1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycan XVIII əsrin ortalarında.Xanlıqların yaranması



Yüklə 344,46 Kb.
səhifə71/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   67   68   69   70   71   72   73   74   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

70.Azərbaycan XVIII əsrin ortalarında.Xanlıqların yaranması.

Əfşarlar dövlətinin zəifləməsi və dağılmasından sonra, XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində müstəqil dövlətlər olan xanlıqlar yaranır.  Şimal torpaqlarında Qarabağ, Şəki, Gəncə, Cavad, Şamaxı, Quba, Bakı, Dərbənd, Salyan, Lənkəran, Naxçıvan və İrəvan xanlıqları, Cənubda Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku, Əhər və Ərdəbil xanlıqları meydana gəlir. Xanlıqlarla yanaşı şimal torpaqlarında yarımmüstəqil feodal hakimlikləri  olan İlisu, Qəbələ, Ərəş, Borçalı, Qazax və Şəmşəddil sultanlıqları, habelə feodal respublikası hesab edilən Car-Balakən icması (camaatlığı) kimi qurumlar da formalaşır.

Xanlıqlarda hakimiyyət siyasi qurum kimi təkhakimiyyətliliyə əsaslanırdı. Xan qeyri-məhdud hakimiyyətə malik olub, həm də məhkəmə hüququ daşıyırdı. O, ölüm hökmü verə, yaxud ölümə məhkum olunmuşları bağışlaya bilərdi. Xanın yanında məşvərət funksiyasına malik Divan fəaliyyət göstərirdi. Divanda sülh bağlamaq, müharibə elan etmək, vergilər qoymaq məsələləri müzakirə olunurdu. Divanın, yaxud Məşvərət şurasının mövqeyi bəzən xanın çıxardığı qərara təsir göstərə bilirdi. Belə şuralar Şəki, Şamaxı, Quba və Qarabağ xanlıqlarında kifayət qədər nüfuza malik idilər. Xanlıqlarda belə bir qurumun olması Azərbaycanın qədim dövlətçilik ənənələrindən irəli gəlirdi.

Xanlıqların ticarət əlaqələri kifayət qədər geniş əraziləri əhatə edirdi. Xüsusən İran, Osmanlı,  Rusiya dövlətləri və Hindistanla  ticarət əlaqələri yaxşı inkişaf etmişdi. Azərbaycandan qonşu ölkələrə neft, duz, zəfəran, xam ipək, sənətkarlıq məmulatları, müxtəlif çeşidli xalçalar  aparılırdı. Kənardan isə mahud, boyaq malları, qənd, dəmir, şal və düyü  gətirilirdi. Osmanlı tacirləri Şamaxı ipəyini həvəslə alırdılar. Ərdəbil də ipək məmulatı istehsalında məşhur idi. Buradan çox zaman Hələbə, İzmirə və İstanbula xam ipək, ipək məmulatları daşınırdı. Xanlıqlararası iqtisadi əlaqələr də getdikcə genişlənir, ümummilli daxili bazar üçün zəif də olsa, şərait yaranırdı.

Xanlıqların yaranması şəhərlərin sənətkarlıq və ticarət məskənləri kimi inkişafına müsbət təsir göstərirdi. XVIII əsrin birinci yarısında dağıdılmış şəhərlər xanlıqların yarandığı dövrdə bərpa edilir, öz əvvəlki görkəminə qaytarılırdı.  Pənahabad adlanan Şuşa da  yüksəlməyə başlamışdı. Şəhər əhalisi artır, burada sənət, ticarət, elm və mədəniyyətin inkişafına imkan yaranırdı. Şamaxı, Bakı, Şəki, Şuşa və Dərbənd şəhərlərinin hər birində 4 mindən 10 minə qədər əhali yaşayırdı. Təbriz yenə də Azərbaycanın ən böyük şəhəri olaraq qalırdı.

Xanlıqlar dövründə Azərbaycanın hakim zümrəsi formalaşmağa başlayır. Bu zümrənin başında xan dururdu. Xandan sonrakı yeri sultan və məliklər tuturdular. Bu titullar nəslən keçir, hər dəfə xan tərəfindən təsdiq edilirdi. Ali zümrənin əsas hissəsini bəylər təşkil edirdilər. Onlar da irsi və şəxsi bəylərə bölünürdülər. Vaxtı ilə Səfəvi şahlarından bəylik titulu alanlar daha varlı və nüfuzlu olmaqla, mülki hüquqları irsi idi.

Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də bu arzu olunan nəticəni vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla, Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.





Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin