Azərbaycanın Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi Layihəsi


Su ehtiyatlarının idarə edilməsinin institusional çərçivəsi (maraqlı tərəflər)



Yüklə 87,01 Kb.
səhifə3/4
tarix01.01.2017
ölçüsü87,01 Kb.
#4029
1   2   3   4

Su ehtiyatlarının idarə edilməsinin institusional çərçivəsi (maraqlı tərəflər)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) özünün Əsasnaməsi ilə müəyyən edilən qaydada ölkədə su sektoru, sel, daşqın, subasma, torpaq sürüşməsi və digər bu kimi təbii fəlakətlərin idarə olunması ilə bağlı lazımi səlahiyyətlərə malik olmaqla bu sahədə müvafiq vəzifələr həyata keçirir. Bunlar:

-öz səlahiyyətləri daxilində su obyektlərinin istifadəsi və mühafizəsi üzrə dövlət proqramları hazırlamaq, onların icrasını təmin etmək;

-hidrometeorologiya xidmətini təşkil etmək, hidrometeoroloji müşahidələrinin ayrılmasını, proqnozlar hazırlanmasını və məlumatların yayılmasını təmin etmək;

-fövqəladə ekoloji və geoloji şəraiti, ekoloji və geoloji fəlakət zonalarını müəyyən etmək və bu sahədə müvafiq dövlət tədbirlərini həyata keçirmək;

-hidrometeoroloji və digər geofiziki proseslərdən əhaliyə və iqtisadiyyata dəyə biləcək mümkün ziyanın azaldılması və tənzimlənməsi məqsədilə bu proseslərə aktiv təsir tədbirlərini təşkil etmək və aparmaq;

-ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına rəy vermək;

-quruda, su hövzələrində (obyektlərində), yerin təkində və atmosferdə çirkləndirici maddələrin yayılması üzrə müşahidələr və təhlillər aparmaq;

-su çıxarmaq üçün istismar quyularının qazılması və yeraltı sulardan istifadə qaydalarının, o cümlədən ekoloji tələblərə uyğun olaraq yeraltı və yerüstü təbii suların istifadəçilərə verilməsi, istifadəçilərdən geri qəbul edilməsi və təkrar istifadəyə verilməsi qaydalarını və şərtlərini müəyyən etmək, bunlara nəzarət etmək;

-öz səlahiyyətləri daxilində Kür, Araz çaylarının hövzələri, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə məlumatların təhlili əsasında su təsərrüfatı balanslarını, su ehtiyatlarından kompleks istifadənin və onların mühafizəsinin perspektiv sxemlərini hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;

-Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının ölçülərini, sərhədlərini və istifadəsi rejimini müəyyən etmək;

-hidrometeoroloji proseslərə, iqlimə, təbii mühitə antropogen fəaliyyətin təsirini təhlil etmək və onun mənfi nəticələrinin aradan qaldırılması üzrə tövsiyələr işləyib hazırlamaq;

-təbii hadisələr və qəzaların operativ şəkildə ləğv edilməsi məqsədi ilə təhlükəli, təbii hidrometeoroloji hadisələrin fövqəladə hallara gətirib çıxaran, yaxud əhali və iqtisadiyyat üçün təhlükə törədən və dağıntılarla nəticələnən ətraf mühitin ekstremal çirklənməsinin qarşısının alınması üzrə mövcud üsul və metodları vaxtaşırı olaraq təkmilləşdirmək;

-su anbarlarından kompleks istifadə edilməsi qaydalarının hazırlanması zamanı ekoloji tələblərin nəzərə alınmasına dair təkliflər vermək və icra olunmasına nəzarət etmək və s.

Nazirliyin tərkibində su obyektlərinin, torpaqların qorunması və səmərəli istifadəsinə nəzarət edən Ekologiya və təbiətdən istifadə siyasəti şöbəsi, Ətraf mühitin mühafizəsi idarəsi, Milli Hidrometeorologiya Departamenti, regional ərazi şöbələri və digər qurumlar fəaliyyət göstərir.



Fövqəladə Hallar Nazirliyi (FHN) özünün Əsasnaməsi ilə müəyyən edilmiş qaydada ölkədə sel, daşqın, subasma, torpaq sürüşməsi və digər bu kimi təbii fəlakət hadisələrinin idarə olunması sahəsində lazımi, səlahiyyətə malikdir və müvafiq vəzifələr həyata keçirir. Nazirlik:

-mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan və təbii fəlakətlərdən qorunması, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması, bu cür halların qarşının alınması və nəticələrinin aradan qaldırılması sahəsində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir;

-mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan və təbii fəlakətlərdən qorunması, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması, bu halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində vahid dövlət sistemi çərçivəsində mərkəzi (Nazirlik, komitə, agentlik) və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətlərini əlaqələndirir;

-baxılan sahə ilə bağlı Milli Konsepsiya layihəsini, əhalinin və ərazilərin fövqəladə hallar və təbii fəlakətlər barədə xəbərdar edilməsi üzrə monitorinq, proqnozlaşdırma və digər qabaqlayıcı tədbirlər, belə halların nəticələrinin aradan qaldırılması və mülki müdafiənin vəziyyəti haqqında illik dövlət hesabatını, sahə ilə bağlı əsas tədbirlərin illik planlarını, sözügedən monitorinq və proqnozlaşdırmanın həyata keçirməsi sistemi və qaydalarını, dəyən zərərin qiymətləndirilməsi metodikasını hazırlayır.

-fövqəladə hallar və təbii fəlakətlər baş verən yerlərdən əhalinin evakuasiya (təxliyəsini), xilasetmə işlərini və təcili tibbi xidmətin göstərilməsini, müvafiq dövlət orqanları ilə birlikdə fövqəladə və tibbi fəlakət zonasında qalmış əmlakın mühafizəsini, sanitar –epidemioloji durumunu və ictimai asayişin təmin edilməsini, əhalinin köçürülməsini (ekomiqrasiyanı) təşkil edir;

-aidiyyatı icra hakimiyyəti orqanları ilə birlikdə əhalinin və təsərrüfat obyektlərinin fövqəladə hallardan və təbii fəlakətlərdən müdafiəsi tələbləri nəzərə alınmaqla ölkə ərazisində məskunlaşma və şəhərsalma işlərinin baş planının işlənib hazırlanmasında iştirak edir, geoloji və hidrogeoloji xarakterli fəlakətlərdən müdafiə qurğularının salınmasının baş sxeminin işlənib hazırlanmasını təşkil edir;

-məskunlaşmış və ya məskunlaşdırılması nəzərdə tutulan ərazilərin fövqəladə hallardan və təbii fəlakətlərdən mühafizəsi üçün tədbirlərin hazırlanmasını təşkil edir və həyata keçirilir;

-daşqın və subasma zonalarını, müəyyənləşdirmək və sahilbərkitmə işlərini həyata keçirmək məqsədi ilə onların mühafizə oraqlarının layihələndirilməsini təşkil edir və tikintisinə nəzarəti təmin edir;

-fövqəladə halların və təbii fəlakətlərin proqnozlaşdırılması, qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin operativ məlumatlandırılması və digər kompleks tədbirlərin həyata keçirilməsi üçün kütləvi istifadə olunan avtomatlaşdırılımış elektron informasiya sisteminin yaradılmasını təmin edir.

Nazirliyin tərkibində Su Ehtiyatları Dövlət Agentliyi, Dövlət Sularda Xilasetmə Xidməti, Mülki müdafiə hissələri, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Təcili Xilasetmə Xidməti, Regional mərkəzlər, digər ixtisaslaşmış qurumlar fəaliyyət göstərir.



FHN-nin Su Ehtiyatları Dövlət Agentliyi (SEDA) Əsasnaməsinə əsasən balansında olan dövlət əhəmiyyətli su anbarının etibarlı mühafizəsini təmin edir, ölkədə su anbarlarının texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirir, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparır, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsini həyata keçirir. Nazirliyin digər struktur bölmələri və müvafiq dövlət orqanları ilə birlikdə su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin fövqəladə hallardan qorunmasında, qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında iştirak edir.

Agentliyin:

-təbii fəlakət və qəza nəticəsində zədələnmiş və ya dağılmış su təsərrüfatı obyektlərinin bərpa olunması, suların zərərli təsirinin qarşısının alınması üçün təkliflər hazırlamaq;

-su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının layihələndirilməsi və dəyən zərərin aradan qaldırılması məqsədi ilə aparılan tikinti bərpa işlərinin sifarişçisi funksiyalarını həyata keçirmək, bu cür layihələrin müəyyən olunmuş qaydada təsdiq edilməsi, habelə su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının suqoruyucu nişanlarla müəyyənləşdirilməsi işlərini təşkil etmək;

-su anbarları üzrə su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsi rejiminin müəyyən olunmasında iştirak etmək;

-su obyektləri üzrə xüsusi suburaxma, çaylardan sel və daşqın sularının axıdılma və su anbarlarının doldurulub-boşaldılma rejimlərinin müəyyən edilməsində iştirak etmək;

-müvafiq dövlət orqanları ilə birlikdə su ehtiyatlarının idarə edilməsi sisteminin yaxşılaşdırılması, daşqınların baş verməsi ilə bağlı xəbərdarlıq edilməsi və qarşısının alınması tədbirlərində iştirak etmək kimi qanunvericiliklə müəyyənləşdirilən vəzifələri vardır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC layihənin əhatə etdiyi məsələlərlə bağlı Nizamnaməsi ilə müəyyən olunan aşağıdakı vəzifələri həyata keçirir:

-öz səlahiyyətləri daxilində su istehlakçılarını, su (ilk növbədə suvarma suyu) ilə təmin etmək;

-yerüstü su obyektlərinin istifadəsini, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını, mühafizəsini həyata keçirmək;

-su obyektlərindən götürülən suları müəyyən olunmuş qaydada bölüşdürmək və onlardan istifadəyə nəzarət edilməsini təşkil etmək;

-Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətinə nəzarəti həyata keçirmək;

-yerüstü su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə təklifləri və yerüstü su obyektlərinin monitorinq məlumatlarını aidiyyəti dövlət orqanlarına təqdim etmək;

-dövlət mülkiyyətində olan su obyektləri üzrə xüsusi suburaxma, çaylardan sel və daşqın sularının axıdılma və su anbarlarının doldurulub-boşaldılma rejimlərini müəyyən etmək və həyata keçirmək;

-suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər işləyib həyata keçirmək, sahilqoruyucu obyektlərin istismarını təşkil etmək;

-su obyektlərinin su mühafizə zonalarını və sahil mühafizə zolaqlarının ölçülərini, sərhədlərini və istifadəsini müvafiq dövlət orqanları (ETSN, FHN) ilə razılaşdırmaqla müəyyən etmək və təsdiq olunması üçün nazirlər Kabinetinə təqdim etmək.

Səhmdar Cəmiyyətin tərkibində Su problemləri, Hidrotexnika və Meliorasiya Elmi-Tədqiqat institutları, “Azərsutəsərrüfatlayihə” İstehsalat Birliyi, Hidrogeoloji Meliorativ Xidmət İdarəsi, rayonlarda suvarma idarələri müəssisələr, ixtisaslaşmış sahilbərkitmə və bəndatma idarəsi fəaliyyət göstərir.



Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ölkə ərazisində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirir. Komitə torpaq idarəçiliyi, səhralaşma, eroziya, sürüşmə və digər bu kimi hallara qarşı mübarizə, torpaqların müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi sahəsində kifayət qədər fəaliyyət səlahiyyətlərinə malikdir. Bunlar:

-dövlət torpaq kadastrının yaradılması, torpaqların monitorinqinin aparılması, yerquruluşunun həyata keçirilməsi üzrə işlərin və tədbirlərin təşkili, torpaq münasibətlərin hüquqi tənzimlənməsi;

-torpaq ehtiyatlarının səmərəli istifadə olunması, onların mühafizəsi, torpaqların münbitliyinin bərpası və artırılması, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində dövlət proqramlarının və tədbir planının hazırlanması və onların icrası.

-müvafiq layihələrin aidiyyəti qurumlarla birlikdə tərtib edilməsi, onların icrasının təmin edilməsi və digərləridir.

Komitənin tərkibində Yerquruluşu İnstitutu, Bakı kartoqrafiya fabriki, rayon və şəhər torpaq şöbələri fəaliyyət göstərir.

Ölkə miqyasında içməli su təchizatı və tullantı (kanalizasiya) sularının idarə olunması ilə qeyri-dövlət orqanı olan “Azərsu” ASC və onun müvafiq qurumları, törəmə müəssisələri məşğul olur.

Suların, ilk növbədə içməli suyun keyfiyyətinə dövlət nəzarətini Səhiyyə Nazirliyi, onun mərkəzi və yerli müvafiq qurumları həyata keçirir.

Azərbaycan Milli Elmlər Akademiyası tərkibində Torpaqşünaslıq və aqrokimya, İrriqasiya və Meliorasiya, Geologiya, Coğrafiya və digər elmi-tədqiqat institutları fəaliyyət göstərir. Bu elmi müəssisələr torpaqların deqradasiyası, səhralaşma, sürüşmə, su problemləri, irriqasiya və meliorasiya, palçıq vulkanları sahəsində tədqiqatlar aparır, dövlət orqanları üçün müvafiq təkliflər hazırlayırlar.

Azərbaycanın su sektorunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət orqanları arasında əlaqələndirməni və bütövlükdə sektora rəhbərliyi Nazirlər Kabineti və onun müvafiq şöbələri həyata keçirir.




  1. Azərbaycanda sel, daşqın və subasmalar, onların idarə edilməsinin mövcud hüquqi bazasının və institusional çərçivəsinin təhlili

    1. Sel, daşqın və subasma ilə bağlı ümumi məlumat və görülən işlər

Qısa xülasə: Təbii fəlakətlər sırasında əhatə dairəsinə, miqyasına və dağıdıcı təsirinə görə sellər, daşqınlar və torpaq sürüşmələri insanlar, sosial və iqtisadi sahələr üçün xüsusi ilə təhlükə törədən hadisələrdir. Dünyada təbii fəlakətlərə ən çox məruz qalan regionlardan biri olan Azərbaycanda da su ilə bağlı təbii və texnogen fəlakətlər, ilk növbədə, sel, daşqın və subasma problemi də mövcuddur. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da qlobal iqlim dəyişmələrinin nəticəsi kimi anomal hidrometeoroloji proseslərin tez-tez baş verməsi müşahidə olunur.

BMT-nin və digər beynəlxalq ekoloji qurumların məlumatlarına və hesablamalarına görə, ilk növbədə, iqlim dəyişmələrinin təsirindən Azərbaycan Respublikasında müşahidə olunan daşqınların və sellərin baş vermə tezliyi və intensivliyi 2010-cu ildə 10 il əvvəlki dövrlə müqayisədə 6 dəfə artmışdır.

Azərbaycan ərazisində mövcud olan 8350 çayın 154-ü daşqınlara meylli, onlardan 61-i daha çox təhlükəli hesab olunur. Ölkənin dağlıq və dağətəyi ərazilərinin böyük hissəsi, o cümlədən 1 milyon 500 mindən çox əhalinin məskunlaşdığı 30-a yaxın inzibati ərazinin (şəhər və rayonun) 200 yaşayış məntəqəsi, əkin sahələri, avtomobil və dəmir yolları, elektrik, qaz və su xətləri, magistral neft-qaz kəmərləri, suvarma və drenaj kanalları, müxtəlif təyinatlı hidrotexniki qurğular və digər təsərrüfat obyektləri hər il çayların daşqınlarına və sellərin zərərli təsirlərinə məruz qalır.

Sel, daşqın, subasma və torpaq sürüşmələri ilə bağlı ümumi məlumat və görülən işlər. Azərbaycan ərazisindən keçərək Xəzərə tökülən Kür və Araz kimi iri transsərhəd çaylarında, digər daşqın təhlükəsi olan dağ çaylarında daşqın və sel halları sutoplayıcı hövzələrdə qar əriməsinin və güclü yağışların birgə təsiri altında əmələ gələn və yaz-yay gursululuq dövründə nadir hallarda təkrarlanan maksimal su sərfinin keçməsi zamanı baş verir.

Onilliklərlə əvvəl və əsasən torpaqdan salınmış çayların sahil mühafizə bəndlərinin deformasiyaya uğraması, yaxud dayanıqlığını itirməsi nəticəsində daşqınların qarşısının alınmasında çətinliklərin yaranması, çay məcralarının lillənməsi səbəbindən onların suötürmə imkanlarının azalması, bəzən ciddi azalması əsas problemlərdəndir. Digər bir problem Xəzər dənizində dövrü olaraq səviyyə dəyişməsidir. Bu tərəddüdlər sahil ərazilərdə zaman-zaman subasmalara, Kür çayının deltasının lillənməsinə, müvafiq ərazilərdə yeraltı suların rejiminin dəyişməsinə səbəb olur.

Statistik məlumatlarda və hesabatlarda göstərildiyi kimi, Kür çayında baş verən irimiqyaslı daşqınlar son dövrlər 2002-2003, 2007 və 2010-cu illərdə olmuşdur. 2002-2003-cü illərdə Kür və Araz çaylarında su səviyyəsinin kəskin qalxması 7150-dən artıq ictimai və özəl tikilinin, həyətyanı və əkin sahələrinin, digər infrastruktur obyektlərin subasmasına səbəb olmuş, dəymiş zərər 60 milyon ABŞ dolları həcmində qiymətləndirilmişdir.

Kür çayında (eyni zamanda Araz çayında) 2010-cu ildə baş vermiş daşqınlar daha irimiqyaslı olmuşdur. Ölkə üzrə 27 yaşayış məntəqəsi daşqına məruz qalmış, 70 min hektar ərazi, o cümlədən Sabirabad rayonunda 43,7 min ha, İmişli rayonunda 14,8 min ha, Saatlı rayonunda 9 min ha, Hacıqabul rayonunda 2,5 min ha, Biləsuvar rayonunda 120 ha torpaq sahələri daşqın suları altında qalmış, 500-dən çox fərdi yaşayış evi uçmuş, 3200-dən çox bu cür ev qəzalı vəziyyətə düşmüş, 4500-dən artıq sayda yaşayış evinə qismən ziyan dəymiş, çoxsaylı sosial və infrastruktur obyektlər yararsız hala düşmüşdür. Daşqına məruz qalmış bu yaşayış məntəqələrinin əhalisi müvəqqəti ərazilərə köçürülmüşdür. Ölkə iqtisadiyyatına, o cümlədən sosial və infrastruktur sahəyə, əhalinin əmlakına 400 milyon ABŞ dolları həcmində zərər dəymişdir.

Daşqın, sel, subasma və torpaq sürüşmələrinin zərərli təsirlərinin qarşısının alınması, baş vermiş belə halların tez bir zamanda aradan qaldırılması, iqlim dəyişmələri nəzərə alınmaqla su ehtiyatlarından dayanıqlı istifadə, ümumilikdə ölkənin davamlı inkişafını təmin edən dövlət proqramları çərçivəsində xüsusi tədbirlər həyata keçirilir. Subasmalarla əlaqədar risk səviyyələrinin minimuma endirilməsini təmin edən belə xüsusi tədbirlərə aşağıdakıları misal göstərmək olar:

su resurslarından səmərəli istifadə, daşqın və sel sularının optimal tənzimlənməsi məqsədi ilə Kür çayı üzərində Şəmkir, Yenikənd, Mingəçevir və Varvara, Araz çayı üzərində Araz və Xudafərin su anbarlarının kaskadı tikilmiş, yenilərinin isə inşası nəzərdə tutulur;

ölkənin əsas çayları olan Kür və Araz çayları hövzələrində əhalinin və ərazilərin daşqın və sel sularından mühafizəsi üçün 1500 km-dən çox torpaq bəndlər, digər çaylarda 100 km-dən artıq daş-beton və beton sahil qoruyucu bəndlər salınmışdır (bu işlər əsasən 30-40 il əvvəl icra olunmuşdur);

”Daşqın zərərlərinin aradan qaldırılması layihəsi” (2003-cü il), “Selə qarşı tədbirlər layihəsi” (2005-2007), “Çay hövzəsi və daşqınların idarə edilməsinin planlaşdırılmasına Yardım Layihəsi” (2005-2006) həyata keçirilmişdir. Həyata keçirilən bu və digər tədbirlər ayrı-ayrı zamanlarda baş verən daşqınlar nəticəsində mümkün subasmaların müəyyən qədər qarşısını almışdır.

Hesabatı verilən bu Layihənin və “Beynəlxalq çay hövzələrində ətraf mühitin qorunması” layihəsinin icrasına başlanılmışdır.

İcra olunan bu işlər, bəndlərdə aparılan cari təmirlər, daşqınlardan dağılan sahələrin bərpası aparılsa da təhlillər göstərdi ki, 2010-cu ildə baş vermiş daşqınlara kimi bu qoruyucu bəndlər və qurğular əsaslı şəkildə yenidən qurulmalı idi.

2010-cu ildə baş vermiş məlum daşqınların əsas səbəbi təbii fəlakət olsa da, digər subyektiv səbəblər də istisna deyildir. Belə ki, Kür üzərindəki su anbarları kaskadının, ilk növbədə Mingəçevir su anbarının su rejiminin lazımi səviyyədə idarə olunmaması və tənzimlənməməsi, su kütləsinin səmərəli tənzimlənməsində Şəmkir su anbarından lazımi qədər istifadənin mümkün olmaması, bəzi ərazilərdə sahil qoruyucu bəndlərin dayanıqlığının azalması olmuşdur.

Baş vermiş sonuncu güclü daşqınlardan sonra (2010-cu il) sel, daşqın və subasmaların idarə olunmasına diqqət güclənmiş və artırılmış, lazımi hüquqi, təşkilati və praktiki tədbirlər görülmüşdür.

Azərbaycan Hökumətinin gördüyü tədbirlər və ayrılmış maliyyə vəsaitləri hesabına 2010-2012-ci illərdə Kür, Araz və Girdman çaylarının mövcud mühafizə bəndlərində, o cümlədən Kür çayı üzrə 692 km, Araz çayı üzrə 75 km, Girdman çayı üzrə 33 km, İmişli rayonundakı Sarısu gölü ətrafında 20 km uzunluğunda bəndlərin möhkəmləndirilməsi və hündürləşdirilməsi işləri aparılmışdır.

Araz çayının keçmişdə mövcud olmuş qolu istiqamətində yeni qolun salınmasına başlanılmış, bu yeni qol üzərində sugötürücü qurğu, qolun 5 km-lik hissəsi, qolun kanal və avtomobil yolu ilə kəsişməsində müvafiq hidrotexniki qurğular tikilmişdir. Sarısu gölü ətrafında müvafiq işlər görülmüşdür. Kür çayının aşağı axarında suötürmə imkanlarının artırılması üçün müasir lilsoran qurğular, avadanlıqlar, gəmilər alınıb gətirilmiş, onların fəaliyyəti təmin olunmuşdur.

Əhaliyə, iqtisadiyyatın və sosial sektorun ayrı-ayrı sahələrinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üçün dövlət tərəfindən 300 milyon manatdan çox maliyyə vəsaiti ayrılmışdır. Ayrılan bu vəsait hesabına irili-xırdalı 8 yeni yaşayış məntəqəsi (kənd və məhəllə) salınmış, burada 4 min yeni fərdi yaşayış evi tikilmiş, 8 min fərdi ev, 100-dən çox sosial və infrastruktur obyekti (məktəb, səhiyyə müəssisəsi, yollar, su, qaz xətləri, kanallar və s.) təmir edilmiş və bərpa olunmuşdur. Əmlaklarına və əkin sahələrinə dəymiş ziyana görə həmin ərazilərin sakinlərinə 20 milyon manat məbləğində kompensasiya ödənilmişdir.


    1. Sel, daşqın və subasmaların idarə edilməsinin mövcud hüquqi bazasının təhlili, institusional çərçivə

Ölkədə sel, daşqın və subasmalarının idarə edilməsi və hüquqi tənzimlənməsi müvafiq qanunlar və qanunaltı aktlarla həyata keçirilir. Bu qanunlar: Su Məcəlləsi (1997), Hidrometeorologiya fəaliyyəti haqqında Qanun (1998), Torpaq Məcəlləsi (1999), Meliorasiya və irriqasiya haqqında Qanun (1996), Ətraf mühitin mühafizəsi haqqında Qanun (1999), Ekoloji təhlükəsizlik haqqında Qanun (1999), Su təchizatı və tullantı suları haqqında Qanun (1999), Şəhərsalma və Tikinti Məcəlləsi (2012), Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Qanun (2002)və digərləridir.

Digər normativ aktlar: “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydaları (2000), “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi ” Qaydaları (2003), “Torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarəti haqqında” Əsasnamədir (2000).

Sahə ilə bağlı əsas qanunaltı normativ hüquqi akt Su Məcəlləsinə əsasən qəbul olunmuş “Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi” Qaydalarıdır (2004).

Azərbaycan layihənin əhatə etdiyi sel və daşqınlara bu və ya digər şəkildə aidiyyəti olan bir çox beynəlxalq konvensiya və sənədlərə qoşulmuşdur. Bunlar: Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki Konvensiyası (2000) və onun Su və sağlamlıq Protokolu (2002), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (1995) və onun Kioto Protokolu (2000), Ozon qatının qorunması haqqında Vyana Konvensiyası (1996), Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyası (1993), Səhralaşma ilə mübarizə üzrə BMT-nin Konvensiyası (1998), Sulu-bataqlıq yerləri haqqında Ramsar Konvensiyası (2000) və digərləridir.



Su Məcəlləsi. Məcəllə suların zərərli təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılmasının çərçivə prinsiplərini müəyyən edir (maddə 92). Burada müəyyən edilir ki, müvafiq icra hakimiyyəti orqanları və su obyektlərinin istifadəçiləri:

-daşqınların, subasmanın və su altında qalmanın;

-bəndlərin və digər qurğuların sahillərinin dağılmasının;

-torpaqların eroziyasının, bataqlaşmasının və şoranlaşmasının;

-yarğanların əmələ gəlməsinin, torpaq sürüşməsinin və çökməsinin, sel axınlarının və digər zərərli hadisələrin qarşısını almaq və onların nəticələrini aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidirlər.

Suların zərərli təsirinin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən xüsusi komissiyalar yaradılır. Həmin komissiyaların öz səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar fiziki və hüquqi şəxslər üçün məcburidir.

Ərazi vahidlərinin ərazisində daşqınlar və güclü sellər nəticəsində yaranmış qəza vəziyyətinin qarşısının alınması və aradan qaldırılması işlərinin yerinə yetirilməsini müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr təşkil edirlər.

Su obyektlərində təbii fəlakət və qəza baş verdiyi hallarda su obyektləri istifadəçiləri suların zərərli təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması tədbirlərinin aparılmasında iştirak etməlidirlər. Həmin tədbirlər müvafiq icra hakimiyyəti orqanları ilə və bələdiyyələrlə razılaşdırılmaqla aparılır.



Hidrometeorologiya fəaliyyəti haqqında Qanun. Hidrometeorologiya sahəsində dövlətin vəzifələri adlanan maddədə müəyyən edilir ki, bu vəzifələrdən biri təbii fəlakət, texnogen qəzalar və süni təsir nəticəsində yaranan fövqəladə hallarda hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələr və tədqiqatların aparılmasını, məlumatlar hazırlanmasını və müvafiq orqanlara verilməsini təşkil etməkdir. Dövlətin digər bir vəzifəsi Xəzər dənizinin (gölünün), çayların, göllərin, su anbarlarının, digər su obyektlərinin rejimini, su ehtiyatlarının vəziyyətinin öyrənilməsini təşkil etmək, dövlət orqanlarını, kütləvi informasiya vasitələrini, təsərrüfat subyektlərini, əhalini baş verəcək təhlükəli hadisələr (daşqın, sel, subasma, yüksək dalğalanma və s.) barədə məlumat və xəbərdarlıqlarla təmin etməkdir.

Meliorasiya və irriqasiya haqqında Qanun. Qanunda meliorasiya tədbirlərinin tipləri və növləri müəyyən edilir. Meliorasiya tədbirlərinin xarakterindən asılı olaraq meliorasiyanın-hidromeliorasiya, aqro-meşəmeliorasiya, mədəni-texniki meliorasiya, kimyəvi meliorasiya və digər tipləri vardır.

Meliorasiyanın növlərindən biri hidromeliorasiyadır. Hidromeliorasiya üzrə növlər: suvarma, qurutma, şoran torpaqların yuyulması, eroziyaya, sürüşməyə, daşqına, sellərə qarşı mübarizə və s.



Yüklə 87,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin