8.2.Qara cücələrin qaraciyər, beyin və əzələlərində transaminazaların aktivliyinin dinamikası
Orqanospesifik fermentlər qrupuna daxil olan ALT və AST sintez olunduqları hüceyrələrdə hüceyrədaxili mübadilə proseslərini kataliz edir. Bu fermentlərin miqdarı qanda olduqca az olub, normal halda qan zərdabında onların aktivliyi çox az olur. Lakin, həmən orqanlara malik orqanların hüceyrələrinin zədələnməsi nəticəsində fermentlərin də qana keçməsi sürətlənir.
Yoluxdurulmuş quşların qaraciyər, beyin və əzələlərində aspartataminotras-ferazanın (AST) və alaninaminotransferazanın (ALT) aktivliyinin öyrənilməsi nəticəsində əldə edilən məlumatlar cədvəl 8.4-də verilir.
Yoluxdurulmuş cücələrin qaraciyər və beynində AST-nin aktivliyi invaziyanın prepatent dövrü statistik dürüst dəyişikliyə uğramır. Patent dövrünün əvvəlində bu fermentin aktivliyi yüksəlməyə başlayır. 10-cu gün qaraciyərdə onun aktivliyi kontrol qrupun göstəricilərinə yaxınlaşır (P<0,01), beyində isə əksinə AST aktivliyində baş verən dəyişkənlik fermentin aktivliyinin azalması ilə müşaət olunur ki, AST-nin aktivliyinin azalması öz növbəsində onun iştirakı ilə baş verən peraminləşmə proseslərinin inaktivləşməsinə səbəb olur.
Beyin və qaraciyərdən fərqli olaraq əzələlərdə AST-nin aktivliyində dəyişkənliyin baş verməsi, prepatent dövründə onun aktivliyinin azalması ilə xarakterizə olunur (cədvəl 8.4).
İnvaziyanın 3-cü və 5-ci günləri aspartataminotransferazanın aktivliyi normaya nisbətən, müvafiq olaraq 13,688 və 13,698 mkmol/q·saat azalır. 7-ci gün AST-nin aktivliyinin bərpa olunması müşahidə edilsə də bu qısamüddətli xarakter daşıyır və invaziyanın 10-cu günü yenidən azalaraq 61,260 mkmol /q·saat təşkil edir (kontrol qrupda 102,218 mkmol /q·saat).
Qaraciyər, beyin və əzələlərdə AST-nin aktivliyinin müqayisəli öyrənilməsi göstərir ki, sağlam və yoluxdurulmuş cücələrin digər orqanlarına nisbətən əzələlərdə normada bu fermentin aktivliyi çox olur. Yoluxdurulmuş cücələrin əzələlərində isə AST-in aktivliyi əhəmiyyətli dərəcədə azalır (cədvəl 8.4).
Yoluxdurulmuş cücələrin əzələlərində aspartataminotransferazanın (AST) aktiv-
liyinin dəyişməsi, toxumalarda başqa bir fermentin alaninaminotransferazanın (ALT) iştirakı ilə baş verən peraminləşmə reaksiyaların da pozulmasına səbəb olur.
Cədvəl 8.4
Qara toyuq cücələrinin eymeriozu zamanı qaraciyər, beyin və əzələ toxumalarında aspartataminotransferaza və alaninaminotransferazanın aktivliyinin dinamikası
(mkmol /q·saat, M±Sd, n=5)
İnvaziyanın
günləri
|
Qaraciyər
|
Beyin
|
Əzələ
|
Aspartataminotransferaza
|
3
|
90,732±1,97
P<0,05
|
89,364±2,01
P>0,05
|
88,530±2,00
P<0,001
|
5
|
98,890±1,99
P>0,05
|
85,530±2,00
P<0,05
|
88,520±2,00
P<0,001
|
7
|
105,490±2,01
P<0,01
|
98,226±1,99
P<0,01
|
100,334±1,99
P>0,05
|
10
|
87,474±2,01
P<0,05
|
79,268±2,00
P<0,01
|
61,260±2,01
P<0,001
|
Kontrol
|
95,738±1,99
|
95,140±2,00
|
102,218±1,99
|
Alaninaminotransferaza
|
3
|
83,630±0,21
P<0,05
|
82,260±0,26
P>0,05
|
81,400±0,22
P<0,01
|
5
|
91,366±0,16
P>0,05
|
77,808±0,21
P<0,01
|
81,410±0,23
P<0,01
|
7
|
98,310±0,22
P<0,01
|
91,080±0,22
P<0,01
|
93,228±0,21
P>0,05
|
10
|
80,330±0,24
P<0,01
|
72,160±0,23
P<0,05
|
54,13±0,22
P<0,001
|
Kontrol
|
88,604±0,22
|
88,016±0,22
|
93,112±0,23
|
Cədvəl 8.4-dən göründüyü kimi qaraciyərdə invaziyanın 3-cü günü merontlarının 1-ci generasiyası zamanı ALT-in aktivliyi əhəmiyyətli dəyişikliklərə məruz qalmır (P>0,5).
Parazitin sonrakı inkişaf mərhələlərində, merontların ikinci generasiyası zamanı ALT-nin aktivliyi artır. Qaraciyərdə ALT-nin aktivliyinin artması invaziyanın 7-ci gününə qədər davam edir, 10-cu gün isə normaya yaxınlaşır (P<0,01).
İnvaziyanın 3-cü günü beyin toxumasında ALT-nin aktivliyi azalsa da bu dəyişkənlik statistik dürüst deyil. Kontrol cücələrdə bu göstərici 88,016 mkmol /q·saat təşkil etdiyi halda yoluxdurulmuş cücələrdə 82,260 mkmol/q·saat-a qədər azalır. İnvaziyanın 5-ci günü ALT-nin aktivliyi azalmaqda davam edir. İnvaziyanın 7-ci günü isə onun aktivliyi artmağa başlayır. 7-ci gün ALT-nin aktivliyi 5-ci günə nisbətən 13,272 mkmol/q·saat artır və hətta kontrol qrupun göstəricilərindən 3,064 mkmol/q·saat yüksək olur (P<0,01). İnvaziyanın 10-cu günü ALT-nin aktivliyi yenidən azalsa da kontrol qrupun göstəricilərinə yaxınlaşmır (P<0,05). Əldə edilən məlumatlardan aydın olur ki, beyində ALT-nin aktivliyinin dəyişməsi eyni tipli xarakter daşımır və onun aktivliyi parazitin sahibin bağırsağında inkişaf mərhələlərindən asılıdır.
Cədvəl 8.4-də verilən məlumatlardan məlum olur ki, yoluxdurulmuş quşların əzələlərində ALT-nin aktivliyinin azalmasına invaziyanın 3-cü və 5-ci günləri təsadüf edilir. Bu zaman əzələlərdə ALT-nin aktivliyi müvafiq olaraq 81,400 və 81,410 mkmol/q·saat olur Bu qrupdan olan cücələrin əzələlərində ALT-nin aktivliyi invaziyanın 7-ci günü normaya yaxınlaşaraq 93,228 mkmol/q·saat təşkil edir (normada 93,112 mkmol/q·saat). İnvaziyanın 10-cu günü ALT-nin aktivliyi yenidən kəskin azalır bu zaman onun aktivliyi kontrol qrupun göstəricilərindən 38,982 mkmol/q·saat az olur (P<0,001).
Alınan məlumatların müqayisəli analizi göstərir ki, normada tədqiq edilən qaraciyər, beyin (sinir) və əzələ toxumalarında AST və ALT –nin ən yüksək aktivliyi əzələlərdə (102,218 mkmol/q·saat) olur. Qaraciyər və beyin eyni AST aktivliyinə malikdir (müvafiq olaraq 95,738 mkmol/q·saat və 95,140 mkmol/q·saat, qaraciyərdə ALT–nin aktivliyi isə beyin (sinir) toxumasındakından yüksəkdir (cədvəl 8.4).
Beləliklə, yoluxdurulmuş quşlar arasında AST-nin ən yüksək aktivliyinə qaraciyərdə invaziyanın 7-ci günü, ən az aktivliyinə isə yoluxdurmanın 10-cu günü əzələlərdə təsadüf olunur. ALT-nin ən yüksək aktivliyinə yoluxdurulmuş cücələrin öyrənilən orqanlarında invaziyanın 7-ci günü beyində, ən az aktivliyi isə invaziyanın 10-cu günü əzələlərdə təsadüf edilir.
Ümumiyyətlə, tədqiqatın nəticələrinə əsasən qeyd etmək olar ki, quşların eymeriozu (Eimeria tenella) LDH, QR, AST və ALT-nin aktivliyində nəzərə çarpacaq dəyişikliklərə səbəb olur.
8.3.Cücələrin bağırsağında qələvi fosfatazanın aktivliyi
Qara, çil-çil və ağ plimutrok broyler cücələrinin eksperimental koksidiozu və onun müalicəsi zamanı baykoksun profilaktik dozasının nazik bağırsaqda qələvi fosfatazaların aktivliyinə təsirini müəyyənləşdirmək üçün tədqiqatlarda ümumilikdə 180 baş, o cümlədən 60 baş yerli qara, 60 baş yerli çil-çil və 60 baş ağ plimutrok toyuq cücələrindən istifadə edilmişdir. Aşağıda qeyd edilən bu sxemdən bütün cinsdən olan cücələrin yoluxdurulması və müalicəsi zamanı istifadə edilmişdir. Cücələr hər birində 20 cücə olmaqla 3 qrupa ayrılmışdır. 1-ci qrupun cücələri yoluxdurulmamış – kontrol saxlanılmış, 2-ci qrupun cücələri Eimeria tenella parazitinin 20000 sporlaşmış oosistaların suda suspenziyasını quşların çinədanına pipetka vasitəsilə daxil edilməklə yoluxdurulmuşdur. 3-cü qrupun cücələri isə yoluxdurulduqdan sonra baykoksla (2,5%-li baykoksu 1L suda həll etməklə yoluxdurmadan 1 gün sonra 2 gün müddətində verilmişdir) müalicə edilmişdir.
Cədvəl 8.5-dən göründüyü kimi E.tenella ilə yoluxdurulmamış ağ plimutrok cücələrin nazik bağırsağında qələvi fosfatazaların aktivliyi invaziyanın 3-cü günündən başlayaraq azalır. Belə azalma tendensiyasına həm yoluxdurulmuş, həm də müalicə olunan qrupun cücələrində müşahidə olunsa da qələvi fosfatazanın aktivliyi kontrolla müqayisədə az olur. Belə ki, fosfatazanın aktivliyinin azalmasına yaşla bərabər eymerioz da təsir edir. Yoluxdurulmuş qrupun cücələrinin göstəricilərini, kontrol qrupun göstəriciləri ilə müqayisə etdikdə aydın olur ki, qələvi fosfatazanın aktivliyinin azalması invaziyanın bütün günlərində statistik dürüstdür. Fermentin aktivliyinin azalmazı invaziyanın 3, 5, 7 və 10-cu günləri kontrol qrupla müqayisədə müvafiq olaraq 0,34 mmol/L (P<0,01), 0,64 mmol/L (P<0,05), 0,45 mmol/L (P<0,001) və 0,34 mmol/L (P<0,001), müalicə olunan cücələrin nazik bağırsağında isə bu göstərici kontrolla müqayisədə 0,12 mmol/L (P>0,5), 0,23 mmol/L (P>0,3), 0,26 mmol/L (P>0,2) və 0,09 mmol/L (P>0,5) az olmuşdur.
Yoluxdurulmuş qrupun göstəriciləri ilə müalicə olunan qrupun göstəricilərini müqayisə etdikdə məlum olur ki, invaziyanın 5, 7 və 10-cu günləri baş verən dəyişikliklər statistik dürüstdür. Müalicə edilən qrupun cücələrinin nazik bağırsağında kontrolla müqayisədə fermentin aktivliyində azalma müşahidə edilsə də statistik dürüst deyil. Bu da baykoksun 2,5%-li məhlulunun 2 gün müddətində verilməsi Eimeria tenella-nın endogen inkişafının qarşısını almaqla, qələvi fosfatazanın aktivliyinin də dəyişməməsinə səbəb olur.
Cədvəl 8.5
Ağ plimutrok cücələrinin nazik bağırsağında qələvi
fosfatazanın aktivliyi (mmol/L, M±Sd, n=5)
Qrup
|
İnvaziyanın günləri
|
3
|
5
|
7
|
10
|
Kontrol
|
3,37±0,12
|
3,30±0,19
|
3,27±0,02
|
3,09±0,03
|
Yoluxdurulmuş
|
3,03±0,05
P<0,05
|
2,66±0,05
P<0,01
|
2,82±0,05
P<0,001
|
2,75±0,05
P<0,001
|
Müalicə olunan
|
3,25±0,07
P<0,01
P1>0,05
|
3,07±0,09
P>0,05
P1<0,001
|
3,01±0,07
P>0,05
P1<0,001
|
3,00±0,03
P>0,05
P1<0,01
|
Cədvəldə 8.6-da verilən məlumatlardan aydın olur ki, yerli qara toyuq cücələrinin nazik bağırsağında qələvi fosfatazanın aktivliyi ağ plimutrok cücələrində olduğu kimidir. Yəni, onun aktivliyinin ağ plimutrok cücələrin göstəricisindən bir qədər yüksək olmasına baxmayaraq qara toyuq cücələrində də fermentin aktivliyi quşların yaşı artdıqca azalır. Yoluxdurulmuş qrupda qələvi fosfatazanın aktivliyində kəskin azalma invaziyanın 3 və 5-ci günləri özünü büruzə verir. 7-ci gün onun aktiv-
liyi artmağa başlayır (P<0,001), 10-cu gün isə normaya qayıdır.
Müalicə olunan qrupda isə fermentin aktivliyində statistik dürüst dəyişiklik invaziyanın 3-cü və 5-ci günləri müşahidə olunur (P<0,05 və P<0,01). İnvaziyanın digər günləri qələvi fosfatazanın aktivliyi kontrola nisbətən az olsa da statistik dürüst deyil. Yoluxdurulmuş qrupla müqayisədə isə qələvi fosfatazanın aktivliyi müalicə olunan qrupun cücələrinin göstəricilərindən aşağıdır. Statistik dürüst dəyişkənliklər isə ancaq invaziyanın 3 və 5-ci günləri baş verir.
Beləliklə, alınan nəticələr sübut edir ki, E.tenella ilə yoluxdurulmuş qara cücələrin nazik bağırsağında qələvi fosfatazanın aktivliyi invaziyanın 3, 5 və 7-ci günlərində statistik dürüst azalır. 10-cu gün isə onun aktivliyi normaya qayıdır. Kontrolla müqayisədə müalicə olunan cücələrin nazik bağırsağında fosfatazanın aktivliyinin azalması invaziyanın 3-cü və 5-ci günlərində müvafiq olaraq 1,13 mmol/L (P<0,05) və 0,77 mmol/L (P<0,01) təşkil edir.
Cədvəl 8.6
Qara toyuq cücələrinin nazik bağırsağında qələvi fosfatazanın aktivliyi
(mmol/L, M±Sd, n=5)
Qrup
|
İnvaziyanın günləri
|
3
|
5
|
7
|
10
|
Kontrol
|
3,73±0,23
|
3,80±0,01
|
3,70±0,03
|
3,27±0,01
|
Yoluxdurulmuş
|
2,66±0,02
P<0,01
|
2,77±0,02
P<0,001
|
3,20±0,02
P<0,01
|
3,26±0,02
P>0,05
|
Müalicə edilmiş
|
3,60±0,17
P<0,05
P1<0,001
|
3,03±0,06
P<0,01
P1<0,001
|
3,56±0,02
P>0,05
P1>0,05
|
3,26±0,05
P>0,05
P1>0,05
|
E.tenella ilə yoluxdurulmuş çil-çil cücələrin nazik bağırsağında qələvi fosfatazanın aktivliyinin öyrənilməsi zamanı alınan nəticələr cədvəl 8.7-də verilir.
Cədvəl 8 .7
Çil-çil toyuq cücələrinin nazik bağırsağında qələvi fosfatazanın aktivliyi
(mmol/L, M±Sd, n=5)
Qrup
|
İnvaziyanın günləri
|
3
|
5
|
7
|
10
|
Kontrol
|
3,70±0,02
|
3,82±0,01
|
3,67±0,03
|
3,26±0,02
|
Yoluxdurulmuş
|
2,60±0,04
P<0,001
|
2,67±0,02
P<0,001
|
3,10±0,02
P<0,01
|
3,28±0,01
P>0,05
|
Müalicə olunan
|
3,10±0,03
P<0,01
P1<0,001
|
3,51±0,08
P<0,05
P1<0,001
|
3,57±0,07
P>0,05
P1>0,05
|
3,26±0,09
P>0,05
P1>0,05
|
E.tenella ilə yoluxdurma zamanı çil-çil cücələrin nazik bağırsağında qələvi fosfatazanın aktivliyinin azalması digər cinslərdə müşahidə olunduğu kimi invaziyanın bütün günləri baş verir. Cücələrin nazik bağırsağında qələvi fosfatazanın aktivliyinin azalması həm yoluxdurulmuş və həm də müalicə edilən qruplarda invaziyanın 3, 5 və 7-ci günləri statistik dürüst, 10-cu günü isə statistik dürüst deyil (cədvəl 8.7).
E.tenella ilə yoluxdurma zamanı yerli cinsdən olan çil-çil cücələrin nazik bağırsağında invaziyanın 3, 5, və 7-ci günlərinə müvafiq qələvi fosfatazanın aktivliyinin azalması kontrolla müqayisədə 1,10 mmol/L (P<0,01), 1,15 mmol/L (P<0,001) və 0,57 mmol/L (P<0,01) azdır. Müalicə olunan qrupun göstəricilərini kontrol qrupun göstəriciləri ilə müqayisə etdikdə məlum olur ki, statistik dürüst dəyişkənlik ancaq invaziyanın 3-cü və 5-ci günləri baş verir (P<0,001). İnvaziyanın 7-ci günü fermentin aktivliyi kontrolla müqayisədə az olsa da statistik dürüst deyil. 10-cu gün isə fermentin aktivliyi kontrol qrupun göstəricisinə bərabər olur. Müalicə olunan qrupun göstəricilərini yoluxdurulmuş qrupun göstəriciləri ilə müqayisə etdikdə məlum olur ki, kontrol qrupun göstəriciləri ilə müqayisə olunduğu kimi statistik dəyişkənlik invaziyanın 3-cü və 5-ci günləri baş verir (cədvəl 8.7).
Alınan nəticələrin təhlili göstərir ki, E.tenella parazitinin 20.000 sporlaşmış oosistası ilə yoluxdurulan və müalicə olunan qrupun cücələrinin nazik bağırsağında qələvi fosfatazanın aktivliyinin azalmağa başlaması şizont və ya merontların formalaşması anına, xəstəliyin kəskin dövrünə düşür.
Beləliklə, parazitin hüceyrədaxili inkişafı zamanı epitelinin tamlığının pozulması qələvi fosfatazanın aktivliyinin dəyişməsinə səbəb olur. Aktivliyin tədricən bərpa olunması epiteli qatının preparatın təsirindən tamlığının bərpası ilə əlaqədardır. Normal halda qələvi fosfatazanın aktivliyinin azalması sahibin yaşından asılı olduğundan, bütün qrupdan olan cücələrin nazik bağırsağın selikli qişasında qələvi fosfatazanın aktivliyinin xəstəliyin postpatent dövründən sonra da azalmasını cücələrin yaşının artması ilə izah etmək olar. Ona görə də qələvi fosfatazanın aktivliyinin azalması 30 günülük cücələrdə daha kəskin baş verir.
ALINAN NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Levayna görə eymeriyalar Protozoa yarımaləminin, Apicomplexa tipinin, Sporozoasina sinfinin, Eimeriidae fəsiləsinin, Eimeria cinsinə daxil edilir [218]. Ev toyuqlarında Eimeria cinsinə daxil edilən 9 növ parazitlik edir. Azərbaycanda ev toyuqlarında bu növlərdən 6-sının parazitlik etdiyi və geniş yayıldığı məlumdur [13 s.8-13].
Son illərdə S.M.Məmmədovanın apardığı tədqiqatın nəticələrinə görə Abşeronun quşçuluq təsərrüfatlarında 4 eymeriya – Eimeria tenella, E.acervulina, E.mitis və E.maxima növünə təsadüf edilir [17, s. 120].
Ev toyuqlarında parazitlik edən Eimeria cinsinə daxil edilən növlər arasında ən çox patogen olanı E.tenella-ya praktiki olaraq döşəmə şəraitində quş saxlayan bütün təsərrüfatlarda təsadüf olunur.
Yerli cinsdən olan qara və çil-çil toyuq cücələri üzərində aparılan eksperimental tədqiqatların nəticələri göstərir ki, eymeriozun klinik əlamətlərinə adətən parazitin (E.tenella) merontlarının 2-ci generasiyası və qametoqoniya (invaziyanın 5-ci və 7-ci günləri) mərhələlərində təsadüf edilir. Ədəbiyyat məlumatlarına görə broyler cinsindən olan cücələrdə yoluxdurma dozasından və parazitin virulentlik dərəcəsindən asılı olaraq xəstəliyin klinik əlamətləri nisbətən tez müşahidə oluna bilir. Quşların eymeriyalarla yoluxması zəif olduqda orqanizmdə biokimyəvi proseslər xəstəliyin törədicilərinə qarşı mübarizə aparmaq istiqamətində gedir.
Alınan nəticələr göstərir ki, qara və çil-çil toyuq cücələrini E.tenella-nın 20000 və 100000 oosista dozaları ilə yoluxdurduqda xəstəliyin yüngül və ağır keçməsindən asılı olmayaraq, ölümlə nəticələnmədiyi bütün hallarda, orqanizmdə immunitetlə əlaqəli bütün proseslər sürətlənir. Parazitin antigenlərinin təsirinə cavab olaraq immunoqlobulinlərin və limfositlərin sayı artır [23].
Qara və çil-çil cücələrdə eymerioz zamanı müşahidə olunan xəstəliyin klinik əlamətləri ilə plimutrok cinsindən olan broyler cücələrinin yoluxdurulması zamanı müşahidə olunan xəstəliyin əlamətlərinin müqayisəsi göstərir ki, broyler cücələrində xəstəlik onların eyni doza (20000 oosista) ilə yoluxdurmalarına baxmayaraq daha kəskin forma alır. Yerli cinsdən olan toyuq cücələrinin kor bağırsaqlarının divarında yara yerlərinə təsadüf edilməsinə baxmayaraq onların ölçüləri broyler cücələrdəkinə nisbətən kiçik olmuş və bağırsaq mexaniki zədələnməyə az məruz qalmışdır [5, 25].
Hər iki cinsdən olan cücələrin 20000 sporlaşmış oosista ilə yoluxdurulması zamanı kütləvi ölüm halları müşahidə edilməsə də, 100000 oosista ilə yoluxdurma zamanı isə kor bağırsaq cıxıntısının divarlarından qan axma, bağırsağın qan ilə dolma halları müşahidə olunmuşdur. E.tenella-nın virulent ştamınınb100000 oosistası ilə yoluxdurma cücələrin cinsindən asılı olmayaraq onların əksəriyyətinin ölümünə səbəb olmuşdur.
Cücələrin 20000 oosista ilə yoluxdurma zamanı eymeriozu üçün xarakterik olan klinik əlamətlər baykoks və baykoksla acı yovşanın (Artemisia absinthium) kombinasiyası ilə müalicə zamanı müşahidə edilməmişdir.
Müalicə olunan cücələrdə çəki artımının dinamikasına nəzarət göstərdi ki, hər iki cinsdən olan (qara və çil-çil) cücələrdə kontrolla müqayisədə çəki artımından geri qalma halları parazitin bütün inkişaf mərhələlərində baş verir. Cücələrin çəki artımından geri qalmasına xüsusi ilə prepatent dövrünün sonu və patent dövrünün əvvəllərində təsadüf edilir.
Baykoksla müalicə olunan cücələrdə çəki artımından geri qalma yoluxdurmadan 4-5 gün sonra müşahidə olunmuşdur. Bu dövrdə bir cücənin 1 gündə çəki artımı 1q olmuşdur. Bu onu sübut edir ki, hətta eymerioz zamanı vaxtında başlanan effektiv müalicə belə cücələrin çəkisinin azalmasının qarşısını tam ala bilmir.
Xəstəliyin zəif klinik əlamətlərinin cücələrin cinsindən asılı olaraq müşahidə edilməsinə baxmayaraq eymerioz, bu xəstəliyə qarşı dözümlü olan yerli cinsdən olan cücələrin də çəkisində azalmalara səbəb olmaqla, təsərrüfatlara böyük iqtisadı zərər vermək xüsusiyyətinə malik olaraq qalır. Ona görə də yerli cins cücələrin eymerioza qarşı broyler cücələrinə nisbətən dözümlü olmasından asılı olmayaraq zıllarında oosistalara təsadüf edildikdə xəstəliyin klinik əlamətlərinin müşahidə edilməməsinə baxmayaraq profilaktik tədbirlər aparılmalıdır.
Eymerioz və onun müalicəsi zamanı müəyyən edilmişdir ki, 10 gün müddətində qara və çil-çil cücələrdə demək olar ki, eyni çəki artımı müşahidə edilmişdir. Xəstə cücələrin baykoks və acı yovşanın kombinasiyası ilə müalicəsi onların 62,6% sağ qalmasına, tək baykoksla müalicə isə cücələrin 30%-nin sağ qalmasına səbəb olur. Göründüyü kimi baykoksla müalicə zamanı quşların yeminə 1500 mq/kq dozada acı yovşanın əlavə edilməsi preparatın effektini artırır. Xəstə quşların müalicəsi zamanı yemə əlavə edilən acı yovşanın dozasının artırılması cücələrin sağ qalma göstəricisinə təsir etməmişdir. Tədqiqatın nəticələri göstərir ki, müalicə və profilaktika məqsədilə tərkibində toltrazuril olan preparatların tətbiqi zamanı yemə əlavə edilən acı yovşanın hesabına preparatın dozasını azaltmaq olar.
Acı yovşan və baykoksun kombinasıyası ilə müalicə zamanı, baykoks eymeriyaların endogen inkişaf mərhələlərinə, tərkibində efir yağı olan acı yovşan isə həm eymeriyaların və həm də mikroorqanizmlərin inkişafını ləngitdiyi üçün onların birlikdə tətbiqi yüksək nəticələr əldə etməyə imkan verir. Təcrübələrin nəticələri göstərir ki, tək baykoksla müalicəyə nisbətən kombinə müalicə daha effektlidir. Xəstə quşların yeminə baykoksla birlikdə acı yovşanın (1500mq/kq yemlə) əlavə edilməsi cücələrin çəki artımına daha yaxşı təsir göstərir.
Baykoksun (1ml/l, 2ml/l, 3ml/l) və A.absinthium-un (1500 mq/kq, 2500 mq/kq, 3000 mq/kq) müxtəlif dozalarının və baykoksun (2ml/l) A.absinthium (1500mq/kq) ilə kombinasiyasının E.tenella-nın reproduktivliyinə təsiri öyrənilmişdir.
Tədqiqatın nəticələri göstərir ki, baykoksun müalicə məqsədilə tətbiq edilən bütün dozaları (1 ml/l, 2ml/l, 3ml/l) parazitin reproduktivliyinin qarşısını alır. Baykoksun 1ml/l dozası eymeriyaların reproduktivliyini azaltsa da oosistaların xaric olunmasına invaziyanın 11-ci gününə qədər davam edir. 2 ml/L və 3ml/L dozalarının E.tenella-nın reproduktivliyinə təsirinin öyrənilməsi göstərdi ki, oosistaların xaric olunması invaziyanın 8-ci gününə qədər davam edir və ifraz olunan oosistaların sayı arasında elə bir əhəmiyyətli fərq yoxdur.
Acı yovşanın parazitin reproduktivliyinə təsirinin öyrənilməsi göstərdi ki, onun tətbiq edilən dozalarından asılı olmayaraq ifraz olunan oosistaların sayı patent dövrünün 2, 3 və 4-cü günlərinə təsadüf edir. Təcrübə qruplarında cücələrin ifraz etdikləri oosistaların sayı müalicə edilməyən cücələrin ifraz etdikləri oosistaların sayından az olmuşdur. Bu da acı yovşanın E.tenella-nın reproduktivliyinin qarşısını
qismən aldığını göstərir.
Cücələrin yüksək dozası ilə yoluxdurulmasına baxmayaraq baykoks və acı yovşanın kombinasiyasının E.tenella-nın reproduktivliyinə təsirinin öyrənilməsi nəticəsində alınan məlumatların digər qrupların göstəriciləri ilə müqayisəsi göstərdi ki, bu qrupda ifraz olunan oosistaların sayı kəskin azalır və artıq 7-ci gün quşların zıllarında oosistalara təsadüf edilmir.
Alınan nəticələr həmçinin onu da sübut edir ki, baykoks ilə acı yovşanın kombinasiyası patent dövrünün qısalmasına səbəb olur.
Cücələrin E.tenella-nın yüksək dozası ilə yoluxdurulması zamanı baykoks və onun acı yovşan ilə kombinasiyası parazitin endogen inkişaf mərhələlərinə təsir edərək reproduktivliyini azaltmaqla, sanki aşağı dozalarda yoluxmalarda olduğu kimi, xüsusi müdafiə faktorlarının sintez olunmasına səbəb olmaqla, sahibin xəstəliyə qarşı dözümlüyünün artmasına səbəb olur. Beləliklə sahibin orqanizmində xəstəliyə qarşı immunitet yaranır. Belə ki, ədəbiyyat məlumatlarından da məlumdur ki, cücə-lərin kiçik dozalarla yoluxdurulması zamanı immunitet yaranır [28, 61, 68, 6].
Qan zərdabı zülalları orqanizmdə mübadilə proseslərində mühüm rol oynayır və çoxsaylı funksiyalar yerinə yetirir. Zülal mübadiləsinin kəmiyyət və keyfiyyət göstəricilərinin öyrənilməsi mürəkkəb parazit-sahib münasibətlərinin, xüsusilə, müxtəlif xəstəliklərin patogenezinin öyrənilməsində, həmçinin bunların əsasında effektiv müalicə və profilaktikasının elmi əsaslarının hazırlanmasında böyük elmi və təcrübi əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi xəstəliklər zamanı orqanizmdə ilk dəyişkənliyə uğrayan zülallardır. Orqanizmdə baş verən dəyişkənliklərin dərəcəsi orqanizmin immun sistemi ilə birbaşa əlaqədardır. Orqanizmin immun sistemi nə qədər “qüvvətli” olarsa, xəstəlik bir o qədər zəif keçir və heyvanlar arasında ölüm halları az müşahidə olunur və ya heç müşahidə olunmur. Eymeriyalarla yoluxma təkamül prosesində toyuqlarda müəyyən müdafiə mexanizmlərinin formalaşmasına və bu müdafiə mexanizminin nəslə verilməsinə imkan yaratmışdır. Məlumdur ki, orqanizmin müdafiə sistemində immunoqlobulinlər mühüm rol oynayır [35 s.53-65, 46 s.132-140].
Albuminlər, α-qlobulinlər və β-qlobulinlərin bir hissəsi qaraciyərdə və β-qlobu-
linlərin digər hissəsi isə limfoid orqanlarda sintez olunur. Qan zərdabında ümumi zülalın miqdarı müxtəlif amillərin təsirindən dəyişə bilər. Albuminlərin və immunoqlobulinlərin miqdarının dəyişməsi öz növbəsində qan zərdabında ümumi zülalın miqdarına təsir edir.
Həm qara və həm də çil-çil cinsdən olan kontrol cücələrin qaraciyərinin ümumi zülallarının miqdarını müqayisə etdikdə aydın olur ki, qara toyuq cücələrinin qaraciyərində ümumi zülalın miqdarı çil-çil cücələrə nisbətən çoxdur. Bu da cinsin spesifik biokimyəvi xüsusiyyəti ilə izah edilməlidir.
M.Ə.Musayev və b.-nın apardıqları tədqiqatların nəticələrinə görə plimurtok cinsindən olan cücələrin E.tenella-nın 5000 sporlaşmış oosistası ilə yoluxdurulması zamanı qan zərdabında ümumi zülalın miqdarı artır [58 s.29-41]. Bizim apardığımız tədqiqatın nəticələrinə görə isə qara və çil-çil cücələrin E.tenella-nın 20000 və 100000 sporlaşmış oosistası ilə yoluxdurulması zamanı qan zərdabında ümumi zülalın miqdarında baş verən dəyişikliklər əsaslı surətdə fərqlənmir. Belə ki, hər iki doza ilə yoluxdurulan qara və çil-çil cücələrin qan zərdabında ümumi zülalın miqdarı bütün invaziya dövründə azalır.
Hər iki cinsdən olan sağlam cücələrin qan zərdabında yaş ilə əlaqədar olaraq ümumi zülalın, albuminlərin və qlobulinlərin də miqdarı artır. Məsələn, 23 günlük çil-çil cücələrin qan zərdabında albuminin miqdarı 1,07±0,05q% təşkil edirsə, təcrübənin sonunda albuminin miqdarı 1,13±0,13 q%-ə qədər yüksəlir. α-qlobulinlərin miqdarında isə azalma qeydə alınmışdır. Belə ki, əgər 23 günlük cücələrdə α-qlobulinlərin miqdarı 0,26±0,03q% təşkil edirsə, 30 günlük cücələrdə bu göstərici 0,24±0,01 q%-ə qədər azalır. β- və γ-qlobulinlərin miqdarı isə artır. 23 günlük cücələrdə bu göstəricilər müvafiq olaraq 0,54±0,04 və 1,41±0,17 q%, 30 günlük cücələrdə isə 0,61±0,07 və 1,52±0,02q%-ə qədər yüksəlir.
Qara və çil-çil cücələrin qaraciyərində qlobulinlərin miqdarında baş verən dəyişikliklərin arasında elə bir ciddi fərqin olmaması, E.tenella-nın maddələr mübadiləsinin son məhsulları olan – toksiki maddələrə qarşı sahibin eyni dərəcədə antitel sintez etməsi hər iki cinsin eymerioza qarşı eyni dərəcədə dözümlü olduğunu
sübut edir.
Hər iki cinsdən olan cücələrin yoluxdurulması zamanı onların cinsindən asılı olmayaraq E.tenella ilə yoluxdurma üçün xarakterik olan beta qlobulinlərin artması müşahidə edilmişdir.
Beləliklə, immunoloji və parazitoloji tədqiqatların nəticəsində aydın olur ki, yerli toyuq cinsləri eymeriyozlara qarşı daha dözümlüdürlər və bu dözümlülük parazitlə sahibin uzun müddət birgə yaşayışı nəticəsində yaranmış və nəsillərə verilərək möhkəmləndirilmişdir. Yeni yaradılan broyler cinslərdə hibridləşmə nəticəsində bir çox əlamətlər o cümlədən xəstəliklərə qarşı dözümlülük tədricən azalmış və ya itirilmişdir. Ona görə də yeni toyuq cinslərinin yaradılmasında yerli cinslərdən istifadə olunması məqsədəuyğundur.
Eimeria tenella-nın 20000 oosistası ilə yoluxdurulan və baykoksun 2ml/l dozası ilə müalicə edilən cücələrin qan zərdabında ümumi zülal və zülal fraksiyalarının dinamikası öyrənilərək müəyyən edilmişdir ki, müalicə olunan cücələrin qan zərdabında zülal fraksiyalarının dinamikasında kontrolla müqayisədə azalma müşahidə olunur, lakin bu azalma yoluxdurulub müalicə edilməyən qrupun göstəricilərindən az olması ilə fərqlənir. Müalicə məqsədilə tətbiq edilən baykoks invaziyanın ilk günlərində albuminlərin azalmasının qarşısını alsa da albuminlərin miqdarında kontrol qrupun göstəriciləri ilə müqayisədə azalma, α və β-qlobulinlərin miqdarında baş verən dəyişikliklər statistik dürüst olmamış (P<0,05), yalnız invaziyanın 5-ci günü γ-qlobulinlərin miqdarında kontrol qrupun göstəriciləri ilə müqayisədə baş verən artım statistik dürüst olmuşdur (P<0,01).
Eymerioza qarşı müxtəlif təsir mexanizminə malik koksidiostatik preparatların-dan istifadə olunur. Müalicə zamanı dərman preparatlarının təsirinə ən çox məruz qalan qaraciyərdir. Parçalanan və yenidən sintez olunan zülalların təxminən yarısından çoxu qaraciyərin payına düşür. Qaraciyər toxumasının müxtəlif xəstəliklərin və kimyəvi maddələrin təsirindən zədələnmələri qanın zülal mübadiləsində özünü göstərir [84 s.87-94, 4, 6, 39].
Yerli cinsdən olan cücələrin qaraciyər toxumasında eymerioz zamanı baş verən dəyişiklikləri öyrənmək məqsədilə E.tenella parazitinin 20000 oosistası ilə yoluxdurulmuş cücələrin qaraciyər toxumasının suda həll olan zülalları poliakrilamid gel elektrofarez metodu ilə fraksiyalara ayrılmışdır. Alınan nəticələr göstərir ki, albuminlər zonasında yerləşən zülallın miqdarında dəyişikliklər invaziyanın ilk günlərində deyil, merontların ikinci generasiyası zamanı başlayır və bütün zülalların deyil, müəyyən zülalların miqdarında baş verir.
Acı yovşanın (1500mq/kg yemlə) sağlam cücələrin orqanizminə 10 gün müddətində təsirinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, tərkibində efir yağı olan bu bitkinin təsirindən quşların orqanizmində ümumi zülal və zülal fraksiyalarının miqdarında dəyişkənliklər baş vermir (P>0,05).
E.tenella ilə yoluxdurulmuş hər iki cinsdən olan cücələrdə albuminlərin miqdarının azalması ilə parazitin inkişaf mərhələləri arasında asılılıq olduğu müəyyən edilmişdir. Yəni, parazitin inkişaf mərhələlərinə uyğun albuminlərin miqdarı azalır. Bunun səbəbi parazitin sahibin orqanizmində inkişaf mərhələlərinə uyğun olaraq yaranan toksiki maddələrin qaraciyərin zülal sintezetmə funksiyasına təsiri ilə izah edilə bilər. Hər iki cinsdən olan cücələrdə alfa qlobulinlərin miqdarında baş verən dəyişikliklər arasında qanunauyğunluğun olmadığı müəyyən edilmişdir.
Ədəbiyyat məlumatlarının və xüsusi tədqiqatların nəticələrinin təhlilindən aydın olur ki, koksidilərin sahibin orqanizmində inkişafı zamanı parazitin maddələr mübadiləsinin son məhsulları olan toksiki maddələr qaraciyərin funksiyasını pozmaqla albuminlərin miqdarının azalmasına səbəb olur. Zülal fraksiyalarının əksəriyyətinin miqdarının azalması cücələrin cinsindən asılı olmayıb parazitin inkişaf mərhələlərindən asılıdır. Koksidioz zamanı α və β-qlobulinlərinin miqdarının artması orqanizmin immun sisteminin sürətlə səfərbərliyə alınması nəticəsində antitellərin sintez olunması ilə bağlıdır.
Baykoksun 2ml/l dozasının sağlam qara cücələrin qan zərdabının zülal fraksiyasına təsirinin öyrənilməsi göstərdi ki, baykoks ümumi zülalın miqdarına, qlobulin fraksiyalarından alfa – və beta-qlobulin fraksiyalarına statistik dürüst təsir göstərmir. Preparatın verilməsinin ilk günlərində qammaqlobulinlərin miqdarının artması ümumi zülalın miqdarında özünü büruzə versə də statistik dürüst olmur.
İnvaziyanın ilk günləri baykoksun 2ml/l dozası parazitin endogen inkişaf mərhələlərinin qarşısını aldığından zülal fraksiyalarının miqdarında baş verən statistik dürüst dəyişkənliklər qısa müddətli xarakter daşıyır. Zülal fraksiyalarının miqdarında baş verən azalmalar statistik dürüst olmasa da, onların miqdarı ümumi zülalın miqdarına təsir edərək onun azalmasına səbəb olur. Ona görə də ümumi zülalın miqdarında invaziyanın 10-cu günü də azalma müşahidə edilir.
Tədqiqatın nəticələrinın müqayisəli analizindən aydın olur ki, müalicə məqsədilə istifadə edilən baykoksun acı yovşan ilə kombinasiyası qan zərdabında ümumi zülalın və zülal fraksiyalarının azalmasının qarşısını tam almasa da, baykoks sahibin bağırsağında parazitin endogen inkişaf mərhələsinı, acı yovşan isə zərərli mikroorqanizmlərin inkişafının qarşısını alıb, γ-qlobulinlərin miqdarının artmasına səbəb olmaqla, cücələr arasında baş verən ölüm hallarını minimuma endirir.
Sağlam, eymeryalarla yoluxdurulmuş və müxtəlif sxemlərdə müalicə edilən çil-çil və qara toyuq cücələrinın qaraciyərinin suda həll olan zülalları da poliakrilamidgel elektrofarez metodu vasitəsilə 26 fraksiyaya ayrılmışdır.
Qara və çil-çil toyuq cücələrinin qaraciyərinin zülal fraksiyalarının müqayisəli analizindən məlum olur ki, qara toyuq cücələrində invaziyanın 3, 5, 7-ci günləri 11 zülal fraksiyasında, 10-cu günü isə 5 fraksiyada dəyişiklik baş verirsə, çil-çil toyuq cücələrində müvafiq olaraq 3, 5 və 7-ci günlər 7 zülal fraksiyasında, 10-cu gün isə 5 zülal fraksiyasında statistik dürüst dəyişiklik baş verir.
Baykoks və onun kombinasiyası yoluxdurulan cücələrin qaraciyərində müalicə zamanı ümumi zülalın miqdarının normal səviyyədə saxlanılmasını təmin edir.
Müəyyən edilmişdir ki, preparatın 3ml/l dozası sağlam cücələrin qaraciyərində zülal fraksiyalarının miqdarında dəyişikliklərə səbəb olur. Preparat verildiyi ilk gündən başlayaraq 3, 4 və 7-ci fraksiyalarda zülalların miqdarının artmasına, 9, 16-18 21 və 24-cü fraksiyalarda isə azalmasına səbəb olur. Bunun səbəbi parazit və onun həyat fəaliyyətinin son məhsulları olan toksiki maddələrin, həmçinin müalicə məqsədilə tətbiq edilən preparatın əlavə toksiki təsiri ilə əlaqədardır.
E.tenella ilə baykoksun birlikdə orqanizmə təsiri onların ayrılıqda göstərdikləri təsirə nisbətən daha mürəkkəb təsir mexanizminə malikdir. Bu onu sübut edir ki, koksidiostatik preparatları tətbiq etməzdən əvvəl onun orqanizmə əlavə təsirləri də mütləq nəzərə alınmalıdır.
Orqanizmdə baş verən mübadilə proseslərinin qiymətləndirilməsində qanın morfoloji göstəricilərindən geniş istifadə edilir. Müxtəlif faktorlar o cümlədən də parazitar xəstəliklər qanın morfoloji göstəricilərinə ciddi təsir göstərir [244].
Hər iki cinsdən olan sağlam cücələrdə qanın morfoloji göstəricilərinin öyrənilməsi göstərir ki, yaşla əlaqədar olaraq eritrositlərin miqdarı artır, leykositlərin sayı isə azalır. Məsələn, əgər çil-çil 23 günlük cücələrin qanında leykositlərin sayı 33,36x109/l olursa, 30 günlük cücələrin qanında bu göstərici 32,70x109/l təşkil edir. Cücələrin qanında yaşla əlaqədar psevdoeozinofillərin və eozinofillərin sayında azalma, monositlərin, bazofil və limfositlərin sayında isə artım baş verir. Əgər 23 günlük cücələrin qanında monositlər 3,51% təşkil edirsə, bu göstərici 30 günlük cücələrdə 8,60%-ə, limfositlərin miqdarı müvafiq olaraq 41,03%-dən 64,03%-ə yüksəlir.
Yoluxdurulmuş qrupun cücələrinin qanında eozinofillərin miqdarının artması sahibin orqanizminin parazitin toksiki maddələrinə qarşı göstərdiyi cavab reaksiyası ilə əlaqədar olması ilə izah edilməlidir.
Təcrübə qrupundan olan cücələrin qanında invaziyanın bütün günlərində psevdoeozinofillərin, bazofillərin, limfositlərin, eritrositlərin və hemoqlobinin miqdarının azaldığı, leykositlərin və eozinofillərin miqdarının isə artdığı müşahidə edilmişdir. Leykositlərin sayının artması, hemoqlobinin isə miqdarının azalması qanın digər morfoloji göstəricilərinə nisbətən daha kəskin baş vermişdir.
Baykoks və A.absinthium-un sağlam cücələrin qanının morfoloji göstəricilərinə təsirinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, baykoks və A.absinthium verilən cücələrin qanında, baykoks və A.absinthium kombinasiyası verilən cücələrdən fərqli olaraq eritrositlərin və leykositlərin sayı azalır (müvafiq olaraq P<0,01 və P<0,01), monositlərin (P<0,001), bazofillərin (P<0,01) və limfositlərin miqdarı artır (P<0,05).
Baykoks verilən cücələrin qanında leykositlərin miqdarında dəyişkənliyin baş verməməsi, A.absinthium verilən cücələrdə isə baş verməsi onu sübut edir ki, baykoks ilə A.absinthium–un kombinasiyası verilən cücələrın qanında leykositlərin miqdarında baş verən dəyişkənlik A.absinthium tərkibində olan bioloji aktiv kompo-
nentlərin təsiri nəticəsində meydana çıxır.
Bütün eksperiment müddətində, invaziyanın 3, 5, 7 və 10-cü günləri (23, 25, 27 və 30-cu günlər) cücələrin qanında psevdoeozinofillərin, monositlərin, eritrositlərin sayı və hemoqlobinin miqdarı azalır. Leykositlərin sayı, bazofillərin, eozinofillərin və limfositlərin miqdarının artmasına baxmayaraq baş verən dəyişkənlik ancaq invaziyanın 3-cü günü statistik dürüstdür (P<0,05).
Belə nəticəyə gəlmək olar ki, baykoksun 2 ml/l dozası cücələrin qanında leykositlərin, monositlərin və limfositlərin artmasına, psevdoeozinofillərin azalma-sına səbəb olur. Eritrositlərin sayına və hemoqlobinin miqdarına isə təsir etmir. Preparatın verilməsi dayandırıldıqdan 4 sutka sonra qanın hematoloji göstəriciləri normaya qayıdır.
Müəyyən edilmişdir ki, baykoks invaziyanın 5, 7 və 10-cü günləri eozinofillərin və monositlərin miqdarını tənzimləyir. Bu zaman qeyd edilən göstərici yoluxdurul-muş müalicə edilməyən qrupun göstəricilərindən yüksək olub (P<0,001) kontrol qrupun göstəricilərinə yaxınlaşır. Bazofillərin miqdarında isə kontrol qrupun göstəriciləri ilə müqayisədə statistik dürüst dəyişkənlik baş vermir. Baykoks leykosit-lərin sayının artmasına səbəb olur. Bu zaman monositlərin miqdarında statistik dürüst dəyişkənlik baş verir (P<0,05). İnvaziyanın 7-ci günü kontrol qrupların göstəriciləri ilə də müqayisədə psevdoeozinofillərin miqdarında artım baş verir (P<0,01), limfositlərin miqdarı isə azalır (P<0,05).
Baykoksun və acı yovşanın eymerioza qarşı ayrı-ayrılıqda tətbiqinə nisbətən, onların birlikdə tətbiqi müalicə effektini yüksəltməklə mübadilə proseslərin tənzim-ləyir ki, bu da özünü qanın morfoloji parametrlərində əks etdirir.
Heyvanların və quşların müxtəlif toxumalarının amin turşu spektrini öyrənməklə zülal mübadiləsinin xüsusiyyətini və orqanizmin fizioloji vəziyyətini qiymətləndir-mək mümkündür.
Orqanizmdə amin turşuların müxtəlif səbəblərdən çatışmazlığı onların inkişafdan, çəkidən qalmasına və müxtəlif xəstəliklərə səbəb ola bilir. Bəzi amin turşuların, məsələn qlutamin, arginin, leysin, prolin, sistein və triptofan metabolik proseslərin tənzimlənməsində, immunitetdə, zülalların toplanmasında iştirak edir [335]. Li və Beisel göstərir ki, yaxşı qidalanmamaq və müxtəlif infeksiyalar heyvanların yaşamalarına və məhsuldarlığına mane olan əsas səbəblərdəndir [221, 129].
Alınan nəticələrin qarşılıqlı surətdə müqayisəsindən aydın olur ki, yoluxdurulub müalicə olunmayan və olunan qara cücələrin qan zərdabında mübadiləsi öyrənilən 17 amin turşudan invaziyanın müxtəlif günlərində ümumilikdə 10-un miqdarında statistik dürüst dəyişkənlik baş verir. Koksidioza qarşı tətbiq edilən baykoks qan zərdabında amin turşu mübadiləsinin tənzimlənməsində elə bir mühüm rol oynamır.
Cücələri parazitin 20000 və 100000 oosista dozaları ilə yoluxdurduqda beyində amin turşuların miqdarında eyni istiqamətdə dəyişkənliklərə səbəb olduğu müəyyən edilmişdir. Hər iki halda onların miqdarında azalma və ya artma müşahidə edilir. Eymerioz beyində ayrı-ayrı amin turşuların miqdarının azalması ilə müşayiət olunur ki, bu da özünü amin turşuların ümumi miqdarında göstərir. Məsələn 20000 oosista ilə yoluxdurma zamanı miqdarında dəyişkənlik baş verən 7 amin turşudan 6-nın, 100000 oosista ilə yoluxdurma zamanı isə 10 amin turşudan 9-nun miqdarı statistik dürüst azalır, yalnız 1 amin turşunun miqdarı artır.
E.tenella–nın 20000 oosistası ilə yoluxdurulmuş və 2,5%-li baykoksun 2ml/l dozası ilə müalicə edilən cücələrin qan zərdabının sərbəst amin turşu tərkibinin öyrənilməsi göstərdi ki, invaziyanın ilk günləri yoluxdurulan cücələrin qan zərdabında asparagin turşusunun, serinin, metioninin, valinin və izoleysinin miqdarında kontrol qrupun müvafiq göstəricilərinə nisbətən statistik dürüst dəyişkənliklər baş vermir (P>0,05). Heç bir qrupda metionin valin, leysin və histidinin miqdarında isə statistik dürüst dəyişkənlik qeydə alınmamışdır. Müəyyən edilmişdir ki, miqdarında statistik dürüst dəyişkənlik baş verən amin turşuların miqdarı artır və bu ümumi amin turşuların 58,83%-ni təşkil edir.
Baykoks ilə müalicə edilən cücələrin qan zərdabında invaziyanın bütün günləri lizinin miqdarında statistik dürüst dəyişkənliklər baş verir (P<0,05).
Asparagin turşusu cücələr üçün əvəzolunan amin turşu olub, müxtəlif yollarla
sintez olunur. Onun metabolizmi orqanizmdə çox mürəkkəb prosesdir. Eymeriozun qan zərdabında asparagin turşusunun mübadiləsinə təsiri aşkar edilməmişdir.
Müalicə olunan qrupda isə lizinin miqdarının analizlər aparılan bütün günlərdə azaldığı müəyyən edilmişdir.
Koksidiozun təsirindən qan zərdabında mübadiləsində dəyişikliklər baş verən amin turşulardan biri də treonindir. Treoninin miqdarının eymeriozun təsirindən azaldığı müəyyən edilmişdir. Baykoksla müalicə onun miqdarının invaziyanın 10-cu günü normaya qayıtmasına səbəb olur.
Serinin və asparagin turşusunun mübadiləsində də oxşar hal müşahidə olunur. Bu zaman xəstəliyin təsirindən serinin miqdarında statistik dürüst dəyişkənlik baş verməsə də, müalicə olunan qrupda, kontrol qrupun göstəriciləri ilə müqayisədə invaziyanın 5-ci günü onun miqdarı kontrol qrupun göstəricisindən az, 7-ci gün isə çox olmuşdur (P<0,01).
Həm yoluxdurulan və həm də yoluxdurulub baykoksla müalicə edilən cücələrin qan zərdabında qlisinin miqdarında kontrol qrupun göstəriciləri ilə müqayisədə azalma, qlutamin turşusunun və prolinin miqdarında isə artım müşahidə edilmişdir (P<0,05). Öyrənilən amin turşular içərisində ən kəskin artım alaninin miqdarında qeydə alınmışdır.
Baykoks və onun acı yovşan ilə kombinasiyasının təsirindən yoluxdurulan cücələrin qan zərdabında lizinin, asparagin turşusunun, serinin, qlutamin turşusunun, qlisinin, sisteinin, leysinin və fenilalaninin miqdarının azaldığı, prolin, alanin və tirozinin miqdarının isə statistik dürüst artdığı müşahidə edilmişdir.
Qeyd edilən amin turşulardan asparagin və qlutamin turşularının, leysin və tirozinin mübadiləsini invaziyanın sonuna qədər baykoks ilə acı yovşanın kombinasiyası tənzimləyir. Tədqiqatın nəticələri göstərir ki, cücələrin E.tenella ilə yoluxdurulması və onun baykoksla acı yovşanın kombinasiyasının müalicə effekti bütün amin turşularını əhatə etmir.
Xəstə cücələrin beynində əsasən mübadiləsi birbaşa sidik cövhəri sintezi tsikli ilə əlaqəli olan amin turşuların – arginin və asparagin turşusunun miqdarı azalır. Mövcud hal üçün, onun mümkün çevrilmə variantlarında yəqin ki, beyin və əzələlə-rin funksional vəziyyətlərinin pozulması ilə əlaqədar onların energetik mübadilədə istifadə edilməsidir. Asparagin turşusunun beyində və əzələlərdə miqdarının azalmasının səbəblərindən biri onun katabolizmi zamanı digər amin turşular hesabına bərpa olunmaması və aspartataminotransferazanın aktivliyinin azalmasıdır.
Qeyd edilən hər iki amin turşusunun miqdarı beyində, hətta invaziyanın 10-cu günü də kontrol qrupun müvafiq analoji göstəricilərindən aşağı olur. Əzələ toxumasında isə invaziyanın 10-cu günü onların miqdarı normada olsa da, bu zaman argininin miqdarı kontrol qrupun göstəricisindən aşağı, asparagin turşusunun miqdarı isə yüksək olmuşdur (P>0,05). Əvəzolunmayan amin turşu olan və sidik cövhəri sintezi tsiklinə daxil olan arginin miqdarının parazitin inkişaf mərhələsinin sona çatmasından sonra belə normaya qayıtmaması Krebs tsiklində baş verən dəyişkənlikləri sübut edir.
Baykoksla müalicə zamanı cücələrin beynində sərbəst amin turşuların mübadi-ləsi nəticəsində əldə edilən məlumatları ümumiləşdirərək demək olar ki, baykoks parazitin endogen inkişafının qarşısını almaqla əksər amint urşuların mübadiləsini tənzimləyir, lakin eymeriyozlar zamanı onun yaxşı müalicəvi effektinə və əksər amin turşuların mübadiləsinə müsbət təsir göstərməsinə baxmayaraq qlutamin turşusu ilə əlaqəli mübadilə prosesini tənzimləmək xüsusiyyətinə malik deyil.
Eymerioz zamanı amin turşuların dinamikasının izlənilməsi göstərdi ki, yolux-ma zamanı toxumalarda lizinin miqdarı artır. Məlumdur ki, lizin quşlar üçün əvəzolunmayan amin turşudur. Onun çatışmazlığı və ya çoxluğu orqanizmə mənfi təsir göstərir [36, s.78]. Eymerioz zamanı quşların orqanizmində sərbəst lizinin kifayət qədər olmasına baxmayaraq, struktur zülalların sintezində istifadə olunmur və toxumalarda toplanır.
Baykoksun və onun acı yovşan ilə kombinasiyası şəklində koksidioza qarşı tətbiqi bu amin turşusunun mübadiləsinə müxtəlif cür təsir edir. Xəstə cücələrin baykoksla müalicəsi zamanı onun miqdarı əzələ və qaraciyər toxumasında artır, beyində isə azalır. Acı yovşanın baykoksla kombinasıyası isə lizinin miqdarının normada saxlanılmasına səbəb olur.
Terioninin mübadiləsinin öyrənilməsi göstərir ki, 100000 oosista ilə yoluxdurma zamanı qan zərdabında bu amin turşusunun miqdarı beyində artır, əzələlərdə isə azalır. Müxtəlif sxemlərdə koksidiozun müalicəsi terioninin normal mübadiləsini təmin etmir. Terioninin miqdarının artması ümumi amin turşu balansının pozulması ilə əlaqədardır.
Müəyyən edilmişdir ki, quşların eymeriozu qlutamin turşusu mübadiləsinə təsir göstərir, xəstəlik zamanı qaraciyərdə onun miqdarı azalır. Qlutamin turşusunun mübadiləsinin əsasında dayanan biokimyəvi proseslərin mexanizmi çox mürəkkəbdir. O bütün peraminləşmə, dezaminləşmə, sidik cövhəri sintezi, purinlərin yaranması və s. reaksiyalarda iştirak edir. Məlumdur ki, qaraciyərdə ammonyakın utilizasiyası həyata keçirilir. Quşlarda sidik turşusu və sidik cövhərinin sintezi ammonyakın utilizasiyasının son məhsuludur [309, 264, 265, 331, 297].
Heyvanların koksidiozu zamanı bu amin turşunun mübadiləsinin öyrənilməsi göstərir ki, xəstəlik zamanı qlutamin turşusunun mübadiləsi pozulur.
Cücələrin E.tenella parazitinin 100000 oosistası ilə yoluxdurulması qaraciyər və beyində qlutamin turşusunun miqdarının azalmasına, əzələlərdə isə artmasına səbəb olur. 20000 oosista ilə yoluxdurma zamanı da analoji hal müşahidə olunur. Qlutamin turşusunun miqdarının müxtəlif istiqamətlərdə dəyişməsi onun orqanizmdə yerinə yetirdiyi funksiyası ilə əlaqədardır. Eymerioz zamanı toxumanın energetik tələbatını ödəmək üçün qlutamin turşusu intensiv oksidləşməyə məruz qalır. Beyində qlutamin turşusunun mübadiləsinin pozulma səbəbi eyni zamanda transaminazaların (ALT və AST) aktivliyinin dəyişməsidir.
Müxtəlif sxemlərdə müalicə, xüsusilə əzələ və qaraciyər toxumalarında qlutamin turşusunun mübadiləsinin tənzimlənməsinə səbəb olur.
Növbəti dəyişkənlik asparagin turşusunun miqdarında qeydə alınmışdır. Asparagin turşusunun miqdarında azalma beyin və əzələlərdə, artma isə qaraciyərdə müşahidə edilmişdir. Onun miqdarı patent dövrünün sonunda da normaya qayıtmır.
Nisbətən aşağı doza ilə yoluxdurma (20000 oosista) və eyni zamanda, 100000 oosista ilə yoluxdurma beyin və əzələdə asparagin turşusunun miqdarının azalmasına səbəb olur. Qaraciyərdə isə bu amin turşunun miqdarında baş verən dəyişkənlik statistik dürüst deyil. Beyin və əzələlərdə asparagin turşusunun miqdarının azalmasına aspartataminotransferazanın aktivliyinin azalması da səbəb ola bilər.
Məlumdur ki, alanin cücələr üçün əvəzolunan amin turşudur. Alanindən orqanizm
də yağ və karbohidratların və eyni zamanda qlükozanın sintezində xammal kimi istifadə oluna bilər. Qanda şəkərin düşməsi və qidanın tərkibində karbohidratların çatışmazlığı əzələlərdə zülalların parçalanmasına səbəb olur, ayrılan alanin qanda şəkərin miqdarını tarazlamaq üçün qlükozaya çevrilir [36, s.69]. Tədqiqatın nəticələri göstərir ki, alaninin miqdarında baş verən statistik dürüst azalma yoluxdurulan cücələrin əzələlərində müşahidə edilir. Ona görə də belə hesab etmək olar ki, əzələdə alaninin miqdarının azalmasına səbəb onun qlükozaya çevrilməsidir belə ki, əzələ və qaraciyərdə qlükozanın miqdarı azalır.
Baykoks ayrılıqda və acı yovşan ilə birlikdə xəstə cücələrin müalicəsi zamanı əzələlərdə alaninin miqdarının bərpa olunmasına səbəb olur.
Prolin cücələr üçün əvəzolunan amin turşudur, onun miqdarında baş verən dəyişikliklər onun digər amin turşulardan (xüsusilə qlutamin turşusundan) sintez olunmasını təmin edən fermentativ proseslərin normal gedişinin pozulması ilə əlaqədardır.
Tədqiqatın nəticələri göstərdi ki, eymerioz və onun bütün sxemlərdə müalicəsi zamanı argininin miqdarı bütün tədqiq edilən toxumalarda azalır, hətta parazitin endogen inkişaf mərhələsinin sona çatmasına baxmayaraq onun miqdarı normaya qayıtmır. Arginin qaraciyərdə mübadilə proseslərində mühüm rol oynayır [36, s.71]. Məlumdur ki, arginin cücələrin orqanizmində çox az sintez olunur, onun çatışmazlığı quşların inkişafdan qalmasına səbəb olur.
Serin və qlisin cücələrin orqanizmində asanlıqla biri digərinə çevrilə bilir. Eymeriyozlar zamanı cücələrin beynində və əzələlərində, serin və qlisinin miqdarında statistik dürüst dəyişkənlik baş vermir, qaraciyər toxumasında invaziyanın 3-cü günü serinin, invaziyanın bütün günləri isə qlisinin miqdarı yüksək səviyyədə qalır. Müa-icə məqsədilə istifadə edilən baykoks və onun acı yovşan ilə kombinasiyası qeyd edilən amin turşuların mübadiləsini invaziyanın 10-cu gününə qədər tənzimləyir.
İzoleysin, leysin və valinin mübadiləsinin öyrənilməsi göstərdi ki, əzələlərdə bu amin turşuların mübadiləsinin pozulması parazitin yüksək dozası ilə yoluxdurulması zamanı baş verir. Aşağı doza ilə yoluxdurma isə qısa müddətli dəyişikliklərə səbəb olur.
20000 oosista ilə yoluxdurma zamanı baş verən dəyişkənliklər qısa müddətli olub, 2-ci generasiyanın merontlarının inkişafına qədər normaya qayıdır. Hər üç amin turşunun miqdarının artmasını kompleks fermentativ sistemin aktivliyinin azalması ilə izah etmək olar.
İnvaziya zamanı tirozinin və fenilalaninin miqdarında az dəyişkənlik baş verir. Onların miqdarında baş verən dəyişkənlik qısamüddətli olub, parazitin endogen inkişafının sonuna kimi bərpa olunur.
Tərkibində kükürd olan amin turşuların öyrənilməsi nəticəsində tərəfimizdən alınan məlumatlarla ədəbiyyat məlumatlarının müqayisəli analizi göstərir ki, eymerioz zamanı bu amin turşuların mübadiləsi əhəmiyyətli dərəcədə pozulur. Məlumdur ki, tərkibində kükürd olan amin turşuların mübadiləsində metionin mühüm rol oynayır. Təbii ki, metioninin iştirakı ilə baş verən mübadilə proseslərinin pozulması patoloji halların meydana çıxmasına səbəb olur. Metioninin iştirakı ilə həyata keçirilən metilləşmə proseslərinin pozulması onun əzələ toxumasında toplanmasına səbəb olur. Beyin və qaraciyər toxumasında onun miqdarı azalır. Müxtəlif sxemlərdə müalicə əzələ toxumasında metioninin mübadiləsini tənzimləyir.
Cücələrin E.tenella-nın 20000 və 100000 oosistaları ilə yoluxdurulması zamanı alınan nəticələrin müqayisəli analizi göstərir ki, yüksək doza ilə yoluxdurma, aşağı doza ilə yoluxdurma zamanı müşahidə olunmayan amin turşuların patoloji proseslərə cəlb olunmasına səbəb olur.
Əksər hallarda toxumalarda amin turşuların miqdarında baş verən dəyişkənlik-lərin bir istiqamətli xarakter daşıdığı müəyyən edilmişdir. Yəni, eyni amin turşularının miqdarının artmasına və ya azalmasına səbəb olur. Bu onu göstərir ki, eymeriyaların bəzi amin turşuların mübadiləsinə təsiri yoluxdurma dozasından asılı olmayıb, ümumi təsir mexanizminə malikdir.
Parazitin inkişaf mərhələlərindən asılı olaraq sahibin toxumasının sərbəst amin turşularının dinamikasının öyrənilməsi nəticəsində məlum oldu ki, bəzi amin turşular parazitin müəyyən inkişaf mərhələsində dəyişikliyə məruz qalır. Məsələn, əzələlərdə sisteinin miqdarında statistik dürüst dəyişkənlik ancaq invaziyanın 5-ci günü baş verir, digər günlərdə isə bu amin turşunun miqdarında dəyişkənlik baş vermir. Serin və valinin miqdarında statistik dürüst dəyişkənlik ancaq invaziyanın 10-cu günü baş verir. Bunlarla yanaşı bəzi amin turşuların (treonin, alanin və arginin) miqdarında baş verən patoloji dəyişkənliklər invaziyanın əvvəlində başlayır və bütün invaziya dövründə davam edir. Hətta invaziyanın 10-cu günü belə normaya qayıtmir.
Eymerioz zamanı cücələrin amin turşularının öyrənilməsi belə deməyə əsas verir ki, onların miqdarında baş verən dəyişkənliklər ancaq amin turşuların biokimyəvi çevrilmələri ilə əlaqəli olmayıb, həmçinin bağırsaqda amin turşuların sorulması prosesinin pozulması, qaraciyərdə, beyində, əzələlərdə və başqa orqanlarda onların parçalanma proseslərinin pozulması və çevrilmələrini həyata keçirən müvafiq fermentlərin aktivliyinin dəyişməsi ilə baş verə bilər.
Qələvi fosfataza karbohidratların utilizasiyasında iştirak edən əsas fermentlərdən biridir. Fermentin aktivliyinin azalması orqanizmdə həzm proseslərinin pozulmasına səbəb olur.
D.K.Mondal və b. göstərir ki, E.tenella və E.brunetti ilə yoluxdurulan cücələrin qan plazmasında ALT və AST-nin aktivliyi azalır, qələvi fosfatazanın aktivliyi isə artır [253]. Biu A.A. və b. Mondalın əksinə olaraq göstərir ki, qarışıq invaziya zamanı toyuqların qan plazmasında ALT-nin aktivliyi artır, qələvi fosfatazanın aktivliyi isə azalır [132]. Mondal və b. digər bir təcrübədə müəyyən etmişlər ki, broyler cücələrinin E.tenella-nın kiçik dozaları ilə yoluxdurulması zamanı AST-nin aktivliyi artır.
Bizim aldığımız nəticələr Mondalın və b. aşağı dozalara ilə yoluxma zamanı, Biu və b. isə qarışıq invaziya zamanı aldıqları nəticələr ilə oxşardır. Fermentlərin aktivliyinin öyrənilməsi göstərdi ki, E.tenella ilə yoluxdurma cücələrin qanında ALT və AST –nin aktivliyinin yüksəlməsinə səbəb olur.
Qan zərdabının fermentativ aktivliyinin dəyişilməsi qaraciyərin funksional vəziyyətinin göstəricisidir. Müxtəlif amillərin, o cümlədən kimyəvi maddələrin, parazitlərin həyat fəaliyyətinin son məhsulu olan toksiki maddələrin təsirindən ilk növbədə hepatositlərin strukturu və funksiyasında baş verən dəyişikliklər nəticəsində qana sitoplazmadan ALT, sonra isə mitoxondrilərdən AST daxil olur. Adətən qaraciyərin xəstəlikləri və zədələnmələri zamanı bu fermentlərin aktivliyi patoloji
proseslərin gedişindən asılı olaraq artır.
Baykoksun müxtəlif dozalarının transaminazaların aktivliyinə təsirinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, eymeriozun baykoksla müalicəsi aspartataminotransferazanın (AST) və alaninaminotransferazanın (ALT) aktivliyinin artması ilə müşaət olunur. Eymeriozun baykoksla müalicəsi zamanı ALT və AST-nin aktivliyinın artması müalicə məqsədilə tətbiq edilən preparatın dozasından asılıdır.
Müalicə məqsədilə istifadə edilən baykoksun 2ml/L dozası və onun acı yovşanla kombinasiyası ALT və AST-in aktivliyinin invaziyanın ilk günlərində normal səviyyədə saxlanılmasına səbəb olur.
Eksperimental olaraq, parazitlə sahib arasındakı parazitoloji və biokimyəvi qarşılıqlı münasibətlərin öyrənilməsi nəticəsində əldə edilən məlumatların analizi göstərdi ki, parazit-sahib arasındakı münasibətlər çox incə biokimyəvi və immunoloji mexanizmlərə əsaslanır. Gələcəkdə sözsüz ki, bu istiqamətdə aparılacaq tədqiqatlar nəticəsində əldə ediləcək elmi məlumatlardan istifadə etməklə bu mexanizmlərin mahiyyəti daha dərindən aydınlaşdırılacaq. Bütün bunlar öz növbəsində eymeriyalara qarşı aparılan müalicə və profilaktika işlərinin səmərəliliyinin yüksəlməsinə və eyni zamanda yeni sintez olunacaq preparatların parazit və sahibin orqanizminə təsirinin qiymətləndirilməsinə köməklik göstərəcək.
Dostları ilə paylaş: |