Alınmalar
Hər bir dil yabancı ( alınma) sözlərə həm müqavimət göstərir, həm də onları qəbul etməli olur.
Azərbaycan dilində fəal işlənən həm Şərq, həm də Qərb mənşəli alınma sözlərin sayı on minlərlədir. Və bu dili kitab, elm, ədəbiyyat, incəsənət, mədəniyyət, eşq, məhəbbət, həyat, adam, insan, tale, dövlət, xeyir, şər, can, vətən, namus, qeyrət, müharibə, sülh... kimi Şərq, universitet, teatr, televiziya, kompüter, akademiya, parlament, partiya, lisenziya, demokratiya, planet, sivilizasiya... kimi Qərb mənşəli alınma sözlərdən kənarda təsəvvür etmək mümkün deyil.
Azərbaycan Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin qovşağında yerləşdiyinə görə, artıq qeyd etdiyimiz kimi, Azərbaycan dili lüğət tərkibində Şərq-Qərb paralelliyi və ya sinonimliyi adlandıra biləcəyimiz özünəməxsus ( unikal) bir hadisə ilə rastlaşırıq; məsələn: müsbət-pozitiv, mənfi-neqativ, mütləq-absalyut, peşəkar-professional, mənşə-genezis, kütləvi-total, intibah-renesans və s.
Hər bir dil, ilk növbədə, o əcnəbi sözləri qəbul edir ki, onlar dilə tamamilə yeni ( və zəruri!) anlayışlar gətirir. Və bu anlayışlar aşağıdakı sahələri əhatə edir:
1) iqtisadi-təsərrüfat;
2) ictimai-siyasi, inzibati;
3) dini-mənəvi, ideoloji;
4) elmi, mədəni və s.
Tarix göstərir ki, çox zaman bir dilin başqa bir dilə və ya dillərə təsiri qlobal, yaxud epoxal xarakter daşıyır. Azərbaycanın ərəb işğalına məruz qalması, xüsusilə İslam dinini qəbul etməsi nəticəsində Azərbaycan türkcəsinə uzun əsrlər boyu çoxlu ərəb sözləri keçmiş, XIX əsrin ortalarından isə bu proses tədricən dayanaraq öz yerini rus dili vasitəsilə Qərb təsirinə vermişdir. Və həmin dövrdən etibarən Azərbaycanın düşdüyü yeni tarixi şərait milli ictimai varlığa ( və onun şüuruna) geniş miqyasda yeni texnologiyalar diqtə etdiyi kimi kütləvi olaraq yeni anlayışlar və sözlər də gətirmişdir.
Müasir Azərbaycan dilində Şərq və Qərb mənşəli alınma sözlər tamamilə əks coğrafi-mədəni mənbələrdən ( və müxtəlif tarixi dövrlərdən) gəlsə də, milli dil təfəkkürü üçün nəinki problemlər yaradır, əksinə, onun universallığını, dünyaya açıqlığını və tolerantlığını təmin edir.
Sual oluna bilər ki, bu qədər çoxsaylı ( və müxtəlif mənşəli) alınmalar nə üçün Azərbaycan dilinə dağıdıcı təsir göstərmir?
Hər şeydən əvvəl ona görə ki, Azərbaycan dilinin, ümumiyyətlə türk dillərinin iltisaqi genotipologiyasının olduqca möhkəm struktur dayaqları vardır. Alınma söz, bir tərəfdən, milli ( türk mənşəli) sözlər qədər çoxmənalılıq qazanmır, digər tərəfdən isə, milli sözyaradıcılığı standartları ilə əhatə olunub neytrallaşdırılır. Hətta, məsələn, kitab, katib, məktəb kimi eyni flektiv olan ərəb sözləri də azərbaycanlının dil təfəkküründə heç bir “qohumluq” ( eyniköklülük) assosiasiyası yaratmayan tamamilə müxtəlif leksik vahidlər kimi qavranılır.
Azərbaycan dili uzun əsrlərin təcrübəsinə dayanaraq inkişaf etmiş dillərdən zəruri sözləri maneəsiz aldığı kimi, zəruri olmayan əcnəbi sözlərə də həmişə ciddi müqavimət göstərmişdir. Məsələn, Qərb mənşəli universitet, akademiya, partiya, qrammatika, termin sözlərini almaq ehtiyacı meydana çıxdıqda darülfünun, darülelm, firqə, sərf-nəhv sözlərindən imtina olunmuşdur.
XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə rus dilinin təsiri nə qədər güclü olsa da, demək lazımdır ki, ədəbi dil yalnız ən zəruri sözləri qəbul etdiyi halda, danışıq dili, hətta məhəlli səciyyə daşıyan dialektlər belə, çoxlu sayda “rusizm”lə “zənginləşmişdir” ki, həmin əcaib vəziyyət bu günə qədər qalmaqdadır...
Məsələ burasındadır ki, Azərbaycan danışıq dilinə Şimalda rus dili nə qədər dağıdıcı təsir etmişdirsə, Cənubda da eyni təsiri fars dili göstərmişdir.
Arxazim və ya tarixizmlərdən, eləcə də neologizmlərdən istifadə nitq mədəniyyətinin keyfiyyətinə bu və ya digər dərəcədə təsir göstərən amillərdəndir.
Əlbəttə, tarixdən danışan bir şəxsin bütün anlayışları müasir sözlərlə ifadə etməsi yalnız anlaşılmazlıq və ya qeyri-dəqiqliklərlə müşahiət olunmur, həm də nitqin mədəni-intellektual səviyyəsi barədə neqativ təsəvvür yaradır. Və ümumiyyətlə, mükəmməl nitqdə tarixin ( arxaikanın) həm birbaşa, həm də dolayısı ilə iştirakı mülahizələrindən çıxış edərək belə bir qərara gəlmək olar ki, bu günün dili, o cümlədən daha dəyişkən olan leksikon dünənin dilindən heç də kəskin şəkildə ayrılmır, sadəcə olaraq, leksik arxaika öz anlayışları ilə birlikdə funksional aktivliyini müəyyən qədər itirmiş olur.
Yeni dövrdən başlayaraq elmi-intellektual təfəkkürün tarixə geniş miqyas alan marağı kütləvi şüura da dərindən sirayət etmiş, əgər beklə demək mümkünsə, tarix xeyli dərəcədə “müasirləşmiş”dir.
Eyni zamanda, zahirən nə qədər paradoksal görünsə də, müasir ictimai təfəkkürdə, eləcə də dil təfəkküründə yeni anlayışlara ( və neologizmlərə) maraq olduqca güclənmiş, keçmişə münasibət kimi gələcəyə münasibət də milli hüdudlardan kənara çıxaraq beynəlmiləl və ya planetar xarakter kəsb etmişdir.
Neologizmlər dilin leksik-semantik sisteminin bərabərhüquqlu elementinə çevrilməsi üçün müəyyən zaman keçməli, dilə yenicə daxil olmuş alınma söz fonetik və qrammatik cəhətdən daxil olduğu sahənin digər sözlərilə qaynayı-qarışmalı, bir növ vətəndaşlıq qazanmalıdır. İlk dönəmlərdə müəyyən qrup adamlar üçün aydın olan sözlər tədricən ümumxalq dilinə keçir və əksəriyyət tərəfindən anlaşılmağa başlayır: demarş, ştrix, faktor, kommunikasiya, kurasiya, skandal, neqativ, impuls, transfer, ambisiya, aksiya, super market, vitirin, təhəddid, tarif, insident, rezyume, fiasko, konflikt, presedent, analoq, unikal, ajiataj, cüzi, infrastruktur, formirovka, dominant, zənn, eks, inteqrasiya, kompramant, passiv, situasiya, optimal variant, təkzib etmək, musaj, adekvat, ironiya hotel, skeptik, təbəə, qrimas ( görkəm), diversiya, restrukturzasiya, postsovet, provayder, sayt, antiqlobalist, moralist, sinerkizm, prezentasiya, matç, liqa, klip, montaj kimi vahidlər belə sözlərdəndir.
Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi, milliləşməsi üçün dövlət səviyyəsində beynəlxalq tələblərə cavab verən bütün hüquqi bazalar yaradılmışdır. Dilimizin dövlət dili və rəsmi dil kimi bütün fəaliyyət sahələrində başqa dillərlə bərabər hüquqda işlənməsi haqda qanunlar qəbul olunmuşdur. İndi bircə şey qalır: ana dilini sevənlər-sıravi vətəndaşlar, ziyalılar, yazıçılar, qəzetçilər, dilçilər məsuliyyət hirsini artırsın, işlətdiyi hər sözə şüurlu yanaşsın, dili ürəkdən sevsin.
Hər bir dilin intellektual imkanlarının davamlı olaraq genişlənməsi üçün üç mühüm şərt mövcuddur:
1) hər hansı güclü (beynəlxalq) dilin – “dil imperiyası”nın nəzarətində olmayıb ümumdünya dil (və təfəkkür) proseslərində birbaşa iştirak etmək;
2) hər hansı ideoloji, dini məhdudiyyətlə kifayətlənməyib mümkün qədər demokratik-“liveral” dil təfəkkürünü əks etdirmək;
3) həmin dildə elmi-təhsil müəssisələrinin, universitetlərin kifayət qədər olması.
XX əsrin 20-ci illərdən 80-ci illərinə qədər Azərbaycan dili rus dilinin “nəzarət”ində olmuş, kommunist (və ateist) ideologiyanın təsiri altında “inkişaf etmişdir”. Və onun intellektual leksikonu da həmin linqvistik-ideoloji çərçivədən kənara çıxmaq imkanından tamamilə məhrum edilmişdir.
Milli müstəqilliyin əldə edildiyi XX əsrin sonlarından etibarən ölkədə sürətlə yüksələn (və genişlənən) dil təfəkkürü sərbəstliyi (və demokratizmi) Azərbaycan dilini o zamana qədər müşahidə olunmayan bir miqyasda intellektual leksika ilə zənginləşdirmiş, xüsusilə həm yerli universitetlərdə, həm də dünyanın ən mötəbər (və demokratik) ali təhsil müəssisələrində təhsil alan yeni nəslin timsalında onun (intellektual leksikanın) “populyasiya”sına və ya kütləviləşməsinə əsaslı təkan vermişdir.
İntellektual leksika, ilk növbədə, müasir elmi terminologiya deməkdir.
Məlum olduğu üzrə, elmlər, ənənəvi olaraq, üç yerə ayrılır:
a) humanitar elmlər;
b) təbiət elmləri;
c) texniki elmlər.
Müxtəlif elmsahələrinin qarşılıqlı əlaqələrinin güclənməsi, elmi anlayışların inteqrasiyası müasir dövr üçün səciyyəvi olduğundan dilin lüğət tərkibinin intellektual sferasını təşkil edən terminologiyada da elə bir qat yaranır ki, normal ( müasir) təfəkkür sahibi olan hər bir azərbaycanlı üçün az və ya çox dərəcədə nəinki anlaşıqlı, hətta gündəlik ünsiyyət materialıdır.
Dostları ilə paylaş: |