Azərbaycanın Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi Layihəsi


Ətraf mühitin mühafizəsi haqqında Qanun



Yüklə 87,01 Kb.
səhifə4/4
tarix01.01.2017
ölçüsü87,01 Kb.
#4029
1   2   3   4

Ətraf mühitin mühafizəsi haqqında Qanun. Qanunun bir maddəsi (maddə 69) fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonalarının elan edilməsi qaydalarına həsr olunmuşdur. Burada müəyyən edilir ki, təbii fəlakətlər, böyük ekoloji və başqa qəzalar baş verdikdə, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının ayrı-ayrı ərazilərində fövqəladə ekoloji vəziyyət tətbiq edilir.

Ekoloji fəlakət zonalarının sərhədlərinin müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.



Ekoloji təhlükəsizlik haqqında Qanun. Qanun bütün maraqlı tərəflərin (subyektlərin) öz fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Sənədin məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir.

Qanunun tələbinə əsasən (maddə 11) ətraf mühitə təhlükəli təsirlərin nəticələrinin aradan qaldırılmasına dair fəaliyyətin əlaqələndirilməsini və bu fəaliyyətin həyata keçirilməsi üzrə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hazırda bu orqan Fövqəladə Hallar Nazirliyidir (ETSN iştirakı ilə). Təhlükəli ekoloji vəziyyət zonalarında ətraf mühitin bərpasına dair tədbirlər üstün qaydada həyata keçirilir.



Su təchizatı və tullantı suları haqqında Qanun. Qanunda müəyyən edilir ki, mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin etibarlı fəaliyyətini və inkişafını təmin etmək, təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq məqsədi ilə su təchizatı və kanalizasiya müəssisələrinə dövlət yardımı göstərilə bilər.

Qanunun 11-ci maddəsi Qanunun predmeti çərçivəsində fövqəladə hallar zamanı fəaliyyəti müəyyən edir. Fövqəladə hallar dedikdə böyük miqyaslı qəzalar, təbii fəlakətlər nəzərdə tutulur ki, onlar aşağıdakı nəticələrə gətirə bilər:

a) su təchizatı və tullantı suları axıdan qurğuların işinin ciddi şəkildə pozulmasına;

b) əhalinin hamısının və ya əksər hissəsinin mənafeyinə toxunan maddi zərər, dağıntı və insan tələfatına, yaxud fövqəladə ekoloji böhrana.

Fövqəladə hallar baş verdiyi zaman müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müvafiq su təchizatı və kanalizasiya müəssisəsi, bələdiyyə birgə fəaliyyət göstərirlər. Müvafiq icra hakimiyyəti orqanı fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar su təchizatı və kanalizasiya müəssisələri tərəfindən çəkilmiş xərclərin ödənilməsi məqsədi ilə dövlət vəsaiti ayırır.



Şəhərsalma və Tikinti Məcəlləsi. Məcəllənin 11-ci maddəsinə əsasən, tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatı və ya təbiət hadisələrindən (daşqından) qorunmaya təhlükə yaradarsa, tikinti niyyətinin həyata keçirilməsinə yol verilmir.

21-ci maddədə sel və daşqın kimi təbiət hadisələrindən qorunmanı təmin etmək üçün nəzərdə tutulmuş ərazilər (məsələn, çay sahillərində və s.) ümumi planlarda nəzərdə tutula bilər.

Məcəllənin 22-ci maddəsi baş planda su əraziləri, limanlar və su təsərrüfatı üçün nəzərdə tutulmuş ərazilər, eləcə də daşqından qorunmaq və suyun axınını tənzimləmək üçün boş saxlanılmalı olan ərazilər nəzərdə tutula bilər.

23-cü maddənin 2-ci hissəsinə əsasən, su əraziləri, eləcə də su təsərrüfatı, daşqından qorunmaq üçün qurğuların yerləşdirilməsi və suyun axınını tənzimləmək üçün ərazilər (əgər bu məsələlər digər qanunvericilik aktları ilə həll olunmayıbsa) tikiləcək obyektin müfəssəl planında nəzərdə tutula bilər.



Torpaq Məcəlləsi. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi, ilk növbədə Torpaq Məcəlləsi torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə, torpaq üzərində hüquqların müdafiəsinə, torpaqlardan səmərəli və davamlı istifadə, onların sistemli mühafizəsi üçün lazımi şəraitin yaradılmasına, çirklənmə, eroziya və şoranlaşma nəticəsində korlanmış torpaqların münbitliyinin bərpasına və artırılmasına, torpaqların təbii mühitinin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəldilmiş hüquqi və əməli tədbirləri özündə əks etdirir.

Məcəlləyə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqların mühafizəsi sahəsində konkret tədbirlər həyata keçirməlidirlər. (maddə 34). Bunlardan biri torpaqların su və külək eroziyasından, sellərdən, subasmadan, bataqlaşmadan, təkrar şoranlaşma, kipləşmə və quraqlıqdan, istehsal və məişət tullantılarından ,kimyəvi və radioaktiv maddələrlə çirklənmədən, səhralaşma, sürüşmə, obreziya və digər dağıdıcı proseslərdən qorunmasıdır.

Məcəllənin müvafiq maddəsinə (37) uyğun olaraq, ekzogen geoloji proseslərə (sürüşmə, sel, aşınma, uçqun, tökülmə, eroziya, abraziya, deflyasiya, eol, bataqlaşma, yarğan və s.) məruz qalmış torpaq əraziləri texniki meliorasiya və yararlaşdırma (bərpa) işləri aparılanadək təsərrüfat fəaliyyəti dövriyyəsindən çıxarılır və prosesin miqyasından asılı olaraq müvafiq ehtiyat fondu torpaqlarına keçilir. Belə torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına həmin ərazilərin (sahələrin) yararlı hala salınmasından sonra müvafiq icra hakimiyyəti (Dövlət Torpaq Komitəsi) tərəfindən müəyyən edilmiş qaydada icazə verilir.

Yanğın, digər qəza və təbii fəlakət (daşqın, sel, subasma, sürüşmə və s.) hadisəsi nəticəsində tikili dağıldıqda, dağılan gündən ən geci iki il keçəndən tikilini bərpa etməyə və ya həmin sahədə yeni tikili ucaltmağa başlanarsa, həmin torpaq sahəsindən istifadə hüququ saxlanılır (Maddə 74).



Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. Ölkə Prezidenti tərəfindən təsdiqlənmiş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının (2007) “Fövqəladə idarəetmə, ətraf mühit və əhalinin sağlamlığının mühafizəsi” (4.3.10) bölməsində müəyyən edilir ki, Azərbaycanda böhranların idarə olunması və fövqəladə halların qarşısının alınması üzrə bir sıra dövlətlərlə ikitərəfli əməkdaşlıqla yanaşı çoxtərəfli əməkdaşlıq çərçivəsində NATO mexanizmləri vasitəsi ilə geniş inkişaf etdilər və ölkə bu imkanlardan fəal istifadə xəttini davam etdirəcəkdir.

Konsepsiyanın bu bölməsində eyni zamanda təsdiqlənir ki, coğrafi və geoloji şəraitin müxtəlifliyi nəzərə alınmaqla, ölkə ərazisinin təbii fövqəladə hallardan mühafizəsi ilə bağlı dağıntılara gətirib çıxara bilən amillərin, o cümlədən zəlzələlər, sellər, daşqınlar, subasmalar, sürüşmələr və palçıq vulkanlarının törədə biləcəyi fəsadlar və onların nəticələrinin aradan qaldırılması yolları dövlətin daim diqqət mərkəzindədir.



Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi Qaydaları (2004). Su Məcəlləsinə əsasən, qəbul olunmuş bu Qaydalar daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin təyin edilməsi və istifadəsi qaydalarını müəyyən edir.

Bu aktda müəyyən edilir ki, daşqın zonası - çaykənarı və ona bitişik ərazidə yerləşən və daşqın nəticəsində su basmasına məruz qalan torpaq sahəsidir. Daşqın zonasını müəyyən etmək üçün əlli ildən bir təkrarlanmaq ehtimalı olan daşqın əsas götürülür.

Daşqın zonalarının hüdudlarında sahil mühafizə zolaqları çayın daşqınının gücünə uyğun təyin edilir. Bu ərazilərdə təbiətdən istifadəyə və təsərrüfat fəaliyyətinə məhdudiyyətlər və qadağalar müəyyən edilərək onların tətbiq edilməsi xüsusi rejimə uyğun həyata keçirilir.

Daşqın zonalarının müəyyən edilməsi - çayların hidroloji, hidrokimyəvi, hidrobioloji, sanitar, ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün zəmin yaratmaqla yanaşı, onların sahilyanı ərazilərinin abadlaşdırılması üzrə görüləcək kompleks tədbirlərin normativ baxımdan tərkib hissələrindən biridir.

Daşqın zonaları və onların mühafizə zolaqlarının hüdudlarında daşqın zonası rejimi barədə əhali məlumatlandırılır və ona müvafiq olaraq hər bir zolaqda torpaqdan istifadə üzrə tövsiyələr verilir.

Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçüləri və hüdudları çayların sahil xəttinin dəyişməsi nəzərə alınmaqla, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə hallar Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçüləri və hüdudları hidrotexniki qurğuların layihələrində dəqiqləşdirilir.

Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazilərində daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçüləri və sərhədləri müvafiq dövlət orqanları tərəfindən bu şəhərlərin və yaşayış məntəqələrinin təsdiq olunmuş baş planlarına uyğun müəyyən edilir.

Daşqın zonalarının və onların mühafizə zolaqlarının layihələndirilməsi funksiyaları və layihələrin müəyyən edilmiş qaydada təsdiq edilməsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.

Daşqın zonalarının mühafizə zolaqları ölçülərinə, sərhədlərinə və istifadə rejiminə görə aşağıdakılara bölünür:

a) qadağan zolağı-çayın hər iki tərəfi boyu uzanan və iki ildən bir təkrarlanma ehtimalı olan daşqının yayıldığı ərazidir və bu ərazidə:

-hər hansı yeni tikintiyə yol verilmir;

-çay axınına maneə yarada biləcək fəaliyyət və tədbirlər qadağan edilir;

b) məhdudiyyət zolağı-qadağan zolağına nisbətən daha az təhlükəyə məruz qalır və on ildən bir təkrarlanma ehtimalı olan daşqının - yayıldığı ərazidir və bu ərazidə:

-mövcud inşaat normalarına və qaydalarına riayət etməklə (yaşayış və ictimai binalar istisna olmaqla) yeni tikililər inşa edilə bilər;

-tikililərin döşəmə səviyyəsi on ildən bir təkrarlanma ehtimalı olan daşqının səviyyəsindən (layihə ilə müəyyən edilir) ən azı 0,5 m hündür olmalı və onların beton özülü suyun gözlənilən təzyiqinə və sürətinə davam gətirməlidir;

-heyvanların çoban nəzarəti altında otarılmasına, müvəqqəti fidanlıqların yaradılmasına, meşələrin təbii bərpasına kömək tədbirlərinin görülməsinə, toxum tədarükünə və müəyyən olunmuş qaydada yabanı bitkilərin yığılmasına icazə verilir;

-yükboşaltma sahəsi və texnika üçün müvəqqəti dayanacaq yaradıla bilər;

-çay boyu su mühafizə zonasının minimum eni təmin edildikdən sonra park salına bilər;

c) xəbərdarlıq zolağı-əlli ildən bir təkrarlanma ehtimalı olan daşqının yayıldığı ərazidir və bu ərazidə hər növ təsərrüfat və tikinti fəaliyyətinə yol verilir. Əhali daşqının bu əraziyə nadir hallarda da olsa, yayılması ehtimalı haqqında məlumatlandırılır.

Məhdudiyyət və xəbərdarlıq zolaqlarında layihələndirmə və inşaat işləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilir.

Daşqın zonalarının hüdudlarında tikinti-quraşdırma işləri həyata keçirilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilmişdir:

uzunluğu 10 km-dək olduqda - 50 m;

uzunluğu 10 km-dən 50 km-dək olduqda - 100 m;

uzunluğu 50 km-dən 100 km-dək olduqda - 200 m;

uzunluğu 100 km-dən 200 km-dək olduqda - 300 m;

uzunluğu 200 km-dən 500 km-dək olduqda - 400 m;

uzunluğu 500 km-dən artıq olduqda - 500 m.

  Daşqın zonalarında çayların axın rejimini nizamlamaq və daşqın zərərlərini azaltmaq məqsədilə hər il çay məcralarında nizamlama və sahilbərkitmə işləri aparılır.

Ölkənin müxtəlif bölgələrində daşqın zonalarına aid ərazilərdə hidroloji, topoqrafik və torpaqdan istifadə etmə xüsusiyyətləri fərqləndiyinə görə, bu Qaydalar yerli idarəetmə orqanlarının nəzarəti altında həyata keçirilir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ölkə üzrə daşqın və sel ehtimalı yüksək olan ən təhlükəli çayların siyahısını tərtib edir və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər.

Sel, daşqın, subasma, torpaq sürüşməsi və digər bu kimi təbii fəlakət hadisələrinin idarə olunması sahəsində maraqlı tərəflər. Azərbaycanda baxılan mövzu ilə bağlı bir neçə dövlət orqanları maraqlı tərəflərdir. Ölkədə fövqəladə hallar, o cümlədən sel, daşqın, subasma və torpaq sürüşməsi ilə bağlı əsas dövlət orqanı Fövqəladə Hallar Nazirliyidir. 2011-ci ilin fevralında Nazirliyin tərkibində Su Ehtiyatları Dövlət Agentliyi yaradılmışdır.

Hazırda fövqəladə halların, o cümlədən daşqınların, sel və subasmaların, torpaq sürüşmələrinin nəticələrinin aradan qaldırılması işləri mərkəzləşdirilmiş qaydada Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir.

Sahənin idarə olunması ilə bağlı digər milli orqanlar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, habelə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Milli Elmlər Akademiyasıdır. Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında yerli icra hakimiyyəti və bələdiyyə orqanları, QHT-lər də iştirak edirlər.


  1. Dövlət (milli) proqramlarında və Milli Fəaliyyət Planlarında su ehtiyatlarının idarə olunması məsələləri, su siyasətinə dair tövsiyələr (təkliflər)

Azərbaycanda sosial-iqtisadi inkişafa, təbii ehtiyatlardan, o cümlədən su resurslarından istifadəyə, ətraf mühitin mühafizəsinə dair ölkə Prezidenti tərəfindən kompleks və sahəvi dövlət proqramları və milli planlar qəbul edilmiş, bu gün onlar icra olunur. Bu proqramlar aşağıdakılardır:

2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı, 15 sentyabr 2008-ci il, № 3043 (II Proqram);

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı, 14 aprel 2009-cu il, № 80 (II Proqram, III Plan hazırlanmaq üzrədir);

2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı, 25 avqust 2008-ci il, № 3004 (II Proqram);

2006-2010-cu illər üzrə Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Fəaliyyət Planı, 28 sentyabr 2006-cı il, № 1697 (II Plan hazırlanmaq üzrədir);

Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram, 18 fevral 2003-cü il, № 1152 (əvvəlki Milli Fəaliyyət Planı 1998-ci ildə qəbul edilmişdir);

Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram, 18 fevral 2003-cü il, № 1152;

Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı, 22 may 2004-cü il, № 222;

Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı, 21 oktyabr 2004-cü il, № 462 (II Dövlət Proqramı hazırlanır);

Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı, 6 aprel 2010-cu il, № 838 (II Proqram);

Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı, 24 mart 2006-cı il, № 1368.

Dövlət proqramları və milli planların hamısında sosial-iqtisadi inkişaf və ətraf mühitin mühafizəsi məsələləri ilə yanaşı, ölkənin təbii sərvətlərindən, ilk növbədə su ehtiyatlarından, torpaq və meşə sərvətlərindən səmərəli istifadə, onların dayanıqlı idarə olunması, səhralaşmaya və iqlim dəyişmələrinə qarşı mübarizə, torpaqların və meşələrin deqradasiyasının, suların çirklənməsinin həcminin azaldılması, sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlər öz əksini tapır.


Hesabatın davamı veriləcəkdir.
Yüklə 87,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin