mehriban 
camaatdır. 
Yetmiş  il  bundan  əvvəl  qonaqpərvər  lahıclıların  qapısını  bir  adam  döyüb. 
Lahıc camaatı onu da qonaq kimi qəbul edib göz üstə saxlayıblar. 
İndi  Lalıcda  kiminlə  söhbət  edirəmsə,  hamı  onun  Vətəni  işğal  ediləndən 
sonra gəlib burda sığınacaq tapmağından  səmimiyyətlə danışır. Hətta haqlı olaraq 
iftixar  hissi  keçirirlər  ki,  Məmməd  Əmin  Rəsulzadə  məhz  onların  yurduna  etibar 
edib gəlib. 
Lahıcın  qocalarını—onu  görən,  evində  saxlayan  adamları  soraqlayıram.
 
Lahıcın  iki  sakini—Haqverdi  və  Qurbanəli  bu  işdə  böyük  köməklik 
göstərirlər. 
Lahıcın qocaları ötən illərin xoş xatirəsini həvəslə, məhəbbətlə danışırlar. 
Aqil Həsənov, 96 yaşında: 
—«Zəvərə»  məscidində  idik.  Camaat  toplaşmışdı    ora. Mən də  «Təkyə» 
çayı aparmışdım məscidə. Məşədi Səlim dedi ki, bizim evə də gətir. Mən padnosa 
qoyub o çaydan Məşədi Səlimgilə də apardım. Məşədi Səlim qabaqda gedirdi. Mən 
isə  arxada.  İçəri  girəndə  gördüm  ki,  otaqda  iki  nəfər  səliqəli  geyimli,  yaraşıqlı 
qonaq  var.  Bizim  yerin  adamına  oxşamırdılar.  Amma  onlardan  biri  elə  xoş 
görünüşlü, nurlu simalı, yaraşıqlı idi ki, adam valeh olurdu. Yaman əntiqə kişi idi. 
Üzündən  nur  yağırdı...  Sonradan  öyrəndim  ki,  həmin  adam  Məmməd  Əmin 
Rəsulzadə imiş. 
Sona Ələkbərova, 75 yaşında: 
Balaca  uşaq  idim.  Getmişdim  Məmməd  Sadıq  dayımgilə.  Məmməd  Sadıq 
Məmməd Əmin Rəsulzadənin dostu Ağabalanın qardaşıdır. Camaat ona «ərəbəmi» 
deyirdi.  Məmməd  Sadıq  dayımgilin  orta  evlərinin  qapısı  həmişə  bağlı  olardı.  Bir 
dəfə  xəlvətcə  deşikdən  baxıb  gördüm  ki,  lampa  yanır,  içəridə  də  adam  var.  Elə 

227 
 
qapını  açmaq  istəyirdim  ki,  dayı  arvadım  gəlib  qoymadı.  Dedi  ki,  açma,  orda 
əjdaha var. Dedim axı içəridə lampa yanır. Dedi ki, o da əjdahanın gözüdür. Sonra 
otaqdan  çıxıb  bir  müddət  də  zirzəmidə  qalıblar.  Sonradan  bildim  ki,  o  adam 
Məmməd Əmin Rəsulzadə imiş. 
Manaf Süleymanov, yazıçı, 80 yaşında: 
—  Bir  dəfə  anamla  getdik  nənəmgilə.  Bir  az  oturub  çay  içəndən    sonra 
otaqdan    səs  eşidildi.  Mən    həmin    səs  gələn  qonaq  otağına  getmək  istədim.  
Nənəm qoymadı. Anama da acıqlandı. Biz xudahafizləşib gedəndə nənəm  arxadan 
darvazanı  qıfılladı.  Malik  adında  bir  dayım  vardı.  Sonralar  nənəmə  zarafatla 
deyərdi:  «Əgər  pul  verməsən  Məmməd  Əmin  Rəsulzadəni  evinizdə  gizlətdiyinizi 
deyəcəyəm». 
Münəvvər İsmayılova, 84 yaşında: 
—  O  zaman  təxminən  on  üç  yaşım  vardı.  Axşam  vaxtı  Məşədi  Əliabbas 
evimizə gəlib dedi ki,  Kəblə Sultan  (dayımın  adıdır), evimdəki qonaqları satıblar, 
gəlib  tuta  bilərlər.  Gətirmişəm  sizdə  qalsınlar.  Beş  gün  qaldılar  bizdə.  Az 
keçməmiş  tutulmaq  xəbərini  eşitdik.  Sonradan  dayım  gəlib  dedi  ki,  evimizdəki 
qonağı  Stalin  özüylə  aparıb.  Qonağın  Məmməd  Əmin  Rəsulzadə  olduğunu 
sonradan öyrəndim. 
Dayımı onu gizlətməyinin üstündə iki ilə kimi incitdilər. 
 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin