Termoqramlar. Biometrik texnologiya kimi termoqramlar – insan bədəni hissələrinin infraqırmızı spektrin qısadalğalı (0,9-1,7 mkm), orta (3-5 mkm) və uzundalğalı diapazonda alınmış təsvirləridir. Xüsusilə sifətin və əlin termoqramları sahəsində müxtəlif tədqiqatlar aparılmışdır. Adi təsvirlərlə müqayisədə termoqramların böyük üstünlüyü onların işıqlanmanın dəyişməsindən asılı olmamasıdır – sifət termoqramlarını tam qaranlıqda belə əldə etmәk mümkündür.
Dodaqların hərəkəti. Danışıq zamanı dodaqların hərəkəti biometrik davranış parametrlərinə aiddir. Ondan səsin tanınması sisteminə vizual əlavə kimi istifadə etmək olar. Dodaqların hərəkətinə görə autentifikasiya texnologiyasının növləri danışanın tanınması sistemindəki kimidir: sabit mətn, mətndən asılı və mətndən asılı olmayan. Son dövrlər M2VTS verilənlər bazasının yayılması sayəsində bu sahədə tədqiqatlar çoxalmağa başlamışdır. Bazarda BioID firmasının dodaqların hərəkətinə əsaslanan biometrik sistemi meydana çıxmışdır. Bu metodun ən böyük üstünlüklərindən biri onu asanlıqla səsin identifikasiyası və sifət üzrə identifikasiya ilə birləşdirmək imkanıdır. Bu yolla aldadılması mürəkkəb olan çox dəqiq sistemlər yaratmaq olar. Belə üçqat biometrik sistem fiziki girişə nəzarət üçündür, kamera qarşısında mikrofona danışan insanın parametrləri oxunur. Videotəsvir sifət həndəsəsinin analizi üçün istifadə edilir və dodaqlarının hərəkətinin, onların nəticələri səs üzrə identifikasiyanın nəticələri ilə birləşdirilir.
Klaviatura xətti. Klaviatura xətti ilə identifikasiya insanın məxsusi çap üslubu ilə identifikasiyasıdır.
Hər bir insanın xarakterik çap xüsusiyyətləri var: klavişlərin basılmaları arasındakı zaman intervalları və klavişlərin basılı vәziyyәtdә saxlanması zamanları hər bir insan üçün müəyyən qədər sabitdir. Klaviatura xətti ilə identifikasiya sistemləri sabit parola əsaslanırlar, lakin səsin tanınmasında olduğu kimi mətndən asılı olmaya da bilərlər. Mətnin yığılması zamanının hesablanması əsasında klaviatura xәttinә görә tanıma üçün kommersiya məhsulları mövcuddur.
Bədənin qoxusu. Artıq çoxdan məlumdur ki, insanı bәdәnin qoxusuna görə identifikasiya etmək olar. Yarımkeçiricilərin tətbiqi ilə kimyəvi analiz sahəsindəki tərəqqi “elektron burunların” ixtirasına gətirib çıxarmışdır, onlar müxtəlif kimyəvi elementlərin (cəmisi 32) konsentrasiyasını ölçə bilirlər. Belə sensorlar insan burnunun nə ayırdetmә qabiliyyətinə, nə də həssaslığına malik deyillər və bir sıra nöqsanlara malikdirlər – kalibrləməyә ehtiyac var, çox yüklənmə şəraitində pis işləyirlər (çox sayda müxtəlif qoxular olduqda hətta “zəhərlənmə” dә baş verə bilər). Həmçinin məlumdur ki, insanın qoxusu onun həyat tərzindən – qidalanma və sağlamlıq vəziyyətindən, sabundan, parfümeriyadan və s. istifadә etmәsindәn də asılıdır. Hələlik məlum deyil ki, bu faktorları o qədər normallaşdırmaq olarmı ki, qoxuya görə insanın etibarlı identifikasiyası mümkün olsun.