Bismillahir-Rəhmanir-Rəhim.
Qadın məsələlərinə dair yanlış baxış və dar düşüncə
Çox xoş gəlmisiniz! Allaha şükür olsun ki, ölkəmizin görkəmli qadınlarının fikir istiqamətinin gələcəyi ümidverici və sevindirici olan bir səmtə yönəldiyini gördüm. Buna sevinirəm. Mən də qarşılıqlı olaraq tarixin və bütün nəsillərin qadınlarına örnək, kamil və ilahi bir insan nümunəsi olan həzrət Zəhranın (ə) doğum günü münasibəti ilə siz əziz bacıları, ölkəmizin bütün qadınlarını, bütün müsəlman qadınları və bütün dünya müsəlmanlarını təbrik edirəm.
Bu gün hələ də dünyada bir problem olan qadın məsələsi barədə çoxlu sözlər deyilib və deyilir. Biz dünyanın insani xəritəsinə və bəşər cəmiyyətlərinə baxdıqda - həm öz ölkəmiz və digər İslam ölkələri kimi müsəlman cəmiyyətlərinə, həm də qeyri-müsəlman, o cümlədən, necə deyərlər, sivil və inkişaf etmiş cəmiyyətlərə baxdıqda təəssüf ki, bu cəmiyyətlərin hamısında qadın problemi adlı bir problemin hələ də mövcud olduğunu görürük. Bu, insani problemlərə qarşı bir növ yanlış baxışın və yanlış gedişin göstəricisidir, insan problemlərinə qarşı bir növ dar düşüncədən xəbər verir.
Bəlli olur ki, bəşər bütün iddiaları, ixlaslı və xeyirxah insanların bütün səyləri, xüsusən qadın barədə görülən böyük mədəni işlərlə yanaşı, hələ iki cinsin problemi, qadın problemi və onun ardınca digər formada meydana çıxan kişi problemi barədə hələ də düzgün yol tapa bilməmişdir. Bəlkə də siz xanımların arasında dünyanın yazıçı və sənətkar qadınlarının, bəziləri fars dilinə tərcümə olunmuş, bəziləri isə orijinal şəkildə mövcud olan ədəbi və incəsənət əsərlərini görən, yaxud oxuyan şəxslər var. Bunların hamısı qeyd olunan məsələdən xəbər verir: bəşər hələ də qadın problemini, bunun ardınca yaranan iki cinsin, yəni qadın və kişinin problemini və zəruri olaraq insaniyyət problemini həll edə bilməmişdir. Başqa sözlə desək, ifratçılıqlar, yanlış işlər, yanlış anlamalar və bunların ardınca təcavüzlər, zülmlər, psixoloji pozuntular, ailə problemləri, iki cinsin qarışmasına və münasibət tərzinə aid olan problemlər hələ də bəşəriyyətin həll olunmamış problemlərindəndir. Yəni maddi sahələrdə, kosmosda, dənizlərin dibində bu qədər kəşflər edən, psixoloji, ictimai, iqtisadi və digər sahələrin xırdalıqlarından bu qədər dəm vuran və doğrudan da bu fənlərin çoxunda inkişaf etmiş insan bu məsələdə aciz qalmışdır. Mən bu çatışmazlıqları yalnız sadalamaq istəsəm, çox vaxt lazım olar və özünüz bunları bilirsiniz.
Dostları ilə paylaş: |