Tapşırıq. İşgüzar ünsiyyət müxtəlif formalarda ifadə oluna bilər. Bu həm müşavirə, həm söhbət, həm polemikadır... Lakin ünsiyyət hansı formada olur-olsun, o həmişə özündə iştirakçıların monoloq və dialoqlarını, kiçik və böyük çıxışlarını birləşdirir. Kütlə qarşısında çıxış- incə söz sənəti, ritorik çalışma deyil. O, məqsəd yox, işgüzar məqsədlərə çatmaq vasitəsidir. Bununla bərabər, o, bir sıra tələblərə cavab verməlidir ki, nitqi inandırıcı, sübutlu, məntiqli, düşünülmüş olsun. Bu məqsədlə sosial şəbəkələrdə görkəmli şəxslərin çıxışlarında göstərilən qaydalara əməl edildiyinə diqqət yetirin.
Auditoriyaya köklənin. Əvvəlcə sizin nitqinizin məzmununun auditoriyanın maraqlarına uyğun olub-olmadığını aydınlaşdırın. Əgər sizin maraqlarınız onların maraqlarından fərqlənirsə, qarşılıqlı anlaşma körpüsü yaratmağa səy göstərin.
Çıxış zamanı inamlı olun və öz sözlərinizə qəti inam nümayiş etdirin.
Baxışlarınız auditoriyaya, dinləyicilərə yönəlməlidir. Heç bir halda sizə yönəlmiş baxışlardan qaçmayın. Bir nöqtəyə baxmayın. Çıxışa başlamazdan əvvəl auditoriyanı nəzərdən keçirin, sanki onların sizin sözlərinizi qəbul etməyə hazır olub-olmadığını yoxlayırsınız.
Yalnız sakitlik yarandıqdan sonra danışmağa başlayın.
Nitqinizi auditoriyaya qısa xitabla başlayın, bunun ardınca ani (ehtiyac yaranarsa daha uzun) pauza verilməlidir.
İlk sözünüzdən başlayaraq, auditoriyanın reaksiyasını diqqətlə müşahidə edin.
Nitqin aydın olmasını nəzarətdə saxlayın, çox sürətlə və heç bir halda yeknəsəq danışmayın.
Əgər auditoriyanın bir qismi sizi az diqqətlə dinləyirsə, sanki məhz onlara müraciət edirmiş kimi, baxışlarınızı onlara tərəf yönəldin.
Əgər auditoriyanın yorulduğunu hiss edirsinizsə, yavaş danışmağa başlayın, sonra birdən səsinizi ucaldın (lakin o qədər yox ki, auditoriya sizin onları canlandırmaq üçün bunu qəsdən etdiyinizi başa düşsün).
Əgər indicə dediyiniz sözlərin auditoriya tərəfindən müdafiə edildiyini hiss edirsinizsə, toxunduğunuz məsələni ləngimədən inkişaf etdirməyə səy göstərin.
Auditoriya tərəfindən müsbət reaksiyaya nail olduğunuz anda çıxışın əsas hissəsinə keçin. Dinləyicilərdə yaratdığınız müsbət emosiyalar sizə sözlərinizi onlara bəyəndirmək imkanı verər.
Auditoriyanın fikirlərinizi bəyənməsindən doğan mənəvi coşqunluq anında da özünə nəzarəti itirməyin.
Ən təhrikedici atmacalar da sizi müvazinətdən çıxarmamalıdır.
Çıxış zamanı hətta yerdən təhrikedici səslər eşidilsə belə, diskussiyaya girməyin. Söyləyin ki, çıxış bitdikdən sonra böyük həvəslə istənilən suallara cavab verməyə hazırsınız. Bununla diskussiyaya köklənmək üçün vaxt qazanmış olarsınız. Bundan başqa, çıxışınızın sonrakı gedişində diskussiya suallarının hamısı, yaxud böyük bir qismi öz aktuallığını itirə bilər və deməli, diskussiyaya da ehtiyac öz-özünə aradan qalxar.
Çıxışın böhranlı anlarında inamla, hər sözü vurğu ilə deyərək danışmaq lazımdır.
Çıxışınızın auditoriya üçün xoşagəlməz ola biləcək hissələrini aydın görünən nümunələrlə əsaslandırmağa səy göstərin. Qeyd edin ki, yalnız zərurət sizi bu cür mövzuya toxunmağa məcbur edir, sonra isə bu sərt fikirlərinizi bir neçə xoş sözlə yumşaltmağa çalışın.
Hətta əgər auditoriyanın sizdən məhz bunu gözlədiyini düşünrüsünüzsə belə, səmərəlilik baxımından mühüm olmayan ümumiləşdirici nəticələr çıxarmayın.
Heç bir vəchlə nitqi çətinliklə söylədiyinizi, yorulduğunuzu, yaxud bəzi anlarda özünüzü inamsız hiss etdiyinizi büruzə verməyin.
Nitqi başa çatdırdıqdan sonra iştirakçılara diqqətlərinə görə təşəkkür etməyi unutmayın. Heç bir zaman, hətta bu, çox cəlbedici olsa da, çıxışdan sonra sizə hər hansı formada təzim etməyə və yaxud susmayan alqışlarla yola salmağa yol verməyin.