PEŞƏKARLIĞA KEÇİDİN
YENİ MƏRHƏLƏSİ
(1886-1896)
Teatr prosesi 1885-ci ildə digər şəhərlərə, yəni Tiflisə və Şuşaya nisbətən Bakıda bir qədər
öləzidi. Onun əsas səbəbi teatr meyilli ziyalılıarın qısa müddətdə müxtəlif şəhərlərə getmələri ilə
bağlı idi. Bununla belə, il ərzində müxtəlif həvəskarlar Mirzə Fətəli Axundzadənin "Lənkəran
xanının vəziri", "Müsyö Jordan və dərviş Məstəli şah" komediyalarını, Vasaq Mədətovun
vodevillərini hazırlayıb tamaşaçılara göstərirdilər.
Bu səylər 1886-cı ildə davam etdirildi. Həmin dövrdə əslən şamaxılı olan Həbib bəy Hacı
İbrahimxəlil oğlu Mahmudbəyov (1864- 1927) və Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə
(1866-1937) Tiflis şəhərində Aleksandrinsk Müəllimlər İnstitutunda oxuyurdular. Onlar qış və yay
tətillərində Bakıda olmuş, burada tanış ziyalılarla birgə bir neçə teatr tamaşası hazırlamışdılar.
Tiflisdə həm gürcü, həm rus, həm də bu şəhərə gələn əcnəbi teatrlarının, ayrı-ayrı daimi
truppaların tamaşalarına baxmış, səhnə sənətinin müəyyən vacib mətləblərinin əsas xüsusiyyətlərini
mənimsəyə bilmişdilər. Həbib bəy və Sultanməcid bəy 1887-ci ildə ali təhsillərini başa vuraraq
Bakıya pedaqoji fəaliyyətə göndərildilər. Burada müəllimliyə başladılar və tez bir zamanda şəhərdə
həm maarif və həm də mədəniyyət xadimi kimi tanındılar. İkisi bir yerdə Bakıda yeni tipli rus-türk
(rus-müsəlman və rus-tatar da deyilib) məktəbi açdılar. "Həbib bəyin məktəbi" kimi məşhur olan
təhsil ocağı bu gün 132 saylı məktəbdir.
Həbib bəy Mahmudbəyov, Sultanməcid Qənizadə və onların məslək və əqidə dostu
Nəcəfqulu Vəliyev Bakıda teatr həvəskarlarını öz ətraflarında toplayaraq teatr sənətinin dirçəlişinə
yeni və səmərəli təkan verə bildilər. Onlar bu işə dərs dedikləri məktəblərin yuxarı sinif şagirdlərini
də cəlb edirdilər. Hər il məktəbi bitirən şagirdləri yenilər əvəz edirdi. Məşhur teatr aktyoru və
rejissoru Hüseyn Ərəblinski və aktyor-dramaturq Mirmahmud Kazımovski də ilk dəfə bu
müəllimlərin həvəskarlar dəstəsində səhnəyə çıxıblar.
1923-cü ildə Bakıda nəşr olunmuş "Azərbaycan türk teatrının müxtəsər tarixçəsi" kitabında
yazılıb ki, 1887-ci ildən sonra türk teatrı Bakıda gəldikcə tərəqqi etməyə başlayır. O vaxtın
cavanlarından Sultanməcid Qənizadə, Həbibbəy Mahmudbəyov və Nəcəfqulu Vəliyev başlarına
həvəskarları cəm edib teatrlar verməyə başlayırlar. Bu şəxslərin teatr yolunda çəkdikləri əzab,
uğraşdıqları ənvai təhqirat, föhşlərin heç biri vəsfə gələsi deyildir". Onlar əsil maarifpərvərlik
fədakarlığı göstərərək, həvəskarlardan ibarət teatr durumunun güclənləsinə və milli səhnə
sənətimizin peşəkärlığın yeni səciyyələrini qazanınasma nail ola biliblər.
Üçlüyün hazırladığı ilk tamaşalar içərisində Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və
dərviş Məstəli şah" komediyası daha böyük uğur qazanıb. Şəhər teatrında (Tağıyev teatrı) göstərilən
tamaşada əsas rolları S.Seyidov (Dərviş Məstəli şah), M.Şəkibəyov (Qulaməli), S.Qayıbov (Müsyö
Jordan), Ş.Mirzəyev (Hatəmxan ağa), Kostapova (Şərəfnisə), Rusiyeva (Gülçöhrə) Cahangir
Zeynalov (Şahbaz bəy), Vəzirov (Şəhrəbanu) oynayıblar. Tamaşaya məsul S.Seyidov olub.
Xatırladım ki, 1920-ci illərə kimi müxtəlif truppalarda, ayrı-ayrı teatr dəstələrində hazırlanıb
göstərilən tamaşalara məsul müdir olurdu. Bu şəxs bütün inzibati işlərə cavabdehilk daşıyırdı və onu
fərasət və bacarığına görə seçirdilər.
Bu illərdən başlayaraq məşhur komik aktyor Cahangir Zeynalov və aktyor, rejissor və
inzibati işçi Əbülfət Vəli (Vəliyev) teatr sənətində peşəkarlıq yolunu tutmağa başladılar. Onların
ardınca digər sənətkarlar da teatrı özlərinə əsas peşə seçdilər. Həvəskar artistlər oynadıqları
tamaşalardan gələn gəlirlərin daha çox hissəsini kasıb şagirdlərin geyim və dərs ləvazimatlarına
xərcləyirdilər.
Teatr sənətinin tərəqqisi ilə bağlı ziyalılarımız dünya dramaturgiyası nümunələrini tərcümə
etməyə meyil göstərirdilər. Məsələn, 1888-ci ildə Tiflisdə çıxan "Kəşkül" qəzeti alman ədibi Fridrix
Şillerin "Məkr və məhəbbət" faciəsinin tərcüməsini "Xüdə və eşq" adı ilə çap etməyə başlayıb.
Azərbaycan və rus məktəblərinə yardım məqsədilə göstərilən səhnə əsərləri arasında 1889-cu
ildə oynanılan "Lənkəran xanının vəziri" və "Qırt-qırt" (Vasaq Mədətov) tamaşaları daha maraqlı
alınmışdı. Qənizadə və Mahmudbəyov get-gedə həvəskarlara rol üzərində işləməyin əlifbasını
öyrədir, müəyyən mənada sabit dəstə yaratmağa səy göstərirdilər. Onlar müəllim yoldaşlarının
köməkliyi ilə şəhərdə müxtəlif müsamirələr keçirir və sonda kiçik vodevillər, məzhəkələr
oynanılmasını təşkil edirdilər.
1890-cı ilin ən böyük teatr hadisələrindən biri martın 10-da Tağıyev teatrında göstərilən
komediya olub. Əvvəlcədən elan vurulmuşdu ki, tamaşadan gələn gəlir yoxsul şagirdlərə
xərclənəcək.
Başqa bir tarixi hadisə o olub ki, milli səhnəmizin ilk peşəkar artistlərindən sayılan
Məhəmməd bəy Məlikov (Əlvəndi) aktyorluğu özünə peşə seçərək səhnə fəaliyyətinə başlayıb.
Digər teatr hadisəsi bina ilə bağlıdır. Bakı neftxudası, xeyirxah milyonçu Ağa Musa Nağıyev
şəhərdə "Obşestvennoye sobraniye" ("Cəmiyyət yığnağı", "Nəciblər evi") binası tikdirib. Həmçinin
"Nağıyev teatrı" adlanan bu binada teatr tamaşaları oynanılıb, mədəni müsamirələr, yığılan vəsait
mədəniyyətə sərf olunan ianə axşamları keçirilib.
Nəriman Nərimanovun 1891-ci ildə Bakıya gəlməsinin də teatr prosesinin təkamülünə
müsbət təsiri olub. Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin tamaşaya
hazırlanmasında iştirak edən Nərimanov həm də əsərdə Nəcəf bəyin rolunu oynayıb. Cəlal Ünsizadə
Aleksandr Puşkinin məşhur "Boris Qodunov" faciəsini Azərbaycan dilinə tərcümə edib.
Teatr həyatında canlanına 1892-ci ildə bir qədər də artıb. İlin ilk aylarında teatr həvəskarları
Tağıyev teatrında Vasaq Mədətovun "Bacı və qardaş" (4 fevral) vodevilini göstəriblər. İl ərzində
oynanılan tamaşalardan daha çox diqqətçəkəni Sultanməcid Qənizadənin rus dramaturqu
Dyaçenkodan tərcümə-təbdil etdiyi "Qurban üçün qurban", Mirzə Fətəli Axundzadənin "Müsyö
Jordan və dərviş Məstəli şah" (hər ikisi 9 martda oynanılıb), Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq,
yağmura düşdük" ("Hacı Qəmbər". 7 dekabr) əsərlərinin quruluşları olub.
Nəriman Nərimanov Bakıda bir dram dərnəyi yaradıb. Dərnəyin ətrafına xeyli teatr həvəskarı
toplaşıb, onlar əvvəlcədən müəyyən repertuar müəyyənləşdiriblər. Həmin dərnəyin ömrü az olsa da,
bu ilk səy sonraki teatr dəstlərinin yaranması üçün zəmin-təcrübəyə çevrilib.
Sultanməcid Qənizadə savadsız əhalinin kiçik həcmli məzhəkə və məsxərələrə daha maraqlı
olduğunu nəzərə alaraq, təbdillər etməyə üstünlük verib. Onun təbdilində "Xor-xor" məzhəkəsi
1893-cü ildə dəfələrlə təzə quruluş və heyətdə oynanılıb. Qənizadə dahi rus ədibi Lev Tolstoyun
"Əvvəlinci şərabçı" birpərdəli məzhəkəsini də tərcümə edib və may ayında özü tamaşaya hazırlayıb.
O, bu barədə Yasnaya Polyanada yaşayan Lev Tolstoya məktub da yazıb. Mirzə Fətəlinin "Hacı
Qara" komediyası il ərzində Tağıyev teatrında və "Dənizçilər klubunda" bir neçə dəfə tamaşaçıların
ixtiyarına verilib.
1894-cü illərdə teatr həvəskarlarının bəsit repertuarının əsasını Mirzə Fətəli Axundzadənin
komediyaları, Nəcəf bəy Vəzirovun məzhəkələri, Vasaq Mədətovun vodevilləri və Sultanməcid
Qənizadənin təbdilləri, iqtibasları təşkil edib.
Tiflis şəhərində fəaliyyət göstərən Qafqaz senzurası 1895-ci ildə Nəriman Nərimanovun ilk
səhnə əsəri olan "Nadanlıq" komediyasının oynanılmasma icazə verib. Komediya ilk dəfə Bakının
teatr həvəskarları tərəfindən oynanılıb. Tağıyev teatrı binasında göstərilən tamaşada dramaturq özü
İmran rolunda çıxış edib. Tamaşadan 800 manat hasil olub ki, bu da o dövr üçün hadisə idi. Yəni
tamaşaya çoxlu tamaşaçı gəlib. Ümumiyyətlə isə, Əbdürrəhim bəy Haqverdiyev ilə Nəriman
Nərimanovun əsərlərinin həvəskarların repertuarında yer tutması fədakarların mövzu-problematika
axtarışlarına meydan açmışdı.
İl ərzində həvəskarlar "Lənkəran xanının vəziri", "Hacı Qara", "Müsyö Jordan və dərviş
Məstəli şah", "Daldan atılan daş topuğa dəyər", "Hacı Qəmbər", "Ev tərbiyəsinin bir şəkli" (Nəcəf
bəy Vəzirov), "Xor-xor", "Qırt-qırt" komediya, təbdil və məsxərələrini dönə-dönə ifa etmişlər.
Ağa Musa Nağıyev bir qrupda birləşmiş ziyalı gəncləri hamiliyə götürmüşdü. O, gənclərə
maddi yardım edir, onların maarifçilik fəaliyyətlərinə hərtərəfli şərait yaratmağa çalışırdı. Gənclər
müxtəlif mədəni-maarif tədbirləri keçirir, musiqili-bədii müsamirələr hazırlayır və tamaşalar
göstərirdilər. Toplanan pullar müxtəlif xeyriyyə işlərinə xərclənirdi.
Mədəniyyət fədailəri olan bu gənclər dramaturq Nəriman Nərimanovun "Şamdan bəy"
("Dilin bəlası") komediyasının ilk quruluşunu oynayıblar. Tamaşa 1896-cı il noyabrın 23-də
Tağıyev teatrında göstərilib. Elə həmin gün bu tamaşadan sonra eyni truppanın ifasında "Qırt-qırt"
vodevili də tamaşaçılara təqdim olunub. "Şamdan bəy" komediyasının rejissorları Nəriman
Nərimanov və Cahangir Zeynalov idilər. Onlar digər təşkilati işləri də öz üzərlərinə götürmüşdülər.
Tamaşada əsas rolları Cahangir Zeynalov (Hacı İbrahim), Əbülfət Vəli (Niyaz) və Məlikov (Şamdan
bəy) ifa ediblər.
Cahangir Zeynalov Bakının tanınmış tacirlərindən idi. Ticarətdən əldə etdiyi qazancın böyük
bir qisınıni həvəskar aktyorlara və tamaşaların hazırlanmasma (bina, paltar, dekorasiya kirayəsi və
sairə) xərcləyirdi. Məşqlər çətin vaxtlarda onun evində aparılırdı. Bütün bunlara görə "Şamdan
bəy"in premyerasından sonra tamaşaçıların iştiraki ilə Cahangir Zeynalova qızıl qol saatı bağışlandı.
Teatr sənətinin inkişafındakı məqsədyönlü və səmərəli fəaliyyətinə görə Nəriman Nərimanova isə
həmin axşam brilyant üzük verildi. Hədiyyələrin xərclərini Ağa Musa Nağıyev çəkmişdi.
1896-cı ildə Həsən bəy Zərdabi (Məlikov) teatr həvəskarlarından ibarət truppa yaratmağa
icazə almaq üçün Bakıdakı yerli hökumətə məktubla müraciət etmişdi. Lakin bunun nəticəsi
olmamışdı. Sonralar Nəriman Nərimanov bu işə girişdi. Nəhayət, peşəkar milli teatrın fəaliyyətinin
iyirmi üçüncü ilində ilk dəfə birləşmiş teatr dəstəsi yaradıldı. Ona "Birinci müsəlman" truppası" adı
verildi.
Truppadan daha çox yığcam dəstəni xatırladan kollektivə Cahangir Zeynalov, Nəriman
Nərimanov, Həsən bəy Zərdabi, İsgəndər bəy Məlikov, Məhəmməd bəy Məlikov (Əlvəndi), Əbülfət
Vəli (Vəliyev) və digər teatrsevər ziyalılar, səhnəyə həvəs göstərən gənclər daxil oldular.
Truppa ilin sonlarında yarandığına görə, onun əsas fəaliyyəti növbəti ildən başlandı. Bu isə
peşəkar teatrımızın inkişaf mərhələlərində yeni dövr kimi səciyyəvidir.
Qeyd. Müxtəlif teatr truppaları, təhsil ocaqları ilə bağlı "müsəlman" sözünə tez-tez rast
gələcəksiniz. Bu söz "Azərbaycan" mənasında işlədilib. Siz də onu elə oxuyun.
|