Həkəri sinklinoriumu. LQA-nun cənubi-şərq hissəsinə cənubi-qərbdən Həkəri sinklinoriumu qovuşur. Bu sinklinorium orta-üst Yura və alt-üst Təbaşir çöküntüləri ilə dolmuşdur. Həkəri sinklinoriumunun şimali-qərb davamında Göyçə sinklinoriumu yerləşir. Göyçə sinklinoriumunda üst Təbaşir qırışmaya məruz qalmış, böyük qalınlığa malik paleogen çöküntüləri ilə örtülmüşdür. Həkəri və Göyçə sinklinoriumları birlikdə Həkəri-Göyçə zonasını təşkil edir.
Həkəri sinklinoriumu öz növbəsində qırılmalar şəbəkəsi ilə mürəkkəbləşmiş və eosen qranitoidləri ilə yarılmış 2-ci dərəcəli Laçın antiklinoriumu ilə iki hissəyə- şimali-qərbdə yerləşən 2-ci dərəcəli Sarıbaba sinklinoriumuna və cənubi-qərbdə yerləşən Qoça çökəkliyinə ayrılır.
Cənubi-qərbdə Həkəri çökəkliyi Qafan antiklinoriumu ilə əvəz olunur. Əsasən orta-üst Yuradan ibarət olan antiklinoriumun qanadlarında alt və üst Təbaşir çöküntüləri yayılmışdır. Qafan antiklinoriumunun şimal hissəsi Dağlıq Qarabağın yeni effuzivləri ilə örtülmüşdür.
Qafan antiklinoriumunun cənubi-qərb qanadı boyunca, onun Zəngəzur antiklinoriumu ilə sərhəddində əks-fay tipli nəhəng Xüstup-Hirartax qırılması keçir. Bu əks-fay tipli qırılma Lök-Qafan və Ermənistan tektonik zonalarını ayıran Kiçik Qafqaz baş tentonik tikişinin əksi (törəməsi) hesab olunur. Gorus şəhərinin en dairəsində qırılma Dağlıq Qarabağın lavası altında gizlənir, lakin onun davamı İşıxlı, Qızılboğaz və digər nəhəng vulkanların yerləşmə xüsusiyyətinə görə aydın seçilir.
Kiçik Qafqaz quruluşunda mərkəzi vəziyyət tutan Göyçə sinklinoriumunun yerləşməsi ilə əlaqədar olaraq Kiçik Qafqaz baş tentonik tikişinin şimali-qərb istiqamətdə axıra kimi izlənilməsi bilavasitə mümkün deyildir. Göyçə sinklinoriumu Kiçik Qafqazın gec Təbaşir və Paleogendə inkişaf edn 2-ci geosinklinal çökəkliyinə müvafiq gəlir.
Göyçə sinklinoriumunun cənubi-şərq hissəsində Böyük Göyçə rayonunda Həkəri gec Təbaşir çökəkliyin irsi davamı olan və cənubi-qərb istiqamətdə uzanan Kəlbəcər və submeridional istiqamətdə uzanan Qərbi Basarkeçər (Vardenis) paleogen çökəkliyi yerləşir. Ümumiyyətlə, Göyçə sinklinoriumu tikiş strukturuna müvafiq gəlir Göyçə-Zəngəzur tikişini vahid bir dərinlik qırılması kimi təsvir etmək olar ki, onunda əsasında 2-ci Göyçə geosinklinalı yaranmışdır.
Dostları ilə paylaş: |