4.2. Hər bir səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır. 4.3. Vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir. Maddə 5. Birbaşa seçki hüququ 5.1. Vətəndaşlar seçkilərdə namizədin lehinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən səs verirlər.
5.2. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.
Maddə 6. Səsvermənin gizliliyi Seçkilər və referendum zamanı səsvermə gizli olmalıdır, bu isə seçicilərin iradəsinin ifadəsi üzərində hər cür nəzarəti istisna etməlidir.
Maddə 7. Seçkilərin və referendumların keçirilməsinin məcburiliyi 7.1. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə və bələdiyyələrə Azərbaycan Respublikası Konstitusiyasında və bu Məcəllədə göstərilən müddətdə seçkilərin keçirilməsi məcburidir.
7.2. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 152-ci maddəsində göstərilən məsələlərə dair referendumların keçirilməsi məcburidir.
Maddə 7-1. Seçkilərin və referendumun keçirilməsini istisna edən hallar Azərbaycan Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz.
Maddə 8. Seçkilərin (referendumun) elan edilməsi müddəti 8.1. Seçkilər (referendum) səsvermə gününə azı 60 gün qalmış elan edilir.
8.2. Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.
Maddə 9. Seçki hüququnun həyata keçirildiyi yer 9.1. Aktiv seçki hüququ bu Məcəllənin 35.4—35.6-cı maddələri nəzərə alınmaqla seçkilərin elan olunduğu gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində ərazisində vətəndaşların daimi yaşadıqları seçki məntəqəsində həyata keçirilir.
9.2. Müharibə, hərbi münaqişələr, iğtişaşlar və ya təbii fəlakət nəticəsində öz daimi yaşayış yerlərini tərk edən vətəndaşlar aktiv seçki hüquqlarını Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada həyata keçirirlər.
Maddə 10. Seçkilər və referendum zamanı səsvermə 10.1. Bələdiyyə seçkiləri istisna olmaqla, seçkilərdə iştirak edərkən Azərbaycan Respublikasının vətəndaşları yalnız bir namizədin lehinə səs verə bilərlər.
10.2. Referendumda iştirak edərkən Azərbaycan Respublikasının vətəndaşları referenduma çıxarılan hər bir suala bir cavab verə bilərlər.