Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)



Yüklə 192,11 Kb.
səhifə36/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   32   33   34   35   36   37   38   39   ...   71
O gün o Haykanuş qarı o qucağıuşaqlı “çalmalı arvadın” qarşısında xaç çevirəndə başına ağappaq tənzif sarınmış Camal kilsə qapısının divarı dibində dinməz-söyləməz oturmuşdu.

Bayaqdan kilsə qapısının bir küncünə qısılıb, nənəsinin baş yumağına qorxu-vahimə içində tamaşa eləyən Lüsik indi kilsə qapısından xeyli o yandakı, qələmə kimi dikinə uzanıb gedən o gilas ağacının gövdəsinə söykənib, elə bil xəlvətcə ağlayırdı. Başının biti, sirkəsi tərtəmiz yuyulandan sonra Camalın gözlərinin içi də dumduru durulmuşdu. Və Camal o dumduru gözlərini gen-gen açıb, sanki indiyəcən görmədiyi təzə bir dünyaya heyranlıqla tamaşa eləyirdi. Babaş Camalın yanında başını aşağı salıb, hərəkətsiz dayanmışdı və bayaq, özünü saxlaya bilməyib, o təhər öyüyüb-qusmağının xəcalətini, deyəsən, indi çəkirdi.

O gün Haykanuş da elə - qocalmış, beli bükümüş - həmişəki Haykanuş idi: kilsənin qapısı qabağında həmişə durduğu yerdə durub, həmişəki kimi duasını eləyib, xaçını çevirirdi. Bəs o gün, görəsən, bu dünyada birdən-birə hansı möcüzə baş vermişdi ki, ermənicə bir kəlmə bilməyən Saday - Haykanuşun kilsə qapısının üstündəki o - “çalmalı arvad”a lap astadan, az qala, ürəyində dediyi sözlərin hər birini aydınca eşidirdi və yüz faiz başa düşürdü?.. Bəlkə, yuxuydu bu?.. Yaratdığı və adını insan qoyduğu hər kəsə bir ömürdə heç olmasa bircə dəfə möcüzə göstərməyi lazım bilən uca Allahın Sadayın qismətinə yazdığı mistik ruhi-səmavi pay idi?.. Görəsən, o kilsənin qapısı başından bu dünyaya həmişə ölü, daş gözlərilə baxan o “çalmalı” daş arvad özünün daş olduğunu unudub, o gün, doğrudanmı Sadayın üzünə o təhər mehribanca gülümsəmişdi?.. O arvadın qucağnda tutduğu o uşaq da birdən-birə canlanmışdı – boynunu, başını, əlini, ayağını tərpətmişdi. Üstəlik, o uşağın gözlərini açıb, kiməsə gülə-gülə göz vurduğunu da o gün Saday öz gözlərilə görmüşdü. Bəs bu necə sirr idi ki, Pərvərdigara, o uşağın göz vuran gözləri eynilə Cambul Camalın gözləriydi?.. Və tutaq ki, bütün bunlar hallüsinasiya idi – yuxu, ya qarabasmaydı. Onda bəs o səs nə səs idi? Evi kilsənin lap yanında olan Cinni Səkinənin ortancıl qızı Çolaq Çimnazın bədheybət səsi:

“ORA BAX, E!.. ONA BAX, SARI SADAY ERMƏNİ KİMİ XAÇ ÇEVİRİR!”

Və o başdanxarab Çimnazın bu sözlərin dalınca ucadan və avazla oxuduğu “folklor nümunəsi”:

“Erməni hay, erməni,

Dağda döyər xərməni.

Bir oğlu var, bir qızı,

Götünə dana buynuzu”.

Hələ o işıq!

Sadayın Haykanuş qarının o dualı sözlərini anlayıb başa düşdüyü və ömründə ilk dəfə sanki özündən də xəbərsiz xaç çevirdiyi o gün özgə vaxtlar yalnız o kilsənin günbəzində və o günbəzdən xeyli o yandakı dağın təpəsində, Allahın gözünün işığı kimi, xəfifcə parıldayan o sarımtıl-çəhrayı işıq axı necə olmuşdu ki, birdən-birə hər tərəfə yayılıb, düzü-dünyanı ağzına almışdı?.. Bu dünyanın o cür inanılmaz dərəcədə gur işığa qərq olduğunu sonralar Saday Sadıqlı heç vaxt görməmişdi. O işığın az və ya çox miqdarda Əylisdə həmişə olmağı isə Saday Sadıqlıdan ötrü adi reallıq, sadə bir həqiqət idi. (Axı Yuxarı Əylisin eniylə uzunu vur-tut 6-7 kilometrdən çox deyildi. Üç yandan qupquru boz dağlarla əhatə olunmuş bu daşlı-çınqıllı xırdaca ərazidə 12 kilsə ucaldıb, hər kilsənin ətrafında bir böyük cənnət yaradan insanlardan əgər burada işıq da qalmasaydı, onda Allahın olub, ya olmamağı kimə və nəyə lazım idi?)

Ancaq özgə vaxtlar yalnız kilsənin günbəzndə və qarşıdakı uca dağın təpəsində ara-sıra peyda olub, sonra sönüb gedən o sarımtıl-çəhrayı işığın o gün birdən-birə çoxalıb, Əylisin hər yerinə yayıldığını, görəsən, Sadaydan savayı da kimsə görmüşdümü?.. Və bunu elə o gün, o kilsənin həyətindəcə kimsədən soruşmağa görən Saday niyə cəsarət eləməmişdi?.. İndi bunu Saday Sadıqlı bu Bakı şəhərində yalnız Babaşdan soruşa bilərdi. Ancaq necə? Hansı Babaşdan?.. İndiki Babaş Ziyadovdan o işığın barəsində söz soruşmaq elə, bir növ, gedib JEK-in müdirindən Allahın ünvanını soruşmaq qədərində gülünc və mənasız iş olardı.


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin