1.Nitqin yığcamlığı və sadəliyi. Nitq o zaman sadə və yığcam olur ki, orada işlədilən bütün sözlər dinləyənlərin (yəni auditoriyanın) ümumi səviyyəsinə, xüsusiyyətlərinə uyğun gəlsin və hamı üçün anlaşıqlı olsun. Nitqin sadəliyini səciyyələndirən başlıca xüsusiyyət onun məzmununun əksəriyyət tərəfindən asan dərk edilməsidir. Bunun üçün nitqi ağırlaşdıran, çətin başa düşülən söz və ibarələrdən istifadəyə yol verilməməlidir.
Nitqin yığcamlığıdeyərkən, birinci növbədə nitqin auditoriya üçün lakonik olması nəzərdə tutulur. Burada “nitqin təmizlənməsi” əməliyyatı əsas rol oynayır. Yəni yersiz sözlər, artıq ifadələr mədəni nitqin müsbət təsirini azaldır. Odur ki, məzmun üçün uyarlı olmayan, anlaşılmanı mürəkkəbləşdirən qəliz ifadələr nitqdən təcrid edilməlidir. Az sözlə dərin mənalı və bitkin fikir ifadə olunmalıdır.