Ordovik-Silur yaşlı çöküntülər. Bu çöküntülər Ş.A.Əzizbəyov tərəfindən şərti olaraq 1 N-li Naxçıvan istinad quyusunun kəsilişinin aşağı hissəsində ayrılmışdır. Litoloji tərkibcə Ordovik-Silur yaşlı çöküntülər az qalınlıqlı mərmər və metamorfikləşmiş əhəngdaşları daxil olan kömürlü gilli şistlərdən ibarətdir. Bu çöküntülərin görünən qalınlığı 1400 m-ə çatır. Orta və üst Paleozoy yaşlı çöküntülər Naxçıvan vilayətinin şimal-qərb hissəsində geniş sahədə yayılmışdır.
Devon çöküntülərinin açıq hissəsi orta (Eyfel, Jivet mərtəbələri) və üst (Frans və Famen mərtəbələri) şöbələrdən ibarət olub, litoloji tərkibcə gilli şistlərdən, kvarsit, kvarslı qumdaşlarından təşkil olunmuşdur. Ümumi qalınlıq 1379 m-dir.