68.Səfəvilər dövlətinin tənəzzülü,Azərbaycan Nadir şahın hakimiyyəti dövründə.
XVII əsrin sonunda - XVIII əsrin əvvəlində Səfəvi dövləti ağır tənəzzül dövrü yaşayırdı. C. Malkolm bu dövrlə bağlı qeyd edir ki, ondan “daha təlatümlü, daha həyəcanlı dövrü təsəvvür etmək qeyri-mümkündür”.[1]Digər bir müəllif Səfəvi dövlətini XVIII yüzilliyin ilk 25 ilində “hərc-mərclik burulğanında batmış ölkə” kimi səciyyələndirmişdir.[2]Səfəvi dövlətinin hərbi-siyasi zəifliyindən istifadə edən əfqan silahlı dəstələrinin başçısı Mir Mahmud İsfahana hərbi yürüş etdi. Səkkiz aylıq mühasirədən sonra - 1722-ci ilin oktyabr ayının 23-də Səfəvi dövlətinin paytaxtı İsfahan əfqan Mir Mahmud tərəfindən tutuldu. Mir Mahmud özünü şah elan etdi. Şah Sultan Hüseynin oğlu Təhmasib hələ 1722-ci ilin iyun ayında 800 Qacar döyüşçüsünün müşayiəti ilə İsfahandan qaçmışdı.[3]O, noyabr ayında özünü şah II Təhmasib elan etdi. H. Braunun qeyd etdiyi kimi, “İranda hakimiyyət kollapsı qonşu imperiyaların təcavüzü üçün bir işarə oldu”.[4]Qəndəharda qilzay tayfasının üsyanı və bu üsyanın ardınca başlanmış ara müharibələri nəticəsində xeyli zəifləmiş Səfəvi dövlətinin fəlakətli vəziyyətindən istifadə edən Rusiya və Osmanlı dövlətləri Cənubi Qafqaz bölgəsində daha fəal siyasət yeritməyə başladılar.
Lakin, zəifləmiş Səfəvi dövlətinin xarici dövlətlər qarşısında qeyri-fəal obyekt kimi itaət göstərəcəyinə dair ümidlər özünü doğrultmadı. Rusiyanın əfqanlarla və Osmanlı dövləti ilə müqaviləsi şah II Təhmasib tərəfindən tanınmadı. Səfəvi dövlətinin işğal edilmiş ərazilərinin əhalisi istilaçılara tabe olmaq istəmirdi. II Təhmasibin dövlətin şimal-qərb bölgələrini tərk edərək taleyin hökmünə buraxmasına baxmayaraq, həmin ərazilərdə osmanlılara qarşı daim xalq üsyanları baş verməkdə idi.[5]Əfqan, Osmanlı və Rus işğallarının ağır nəticələri Əfşarlar soyundan olan istedadlı sərkərdə Nadirin[6]rəhbərliyi altında istilaçılara qarşı azadlıq mübarizəsinin yüksəlişi üçün əlverişli şərait yaratdı.
Əfşar tayfasının türk mənşəli olduğunu bir çox yazılı mənbələr, o cümlədən Mahmud Qaşğari (XI əsr) təsdiq edir. “Əfşarlar türk oğuz boylarından biridir. Oğuzlar 22 boydan ibarət olan türkmanlar idilər. Əfşar tayfası bu türkmanlar silsiləsinin altıncı sırasında xatırlanır”.[7]Əli Əkbər Dehxodanın yazdığına görə, “əfşarlar əsl-nəcabətli türk qəbilələrindən biridir”.[8]Bu fakt ingilisdilli qaynaqlarda da özünün təsdiqini tapır.[9]Fəzlullah Rəşidəddin Həmədaninin[10]məlumatlarına görə (L.Lokkart da bu məlumatları öz əsərində təqdim edir), əfşarlar “düzənliklərdə yaşayan türk xalqıdır”, qəbilənin mifik banisi Əfşar (və yaxud Avuşar) babası Oğuzun (türklərin əfsanəvi əcdadının) qoşunlarının sağ cinahında döyüşürdü. Əfşarlar XIII əsrdə monqolların yürüşləri zamanı bu ərazilərə Mərkəzi Asiyadan köçmüş, Azərbaycanda da məskunlaşmışlar. Şah I İsmayıl (1487-1524) özünün nəhəng ordusunu əsasən əfşarlardan və altı digər türk tayfasından (şamlu, rumlu, ustaclu, təkəlu, zülqədər və qacar) təşkil etmişdi. L.Lokkart “Tarixi-Nadiri” əsərinin müəllifi Mirzə Mehdinin məlumatlarına istinadən göstərir ki, Nadir Qırxlu boyuna mənsub idi. Bu boy şah I İsmayılın dövründə Xorasana köçmüşdü.[11]Nadirin türk olduğunu belə bir fakt da təsdiqləyir ki, o, şifahi danışıqda Azərbaycan türkcəsinə üstünlük verirdi. Nadir şah Osmanlı sultanına və Moğol imperatoruna məktublarında tez-tez bu dövlət başçılarının ümumi türk soyuna mənsub olduqlarına işarə edirdi.[12]Qriqorian katolikosu və salnaməçisi A. Kretasinin məlumatları da bunu təsdiq edir. O, əsərinin bir cox fəsillərində Nadirin erməni hərfləri ilə, Azərbaycan türkcəsində bütöv dialoqlarını nümunə kimi təqdim edir.[13]M. Astrabadinın məlumatına istinad etmiş E. Takerin qeydinə görə, Nadirin rəsmi xronikasının ön sözündə deyilirdi ki, “bu qəhrəman layiqli türkman soyundandır”.[14]
Yazılı qaynaqların məlumatlarına görə, 1726-cı ildə 37 yaşlı Nadir 6 minlik dəstəsi ilə şah II Təhmasibə xidmət etməyə başlamış və “Təhmasibqulu xan” adını qəbul etmişdi.[15]Fətəli xan Qacarın ölümündən sonra Nadirqulu xan şah II Təhmasibə silahlı qüvvələrinin baş komandanı təyin edildi. Qaynaqların məlumatlarına görə, Nadir bu vəzifəni bircə şərtlə qəbul etmişdi: “Mən sizin əmrinizə yalnız o şərtlə tabe olaram ki, bir istəyimi yerinə yetirəsiniz. O, aşağıdakından ibarətdir: Siz bütün dövlət hakimiyyətini mənə verəsiniz, şərəflə taxtınızda oturasınız, hərbi işləri mənə həvalə edəsiniz və bu işlərə qarışmayasınız”.[16]
Dostları ilə paylaş: |