Azərbaycanın Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən
su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
Layihəsi
Su hüququ və su siyasəti Bölməsi
Azərbaycanın su (su ehtiyatlarının idarə edilməsi) qanunvericiliyinin
və bu sahədə siyasi sənədlərin təhlili
Hesabatın strukturu
-
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadənin ümumi hüquqi əsasları
-
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə ilə bağlı Azərbaycan Konstitusiyasında əksini tapan müddəalar
-
Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə sahəsində milli qanunlar və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar
-
Azərbaycanın su qanunvericiliyi
-
Su sektorunda hüquqi münasibətləri tənzimləyən əsas qanunlar və onların təhlili
-
Su Məcəlləsinin təhlili
-
Hidrometeorologiya fəaliyyəti haqqında Qanun
-
Meliorasiya və irriqasiya haqqında Qanun
-
Su təchizatı və tullantı suları haqqında Qanun
-
Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Qanun
-
Yerin təki haqqında Qanun
-
Su sektoru ilə bağlı digər qanunlar
-
Ətraf mühitin mühafizəsi haqqında Qanun
-
Torpaq Məcəlləsi
-
Meşə Məcəlləsi
-
İstehsalat və məişət tullantıları haqqında Qanun
-
Ekoloji təhlükəsizlik haqqında Qanun
-
Şəhərsalma və Tikinti Məcəlləsi
-
Ətraf mühitə dair informasiya almaq barədə Qanun
-
Su qanunvericiliyinin digər normativ-hüquqi aktları (qanunaltı aktlar)
-
Su sektoru ilə bağlı əsas Konvensiyalar
-
Su ehtiyatlarının idarə edilməsinin institusional çərçivəsi (maraqlı tərəflər)
-
Azərbaycanda sel, daşqın və subasmalar, onların idarə edilməsinin mövcud hüquqi bazasının və institusional çərçivəsinin təhlili
-
Sel, daşqın və subasma ilə bağlı ümumi məlumat və görülən işlər
-
Sel, daşqın və subasmaların idarə edilməsinin mövcud hüquqi bazasının təhlili, institusional çərçivə
-
Dövlət (milli) proqramlarında və Milli Fəaliyyət Planlarında su ehtiyatlarının idarə olunması məsələləri, su siyasətinə dair tövsiyələr (təkliflər)
-
Su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi və gücləndirilməsinə dair təkliflər
-
Bu sahədə hüquqi bazanın və institusional çərçivənin güclü və zəif tərəfləri, onun təkmilləşdirilməsi və gücləndirilməsi üçün təkliflər
-
Mövcud su qanunvericiliyi aktlarında iqlim dəyişikliyinin və onunla bağlı risklərin də nəzərə alınmasını əhatə edən məsələlərin öz əksini tapması üçün müvafiq təkliflər
-
Gələcəkdə 5 normativ hüquqi akt layihəsinin hazırlanması üçün təkliflər
-
SEİİ-nin tətbiqi üçün zəmin yaradılmasını nəzərdə tutan akta dair
-
İqlim dəyişikliklərinə uyğunlaşmanı nəzərdə tutan fəaliyyəti (funksiyanı) əhatə edən müddəanın aidiyyəti təşkilatların (dövlət qurumlarının) fəaliyyətini tənzimləyən hüquqi sənədlərə (əsasnamə, nizamnamə və s.) daxil edilməsinə dair təkliflər
-
Daşqın zonalarının statusunu müəyyən edən normativ hüquqi akta dair
-
Birgə su idarəçiliyini tənzimləyən hüquqi akta dair
-
Su və daşqınlar üzrə idarəetmə siyasəti və onun icrasında ictimai iştirakı tənzimləyən hüquqi akta dair təkliflər
-
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadənin ümumi hüquqi əsasları
-
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə ilə bağlı Azərbaycan Konstitusiyasında əksini tapan müddəalar
Bu gün qloballaşan dünyada ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələləri, o cümlədən su çatışmamazlığı, su ehtiyatlarının davamlı idarə edilməsi, sel və daşqınların tənzimlənməsi, iqlim dəyişməsi, bununla bağlı risklər, səhralaşma, torpaqların deqradasiyası, biomüxtəliflik üçün yaranan təhlükə problemləri dünya birliyinin, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu məsələlər son zamanlar daha da aktuallaşıb. Azərbaycan dövləti də bu sahələrlə bağlı hüquqi bazanın yaradılmasını və onun mütəmadi olaraq təkmilləşdirilməsini diqqət mərkəzində saxlayır.
Sözügedən hüquq sahələri qüvvədə olan ölkə Konstitusiyasında bir neçə maddə və müddəalarla öz əksini tapmışdır. Konstitusiyanın 11-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərində olan hava məkanı Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsidir. 14-cü maddədə müəyyən edilir ki, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan dövləti ölkənin təbiətini, maddi və mənəvi irsini qoruyur (maddə 16).
Konstitusiyanın ətraf mühitlə bağlı 39-cu maddəsi hər kəsin sağam ətraf mühitdə yaşamaq hüququnu təsbit etmişdir. Bu maddədə o da qeyd edilir ki, hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Dövlət ekoloji tarazlığın saxlanmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.
Konstitusiyanın 16-cı maddəsi təbiətin, ətraf mühitin mühafizəsini dövlətin vəzifəsi kimi qoyursa, 78-ci maddə onu vətəndaşın, hər bir şəxsin konstitusion borcu kimi müəyyənləşdirir.
Konstitusiyanın “Mülkiyyət hüququ” adlanan 29-cu maddəsində müəyyən edilir ki, ölkədə mülkiyyətin heç bir növünə (xüsusi, dövlət və bələdiyyə) üstünlük verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız onun dəyərini qabaqcadan ədalətli ödəmək şərti ilə yol verilə bilər.
-
Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə sahəsində milli qanunlar və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar
Konstitusiyada təsbit olunmuş müddəalara əsasən, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən (təbiətdən) istifadəni tənzimləyən qanunlar və qanunaltı normativ hüquqi aktlar qəbul edilmişdir. Bu qanunlar “Ətraf mühitin mühafizəsi haqqında” (1999), “Ekoloji təhlükəsizlik haqqında” (1999), “Atmosfer havasının mühafizəsi haqqında” (2001), “Yerin təki haqqında” (1998), Su Məcəlləsi (1997), “Su təchizatı və tullantı suları haqqında” (1999), “Meliorasiya və irriqasiya haqqında” (1996), Torpaq Məcəlləsi (1999), Meşə Məcəlləsi (1997), “Heyvanlar aləmi haqqında” (1999), “Baytarlıq haqqında” (2005), “İstehsalat və məişət tullantıları haqqında” (1998), “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” (2000), “Ətraf mühitə dair informasiya almaq barədə” (2002), “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” (2002) və digərləridir.
Bütövlükdə bu günə kimi ölkədə ətraf mühitin mühafizəsi, təbii ehtiyatlar və onlardan istifadə, o cümlədən su sektoru sahəsində 30-dan artıq qanun qəbul edilmişdir.
Azərbaycan eyni zamanda ətraf mühitin mühafizəsi, təbii ehtiyatlar və onlardan istifadəyə dair 25-dək beynəlxalq konvensiya və digər sənədlərə qoşulmuşdur.
Konstitusiyanın 148-ci (II hissə) və 151-ci maddələrinə əsasən, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, ikitərəfli və çoxtərəfli müqavilələr və digər sənədlər ölkənin qanunvericilik sisteminin tərkib hissəsidir və ölkə ərazisində milli qanunvericiliklə eyni (ayrı-ayrı hallarda üstün) qüvvəyə malikdir.
Azərbaycanın sahə ilə bağlı qoşulduğu konvensiya və digər sənədlər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (1995) və onun Kioto Protokolu (2000), Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyası (1993), Səhralaşma ilə mübarizə üzrə BMT Konvensiyası (1998), Davamlı üzvi çirkləndiricilər haqqında Stokholm Konvensiyası (2003), Ozon qatının qorunması haqqında Vyana Konvensiyası (1996) və ona dair Protokollar, BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyası (2000) və onun Kartagena Protokolu (2004), Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında Avropa Konvensiyası (1999), Bitki mühafizəsi haqqında Beynəlxalq Konvensiya (2000), Yeni bitki sortlarının mühafizəsi haqqında Beynəlxalq Konvensiya (2003), Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki Konvensiyası (2000) və onun Su və sağlamlıq Protokolu (2002), BMT-nin Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, qərar qəbul edilməsində ictimaiyyətin iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında Orxus Konvensiyası (1999) və digərləridir.
Layihənin predmeti olan sahələrin əsas qanunları Su Məcəlləsi (1997), “Hidrometeorologiya fəaliyyəti haqqında” (1998), Torpaq Məcəlləsi (1999), “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” (1999), “Torpaqların münbitliyi haqqında” (1999), “Meliorasiya və irriqasiya haqqında” (1996), “Su təchizatı və tullantı suları haqqında” (1999), “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” (2002), “Yerin təki haqqında” (1998), Meşə Məcəlləsi (1997) və digərləridir.
-
Azərbaycanın su qanunvericiliyi
-
Su sektorunda hüquqi münasibətləri tənzimləyən əsas qanunlar və onların təhlili
Azərbaycan Respublikasının Su Məcəlləsi ölkənin su qanunvericiliyinin əsas sənədidir. Məcəllə parlament tərəfindən 1997-ci il 26 dekabr tarixdə qəbul edilmiş və qanunla təsdiqlənmişdir. Sənəd Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli fərmanı ilə tətbiq edilmiş və 17 mart 1998-ci il tarixdən qüvvədədir. Məcəllənin bir neçə maddəsinə 1999-cu ildə və 2002-ci ildə düzəlişlər edilmişdir.
Su Məcəlləsində müəyyən edilir ki, ölkənin daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi Azərbaycan xalqının milli sərvəti olmaqla, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir. Məcəllə ölkədə su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir.
I fəsil. Əsas müddəalar. Bu fəslin "Əsas anlayışlar" maddəsində Məcəllədə və su qanunvericiliyinin digər normativ aktlarında işlədilən əsas anlayışların hüquqi izahatı verilmişdir. Bu anlayışlara, su obyekti, su ehtiyatları, su obyektinin istifadəçiləri, su istehlakçısı, suların zərərli təsiri və s. kimi terminlər aiddir.
Məcəllədə qeyd olunur ki, Azərbaycan Respublikasının su qanunvericiliyi sözügedən Məcəllədən, su ilə bağlı qanunlardan və onlara müvafiq olaraq qəbul edilmiş digər normativ-hüquqi aktlardan ibarətdir.
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə su obyektlərinin istifadəsi və mühafizəsi ilə əlaqədar müəyyən edilmiş qaydalar bu Məcəllədə nəzərdə tutulan qaydalara uyğun gəlmədikdə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.
Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikasının daxili suları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (su obyektləri) ölkənin su fondunu təşkil edir.
Azərbaycan Respublikasının su fondu təbiətdə yerləşməsinə, fiziki-coğrafi, inzibati-ərazi xüsusiyyətlərinə və digər əlamətlərinə görə yerüstü, yeraltı, sərhəd su obyektlərindən və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən ibarətdir.
Məcəllədə sadalanan bu obyektlərin, yəni yerüstü, yeraltı, sərhəd su obyektlərinin, Xəzərin Azərbaycan sektorunun hər biri barəsində hüquqi münasibətlər ayrı-ayrı maddələrlə verilir.
II fəsil. Su obyektləri üzərində mülkiyyət formaları. Su Məcəlləsinin bu hissəsində su təsərrüfatı obyektləri üzərində mülkiyyət münasibətləri və formaları verilmişdir. Burada göstərilir ki, su təsərrüfatı obyektləri üzərində mülkiyyət forması üçdür. Dövlət, bələdiyyə və xüsusi mülkiyyət. Hər bir mülkiyyət formasının ayrı-ayrı maddələrlə hüquqi təsnifatı verilmişdir.
III fəsil. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmə. Məcəllədə o da qeyd edilir ki, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmə prinsipləri: 1) iqtisadiyyatın inkişafı və ətraf mühitin qorunması; 2) əhalinin keyfiyyətli su ilə təchizatı; 3) su obyektlərinin idarə olunmasının hövzə prinsipinin inrzibati-ərazi prinsipi ilə uzlaşdırılması; 4) idarəetmə funksiyaları ilə su obyektlərindən istifadə və su təsərrüfatı funksiyalarının ayrılmasından ibarətdir.
Bu fəslin ayrı-ayrı maddəsində su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri, idarəetmə sistemi, bələdiyyələrin səlahiyyətləri və digər bu kimi məsələlər verilmişdir.
IV fəsil. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət tənzimlənməsi. Məcəllənin bu fəslində su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət tənzimlənməsi məsələləri öz əksini tapır. Bu hissədə su təsərrüfatı balanslarının ölkə, su hövzələri və inzibati-ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilməsi müddəası təsbit olunmuşdur.
Eyni zamanda su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri, dövlət proqramları, su obyektlərinin dövlət ekoloji ekspertizası, dövlət nəzarətinin əsas prinsipləri, sahə ilə bağlı normalaşdırmanın əsas prinsipləri Məcəllədə öz əksini tapır.
Məcəllədə dövlət su kadastrı, suların dövlət uçotu və monitorinqi ayrı-ayrı maddələrlə verilmişdir.
V fəsil. Su obyektlərindən istifadə. Sənədin bu fəslinin müddəaları bütövlüklə su obyektlərindən istifadənin əsas hüquqi normalarına həsr olunmuşdur. Burada göstərilir ki, mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, digər hüquqi şəxslər, ölkə vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər ölkə qanunvericiliyi ilə nəzərdə tutulan qaydada su obyektlərinin istifadəçiləri ola bilərlər.
O da qeyd olunur ki, su obyektlərinin istifadəçiləri müvafiq normativ-hüquqi aktlara əsasən suyu hüquqi və fiziki şəxslərin istifadəsinə verə bilərlər. Sudan istifadə qaydaları və şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri müvafiq müqavilələrlə tənzimlənir. Bu fəslin maddələrində su obyektlərindən istifadə hüququ, istifadənin növləri, istifadə hüququnun əldə edilməsi, sudan istifadə limitləri təsbit olunmuşdur.
Məcəllənin bu hissəsində müəyyən edilir ki, su obyektləri istifadəyə xüsusi razılıq, sudan istifadəyə isə müqavilələr əsasında verilir. O da qeyd edilir ki, yerüstü su obyektləri istifadəyə akvatoriya sahəsinin, su götürülməsi və tullantı sularının axıdılması yerlərinin ayrılması şərti ilə su sahəsində normativ-hüquqi aktlarla müəyyən edilən qaydada verilir. Yeraltı suların istifadəyə verilməsi bu Məcəllə və yer təki haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin və sərhəd su obyektlərinin istifadəyə verilməsi ölkə qanunvericiliyinə və Azərbaycanın tərəfdar çıxdığı ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlərə uyğun olaraq həyata keçirilir.
Su Məcəlləsində su obyektlərindən istifadənin məhdudlaşdırılması, dayandırılması və qadağan edilməsi müddəaları da öz əksini tapır.
VI fəsil. Sudan istifadə edənlərin hüquqları və vəzifələri. Burada sudan istifadə edənlərin hüquqları, vəzifələri, bu hüquqlara xitam verilməsi, dəymiş ziyanın ödənilməsi müddəaları ayrı-ayrı maddələrlə verilir.
VII fəsil. Su obyektfərindən əhalinin içməli su, məişət, müalicə-kurort, sağlamlaşdırma, istirahət və idman məqsədləri üçün istifadəsi. Su Məcəlləsinin bu fəsli su obyektlərindən əhalinin içməli su, məişət, müalicə-kurort, sağlamlaşdırma, istirahət və idman məqsədləri üçün istifadə müddəalarına həsr edilmiş, qeyd olunan sahələrin hər biri müxtəlif maddələrdə hüquqi baxımdan açıqlanmışdır.
VIII fəsil. Su obyektlərindən kənd təsərrüfatı məqsədləri üçün
istifadə. Burada əsasən suvarma suyundan, onun idarə olunmasından, istifadəsindən və digər hüquqi tənzimləmədən söhbət gedir.
Bu məsələ Su Məcəlləsinin bu fəslində çox da geniş verilməmişdir. Buna səbəb bu Məcəllənin müddəalarından irəli gələn ayrıca bir sənədin -"Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikası Qanununun mövcudluğudur. Suvarma ilə bağlı qanunvericiliyin əsas prinsipləri bu normativ aktda öz əksini tapır.
IX fəsil. Su obyektfərindən sənaye və hidroenergetika məqsədləri
üçün istifadə. Bu fəslin bir neçə maddəsi su obyektlərindən sənaye və hidroenergetika məqsədləri üçün istifadə məsələlərinə həsr edilmişdir.
Buradakı müddəalarda qeyd edilir ki, su obyektlərindən sənaye məqsədləri üçün istifadə edənlər sudan istifadə olunmasına dair müəyyən edilən limitlərə, texnoloji normalara və su təchizatı sistemlərini təkmilləşdirmək yol ilə su məsrəfini azaltmaq və tullantı sularının axıdılmasının qarşısını almaq üçün müvafiq tədbirlər görməlidirlər.
Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə iqtisadiyyatın digər sahələrinin mənafeyi nəzərə alınmaqla, habelə sulardan kompleks istifadə tələblərinə riayət olunmaqla ölkədə müəyyən edilən qaydalara uyğun həyata keçirilir.
X fəsil. Su obyektlərindən nəqliyyat ehtiyacları üçün istifadə. Məcəllənin bir neçə müddəası su obyektlərindən nəqliyyat ehtiyacları məqsədilə istifadəyə həsr edilmişdir. Burada ümumi istifadədə olan su yolları, su obyektlərindən su və hava nəqliyyatının ehtiyacları üçün istifadə qaydalarının ümumi prinsipləri öz əksini tapır.
XI fəsil. Su obyektlərindən balıqçılıq və ovçuluq üçün istifadə. Fəsil 8 maddədən ibarət olub, hər bir maddə sözügedən mövzu ilə bağlı hüquqi tənzimləmələri müəyyənləşdirir.
O da qeyd olunur ki, qiymətli balıq növlərinin, su heyvanlarının və bitkilərinin qorunması və artırılması üçün mühüm əhəmiyyətli sututarlarda və ya onların ayrı-ayrı hissələrində sudan istifadə edənlərin hüquqları balıqçılıq təsərrüfatlarının xeyrinə məhdudlaşdırıla bilər.
XII fəsil. Xüsusi qorunan su obyektlərindən istifadə. Burada xüsusi qorunan su obyektlərinin konkret tərifi və geniş təsnifatı verilir. Xüsusi qorunan su obyektlərinin suyundan istifadə prinsipləri və şərtləri müəyyənləşdirilir.
XIII fəsil. Su obyektlərindən tullantı sularının axıdılması,
yanğından mühafizə və digər məqsədlər üçün istifadə. Məcəllənin bu fəslindəki müddəalar su obyektlərindən tullantı sularının axıdılması üçün istifadə, yanğından mühafizə və digər məqsədlər üçün istifadə mövzusuna həsr edilmişdir və onların hər birinin geniş açıqlanması verilir.
XIV fəsil. Su obyektlərinin mühafizəsi. Su Məcəlləsinin bu böyük fəsli su obyektlərinin mühafizəsi məsələlərini əhatə edir. Burada suların mühafizəsinin əsas prinsipləri, su mühafizə zonaları, sanitariya mühafizə zonaları, su qoruyucu meşə zolaqları, su obyektlərinin çirklənmədən qorunması, yerüstü və yeraltı sulann mühafizəsi konkret müddəalarla öz əksini tapır.
Bu fəslin maddələrindən birində qeyd olunur ki, su obyektlərini müvafiq ekoloji tələblərə uyğun vəziyyətdə saxlamaq üçün su anbarlarından ekoloji su buraxılışı həyata keçirilir və suların bərpa edilmədən götürülməsinin həcmi müəyyən olunur.
Bir maddə su obyektlərinin bərpası və mühafizə sahəsində hövzə sazişlərinə həsr olunmuşdur. Buradaca qeyd edilir ki, su obyektlərinin bərpası və mühafizəsi sahəsində hövzə sazişləri su obyektlərinin bərpasına və mühafizəsinə yönəldilmiş fəaliyyətin əlaqələndirilməsi və birləşdirilməsi məqsədilə tərtib olunur və bağlanır.
Hövzə sazişləri, su təsərrüfatı balansları, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri, su obyektlərindən istifadə, onların bərpası və mühafizəsi üzrə dövlət proqramları və digər layihələr əsasında müvafiq icra hakimiyyəti orqanlarının təklifi ilə hazırlanır.
XV fəsil. Suların vəziyyətinə təsir edən obyektlər. Məcəllənin bu fəsli iki geniş maddədən ibarət olmaqla, suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi, layihələndirilməsi, tikilməsi, bərpası və istismara verilməsi şərtlərini əhatə edir. Buradaca belə obyektlərin istifadəyə verilməsini qadağan edən hallar müəyyənləşdirilir.
XVI fəsil. Su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsi. Sözügedən fəsildə müəyyən edilir ki, su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin əsas prinsipləri: 1) sudan pullu istifadə; 2) su obyektlərindən istifadə ilə bağlı ödəmələr; 3) su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlərin maliyyələşdirilməsidir.
Müəyyən olunur ki, bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan istifadə pulludur. Sudan pullu istifadə qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Sudan istifadə haqqı onun keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli su, texniki və ya suvarma məqsədləri üçün və digər), su obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəqledilmə üsullarından, istehsal həcminə təsir edən digər amillərdən asılı olaraq ayrı-ayrı su təsərrüfatı sistemləri və əraziləri üzrə differensiallaşdırılır.
Yeraltı sulardan istifadə haqqı müəyyən edilərkən onların axtarışına, kəşfiyyatına və ehtiyatların müəyyənləşdirilməsinə çəkilən xərclər də nəzərə alınır. Məcəllədə su obyektlərindən istifadə ilə bağlı ödəmə növləri və qaydalarının ümumi prinsipləri və istiqamətləri müəyyənləşdirilir.
XVII fəsil. Su qanunvericiliyinin pozulmasına görə məsuliyyət. Bu mövzunun bir neçə maddəsi su qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələlərinə həsr edilmişdir. Burada su qanunvericiliyini pozan vəzifəli şəxslərin və vətəndaşların qanunvericiliklə nəzərdə tutulan mülki, maddi, inzibati və cinayət məsuliyyətinin halları müəyyənləşdirilir.
Maddələrin birində özbaşına tutulan su obyektlərinin geri alınması təsbit olunur. Digər bir maddədə müəyyən edilir ki, su qanunvericiliyinin pozulması nəticəsində vurulan zərər həmin fiziki və hüquqi şəxslər tərəfindən qanunvericiliklə müəyyən edilən qaydada ödənilməlidir.
Məcəllə Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyasına əsasən su sahəsi qanunvericiliyinin ümumi prinsiplərini müəyyən edir. Bu Məcəlləyə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Məcəllənin icra mexanizmi hesab edilən çoxsaylı normativ-hüquqi aktlar-əsasnamələr, qaydalar, şərtlər, normalar və digər sənədlər qəbul edilmişdir.
Bu normativ aktların hamısı Su Məcəlləsinin tərkib hissəsi sayılır.
-
Hidrometeorologiya fəaliyyəti haqqında Qanun
Bu Qanun Azərbaycan Respublikasında hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin, tədqiqatların və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların hazırlanması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.
Qanun əsasən (maddə 3) hidrometeorologiya fəaliyyəti sahəsində hüquq münasibətlərinin obyektləri ölkə ərazisində yerləşən torpaq və bitki örtüyü, ölkənin daxili suları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan akvatoriyası və Azərbaycan Respublikasının üzərindəki hava məkanıdır. Fəaliyyətin subyektləri isə Azərbaycan Respublikası, bələdiyyələr, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçılarıdır.
Qanun hidrometeorologiya sahəsində dövlətin vəzifələrini müəyyən edir (maddə 6). Bunlar:
təbii fəlakət, texnogen qəzalar, süni təsir nəticəsində yaranan fövqəladə hallar, təhlükəli hidrometeoroloji hadisələrin başlanması, güclənməsi və davamiyyəti barədə operativ proqnozların hazırlanmasını və müvafiq orqanların xəbərdar edilməsini təşkil etmək;
dövlət orqanlarını, əhalini, kütləvi informasiya vasitələrini və iqtisadiyyatın ayrı-ayrı sahələrini rejim, sorğu, faktiki və proqnoz məlumatları, gözlənilən təbii təhlükəli hadisələr, təbii mühitin yüksək çirklənmə dərəcəsi və təhlükəsi barədə xəbərdarlıqlarla təmin etmək;
mülki və hərbi aviasiyanın meteoroloji təminatını, atmosfer proseslərinə fəal təsir işlərini, dövlət müşahidə şəbəkəsinin mühafizəsini həyata keçirmək;
təbii meteoroloji hadisələrin, atmosferdə baş verən təbii, texnogen, fiziki, kimyəvi proseslərin vəziyyətini və inkişafını müəyyənləşdirmək, bu proseslərin torpaq, su, canlı orqanizmlərə və ətraf mühitə təsirinin öyrənilməsini təşkil etmək;
Xəzər dənizinin (gölünün), çayların, göllərin, su anbarlarının, digər su obyektlərinin rejimini, su ehtiyatlarının vəziyyətinin öyrənilməsini təşkil etmək, dövlət orqanlarını, kütləvi informasiya vasitələrini, təsərrüfat subyektlərini, əhalini baş verəcək təhlükəli hadisələr (sel, daşqın, subasma, yüksək dalğalanma və bu kimi) barədə məlumat və xəbərdarlıqlarla təmin etmək;
atmosferin, su obyektlərinin, torpaqların fiziki və kimyəvi tərkibi, çirklənmə dərəcəsi üzrə müşahidələr və tədqiqatlar aparılmasını təşkil etmək;
yer səthinin radiasiya balansını öyrənmək, atmosferin şəffaflıq dərəcəsini təyin etmək, aeroloji və ozonometrik ölçmələr, meteoroloji şəraitin, kənd təsərrüfatı bitkilərinin inkişafına təsirini müəyyən etmək üçün aktinometrik və aqrometeoroloji müşahidələrin aparılmasını təşkil etmək, meteoroloji, aqrometeoroloji günəş radiasiyası üzrə məlumatların toplanmasını, təhlil edilməsini, ümumiləşdirilməsini və saxlanılmasını təmin etməkdir.
Hidrometeorologiya sahəsində institusional qanunvericiliyə əsasən, dövlətin bu vəzifələrini dövlət adından Ekologiya və Təbii Sərvətlər Nazirliyi (onun Milli Hidrometeorologiya Xidməti) icra edir.
Qanunun 8-ci maddəsi hidrometeorologiya sahəsində dövlət tənzimlənməsini əhatə edir. Bu tənzimləmə ilk növbədə, hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində dövlətin siyasətinin təşkili, elmi-texniki bazanın yaradılması, inkişafı, müşahidə və tədqiqatların aparılması, məlumatların toplanması, təhlili, saxlanması və istifadəsi üzrə milli hidrometeorologiya sistemini yaratmaq və onun fasiləsiz işini təmin etməkdir.
Dövlət tənzimlənməsinin mühüm məqamlarından digəri hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının Dövlət Məlumatlar Fondunu yaratmaq və qorunub saxlanmasını təmin etməkdən ibarətdir.
Tənzimlənmənin digər tədbiri hidrometeorologiya sahəsində uçot və hesabat sistemlərinin hazırlanmasını və hidrometeorologiya məlumatlarının sertifikatlaşdırılmasını həyata keçirmək, müşahidə metodlarının, hesablamaların, proqnozların vahid sistemi üzrə aparılmasına, sertifikatlaşdırılmasına və meteoroloji təminatına nəzarət etməkdir.
Hidrometeorologiya fəaliyyəti üzərində dövlət nəzarətinin zəruriliyi saxlanılmaqla Qanunda bu fəaliyyətin əsas prinsipləri müəyyən edilir. Bu zaman hidrometeorologiya fəaliyyətinin milli və beynəlxalq hidrometeorologiya sistemləri və şəbəkəsi ilə əlaqələndirilməsi və uzlaşdırılması, fəaliyyətin həyata keçirilməsində və məlumatların istifadəsində dövlətin mənafeyinin qorunmasının təminatı nəzərdə tutulur.
Qanuna əsasən, hidrometeorologiya fəaliyyəti müşahidə və tədqiqatların aparılması, məlumatların hazırlanması və ötürülməsi formasında həyata keçirilir. Qanunda fəaliyyətin növləri müəyyən edilir. Bunlar:
meteoroloji, aqrometeoroloji, aktinometrik və istilik balansı müşahidələri;
hidroloji, dəniz hidrometeoroloji müşahidələri və tədqiqatları;
atmosferin, səth sularının, torpaq və bitki örtüyünün çirklənməsi üzərində müşahidələr;
ozonometrik, radiometrik və meteoroloji radiolokasiya müşahidələri;
təbii mühitin fon vəziyyətinin monitorinqidir.
Hidrometeorologiya fəaliyyəti, əhəmiyyətindən asılı olaraq, məhdud və açıq informasiya kateqoriyasına aid müşahidə və məlumatlardan ibarətdir. Məhdud informasiya kateqoriyasına aid müşahidə məlumatları dövlət orqanı tərəfindən aparılır və hazırlanır. Açıq informasiya kateqoriyasına aid müşahidə və məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir və hazırlanır.
Qanunda hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlər sistemi müəyyən edilir. Normativ-texniki sənədlər meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq, təbii mühitin monitorinqi üzrə müşahidələrin, tədqiqatların və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların toplanması, təhlili, hazırlanması və istifadəsində normativ-texniki tələbləri, norma və qaydaları müəyyən edir. Bu sənədlərin tələblərinə əməl edilməsi hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların bütün istehsalçıları və istehlakçıları üçün məcburidir.
Qanunun 14-cü maddəsinə əsasən, hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələr və tədqiqatlar atmosferdə, yer səthində və su obyektlərində baş verən proseslər üzrə aparılır, bütün hadisələr və meteoroloji elementlər uçota alınır. Bu uçot qanunvericiliklə müəyyən edilən qaydada hidrometeoroloji stansiyalar, aero və kosmik mərkəzlər, digər müşahidə məntəqələri tərəfindən həyata keçirilir.
Qanuna əsasən (maddə 16) atmosferdə, yer səthində və su obyektlərində baş verən proseslərin nəticələrinin uçotunu aparmaq, hazırlanmış məlumatların mənbəyinə və düzgünlüyünə nəzarət etmək məqsədi ilə hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
Ölkədə müvafiq qaydada qeydiyyata alınmış, mənbəyi və keyfiyyəti barədə sertifikatları olan hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar növləri qanunvericiliklə müəyyən olunan, ödənişsiz və ödənişli olmaqla, istifadə olunur.
Ödənişsiz məlumatlar müvafiq dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə verilir, istehsalçıların və dövlət elmi-tədqiqat və təhsil müəssisələrinin daxili tələbatını ödəmək üçün istifadə olunur. Ödənişli məlumatlar istehlakçıların (istifadə edənlərin) sifarişi ilə tərəflər arasında bağlanmış müqavilə əsasında hazırlanır, ötürülür və istifadə olunur.
Hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq aşağıdakı istiqamətlərdə həyata keçirilir (maddə 18):
sahə ilə bağlı qanunvericiliyə əməl edilməsinə dövlət nəzarəti;
hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Dövlət Məlumatlar Fondunun istifadəsi və mühafizəsi;
bu məlumatların qeydiyyatı, müşahidə şəbəkəsinin uçotu və mühafizəsi;
mülki və hərbi aviasiyanın meteoroloji təminatı;
atmosfer proseslərinə fəal təsir işlərinin həyata keçirilməsi.
Qanuna əsasən, Dövlət Məlumatlar Fondu dövlət və idarə məlumatlar fondlarından ibarətdir. Fondda ümumdövlət və sahələrarası əhəmiyyət kəsb edın məhdud və açıq informasiya kateqoriyasına aid olan məlumatlar toplanır. Qanunun 19-cu maddəsinə uyğun olaraq, Dövlət Məlumatlar Fondu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamındadır. İdarə məlumatlar fondları müəssisə, idarə və təşkilatların sərəncamlarında olmaqla bu fondda xüsusi təyinatlı, məqsədli və açıq informasiya kateqoriyasına aid məlumatlar toplanır.
Dövlət Məlumatlar Fondunun yaradılması, istifadə və mühafizəsi Nazirlər Kabineti tərəfindən təsdiqlınmiş Əsasnaməyə uyğun həyata keçirilir. Fondun materiallarının başqa şəxslərə verilməsinə və surətinin çıxarılmasına fondların sərəncamçılarının razılığı ilə yol verilir.
Qanunun tələbinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları, müəlliflik və mülkiyyət hüquqları saxlanılmaqla, hazırlanmış materialların bir nüsxəsini xidməti istifadə üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Dövlət Məlumatlar Fonduna verməlidirlər. Elmi-tədqiqat təyinatlı və qısa müddətli elmi təcrübənin nəticələri Dövlət Məlumatlar Fonduna verilmir.
Qanuna əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində yerləşən hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidə şəbəkələri - mərkəzlər, rəsədxanalar, stansiyalar, tədqiqat gəmiləri, laboratoriyalar, ölçü vasitələri, texniki komplekslər və digər müşahidə məntəqələri Dövlət Hidrometeorologiya Xidmətində uçota alınır və dövlət tərəfindən mühafizə olunur.
Müşahidə şəbəkələrinin köçürülməsi, yerlərinin dəyişdirilməsi, yenilərinin quraşdırılması və fəaliyyətinin dayandırılması Dövlət Hidrometeorologiya Xidmətinin razılığı ilə həyata keçirilə bilər.
Atmosfer proseslərinə fəal təsir işlərini həyata keçirən texniki komplekslərin başqa məqsədlər üçün istifadəsinə Dövlət Hidrometeorologiya Xidmətinin razılığı ilə yol verilir.
Müşahidə şəbəkələri üçün torpaq sahələrinin və su akvatoriyalarının ayrılması ölkənin torpaq və su qanunvericiliyi ilə tənzimlənir.
Qanunun tələbinə əsasən, dövlət hidrometeorologiya sisteminin məlumatları, dövlət müşahidə şəbəkəsi, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Dövlət Məlumatlar Fondu Azərbaycan Respublikasının dövlət mülkiyyətidir.
Qanun hidrometeorologiya fəaliyyətinin maliyyələşdirilməsinin ümumi qaydalarını müəyyən edir (maddə 23). Belə ki, dövlət sifarişi hesabına həyata keçirilən hidrometeorologiya və təbii mühitin monitorinqi işləri, hidrometeorologiya və ətraf mühitin monitorinqi üzrə Azərbaycanın beynəlxalq öhdəliklərindən irəli gələn xərclərin ödənilməsi, habelə bu fəaliyyətə dövlət nəzarəti ölkənin dövlət büdcəsindən maliyyələşdirilir. Digər şəxslərin sifarişi ilə xüsusi təyinatlı və məqsədli hidrometeoroloji işlər onların sifarişçiləri tərəfindən maliyyələşdirilir.
Hidrometeorologiya fəaliyyəti hüquqi və fiziki şəxslərin, xarici investisiyanın və beynəlxalq təşkilatların yardımı hesabına da maliyyələşdirilə bilər.
Qanuna əsasən, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə aşağıdakı işlərə ödəmələr alınır:
məlumatların seçilməsinə, surətlərinin çıxarılmasına və istifadəyə verilməsinə;
hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Dövlət Məlumatlar Fondundan istifadəyə;
hidrometeoroloji müşahidə şəbəkələrinin xidmətindən istifadəyə.
Bu ödəmələr hidrometeorologiya sahəsinin inkişafına yönəldilir.
Qanuna əsasən, ölkənin milli hidrometeorologiya sistemi beynəlxalq hidrometeorologiya şəbəkəsi ilə daimi əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Ölkənin milli hidrometeorologiya sistemi qlobal və məhəlli hidrometeorologiya sistemlərinin yaradılmasında və inkişaf etdirilməsində iştirak edir, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar mübadiləsini aparır.
Hidrometeorologiya fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq və məlumatlar mübadiləsi Azərbaycanın beynəlxalq müqavilələri və sazişləri əsasında həyata keçirilir.
-
Meliorasiya və irriqasiya haqqında Qanun
Bu Qanun meliorasiya və irriqasiya sahəsində fəaliyyətin və Sudan İstifadəedənlər Birliyinin hüquqi əsaslarını müəyyən edir. Qanuna 2004-cü ildə müvafiq əlavələr edilərək Sudan İstifadəedənlər Birliyi institutu Azərbaycanın su qanunvericiliyinə tətbiq edilmiş və bununla bağlı Qanunun mətni iki dəfə genişləndirilərək bu institutla bağlı 16-dan çox maddə və müddəa əlavə edilmişdir.
Meliorasiyanın və irriqasiyanın məqsədi torpaqda əkinçilik üçün əlverişli şərait yaradılması, torpağın münbitliyinin saxlanılması və yüksəldilməsi əsasında kənd təsərrüfatı məhsulları istehsalının sabitliyini və artırılmasını təmin etmək, az məhsuldar və istifadəsiz torpaqları yaxşılaşdırmaqla kənd təsərrüfatı dövriyyəsinə cəlb etməkdən ibarətdir.
Qanun Sudan İstifadəedənlər Birliyinin statusunu müəyyən edir. Birlik istifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət göstərdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə kənd təsərrüfatı istehsalçıları tərəfindən bu Qanuna uyğun yaradılan və fəaliyyət göstərən qeyri-kommersiya qurumunun xüsusi formasıdır.
Qanuna əsasən, meliorasiya tədbirlərinin xarakterindən asılı olaraq meliorasiyanın - hidromeliorasiya, aqro-meşəmeliorasiya, mədəni-texniki meliorasiya, kimyəvi meliorasiya və digər tipləri müəyyən edilib.
Meliorasiyanın hər bir tipi aşağıdakı növlərə bölünür:
hidromeliorasiya üzrə - suvarma, qurutma, şoran torpaqların yuyulması, eroziyaya, sürüşməyə, daşqına, sellərə qarşı mübarizə və s.;
aqro-meşəmeliorasiya üzrə - meşə əkinlərinin salınması yolu ilə həyata keçirilən torpaqqoruyucu, tarlaqoruyucu, susaxlayıcı meliorasiya növləri və s.;
mədəni-texniki meliorasiya üzrə - torpaqların kol-kosdan, daş-kəsəkdən, ağac kötüklərindən və başqa əşyalardan təmizlənməsi, torpaqların rekultivasiyası və s.;
kimyəvi meliorasiya üzrə - torpaqların gipsləşdirilməsi və s.
Qanunda müəyyən edilir ki, meliorasiya və irriqasiya sistemləri dövlət mülkiyyətində, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.
Qanuna əsasən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinə bir və ya bir neçə rayonun ərazisində yerləşən, dövlət vəsaiti hesabına tikilmiş (tikilməkdə olan), rayonlararası və (və ya) təsərrüfatlararası su bölgüsünü, artıq və tullantı suların kənar edilməsini və digər meliorasiya və irriqasiya tədbirlərinin aparılmasını təmin edən, habelə ölkənin müvafiq dövlət orqanlarının bu Qanunla müəyyən edilən səlahiyyətlərinin həyata keçirilməsi üçün istifadə olunan meliorasiya və irriqasiya sistemləri aiddir.
Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə Birliyin uzunmüddətli istifadəsinə (20 ildən az olmayan müddətə) verilir. Sistemlərin istifadəyə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması qaydası həmin qərarla müəyyən edilir.
Bələdiyyə mülkiyyətinə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində, habelə fiziki və digər hüquqi şəxslərin mülkiyyətində və Birliklərin istifadəsində olmayan meliorasiya və irriqasiya sistemləri daxildir.
Qanun meliorasiya və irriqasiya sahəsində müvafiq dövlət orqanlarının səlahiyyətlərini müəyyən edir. Bu səlahiyyətlər Qanunun 9-cu maddəsində verilir. Qanunun 11-ci maddəsi isə meliorasiya və irriqasiya sahəsində bələdiyyələrin səlahiyyətlərini müəyyən edir.
Qanuna əsasən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin altındakı torpaq sahələri əvəzsiz olaraq həmin meliorasiya və irriqasiya sistemlərinin istismarını həyata keçirən təşkilatların daimi istifadəsinə verilir (maddə 21). Meliorasiya və irriqasiya tədbirlərinin aparılmasını təmin etmək üçün meliorasiya olunmuş (olunacaq) torpaqlara bitişik torpaqlardan Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə uyğun olaraq istifadə oluna bilər.
Qanunun tələbinə əsasən, meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi ətraf mühitin vəziyyətini pisləşdirməməlidir. Meliorasiya və irriqasiya tədbirləri Azərbaycan Respublikasının torpaq, su, meşə qanunvericiliyinin, habelə Azərbaycan Respublikasının təbiəti mühafizə, yerin təki, bitki və heyvanat aləmi haqqında qanunvericiliyinin tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
Qanunun 25-ci maddəsində meliorasiya və irriqasiya sistemlərinin istifadəsi zamanı su münasibətlərinin Azərbaycan Respublikasının su qanunvericiliyi ilə təsbit olunduğu nəzərdə tutulur.
Bu maddəyə görə, su ehtiyatlarından səmərəli istifadə olunması, su təminatına yönəldilmiş dövlət xərclərinin ödənilməsi, suyun dəqiq uçotunun aparılması məqsədi ilə sudan pullu istifadə tətbiq edilir.
Sudan pullu istifadə qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilən əsasnamə ilə müəyyən edilir.
Birliklərin suvarma suyu ilə təchiz edilməsi bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilə 10 ildən az olmayan müddətə bağlanan sazişə əsasən həyata keçirilir.
Qanunun tələbinə əsasən, suvarılan və meliorasiya olunmuş (olunacaq) torpaqlarda meliorasiya və irriqasiya ilə əlaqədar olmayan tikinti və digər işlərin görülməsi torpaqların su, hava və qida rejimini pisləşdirməməli, meliorasiya və irriqasiya sistemlərinin, qoruyucu meşə əkinlərinin istismarına mane olmamalıdır.
Suvarılan və meliorasiya olunmuş (olunacaq) torpaqlarda rabitə və elektrik xətlərinin, boru kəmərlərinin, yolların və digər obyektlərin tikintisi və istismarı meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla həyata keçirilməlidir.
Qanunun 30-1-ci maddəsində Sudan İstifadəedənlər Birliyinin məqsəd və vəzifələri müəyyən edilir. Birliyin xidmət göstərdiyi ərazi onun istifadəsində olan meliorasiya və irriqasiya sistemindən suvarıla bilən müəyyən torpaq sahələrini əhatə edir.
Birliyin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: istifadəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismarı və ümumi yığıncağın təsdiq etdiyi plana əsasən üzvlərinin arasında suvarma suyunun paylanması;
xidmət göstərdiyi ərazidə torpaq sahiblərini suvarma suyu ilə təmin etmək üçün uzunmüddətli sazişə və illik müqavilələrə əsasən su təchizatı müəssisəsindən suyun satın alınması;
istifadəsində olan meliorasiya və irriqasiya sistemlərinin bərpası, istismarı, onlarda tikinti-təmir işlərinin aparılması, hidrotexniki avadanlığın alınması, saxlanması və istismarı;
üzvlərin sifarişinə əsasən meliorasiya xidmətlərinin göstərilməsi;
xidmət göstərdiyi ərazidə suların mühafizəsinin, onların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunmasının təmin edilməsi;
nizamnamə məqsədlərinə uyğun digər vəzifələr.
Birliyin xidmət göstərdiyi ərazidə yerləşən torpaqların üzərində mülkiyyət və ya ən azı üç il müddətində istifadə hüququ olan fiziki və hüquqi şəxslər Birliyin üzvü ola bilərlər. Qanunda eyni zamanda Birlik üzvlərinin hüquq və vəzifələri müəyyən edilir.
Qanunun 30-5-ci maddəsi Birliklərin təsis edilməsinin əsas prinsiplərini müəyyən edir.
Qanunun növbəti maddələrində Birliyin orqanları, onların fəaliyyətinin əsas prinsipləri və səlahiyyət dairələri müəyyənləşdirilir. Bütün bunlarla yanaşı, 30-11-ci maddədə Birliklərin fəaliyyətləri zamanı yaranan mübahisələrin həllini tənzimləyən “Mübahisələrin həlli üzrə komissiya” institutu nəzərdə tutulur. Bu komissiya suyun paylanmasına dair mübahisələrə baxır. Mübahisələrin həlli üzrə komissiyanın qərarından Birliyin ümumi yığıncağına və məhkəməyə şikayət edilə bilər.
Qanunun tələbinə əsasən, birliyin fəaliyyətinə dövlət nəzarəti bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
-
Su təchizatı və tullantı suları haqqında Qanun
Bu qanun əhalinin, müəssisə, idarə və təşkilatların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsini, tullantı sularının axıdılması sahəsində münasibətləri tənzimləyir.
Qanunun tələblərinə əsasən, su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və təşkilatların məişət (təsərrüfat)-içməli, sənaye-texnoloji və digər məqsədlər üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli, təmizlənməsi, onun nəticəsində qalan tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı ölkə üzrə və regional sxemlərə uyğun olaraq həyata keçirilir.
Ölkə üzrə sxemlər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydada ölkənin bütün ərazisi üçün hazırlanır və təsdiq edilir. Naxçıvan Muxtar Respublikasının, şəhər və rayonların regional sxemləri müvafiq normativ hüquq aktlarla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin iştirakı ilə hazırlanır və təsdiq edilir.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanı (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ölkə ərazisinin su təchizatı və tullantı sularının axıdılması zonalarına bölünməsini təmin edir, o cümlədən bir və ya bir neçə zonada su təchizatına və tullantı sularının axıdılmasına cavabdeh olan müəssisələri təyin edir. Müəyyən ərazidə su təchizatına və tullantı sularının axıdılmasına cavabdeh olan su təchizatı və kanalizasiya müəssisəsi bu qanunda və müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqavilədə nəzərdə tutulan vəzifələri icra edir və müvafiq səlahiyyəti həyata keçirir.
Qanunun tələbinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada və şərtlərə əsasən, ərazi üzrə bələdiyyə ilə razılaşdırılmaqla:
-müəyyən miqdarda yerüstü və yeraltı suyun götürülməsinə;
-tullantı sularının hər hansı yerüstü və yeraltı su hövzəsi ərazisinə axıdılmasına, həmçinin tullantıların (o cümlədən maye tullantıların) daşınmasına, torpaqda və ya su hövzələrində basdırılmasına;
-su bəndlərinin, su anbarlarının və digər hidrotexniki qurğuların tikintisinə icazə verir.
Qanunda müəyyən edilir ki, su təchizatı müəssisələri ölkənin Su Məcəlləsi ilə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və burada xüsusi rejimin həyata keçirilməsi məqsədi ilə, qanunvericiliklə müəyyən edilmiş qaydada, torpaq sahələri mülkiyyətçilərinin (istifadəçilərinin, icarəçilərinin), həmçinin digər şəxslərin bu zonalarda fəaliyyətini qadağan etmək hüquqlarına malikdirlər. Su təchizatı müəssisəsi sanitar-mühafizə zonası rejimini mövcud tikinti normalarına və qaydalarına uyğun həyata keçirir.
Qanunda su təchizatı və kanalizasiya obyektlərinin layihələndirilməsinə və tikinti işlərinin razılaşdırılmasına dair tənzimləmə müəyyən edilir. Belə ki, su təchizatı və kanalizasiya obyektlərinin layihələndirilməsi və tikintisi müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla həyata keçirilir.
İstehlakçıların birbaşa və dolayısı ilə su təchizatına, tullantı sularının axıdılmasına, subasmanın qarşısının alınmasına təsir göstərən tikinti və təsərrüfat fəaliyyəti, qanunvericiliklə nəzərdə tutulmuş qaydada, müvafiq su təchizatı və kanalizasiya müəssisələri və bələdiyyələrlə razılaşdırılmaqla həyata keçirilir.
Qanun, eyni zamanda, tikinti norma və qaydalarına riayət edilməsi tələblərini müəyyənləşdirir. Su təchizatı və kanalizasiya müəssisələri, həmçinin ayrıca su təchizatı və kanalizasiya sistemlərinin (obyektlərinin) sahibləri tikinti və memarlıq sahəsində dövlət standartlarına və normalarına riayət etməlidirlər. Görülən işlər:
-müvafiq ixtisaslı və işlərin aparılmasına icazəsi olan mütəxəssislər tərəfindən və ya onların rəhbərliyi altında yerinə yetirilməlidir;
-işlərin yerinə yetirilməsinə su təchizatı və kanalizasiya müəssisələrindən razılıq aldıqdan sonra başlanılmalıdır;
-müəssisənin nümayəndəsinin göstərişlərinə müvafiq, onun iştirakı və nəzarəti alında aparılmalıdır;
-müəssisənin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilməlidir.
Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir:
-su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək;
-su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq.
-
Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Qanun
Bu Qanun hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi, istismarı, yenidən qurulması, bərpası, konservasiyası və ləğv edilməsi zamanı onların təhlükəsizliyinin təmin olunması ilə bağlı münasibətləri tənzimləyir, dövlət hakimiyyəti orqanlarının, qurğu mülkiyyətçilərinin və istismarçılarının vəzifələrini müəyyənləşdirir.
Ölkə ərazisində məqsədli təyinatından, təhlükəsizlik dərəcəsindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq hidrotexniki qurğular dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğulara bölünür. Onların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə təsnifatı Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Hidrotexniki qurğular dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Onların istismarı müvafiq qanunvericiliklərlə tənzimlənir.
Qanuna əsasən, hidrotexniki qurğuların təhlükəsizliyi aşağıdakı tələblər nəzərə alınmaqla təmin olunur:
qurğularda qəza riskinin müəyyən olunması;
qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib edilməsi və ona riayət edilməsi;
qurğuların istismarının fasiləsizliyi;
qurğuların təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərin hazırlanması, həyata keçirilməsi, o cümlədən onların təhlükəsizlik meyarlarının müəyyən edilməsi, texniki vəziyyətinə nəzarət etmək üçün lazımi vasitələrlə təchiz olunması, istismar heyətinin tələb olunan texniki ixtisas dərəcələrinin təmin olunması;
qurğularda fövqəladə halların qarşısını almaq məqsədilə qabaqlayıcı kompleks tədbirlərin görülməsi;
qurğuların təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərin maliyyələşdirilməsi;
qurğuların təhlükəsizlik dərəcəsinin müəyyən edilmiş həddən aşağı düşməsinə səbəb olan hərəkətlərə (yaxud hərəkətsizliyə) görə məsuliyyətin müəyyənləşdirilməsi.
Qanunun tələbinə əsasən, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə onların təhlükəsizliyi üzrə təsnifatından asılı olaraq müvafiq mühafizə rejimi tətbiq edilir və ətrafında mühafizə zonaları yaradılır. Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
Dövlət əhəmiyyətli xüsusi mühafizə olunan hidrotexniki qurğuların mühafizə zonalarının hüdudlarında (dəniz qurğularında yerləşən quyularda quyudaxili partlayış işləri istisna olmaqla) partlayış işlərinin aparılması və yeraltı təbii ehtiyatların istismarı, habelə qurğulara və ətraf mühitə fiziki, kimyəvi və bioloji təsir göstərə bilən obyektlərin yerləşdirilməsi və fəaliyyət göstərməsi qadağan edilir.
Dövlət energetika və su nəqliyyatı sistemi müəssisələrinin tərkibində fəaliyyət göstərən hidrotexniki qurğuların, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğularının təhlükəsizliyinin təmin olunmasının xüsusiyyətləri Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur.
Qanun hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması üzrə dövlətin vəzifələrini müəyyən edir. Bu vəzifələr 7-ci maddədə ətraflı verilir.
Qanunun 8-ci maddəsində hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması sahəsində qurğu mülkiyyətçisinin və istismarçısının vəzifələri sadalanır.
Qanunun tələbinə əsasən, hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və istismarı mərhələlərində, eləcə də onların yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyasından sonra qurğunun mülkiyyətçisi və ya istismarçısı hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsini tərtib etməlidir.
Hidrotexniki qurğunun mülkiyyətçisi və ya istismarçısı qurğunun təhlükəsizlik bəyannaməsini müvafiq dövlət orqanının təsdiqinə verir. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin təsdiq olunması, qurğunun dövlət reyestrinə daxil edilməsi, layihənin təsdiq edilməsi, qurğunun tikintisi, istismara verilməsi, istismar edilməsi, istismardan çıxarılması, yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyası, habelə təyinatının dəyişdirilməsi və ləğvi üçün əsasdır.
Qanunun 11-ci maddəsinə əsasən, hidrotexniki qurğuda baş vermiş qəza hadisəsi müvafiq dövlət orqanının təşkil etdiyi xüsusi komissiya tərəfindən texniki cəhətdən təhqiq edilir.
Qəza hadisələrinin texniki təhqiqatının nəticələri barədə komissiya tərəfindən xüsusi akt tərtib edilir. Aktda qəzanın səbəbləri və onunla bağlı təhlükənin hərtərəfli qiymətləndirilməsi, qəza nəticəsində dəyən ziyanın həcmi, təhlükəsizlik qaydalarının və tələblərinin pozulması halları, habelə qəza hadisəsinin lokallaşdırılması və aradan qaldırılması üzrə görülmüş və görüləcək tədbirlər göstərilir.
Qanunun tələbinə əsasən, hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarəti həyata keçirilir. Dövlət nəzarətinin məqsədi onların təhlükəsizliyi meyarlarına, normalarına, habelə bu sahədə müəyyən olunmuş digər normativlərə, ekoloji, texnoloji, seysmoloji, metroloji, sanitariya-gigiyenik standartlara, qaydalara və tələblərə riayət olunmasını təmin etməkdən ibarətdir.
Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu nəzarəti Föğvəladə Hallar Nazirliyi (SEDA) həyata keçirir.
Qanunun tələbinə əsasən (maddə 15), hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması nəticəsində fövqəladə hallar istisna olmaqla, insanların həyatına, sağlamlığına, hüquqi və fiziki şəxslərin əmlakına vurulan ziyan qüvvədə olan qanunvericiliyə əsasən zərərçəkənlərə qurğunun mülkiyyətçisinin və ya istismarçısının vəsaiti hesabına ödənilir.
Hidrotexniki qurğuların mülkiyyətçisi və ya istismarçısı onların sığortalanmasını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edir.
-
Yerin təki haqqında Qanun
“Yerin təki haqqında” qanun (1998) Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat), onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyi ilə əlaqədar münasibətləri tənzimləyir, yerin təkindən istifadədə dövlətin, yer təki istifadəçilərinin və vətəndaşların mənafelərinin qorunmasını təmin edir.
Konstitusiyaya (maddə 14) və bu qanuna (maddə 4) əsasən, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Qanunda müəyyən edilir ki, yerin təki yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir.
Qanun yerin təkindən istifadənin növlərini, ondan istifadəçilərin statusunu, hüquq və vəzifələrini, istifadənin müddətlərini, istifadəyə verilmə qaydalarının əsas prinsiplərini müəyyən edir.
Qanunda yer təkinin səmərəli istifadəsinə, mühafizəsinə, işlərin təhlükəsiz görülməsinə aid əsas tələblər verilir, faydalı qazıntılar yerləşən sahələrdə tikinti işlərinin aparılması şərtləri müəyyən edilir.
Qanuna əsasən, yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması üçün verilən yer təki sahələri və onlarla əlaqədar müvafiq işlər dövlət uçotuna və dövlət qeydiyyatına alınır və bu işlər vahid sistem üzrə aparılır.
Qanun faydalı qazıntı ehtiyatlarının dövlət ekspertizasının keçirilməsini müəyyən edir. Bu tələbə əsasən, yer təkinin faydalı qazıntı ehtiyatlarının səmərəli və kompleks işlənməsini təmin etmək, yerin təkindən istifadə haqqını və istifadəyə verilən yer təki sahələrinin sərhədlərini müəyyən etmək məqsədi ilə bu ehtiyatlar dövlət ekspertizasından keçirilməlidir. Ekspertizaya təqdim olunan geoloji materiallar faydalı qazıntı ehtiyatlarının kəmiyyətini və keyfiyyətini, sənaye əhəmiyyətini, onların çıxarılmasını, dağ-mədən-texniki, hidrogeoloji, ekoloji və digər şəraitini obyektiv qiymətləndirməyə imkan verməlidir.
İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət ekspertizası Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.
-
Dostları ilə paylaş: |