(Bizə bu dünyada huşsuz görünənlərin Allahın başqa bir dünyasında hər şeyi bizdən yaxşı görüb-eşitməyinə heç vaxt şübhəniz olmasın.)
Haykanuş qarı Camalın başını yuyub dərmanlayıb, tənziflə sarıyandan sonra -yaxındakı evlərdən - birdən-birə vay-şivənlə kilsənin həyətinə doluşan arvadların səsini də indi Saday Sadıqlı çox yaxından və lap aydınca eşidirdi:
“-Kül bizim müsəlman başımıza, bir yetimin başın yumağa da qeyrətimiz çatmadı.
-Yuyub da, erməni olanda nə olar. Haykanuş göydən gəlməyib ki! O da bu kəndin adamıdı.
-Səni Allah heç vaxt darda qoymasın, Hayqanuş bacı! Elə sən biz müsəlmana həmişə yaxşı olmusan.
-Bilsəydk, bz də yuyardıq da! Biz hardan biləydik ki, yazıq uşağın başına keçəl düşüb.
-Bəyəm görmürdün ki, papağın başından çıxartmır. Başının keçəli olmasaydı, bu havada kim papaqlı gəzərdi?
-Allah sənin Yerevandakı o bircə oğlunu saxlasın, a Hayqanuş. Sən bizim hamımızdan insaflısan.
-Sən, Hayqanuş, Allah adamısan, erməni olanda nə olar...”
Əllərini-qollarını sabunlayıb, yaxşı-yaxşı yuyandan sonra Haykanuş çoxdan bükülmüş belini ovxalayıb sığallaya-sığallaya azca dikələ bildi. Arvadlar yavaş-yavaş dağılışıb getdi. Və o arvadların haray-həşiri kəsilən kimi Haykanuş qollarını açıb, yenə o kilsənin üstünə elə bir şövqlə yeridi ki, elə bil o xırdaca, arıq canıyla o boyda kilsəni, bir körpə uşaq kimi qucaqlayıb, bağrına basacaqdı.
Dostları ilə paylaş: |