I FƏSİL. QEYRİ NEFT İXRAC POTENSİALI VƏ ONUN NƏZƏRİ ƏSASLARI 1.1. Qeyri neft ixrac potensialının mahiyyəti və nəzəri aspektləri
Hazırda qloballaşan iqtisadi münasibətlər sistemində beynəlxalq ticari əlaqələr daha ön planda görünməkdədir. Ölkələr arasında təbii resurslar, mal və xidmətlər istehsalının bərabər bölünməməsi və ixtisalaşmanın fəqli olması fonunda əhalinin mal və xidmətlərə olan tələbatının ödənilməsi üçün beynəlxalq müstəvidə ticarət əlaqələrinin olması zəruri hala çevrilmişdir. Bunun nəticəsi olaraq cəmiyyətin sosial və iqtisadi inkişafı ilə paralel olaraq ticarət münasibətləri beynəlxalq iqtisadi münasibətlərin mühüm tərkib hissəsinə çevrilmişdir. İri ticarət sazişlərinin bağlanması istehsal müəssisələrinin genişlənməsini və mal ixracının sürətlənməsini stimullaşdırmış və bu amillərin təsirindən dolayı ixtisaslaşma və beynəlxalq əmək bölgüsü daha da dərinləşmişdir. Xarici ticarətdə mal mübadiləsi beyəlxalq iqtisadi münasibətlər sisteminin mühüm tərkib hissəsinə çevrilmişdir. [32, s.3] Ümumilikdə müasir dövrdə beynəlxalq iqtisadi münasibətlərin formalaşması ticarətsiz qeyri mümkün hesab edilir. İstər regional, istərsə də beynəlxalq siyasi-iqtisadi münasibətlərdə əksər razılaşmalar, əlaqələrin mərkəzində ticarət dayanır. [8, s.30] 19-cu əsrə qədər xüsusilə sənaye çevrilişi olan müddətə qədər beynəlxalq əmək bölgüsü dövlətlərin məxsus olduğu yeraltı və yerüstü sərvətlərə, torpaq, iqlim resurslarına əsaslanırdısa, müasir dövrümüzdə ticarətin qloballaşması nəticəsində buraya kapital, əmək, sahibkarlıq qabiliyyəti, biliklər də daxildir. Bu səbəbdəndir ki hazırda ölkənin hansı məhsuldan nə qədər istehsal etməsi bu amillərdən çox asılıdır. [15, s.31] Məhz bunun nəticəsidir ki, son 50 ildə dünyanın iqtisadi böyüməsində əsas güc ticarətin üzərinə düşür. Son 20 ildən artıq bir müddətdə ümumi dünya ticarət dövriyyəsi hətta ümumi dünya ÜDM-dən 2 dəfə böyük olmuşdur. [20, s.68] Ümumilikdə xarici ticarət dedikdə ölkələr arasında bütün növ ixrac-idxal əməliyyatları nəzərdə tutulur. Ölkələr o malları ixrac edirlər ki, həmin məhsulun ölkə daxilində başa gələn istehsal məsrəfləri dünya bazarında olan istehsal məsrəflərindən daha ucuz başa gəlsin. Əksini götürəndə isə, ölkələr o məhsulları idxal edirlər ki həmin məhsula çəkiləcək istehsal məsrəfləri, dünya bazar qiymətlərindən daha bahalı olur. Bütün bu əməliyyatlar sosial-iqtisadi inkişafın artmasına, ölkədə valyuta hərəkətliliyinin yaranmasına ciddi təsir göstərir. Xarici ticarət siyasi və iqtisadi startegiya ilə yanaşı həmçinin, ölkənin özünün daxili bazarlarının tənzimlənməsində mühüm rol oynayır. Bu səbəbdən dövlətlər iqtisadi siyasətlərində daxili bazarların tənzimlənməsində xarici ticarət qərarları, yaxud proqramları hazırlayırlar. [22, s.11] Xarici ticarətdə idxal ixrac əməliyyatları nəzərdə tutularkən buraya təkcə hazır mal və xidmətlərin hərəkəti deyil, istehsal amillərinin də hərəkəti nəzərdə tutulur. Buraya işçi qüvvəsi və kapital axını, sahibkarlıq, xammal axını da aiddir. Bəzi ölkələr ixtisaslı işçilərlə zəngin olduğu halda digər ölkələrdə bu qıtdır, yaxud bəzi ölkələrdə sahibkarlıq qabiliyyəti daha güclü inkişaf etdiyi halda bəzilərində zəifdir, xammal resusrslarının təbiət tərəfindən paylaşımı balanslı şəkildə deyildir. Bütün bunlar istehsal amillərinin də beynəlxalq müstəvidə hərəkətini zəruri edir. Təbii ki, bu verilənlər hansı ölkələrdə daha üstünlük təşkil edirsə o ölkələr xarici ticarətdə daha üstün duruma malikdirlər. [9, s.386] Dövlətlərin xarici ticarəti həyata keçirməsində əsas məqsəd özünün iqtisadi və milli mənafelərini qorumaqdan ibarətdir. Bununla dövlət digər dövlətlərlə münasibətlərinə məqsədyönlü şəkildə təsir edir. Məhz bu səbəbdəndir ki, dövlətlər xarici siyasətlərini düzgün seçməlidirlər ki, öz iqtisadi potensialını daha da artıra bilsinlər. Bu yolla ölkələr ticarət həcmini müəyyənləşdirir, hansı miqdarda idxal və yaxud ixrac etmə planlarını müəyyənləşdirirlər. [8, s.100] Dövlətin idxal-ixrac əməliyyatlarına müdaxilə edərək tənzimləməsinin mahiyyətdinə məhz yuxarıda qeyd edilən amillər aiddir.
Beynəlxalq ticarətin formalaşması və həcmi artdıqca bununla paralel olaraq beynəlxalq ticarətin nəzəriyyələri də artmış və daha da təkmilləşmişdir. Xarici ticarətdə ilk önəmli iqtisadi fikirlər Adam Smitin “Mütləq Üstünlüklər Nəzəriyyəsi” ilə bağlıdır. Nəzəriyyənin təməl məqsədində merkantilistlərin görüşlərindən fərqli olaraq xarici ticarətdə iştirak edən iki ölkənin bundan faydalandığı dayanır. Onun fikrincə hansı bir ölkə müəyyən bir mal istehsalı üzərində mütləq üstünlüyə sahibdirsə o malı ixrac etməlidir. Adam Smitin bu yanaşması ilə ixracın ölkə üçün müsbət cəhətləri xarakterizə olunur. Sonralar David Rikardo və C.Mill Adam Smitin bu nəzəriyyəsinin üzərində daha üstün bir nəzəriyyəni – “Müqayisəli Üstünlüklər Nəzəriyyəsi”ni işləyib hazırladı. Bu nəzəriyyənin təməl məqsədində isə bir malın istehsalında ölkələr arasında mütləq üstünlük olmadıqda belə xarici ticarətin hər iki ölkə üçün sərfəli olması dayanır. Yəni müəyyən malın istehsalı üçün çəkilən məsrəflər bütün ölkələrdə eyni deyildir, bu cəhətdən müəyyən bir ölkə digər ölkə qarşısında müqayisəli üstün durumdadır. D.Rikardonun bu nəzəriyyəsi hal hazırda da beynəlxalq ticarət münasibətlərində təməl model hesab olunur. Daha sonralar beynəlxalq ticarətdə nekolassik ticarət modelləri gündəmə gəlmişdir. Klassik iqtisadçılardan ilk dəfə C.Mill xarici ticarət münasibətlərində tələb qanunlarına yer vermişdir. Mill`ə görə iki ölkəli ticarət münasibətləri modelində bir ölkənin digər ölkənin təklif etdiyi malına olan tələbi nə qədər çox olarsa, bu hal ticarət münasibətlərində tarazlıq qiymətlərini formalaşdırır. Bir ölkə bir birim xarici malı almaq üçün öz yerli malını nə qədər çox təklif edərsə bu həmin ölkənin bu xarici mala olan tələbinin şiddətli olduğunu ifadə edir. Mill bunu “qarşılıqlı tələb nəzəriyyəsi” adlandırmışdır. [30, s.45] ХХ əsrin 30-cu illərində E. Hekşer və B.Olin “İstehsal amillərinin yerdəyişməsi” nəzəriyyəsini hazırladılar. Nəzəriyyəyə görə əmtəələrin istehsalında o ölkə ixtisaslaşır ki, həmin ölkə bu əmtəənin istehsalı üçün daha yaxşı istehsal amilləri ilə ixtisaslaşıb. Məhz bu nəzəriyyədən qaynaqlanaraq xarici ticarətdə ixtisaslaşma məsələləri göndəmə gəlmişdir. Sonradan P. Samuelson bu nəzəriyyəni genişləndirdi və bu Hekşer-Olin-Samuelson modeli adlandırıldı. [5, s.10-11]Sonradan rus iqtisadçısı V.Leontyev Hekşer-Olin-Samuelson modelini tədqiq edərkən müəyyən etmişdir ki, nəzəriyyənin əksinə olaraq istehsal amilləri və əmək resursları ilə bol olan ABŞ əksinə olaraq kapitalı idxal edir və əmək resurslarını ixrac edir. Sonrada o belə bir hipotez irəli sürüldü ki, bu paradoks amerikan işçisinin yüksək ixtisaslaşması və yüksək verimliliyi ilə izah olunur. İsveç iqtisadçısı S.Linder istehsal və ixrac potensialının artımını istehsalda tətbiq edilən yeni texnologiyanın arımında görür. “Linder effekti” adlanan bu analiz hansı məhsulların ixracda daha önəmli və mənfəətli olmasını müəyyənləşdirir. O, əsasən sənaye məhsullarının ixracına üstünlük versə də, bəzi müxtəlif aqro məhsulların da ixracının “Linder effekti” ilə dəstəkləndiyini izah edir. [13, s.2-3] Xarici ticarətdə “ölkələrin rəqabət üstünlükləri nəzəriyyəsi”ni irəli sürən M.Porter öz nəzəriyəsində göstərirdi ki, ölkə daxilində rəqabətli makromühit yaradılsa, nəticədə firmaların bir biri ilə rəqabətli qarşılıqlı əlaqədə olacaq bununla da ölkənin əmətəə istehsalı və ixrac imkanları artıracaqdır. Onun fikrincə ölkələrin xarici ticarət strategiyalarını inkişaf etdirmələri üçün dörd əsas amil vacibdir. Faktor şəraiti, tələb şəraiti, istehsal sahələrinin bir birinin ətarfında cəmləşməsi, firmaların strategiyası, strukturu və rəqabət etmələri. O hesab edir ki, istehsalı təşkil etmək üçün əsas məsələ istehsal faktorlarıdır. Bura təbii resurs və xammal, əmək, kapital, texnologiya, infrastruktur aiddir. Porter hesab edir ki, yerli və xarici bazarlarda müəyyən bir məhsula tələbin olması istehsalı şərtləndirən əsas amillərdən biridir. Bu səbəbdən də tələb amilinin hansı miqdarda olması mühümdür. İstehsal mühiti o zaman əlverişli olur ki, istehsal müəssisələri hüquqi firmalar, biznes və marketinq xidmətləri daim bir birləri ilə əlaqədə olsunlar. Porterin fikrincə əgər daxili bazarda firmalar arasında sağlam rəqabət olarsa bu zaman firmalar çalışacaqlar ki, istehsal prosesində yeni texnologiyalar tətbiq etməklə daha az maliyyətlə istehsalı təşkil etsinlər, həmçinin rəqabət nəticəsində məhsulun keyfiyyəti yüksələcəkdir ki, buunla da firmalar xarici bazarlarda digər firmalar ilə rəqib ola biləcəklər. [9, s.395] Şərqi Asiya ölkələrinin inkişafını tədqiq edən C.Stiqlitz müəyyən etmişdir ki, Yapioniya, Koreya, Çin, İndoneziya, Filippin , Sinqapur , Malaziyada artan iqtisadi inkişafının arxasında dövlətin düzgün iqtisadi siyasət və proqramları dayanır. İqtisadi böyüməni artırmaq üçün iqtisadi strategiyaların mərhələli şəkildə həyata keçirilməsi Şərqi Asiya ölkələrinin əsas uğurlarından biridir. Qloballaşma prosesi dərinləşdikcə bu ölkələr bundan tədricən yararlanaraq öz ixrac potensiallarını daha da artırmağı bacarmışıar. Bunun nəticəsidir ki, ixrac qabiliyyətinə görə bu ölkələr beynəlxalq ticarətdə mühüm yer tutmağı bacarmışlar. [29, s.5] R.Prebiş və H.Singer iqtisadi analizlərinin nəticəsində o qənaətə gəlmişlər ki, inkişaf etməkdə olan ölkələrin xammal ixracına çox bağlılığı yaxşı iqtisadi nəticələr verməyə bilər. Bunun əvəzində emaledici sənayeni genişləndirmək daha məqsədəuyğun hesab edilə bilər. Onlar hesab edirlər ki, əgər bu xammalın qiyməti dünya bazarlarında düşməyə davam edirsə, ölkələr tədricən bu xammalın istehsalını azaltmalı və tədricən emal və sənaye sahələrinin inkişafına diqqət ayırmalıdırlar. [39, s.2-3]
Beynəlxalq ticarətlə bağlı qeyd edilən bütün iqtisadi təhlillərın təməl məqsədi xarici ticarət dövriyyəsini artırmaqla ölkənin gəlirlərini və insanların rifah səviyyəsini artırmaqdan ibarətdir. Dövlət məhz bunun üçün ixracı stimullaşdırmalı, ixrac potensialını artırmalı, ixracı təşviq siyasətini dəstəkləməlidir. Bunun üçün isə elmi texniki tərəqqinin nailiyyətlərindən faydalanmaq, istehsalda innovasiyaların tətbiqi, ixtisaslı kadrların yetişdirilməsi, rəqabətli makromühitin formalaşdırılması vacib rol oynayır. Sonrakı mərhələdə rəqabət qabiliyyətli, beynəlxalq standart və tələblərə cavab verən mal və xidmətlərin istehsalı və onların sərbəst dünya bazarına çıxarılmasını təmin etmək baxımından da dövlətin rolu əhəmiyyətlidir. Bu səbəbdən də iqtisadi-siyasət proqramlarında ixrac potensialı mühüm tətqiqat mövzusudur. Ümumiyyətlə ixrac potensialı ölkənin bütövlükdə iqtisadi potensialının bir hissəsi olaraq, xarici istehlakçıların tələblərinə uyğun normalarda istehsal olunan mal və xidmətləri ixrac edə bilmək qabiliyyətidir. Dünya bazarı norması dedikdə bura həm istehsal olunan əmtəənin keyfiyyəti və qiymətinin xarici istehlakçıların tələblərinə uyğun olması nəzərdə tutulur. Bu səbəbdən də ölkənin ixrac potensialını dəyərləndirərkən, istehsal olunan əmtəənin beynəlxalq bazarlarlarda olan qiymətlə mənfəətlə satıla biləcəyini müəyyənləşdirmək lazımdır. İxrac potensialının formalaşması və artırılmasını müəyyən edən amillərdən biri də təbii resursların mövcudluğudur. Təbii resurlardan istifadə sayəsində bir sıra ölkələr öz ixrac potensialını artırmışlar. Bura yalnız müəyyən dövr ərzində kəşf edilib, istismar edilən təbii resurlar aid edilir. Məlumdur ki, daha az inkişaf etmiş ölkələr tarixən öz gəlirlərini hazır xammal ixracından əldə edirmişlər. Lakin nisbətən yüksək inkişaf etmiş ölkələr xammaldan idxalından asıllığı azaltmaq üçün xammala qənaət edən texnologiyaların tətbiqi sayəsində əsasən elm və texnologiya tutumlu məhsulların istehsalı və ixracı üzrə ixtisaslaşmışlar. Xüsusi ilə hazırda qloballaşan iqtisadi sferada emaledici sənayenin, elm, kapital və texnologiya tutumlu sahələrin inkişaf etdirilməsi ixrac potensialının artırılması cəhətdən daha prespektivli hesab edilir. [31, s.28] Qeyd edilənlərin nəticəsini ümumiləşdirərək onu qeyd etmək olar ki, ölkənin ixrac potensialının artırılması, birbaşa olaraq milli iqtisadiyyatın inkişafında stimulator rolunu oynayır.
Ölkələrin ixrac potensialını dəyərləndirərkən, qeyd etdiyimiz kimi inkişaf etmiş ölkələr elm, texnolgiya və kapital tutumlu mal və xidmətlərin ixracı üzrə ixtisaslaşdığı halda, bir çox inkişaf etməkdə olan ölkələr hazır xammal ixracına önəm verməkdədirlər. Hazır xammal ixracında isə ən geniş yer tutan resurslar neft və təbii qaz resurslarıdır. Bəlli məsələdir ki, bu ölkələrdə ixracatda enerji sektoru yüksək gəlir gətirən istehsal sektoru olaraq bilinməkdədir. Lakin enerji sektoru ilə paralel digər sektorların da inkişaf etdirilməsi və ölkə iqtisadiyyatında mühüm iqtisadi paya malik olması zəruridir. Bu səbəbdən də, əsasən ixracda enerji resurslarının payı çox olan ölkələrin iqtisadi sektorlarını “neft sektoru” və “qeyri neft” sektoru olaraq iki hissəyə bölürlər. Təbidir ki, sektorların məhz “neft” adı ilə bağlı olması neftin qlobal miqyasda və istehsal olunduğu ölkənin iqtisadi həyatında önəmli paya sahib olması ilə sıx bağlıdır. Qeyri neft sektoruna primitv tərif versək “Bu sektor ölkənin neft istehsalı ilə bağlı olmayan digər iqtisadi sektorlarıdır.” deyə bilərik. Bura əsasən qeyri-neft sənaye, kənd təsərrüfatı, inşaat, rabitə, turizm, ticarət, sosial xidmətlər sektorları aid edilir. Ölkələrin ixracında qeyri-neft sektorunu dəyərləndirərkən bura qeyri-neft sənaye və kənd təsərrüfatı aid edilir. Çünki digər sahələr qeyri-ticari əhəmiyyət daşıyır. Qeyri neft sektorunun neft sektorundan başlıca fərqli xüsusiyyəti odur ki, burada istehsalda olan real artıma xarici tələbin təsiri, neft sektorunda olduğundan daha azdır. Dolayısı ilə neft sektoru xarici iqtisadi təsirlərdən daha çox asılıdır. Qeyri neft sektorunda istehsalın təşkili və artımı ölkədə aparılan institusional islahatlardan, bu sahəyə yatırılmış investisiyalardan daha çox asılıdır. İstehsalda əlavə dəyər yaratmaq baxımından qeyri neft sektoru önəmli əhəmiyyətə malikdir. [4, s.50-51] Ümumi olaraq yanaşsaq, məlumdur ki, bir çox hallarda ölkənin milli iqtisadiyyatının inkişafı bilvasitə ölkənin təbii resurslarla zənginliyi ilə bağlıdır. Bu baxımdan təbii resurslarla, xüsusilə neft ilə zəngin olan ölkələrdə neft sektorunun inkişafı buna bariz nümunədir. Milli iqtisadiyyatda neft sektorunda olan sürətli inkişaf müəyyən hallarda iqtisadiyyatın digər sektorlarında olan iqtisadi artımı sürətlə qabaqlayır. Neft-yanacaq sektorunun sürətli inkişafı fonunda iqtisadiyyatın digər sahələrində ləng inkişafın mövcud olmasına müxtəlif amillər təsir edir. Bu amilləri bu cür qruplaşdırmaq olar: [21, s.14]
Dostları ilə paylaş: |