Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən


MÖVZU 10 AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN QRAMMATİK NORMASI



Yüklə 209,49 Kb.
səhifə25/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
1   ...   21   22   23   24   25   26   27   28   ...   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020

MÖVZU 10

AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN QRAMMATİK NORMASI
Səs (fonem) də, söz (leksem) də bitkin fikir söyləmək, yaxud hökm vermək-mühakimə yürütmək üçün vasitə olduğuna görə nitq mədəniyyətinin son nəticəsi özünü cümlədə təzahür etdirir.

Cümlənin qrammatik normalara uyğun olaraq düzgün qurulması nitq mədəniyyətinin əsas prinsipidir.

Azərbaycan dilində danışan bir şəxs səni gördüm əvəzində sənə gördüm və ya sənə baxdım əvəzinə səni baxdım ifadələrini işlətsə, şəksizdir ki, belə ifadələr qulağımıza ağır gələcək və belə ifadələri söyləyən şəxsi azərbaycanca düzgün danışmayan şəxs hesab edəcəyik. Nə üçün belə ifadələri yanlış ifadələr sayırıq?

Əlbəttə, dilin daxili qanunlarını, qrammatik qaydalarını nəzəri surətdə bilməyən şəxs deyər ki, azərbaycanca belə deməzlər və dədədən-babadan səni gördüm, sənə baxdım ifadələri işlənmiş, belə də öyrənilmişdir. Buna görə də doğrusu belədir.

Deməli, burada adət, vərdiş, həm də bununla bağlı olaraq estetik təsir nəzərə alınır və ölçü vahidi məhz bunlar sayılır.

Lakin bunları dilin qrammatik qanunları əsasında daha dərindən yoxladıqda aydın olur ki, bu ifadələrin məhz belə bir formada qurulması və dədə-babadan bəri vərdiş halına düşməsi, üsttik təsir qüvvəsi kəsb etməsi ancaq və ancaq ümumiyyətlə dilin, xüsusən onun ayrı-ayrı vahidlərinin daxili qanunları ilə, daxili varlığı ilə əlaqədardır və belə təzahür edən qanunauyğunluqdur. Axı, görmək feili ilə baxmaq feili öz təsirlərinə görə başqa-başqa xüsusiyyətlərə malikdir: görmək feili öz daxili məzmununa görə bilavasitə təsir obyektini tələb edən feildir, buna görə obyekti bildirən söz məhz təsirlik halda olmalıdır, buna görə də təsir obyektini bildirən sözün yönlük halda işlənməsi məntiqi cəhətdən yanlışdır. Bunun əksinə olaraq, baxmaq feili başqa bir vəziyyətdədir, burada iş başqa bir vasitə ilə obyektə təsir edir; yəni bu ifadədə obyekt ( sən) “baxmaq” işinin bilavasitə təsir etdiyi obyekti deyil, başqa hər hansı bir vasitə iləgələn təsirin istiqamətini, hədəfini ifadə edən obyektdir. Buna görə də obyektin bilavasitə təsnə düşməsi, yəni sən sözünün təsirlik halında olması məntiqi, doğru və normal vəziyyət sayılmır”.

Sözlər arasındakı sintaktik əlaqələr Azərbaycan dilində özünü üç formada göstərir:

1) yanaşma;

2) idarə;

3)uzlaşma.

Yanaşma qrammatik əlaqənin ən sadə formasıdır. Və bu zaman heç bir morfoloji vasitədən istifadə olunmur; məsələn: ağ kağız, sıx meşə, istedadlı rəssam, evdar qadın, ailəyə sədaqətli kişi, bütün həyatını tələbələrinə həsr etmiş müəllim və s.

“İdarə əlaqəsinin əsas xüsusiyyəti bundan ibarətdir ki, burada tabe söz tabe olduğu sözün tələbi ilə ismin bu və ya digər halında durmalı olur. İdarə əlaqəsi ismin halları ilə əlaqədar olduğundan, bu əlaqə əsasında yaranan birləşmələrin tabe tərəfi hallana bilən, yəni substantiv, ya da müvəqqəti olaraq supstantivləşən sözlərdən ibarət olur” ( Yusif Seyidov). Məsələn: qapının açarı, əhalinin həyat səviyyəsi, kəndlərdə məktəb tikintisi, istirahətə getmək, həyət-bacanı qaydaya salmaq, səfərdən evə qayıtmaq və s.

Uzlaşma əlaqəsində tabe söz həm şəxsə, həm də kəmiyyətə görə tabe edən sözlə uyğunlaşaraq müvafiq qrammatik əlamətlər qəbul edir. Məsələn: mənim telefonum, sənin maraqların, onun səhhəti, havalar soyudu, qonaqlar əyləşdilər, musiqi səsləndi və s.

Yanaşma və idarə əlaqələrindən fərqli olaraq, uzlaşma cümlənin qrammatik strukturunun əsasını təşkil edir.

Ədəbi dilin qrammatik normalarına aşağıdakı qaydaları daxil edə bilərik:

1) Azərbaycan dilində miqdar saylarından sonra gələn isimlər tək halda işlədilir: iki top, üç kitab, dörd tələbə, yüz qoyun və s. Hazırda şagird və tələbələr orta ümumtəhsil və ali məktəblərdə rus, ingilis, fransız, alman və s. dilləri (ən azı iki xarici dili) öyrəndiklərindən onlar bilirlər ki, bu dillərdə isimlər miqdar sayları ilə uzlaşır. Amma Azərbaycan dilində bu hal mövcud deyil, yəni isimlərin çoxluq ifadə etməsi üçün cəm şəkilçisini qəbul etməsi lazım gəlmir.

2) Azərbaycan dilində mənsubiyyət kateqoriyası şəxs əvəzlikləri ilə əlaqədardır və əşyanın hansı şəxsə mənsub olduğunu bildirmək üçün isimlərə artırılan mənsubiyyət şəkilçiləri ilə formalaşır. Mənsubiyyət kateqoriyasının elementləri ikinci tərəfdə ifadə olunur. Dilimizdə mənsubiyyət kateqoriyası şəxs əvəzliklərinin iştirakı olmadan da düzəlir: kitabım, topumuz, dəftərin, eviniz, çantası və s. Mənsubiyyət kateqoriyasında yığcamlıq yaratmaq məqsədilə sahib şəxs ixtisara düşür, mənsubiyyət şəkilçili söz həm də sahib şəxsi əvəz edir. Amma rus, ingilis, fransız dillərində bu mümkün deyildir. Eləcə də, dilimizdə I və II şəxsin cəmində ikinci tərəfin mənsubiyyət şəkilçiləri olmadan mənsubiyyət anlayışını ifadə etmək mümkündür (adları çəkilən xarici dillərdə olduğu kimi): Bizim məktəb, sizin ev. Lakin birinci tərəfin işlənmədiyi hallarda mənsubiyyət şəkilçisinin işlənməsi artıq labüd olur: məktəbimiz, eviniz. Dilimizin özünəməxsus xüsusiyyəti burada da özünü göstərir. Mənim məktəb, sənin ev, onun və ya onların bağ deyilməz. Deməli, nitqdə lll növ təyini söz birləşməsi yiyəlik halda işlənmiş şəxs əvəzliyi ilə formalaşır, sahiblik anlayışını bildirən birinci tərəf isə ixtisar oluna bilir: mənim anam əvəzinə anam, sənin adın; əvəzinə adın, onun (onların) atası, əvəzinə atası və s. işlədilir və bu zaman əsas məna nəinki dəyişmir, həm də üslubi məqam kimi cümlədə səlislik, ahəngdarlıq, yığcamlıq yaranır. Elə bu qayda ilə mənsubiyyət şəkilçili getdiyim, gəldiyiniz, oyunçularımız, içdikləri tipli sözləri də ayrılıqda işlətmək və cümləni daha yığcam şəklə salmaq olur. Canlı danışıq dilində, sual-cavab şəklində gedən dialoq- müsahibələrdə mənsubiyyət kateqoriyasının ikinci tərəfi ixtisara düşür. Məsələn: - Bu kimin topudur? - Mənim. - Bəs dedilər ki, onundur. - Yox, onun deyil, mənimdir.

3) ll şəxsin cəmində xəbərlik kateqoriyasının -sınız4 şəkilçisi -sız4 şəklində tələffüz

olunur: məşqçisiniz-[məşqçisiz], futbolçusunuz-[futbolçusuz] və s.

4) Feilin inkarlıq kateqoriyası təsdiq formada olan felə - ma/-mə şəkilçisini artırmaqla düzəlir. Məs: o yazır-o yazmır, sən oxuyursan-sən oxumursan. Amma inkarlığı -ma/mə şəkilçisi olmadan da yaratmaq mümkündür. Nə, nə də ədatları işlənəndə felin inkarlıq şəkilçisini işlətməyə ehtiyac qalmır: O nə yazır, nə (də) oxuyur. Biz bu cümləni “o nə yazmır, nə də oxumur” şəklində ifadə etsək, dilimizin qrammatik norması pozulmuş olacaqdır. Nə, nə də ədatları felin qarşısında deyil, cümlənin başqa üzvlərinin yanında gələndə şagird və tələbələr qrammatik normanın pozulmasını aydın təsəvvür etmirlər. Məs: “Nə müəllimin yazdığı aşağı kredit balı, nə də dekanın göstərişi mənim qanuni oxuduğum Akademiyadan çıxarılmağıma haqq qazandıra bilməz”. Cümlədə inkarlıq bağlayıcılarının işlənməsinə baxmayaraq xəbərin yenidən inkarlıq şəkilçisini qəbul etməsi düzgün deyildir. Qəzet səhifələrində, dərslik və dərs vəsaitlərində, ən çox da danışıq dilində bu qayda tez-tez pozulur.

5) Zərflər işlənmə yerindən asılı olmayaraq hərəkətlə (fellə), cümlənin xəbəri ilə əlaqədar olur. Tələbələr bilməlidirlər ki, zərf kimi işlənə bilən sözlər həm isim (səhər, günorta, axşam), həm sifət (yaxın, uzaq, pis, yaxşı), həm də say (az, çox, xeyli) kimi çıxış edə bilməz. Bir nitq hissəsinə aid olan sözün başqa bir nitq hissəsi ola bilməməsi professor Yusif Seyidovun əsərlərində aydınlaşdırılsa da, hələ də orta və ali məktəb dərsliklərində əvvəlki səhv fikirlər təkrarlanır. Tələbələr nitq hissəsi olan zərfi cümlənin ikinci dərəcəli üzvü olan zərfliklə qarışdırırlar. Doğrudur, onlar zərfin nitq hissəsi, zərfliyin cümlə üzvü olduğunu çox vaxt deyə bilsələr də, cümlə təhlilində fikirlərini əsaslandıra bilmirlər.

6) Məlumdur ki, adlara (isim, sifət, saylara) əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının əlamətləri (şəkilçilər) artırılır: tələbə+ lər+imiz +in+dir, məşq+çi+lər+imiz+dən+siniz və s.

7) Felin kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs - xəbər əlaməti (şəkilçisi) artırılır: sil+dir+ il+məli+dir. Bura inkarlıq, kəmiyyət şəkilçilərini, hətta -mı4 sual ədatını da arıtrmaq mümkündür: sil+dir+il+məli+dir+ mi? (gərək) yaz+iş+ma+ya+sınız. Tək-tək hallarda qrammatik normanın pozulmasına rast gəlirik: “Onlar dərslərini gecələr öyrənirlərmiş” cümləsində qrammatik norma pozulmuşdur, çünki -imiş hissəciyi -lər cəmlik şəkilçisindən əvvəl işlənməli idi.

8) Sözlərin nitq axını prosesindəki sırası əhəmiyyətli olduğu üçün onun pozulması qrammatik qaydanın pozulmasına gətirib çıxarır. Məsələn: “Sizi mən çox vaxtlarda istəyirdim görmək”. “Artıq mənim gözləməyimdən nə çıxar indi”. Danışıq dilində belə cümlələrə rast gəlirik. “Görmək” “istəyirdim” sözündən əvvəl, “indi” cümlənin başlanğıcında, “artıq” sözü isə “nə çıxar”-dan əvvəl işənərsə, cümlə dilin qrammatik normasına uyğun olar.

9) Dilimizdə mübtəda ilə xəbər sintaktik-qrammatik cəhətdən şəxsə və kəmiyyətə görə uzlaşmalıdır: “Tələbələr-oğlanlı, qızlı hamı universitetə gedirlər”. “Bir neçə tələbə futbol toplarını torda stadiona aparırlar”. İlk baxışda cümlələr düzgündür. Mübtəda hansı şəxsdə, hansı kəmiyyətdədirsə, xəbər də həmin şəxsdə və kəmiyyətdə olmalıdır.

“Tələbələr gedirdilər” cümləsində uzlaşma düzgün sayılmalıdır, amma “hamı” əvəzliyində cəmlik anlayışı olsa da, “hamı gedirdilər” deyilməz (Xatırla: Hamı gedir quş gətirir, Şahqulu bayquş gətirir). “Bir neçə tələbə” anlayışı cəmlik bildirsə də, şəxs kimi

təkdədir, buna görə də “aparır” deyilməlidir. Yaxud “Səndən ötrü ayaqlarım evə getmirdilər” cümləsi düzgün qurulmamışdır. “Ayaqlar” sözü cəmdə olsa da, məntiqi cəhətdən “getmirdilər” demək olmaz, uzlaşma yanlışdır.

10) Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına tabedir. Cümlə üzvlərinin sırası normativ nitqdə pozulmur. Əgər biz “Mən həvəslə futbol matçlarını izləyirəm” desək, çoxları cümlənin düzgün qurulduğunu təsdiqləyəcək. Amma “həvəslə” zərfliyi qrammatik normaya görə “izləyirəm” xəbərinin qarşısında gəlməlidir. Yaddan çıxarılmamalıdır ki, nitq prosesində sintaktik vahidlərin ardıcıllıq qanunu söz sırası ilə tənzimlənir. Qrammatik norma sözlərin düzgün yazılışı və deyilişi, məna və məntiqi cəhətdən dəqiq işlədilməsi şərti ilə söz birləşmələri və cümlələrin nitqdə düzgün əlaqələndirilməsini tənzimləyir.

11) Sifətin çoxaltma dərəcəsi qrammatik əlamətlərlə yanaşı bütöv sözlərlə də düzəldilir. “Təmiz” əvəzinə “aydan arı, sudan duru” ifadəsi, “qırmızı” əvəzinə “qan qırmızı”, “lalə kimi qırmızı”, “lalədən də qırmızı”, “ağ” “əvəzinə” “süd kimi ağ” və ya “süddən də ağ” kimi bənzətmə bildirən birləşmələr daha təsirli üslubi effekt yaradır.

12) Emosional nitqdə, yüksək pafosla ifadə olunan poetik dildə mübtəda ilə xəbər yerini dəyişə bilir: Qoy sənə desinlər ay qaçaq Nəbi, Həcəri özündən ay qoçaq Nəbi. Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz. Bu,quş dilidir, bunu Süleyman bilir ancaq. (İ.Nəsimi) Poçtalyon Musaya tərs-tərs baxdılar qocalar, bu xəbəri gətirdiyinə görə. Dedilər kəndə gəlir Omaroğlu. -Niyə gəlir bu sağ olmuş, başımızı yerə soxmağamı? (V.Nəsib) Gətirilmiş cümlələrdə sintaktik vahidlərin ardıcıllıq qanunu söz sırası ilə tənzimlənməli olduğu halda bədii əsərlərdə bilərəkdən pozulmuşdur ki, bu da şeirlərdə qafiyə və bölgü, nəsrdə isə yerli koloriti və canlı danışıq dilini saxlamaq xatirinə edilmişdir.

13) Sintaktik əlaqələrin düzəldilmə qaydalarının pozğunluğu fikrin dürüst və kiçik vaxt kəsiyində anlaşılmasını çətinləşdirir: “Məşqçilər yenicə oyundan çıxmış həndbolçulara söhbət apardılar” (idarə əlaqəsi pozulmuşdur). “Həyətyanı evin sahəsi böyük idi (yanaşma əlaqəsi düzgün qurulmamışdır).

14) Elə söz birləşmələrinə də təsadüf edilir ki, onlarda əsas tərəflə asılı tərəfin yerinin dəyişməsi özünü göstərir: gözü yaşlı, sözü məzəli, qəlbi tox, fikri geniş və s.

Bunlar sintaktik cəhətdən birinci növ təyini söz birləşmələrinə yaxındır.

“Cümlə nədir?” sualına verilən cavablar içərisində, fikrimizcə, nitq mədəniyyəti baxımından ən çox məqbul sayıla biləcək cavab bundan ibarətdir: cümlə 1) bitkin fikir ( hökm) ifadə edən, 2) predikativliyə, 3) intonasiya bütövlüyünə və 4) modallığa malik elə bir nitq hadisəsidir ki, hər hansı dilin mövcud qanunları əsasında qurulur.

Cümlə, ilk növbədə, bitkin fikir (hökm) ifadə etməlidir. Bu isə o deməkdir ki, cümlə müəyyən informasiya daşıyıcısıdır; məsələn, qaranlıq düşdükcə kəndin işıqları yavaş-yavaş yanırdı nitq hadisəsini ona görə cümlə adlandırırq ki, burada kifayət qədər aydın informasiya verilir.

Həmin cümləni onun bir sıra düzgün olmayan “variantlar”ı və ya səhv “törəmələr”i ilə müqayisə edək:

1) dan söküldükcə kəndin işıqları yavaş-yavaş yanırdı;

2) qaranlıq düşdükcə çölün işıqları yavaş-yavaş yanırdı;

3) qaranlıq düşdükcə kəndin işıqları birdən-birə söndü;

4) qaranlıq düşdükcə kəndin işıqları yavaş-yavaş sönürdü və s.

Müqayisələr dərhal göstərəcək ki, bütün bu hallarda cümlələrin qrammatik quruluşları düzgündür, ancaq fikir bütövlüyü ( və aydınlığı) pozulmuşdur.

Azərbaycan dili cümləsinin tarixən müəyyənləşmiş mükəmməl sintaktik quruluşu və texniki manevr imkan-modellərinin stabilliyi həm fikrin dəqiq ifadəsi üçün geniş imkanlar açır, həm də yanlışlıqları dərhal nəzərə çarpdırır.

Ümumiyyətlə, cümlənin düzgün qurulması üçün təfəkkürün aydınlığı, dəqiqliyi və konstruktivliyi ən mühüm şərtdir. Çünki yalnız anlayışların hansı sözlərlə ifadə olunmasını deyil, hökm-informasiyanın hansı sintaktik konstraksiyalarla əks etdirilməsini də təfəkkür müəyyənləşdirir.

Cümlənin predikativliyi dedikdə onun qrammatik tərtibatı nəzərdə tutulur ki, buraya morfosintaktik vahidlərdən, xüsusilə ümumi qrammatik kateqoriyalardan düzgün istifadə texnikası daxildir. Məsələn, o hər gün səhər-səhər evlərinin yaxınlığındakı parkda bir-iki saat gəzərdi cümləsində predikaticliyi aşağıdakı qrammatik əlaqələr təmin edir:

o-gəzərdi;

hər gün səhər-səhər- gəzərdi;

evlərinin yaxınlığındakı parkda-gəzərdi;

bir-iki saat-gəzərdi.

Cümləyə məxsus intonasiya ilə predikativlik cümlənin bir-biri ilə çox möhkəm əlaqədə olan iki elə vacib şərtidir ki, cümləni onlarsız düşünmək mümkün deyildir. Cümləyə məxsus intonasiya mətndə cümlənin sərhədini, bir cümlənin harada başlayıb harada qurtardığını müəyyənləşdirmək, cümlələrin bir-biri ilə əlaqəsini aydınlaşdırmaq üçün də əhəmiyyətlidir”.

Məsələn, ola bilər ki, eyni mətn məhz intonasiya fərqinə görə ya bir, ya da bir neçə cümlədən ibarət olsun;

a) bir cümlədən ibarət:

Həsən cibindən açarı çıxartdı, əlləri titrəyə-titrəyə qapını açdı, içəri keçib divanda əyləşdi, bir müddət özünə gələ bilmədi.

b) bir neçə cümlədən ibarət:

Həsən cibindən açarı çıxartdı. Əlləri titrəyə-titrəyə qapını açdı. İçəri keçib divanda əyləşdi. Bir müddət özünə gələ bilmədi.

Cümlənin intonativ rəngarəngliyi, artıq qeyd olunduğu kimi, özünü məqsəq və intonasiyaya görə müxtəlif növlərə ( nəqli, sual, əmr və nida cümlələri) bölünməsində, eləcə tabesiz və tabeli mütəkkəb cümlələrdə xüsusilə göstərir.

Danışanın və ya yazanın cümlədə ifadə etdiyi fikrə, informasiyaya bildirdiyi münasibət də onun ( cümlənin) formalaşmasında az əhəmiyyət kəsb eləmir. Və bu, modallıq adlanır. Məsələn, onun hərəkətləri, görünür, heç də hamının xoşuna gəlməmişdi cümləsindəki görünür ara sözü bilavasitə modallıq ifadə edir.

Müşahidələr göstərir ki, cümlənin nitq mədəniyyəti baxımından çox mühüm olan bu xüsusiyyətinə praktikada ( ilk növbədə, danışıqda) bəzən laqeyd yanaşılır. Və yeri gəldi-gəlmədi məncə, mənim fikrimcə, mənə elə gəlir ki, demək olar ki, belə deyək ki... kimi ifadələrdən sui-istifadə edilir.

Azərbaycan dili cümləsi söz sırasına görə Azərbaycan dili sözünün fonetik quruluşu qədər mükəmməldir. Xüsusilə o mənada ki, sözün tərkibində olduğu kimi cümlənin tərkibində də stabil bir kompaktlıq vardır.

Ümumiyyətlə, Azərbaycan dili cümləsinin struktur əsasını baş üzvlərin- mübtəda ilə xəbərin münasibəti yaradır:



Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin