8. Nehrəm Daş-duz yatağı. Bu yataq Babək rayonu ərazisindədir. Naxçıvan şəhərindən 12 km cənub-şərqdə yerləşir. Yataqda duz qatının qalınlığı 43-92 m arasında dəyişir. Duzun tərkibində NaCl-un miqdarı 78-92 %- dir. Yataq susuzlaşdırılmış soda üçün öyrənilmişdir.
ıX - Mühazirə
Talış qırlşlqlıq sisteminin geostrukturları, onların lİtostratİqrafiyası, tektonİkası, geolojİ inkişaf Tarixİ və faydalı qazıntıları
9.1. Geomorfologiya
Azərbaycanın cənubi-şərqində Kür-Araz və Xəzər dənizindən Lənkəran düzənliyi ilə ayrılan və şimali-qərb-cənubi-şərq istiqamətində uzanan və Lənkəran (Talış) dağlıq qırışıqlıq sistemi ilə hüdudlanan Lənkəran düzənliyi yerləşir. Onun ucqar cənub-qərb hissəsini daha uca dağların (Qyumurkey, Qızyurdu və s.) yüksəldiyi Baş Talış silsiləsi təşkil edir. Lənkəran düzənliyi şərq və şimali-şərq istiqamətdə yönəlmişdir, Xəzər dənizinin sahilində mənfi hipsometrik qiymətlə səciyyələnir və qərbdən Lənkəran dağlarının şərq ətəkləri ilə hüdudlanır.
Talış dağlıq qırışıqlıq sistemi Azərbaycanın respublikasının cənub-şərq hissəsini əhatə edir, əsasən Paleogen-Neogen çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 m- ə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir. Lənkəran rayonunun ərazisi 6,1 min km2 –dir (respublika ərazisinin 7,0 %), cənubdan və qərbdən İran, şərqdən Xəzər dənizi, şimaldan və şimal-şərqdən Kür çökəkliyi ilə həmsərhəddir.
Ərazi Lənkəran ovalığı və Talış dağlarından ibarət iki hissəyə ayrılaraq şərqdən qərbə doğru yüksəlir. Hündürlük fərqi Xəzər dənizi sahillərində -27 m-dən Talış dağlarının Gömürgöy zirvəsində 2493 metrədək dəyişir. Lənkəran ovalığı şimaldan cənuba 70 km uzanaraq, şimaldan Viləşçay, cənubdan Astara çayı ilə sərhədlənir. Ovalığın eni isə 10 km olaraq Talış dağlarının ətəyi və Xəzər dənizi sahili boyu uzanır. Rayonun dağlıq hissəsi paralel olaraq uzanan Talış, Pestəsər və Burovar silsilələrindən ibarətdir. Ən yüksək və dənizdən daha çox uzaq yerləşən Talış dağları şimal-qərbdən cənub-şərqə 100 km-ə yaxın Azərbaycan-İran sərhəddi boyu uzanır. İran ərazisinə daxil olan silsilənin mütləq yüksəkliyi qərbdə, mərkəzdə və şərqdə 2000 m qalan hissələrdə isə 2400 m-dir. Peştəsər silsiləsi demək olar ki, şimal-şərqdə Talış silsiləsinə paralel uzanır. Silsilə çay dərələri ilə parçalanmışdır. Silsilənin mütləq yüksəkliyi 1300 m-lə 1800 m arasında olub suayrıcı hissəsi çox hallarda hamardır. Burovar silsiləsi alçaq dağlıq qurşaqda yerləşərək ən hündür yeri 1000 m-dən bir az artıqdır.
Talış geomorfoloji vilayəti Talış dağları (Talış, Peştəsər və Burovar silsilələri) və Lənkəran ovalığından ibarətdir. Relyefin səciyyəvi xüsusiyytələrindən biri silsilələr arasında geniş çökəkliklərin (Yardımlı, Zuvard və s.) olmasıdır. Landşaft inversiyasına əsasən Talışın yüksək dağlıq hissəsində əmələ gəlmiş dağ yarımsəhra və quru çöl şəraitində arid-denudasiya prosesləri və müvafiq relyef formaları inikşaf etmişdir. Dağlıq hissə, əsasən, silsilələrin istiqamətinə köndələn yönəlmiş sıx çay şəbəkəsi ilə kəskin parçalanmışdır. Çay dərələrində çay, Lənkəran ovalığına tərəf yönəlmiş yamaclarda isə dəniz terrasları əmələ gəlmişdir. Düzəlmə səthləri var. Çayların suayrıcıları nisbətən hamar, çay dərələrinin yamacları isə az meyllidir. Şimal yamaclarda sürüşmələr olur. Şərqdə dar zolaqda uzanan dağətəyi maili allüvial-prolüvial, qismən dəniz düzənliyi (Lənkəran ovalığı) ilə əhatələnir. Vilayət daxilində Lənkəran, Burovar, Yardımlı, Peştəsər, Zuvand və xüsusi Talış (silsilə) geomorfoloji rayonları var.
Taliş sıra dağlarının şimal-şərqindən demək olar ki, ona paralel olaraq Saxlaboran, Paşaqol və s. yüksəkliklərin yerləşdiyi Peştasar sıra dağları uzanır. Onun cənub-şərq davamını Vaşaryu və Tanqaryu çaylarının arasında Devabnovad sıra dağları təşkil edir.
Şimal-şərqdə Lənkəran düzənliyinin cənub-qərb sərhəddi boyunca nisbətən yüksək olmayan (900-1000 m) Alaşar-Burovar sıra dağları yerləşir. Bu dağlar cənub-şərq istiqamətdə alçalır və Lənkəran düzənliyi istiqamətində batır.
Lənkəran dağları bir neçə eninə erozion silsilələrlə, tağlarla, çökəkliklərlə mürəkkəbləşmişdir. Eninə silsilələrdən Siak və Keşaryu çaylarının su ayrıcında yerləşən Alyası silsiləsini, Vilyajçay və Bolqarçayın su ayrıcında yerləşən bir sıra kiçik silsilələri göstərmək olar. Çökəkliklərdən Vilyajçayın orta axınında yerləşən Yardımlı çökəkliyi ən əhəmiyyətlisi hesab olunur. Lənkəran dağları eləcədə Siyaki, Veşaryu, Bolqarçay, Tanqyarçay, Astaraçay, Lənkərançay və s. çayların dərələri ilə mürəkkəbləşmişdir.
Dostları ilə paylaş: |