45.Azərbaycan xalqının və dilinin yaranması.
Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir.
Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlaya bildi. Müxtəlif illərdə Azərbaycan xalqı bütün istilalara, təzyiqlərə baxmayaraq, reallığının, ruhunun, həyatının təzahürü olan bu müqəddəs sərvətimizi qoruyub yaşadaraq, inkişaf etdirərək ən təkmil, mükəmməl dil səviyyəsinə qaldıra bildi.
Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub getdiyi bayatılarımızdan, laylalarımızdan, nağıllarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq İ.Həsənoğlu, İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzuli, M.R.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, S.Vurğun kimi dühaların zəngin irsi ilə bizə gəlib çıxan bu misilsiz sərvət müstəqillik qazandıqdan sonra əsas milli atributdan biri kimi inkişaf etdirilir. Zaman-zaman Azərbaycanın düşünən beyinləri dili xalqın yaşaması üçün ən mühüm atribut hesab etmiş, özünün bu dəyərli milli sərvətini kənar dillərin təsirindən qoruya bilmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Konstitutsiyanın 21-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".
Müstəqillik illərində Azərbaycan dilçiliyinin uğurları çoxdur. Xüsusən də Azərbaycan ədəbi dil tarixinin tədqiqi geniş vüsət almışdır. Dilimizin praktik məsələlərinin kamilləşməsinə, onun tarixinin, mənşəyinin öyrənilməsinə daha çox diqqət yetirilmişdir.Qədim köklərə malik Azərbaycan xalqı həm də zəngin yazılı ədəbi dil ənənəsinə malikdir. Azərbaycan yazılı ədəbi dili kimi, şifahi ədəbi dili də Azərbaycan xalqını ümummədəni tarixinin ən parlaq atributlarından biri olmaqla, bu xalqın uzun əsrlər boyu zəngin inellekt səviyyəsini əks etdirən başlıca amillərdən biridir. Tarix göstərir ki, ədəbi dilin inkişafı ümumi danışıq dili ilə bağlı olur. Yazılı ədəbi dilimizin təşəkkül və inkişafında dialektfövqü xarakter daşıyan zəngin şifahi xalq ədəbiyyatı yazılı ədəbi dilə təsir etmiş, yazılı ədəbi dil təşəkkül tapdıqdan sonra bir neçə əsr hər iki ədəbi dil yanaşı inkişaf etmişdir.
Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ədəbi dilin inkişaf tarixi aşağıdakı kimi təsnif edilmişdir: 1. Əski Azərbaycan dili (bu dövr öz növbəsində iki yerə bölünür: əski Azərbaycan dilinin yaranması (XIII-XIV əsrlər) və əski Azərbaycan dilinin sonrakı inkişafı (XV-XVII əsrlər); 2. Yeni Azərbaycan dili. Bu 4 mərhələni əhatə edir: ədəbi dilin xəlqiləşməsi dövrü (XVIII əsr); Milli dilin yaranması və inkişafı dövrü (XIX-XX əsrlər); sovet dövrü (1920-1990); və çağdaş mərhələ. Bu dövrlər əsasında Azərbaycan dilinin tarixi inkişafı təhlil olunmuşdur.
Dostları ilə paylaş: |