3. Məktəbəqədər təhsil strategiyaları 3.1. İnkişaf və təlim strategiyalarının mahiyyəti Strategiya - əvvəlcədən müəyyən edilmiş nəticəyə (nəticələrə) çatmaq üçün hazırlanan
məqsədlər zənciri, subyektin məqsədinə çatması üçün düşünülmüş planlı fəaliyyət modelidir.
Strategiya minimal əmək, vaxt və resurs sərf etməklə nəticəyə necə çatmağın yollarını
göstərir. Strategiyanın məzmununa fəaliyyət istiqamətinə uyğun olaraq məntiqi
qərarlar
toplusu daxildir. Təlim strategiyaları təlim prosesinin təşkilinə verilən tələbləri, istifadə edilən
forma, üsul və vasitələri əhatə edir. Yeni kurikulumlarda təlim strategiyaları anlayışının
işlənilməsi və pedaqoji prosesin təşkilində ondan daha səmərəli şəkildə istifadə olunması, ilk
növbədə, əsas pedaqoji anlayışlardan biri kimi təhsilin müasir tələblər baxımından izahını
tələb edir.
Fasiləsiz təhsil sisteminin ilk tərkib hissəsi məktəbəqədər təhsildir. Gözlənilən nəticələri
ilə fərqlənən bu pillə sonrakı mərhələlər üçün əsas bünövrə rolunu oynayır. Gözlənilən
nəticələri ilə fərqlənən bu pillə bir-birini tamamlayır və ardıcıl olmaqla təhsilin ümumi
sistemini təşkil edir.Ona görə də təhsilə bir sistem kimi baxılır. Məktəbəqədər təhsil
demokratikləşmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdırmə, sosiallaşma,
variativlilik, inteqrativlik və inkluzivlik kimi aparıcı prinsiplərə əsaslanır.
İnsanın sosiallaşması prosesində ümumbəşəri və milli dəyərlərə yiyələnməsi müxtəlif
fəaliyyət sahələrində həyata keçirildiyindən təhsilə həm də proses kimi yanaşılır. Onun
didaktik əsasını qanunauyğunluq, məqsədyönlülük, sistemlilik, fasiləsizlik, variativlik,
mərhələlilik, fərdilik təşkil edir.
Təhsil həm də bütövlükdə tərbiyəçi-müəllim, uşaq və valıdeynin birgə fəaliyyətinin
yekunu olduğundan ona nəticə kimi baxılır, tam və mərhələli prosesin sonu kimi
qiymətləndirilir.
Məktəbəqədər təhsilin kurikulumunda təlim strategiyaları aşağıdakı məsələləri əhatə edir:
- təlim prosesi və onun təşkili prinsipləri;
- təlimin təşkilində istifadə olunan forma və üsullar;
- təlimin planlaşdırılması.