53.Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşü və onun nəticəsi.
Qızıl Ordunun Azərbaycana yürüşləri-1240-1502-ci illərdə mövcud olmuş Qızıl Ordunun Azərbaycana sahib olmaq üçün Şirvanşahlar,Hülakülər və Teymurilərlə etdiyi müharibələrdir .
Azərbaycanda Hülakular dövləti yarandığı zamandan etibarən həmin dövlətlə Qızıl Orda xanları arasında tez-tez hərbi toqquşmalar baş vermişdir. Ərəb tarixçiləri bu mübarizənin səbəbini dini təfriqə ilə əlaqələndirirlər. Tarixi faktlardan görünür ki, iki dövlət arasındakı ziddiyyətlər Hülakularin İslam dinini qəbul etdikdən (XIII əsrin sonu) sonra da davam etmişdir. Bu da həmin dövlətlər arasındakı münaqişənin dinlə əlaqədar olmadığını göstərir. Qızıl Orda xanları Azərbaycanı öz əraziləri hesab etmiş və bu ərazinin Elxanilər dövlətinə daxil edilməsini qeyri-qanuni saymışlar. Onlar öz iddialarını Çingiz xanın vəsiyyətinə görə Azərbaycanın Batı xanın payına düşməsi ilə əsaslandırmağa çalışmışlar. Şərqlə Qərbi birləşdirən əsas karvan yollarından biri Azərbaycandan keçirdi və Qızıl Orda dövlətinin Misirlə ticarətinin əsas hissəsi bu yolla gedirdi. Azərbaycanda Elxanilər dövləti təşkil edildikdən sonra Qızıl Orda tacirlərinin Misirlə, digər Şərq və Qərb ölkələri ilə ticarət əlaqələrinə ciddi maneə yarandı. Azərbaycan ərazisindən çekən tacirlər böyük məbləğdə gömrük haqqı verməli oldular.Azərbaycanda xeyli təbii otlaq vardı və bu, köçəri tayfalar üçün əlverişli idi. Qızıl Orda xanları da Azərbaycanın bu təbii üstünlüyünü nəzərə alaraq ölkəni ələ keçirməyə can atırdılar. Elxanilər dövləti Azərbaycanda ticarətdən,sənətkarlıqdan çoxlu vəsait əldə edirdi. Qızıl Orda xanlan Azərbaycanı istismar etmək, onun təbii sərvətlərinə sahib olmaq istəyirdilər. Azərbaycan tarix boyu əlverişli strateji mövqeyə malik olmuşdur. Elxanilər şimaldan təhlükəsizliyi təmin etmək üçün, ilk növbədə, Azərbaycanda möhkəmlənməli və ölkənin təbii üstünlüklərindən müdafiə məqsədilə istifadə etməli idilər. Qızıl Orda dövləti də bu cəhəti nəzərə alaraq Elxaniləri Azərbaycandan məhrum etməyə və onları daim təhlükə qarşısında saxlamağa cəhd göstərirdi. Beləliklə, Elxanilər dövlətinin təşəkkül tapması və Azərbaycanın həmin siyasi qurumun mərkəzi vilayətinə çevrilməsi Qızıl Orda dövlətinin mənafeyinə zidd idi.
Qızılordalıların hər bir yürüşü zamanı Azərbaycan ərazisi (xüsusilə Şirvan) işğalçılar tərəfindən tapdalanır, əhalisi qarət edilir, iqtisadiyyatına böyük ziyan vurulurdu. Qızıl Orda qoşunu çox halda Kür çayının sahillərinə kimi gəlir və belə vaxtlarda Kür çayı iki monqol qoşunu arasında sərhəd xətti rolunu oynayırdı. Qızıl Orda xanları Azərbaycanın yerli feodalları ilə əlaqə saxlayır, onlarla əlbir olub, ölkəni ələ keçirməyə cəhd göstərirdilər. Şirvanşahlarla qızılordalıların ittifaqı daha sıx idi. Bu hal Şirvanın həmin dövlətlə bilavasitə həmsərhəd olmasından irəli gəlirdi. Qızılordalıların Təbrizədək gedərək bütün Azərbaycanı zəbt etdikləri vaxtlar olmuşdur.
Qızılordalılarla Elxanilər arasında ilk toqquşma hələ Hülakü xanın (1256-1265) hakimiyyəti dövründə baş verdi. Qızıl Orda hökmdarı Bərkə xan (1256-1266) sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şirvana göndərdi. Hülakü xan vilayətlərdən qoşun topladı və Şirvana yola saldı. Dərbənd Hülakü xan tərəfindən tutuldu. Elxanilərin qoşunu qızılordalıların izləyərək Terek çayına yetişdi. Bərkə xan Elxanilərin üzərinə yeni qüvvələr göndərdi. 1263-cı il yanvarın 13-də Terek çayı sahilində baş vermiş qanlı vuruşmada Hülakü qoşunu məğlubiyyətə uğradı və Şabrana doğru geri çəkildi. Dərbənd şəhəri yenidən qızılordalıların əlinə keçdi.
Dostları ilə paylaş: |