Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


MÖVZU 13. ALTIYAŞLILARLA TƏLİMİN PSİXOLOJİ ƏSASLARI



Yüklə 135,86 Kb.
səhifə34/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   30   31   32   33   34   35   36   37   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

MÖVZU 13. ALTIYAŞLILARLA TƏLİMİN PSİXOLOJİ ƏSASLARI

PLAN:

1. Məktəbdə uşağın həyatında baş verən ilkin dəyişikliklər

2. Məktəbə daxil olan şagirdlərin tədris prosesində qarşılaşdığı ilkin

çətinliklər



3. Kiçik məktəblilərin təlim fəaliyyətinin formalaşmasının psixoloji

məsələləri



4. Altı yaşlı uşaqlarla aparılan işin psixoloji əsasları
1. Müasir psixologiyada kiçik məktəb yaşı dövrü 6-10 yaşadək olan dövrü (I-IV siniflər) əhatə edir. Uşağın məktəbə daxil olması onun həyatında yeni mərhə- lənin başlanğıcını təşkil edir. Bu vaxtdan etibarən oyun fəaliyyəti onun həyatında mühüm yer tutsa da, aparıcı rolunu itirir. Təlim kiçik məktəblilərin əsas fəaliyyə- tinə çevrilir, davranış motivləri əsaslı şəkildə dəyişir. Uşaq burada onun üçün tamamilə yeni olan bir şəraitə düşür: şagirdlər üçün qaydalara əməl etmək, dərsin başlanğıcından sonunadək sakit oturmaq, sinifdən çıxmaq və ora daxil olmaq üçün müəllimdən icazə almaq, onun bütün göstəriş və tapşırıqlarını yerinə yetirmək, ev tapşırıqlarının icrası kimi məsələlər uşaq şəxsiyyətinə ciddi, rəsmi tələblər verir. Bağça tərbiyəsi görən uşaqlar üçün bu məsələlər o qədər də çətinlik törətmir. Çünki orada uşaqlara sinifdə özünü necə aparmaq qaydaları öyrədilir. Uşağın məktəbə daxil olması onun həyat və fəaliyyətində ciddi dəyişikliklər əmələ gətirməklə bərabər, məktəblinin cəmiyyətdəki sosial mövqeyini, öz yaşıdları və yaşlılarla ünsiyyət formaları və qarşılıqlı münasibətlərinin də dəyişməsini tələb edir. Uşağın məktəbə daxil olması onun həyatında adət edilmiş həyat tərzinin, ətrafdakılarla münasibətlər sisteminin dəyişməsi baxımından əhəmiyyətli döyüş anıdır. Müəllimlə uşaq arasında tamamilə yeni tipli qarşılıqlı münasibət formaları özünü büruzə verir. Belə ki, müəllim, sadəcə olaraq, uşağın rəğbət bəslədiyi yaşlı olmayıb, həm də uşağa bir sıra ictimai tələblər verən konkret canlı şəxsiyyət kimi çıxış edir. Təlim prosesində müəllimin şagirdə verdiyi qiymət də yalnız onun uşağa şəxsi münasibəti kimi deyil, əksinə, şagirdin biliklərinin, icra etdiyi təlim vəzifələrinin obyektiv ölçüsü, həqiqi meyarıdır. Pedaqoji-psixoloji ədəbiyyatlarda (L.A.Venqer, Q.M.Lyamina, T.V.Tarunta-yeva və b.) "məktəbə hazırlıq" anlayışı uşağın şəxsiyyətinin çoxcəhətli inkişafı kontekstində iki əsas aspektdə nəzərdən keçirilir: 1. Məktəb təliminə psixoloji hazırlıq; 2. Xüsusi psixoloji hazırlıq dedikdə, məktəbə daxil olma ərəfəsində uşağın əqli, mənəvi, iradi, estetik və fiziki baxımdan inkişaf səviyyəsi, onun yeni, məktəb təlimi mühitinə fəal daxil olmaq, təlim materiallarını şüurlu mənimsəməsi üçün zəruri olan funksional - psixi və fiziki imkanlarının kompleksi başa düşülür.Uşağın məktəbə daxil olması ilə əlaqədar valideynlər qarşısında da bir sıra məsul vəzifələr durur. Hər şeydən əvvəl, valideynlər çalışmalıdırlar ki, bu yaş dövründə uşağın ən səmimi, sədaqətli və etibarlı dostu olsunlar: uşaq onlara inanıb heç bir səhv hərəkətini onlardan gizlətməsin. Bəzən valideynlər uşaq ev tapşırıqlarının öhdəsindən gələ bilmədikdə, yaxud onu səhv icra edəndə uşağın üstə qışqırır, onu danlayır, bəzən də fiziki cəzaya əl atırlar. Belə valideynlər dərk etməlidirlər ki, bununla da, onlar bir tərəfdən uşaq qarşısında öz acizliklərini nümayiş etdirir, digər tərəfdən isə bu cür hərəkətlərlə uşağın sinir sisteminin normal fəaliyyətinin pozulmasına səbəb olurlar. Lakin kiçik məktəbli düzgün hərəkət etmədikdə, bunu ona səbrlə başa salmaq lazımdır. I sinfə gedən uşağa öz qüvvəsinə inam hissi yaratmaq, həmişə ona səbrlə, diqqət və qayğı ilə, eyni zamanda tələbkarlıqla yanaşmaq lazımdır. Məktəbdə uşağın hərtərəfli, düzgün və sürətlə inkişafı üçün əsaslı şərait yaranır. Məktəb uşaq şəxsiyyətini əqli, hissi-iradi planda inkişaf etdirir, onda bilik, bacarıq, vərdiş və qabiliyyətlərin yeni keyfiyyətdə təşəkkülünə zəmin yaradır. Məktəbə daxil olması uşağın ictimai həyatdakı vəziyyətini dəyişməklə bərabər, onun qarşısında tamamilə yeni bir aləm açır. Şagird müəllimin verdiyi tapşırıqlara da yeni münasibət bəsləməyə başlayır. Bu vaxt müəllimin şəxsi nümunəsi çox mühüm tərbiyəvi əhəmiyyət kəsb edir, hətta şagirdlər ata-ananın dediklərindən müəllimin dediklərini üstün tutur. Onlar tez-tez “Bizim müəllim dedi ki...”, “Belə göstərdi ki...” ifadələrini işlədirlər. Müəllimin nüfuzuna böyük inam və hörmət hissləri I, II siniflərdə üstünlük təşkil edir, lakin III sinifdə müəllimə münasibət bir qədər dəyişir, daha real olur. (halbuki, kiçik siniflərdə müəllimi ilahiləşdirirlər) Ona görə də, böyük sinif şagird- lərinə müəllimin tələbləri, yanaşma tərzi, izahları fərqli olmalıdır. Məktəbə gələn uşağın bir xarakterik əlaməti də onda psixi funksiyaların ixtiyarilik səviyyəsinin keyfiyyətcə dəyişməsidir. Şagirdin inkişafına onun evdə icra etdiyi tədris xarakterli tapşıqıların da böyük təsiri var: evə verilən tapşırıqlar uşaqda mütəşəkkillik və məsuliyyət hisslərini formalaşdırır.
2. Uşaqlar məktəbdə bir sıra çətinliklərlə də rastlaşırlar. Məktəbə daxil olan birinci sinif şagirdlərinin tədris prosesində qarşılaşdığı ilkin çətinlikləri adətən üç qrupa bölürlər: 1. Bu çətinliklərdən biri məktəbin özünəməxsus xüsusiyyətləri ilə bağlıdır (evə verilən tapşırıqların yerinə yetirilməsi, məktəb rejiminin gözlənilməsi, məktəbə vaxtında gəlib dərsdə sakit oturmaq, diqqətli olmaq və s.). Məktəb rejiminə adət etməyən şagirdlərin təlim işində qaydanı pozması, uşağın özünü tənzimləyə bilməməsi və s. belə çətinliklərdəndir. 2. Məktəbə daxil olan uşağın qarşısına çıxan II çətinlik yoldaşları və müəllimləri ilə, eləcə də ailədə qarşılıqlı münasibətlərində baş verir. Müəllimin ciddi tələbkarlığı, müxtəlif tapşırıqlar verməsi, uşaqda gərginlik, sıxıntı yaradır və beləliklə də uşaq düşdüyü yeni şəraitə çətin uyğunlaşır, öz yoldaşları ilə ünsiyyətə girməkdə çətinlik çəkir.

3. I sinif şagirdlərinin qarşılaşdıqları III tip çətinlik tədris ilinin ortalarında uşağın təlim fəaliyyətində baş verir. Belə ki, təlim mürəkkəbləşir, uşaq onun öhdəsindən gələ bilmir. Mürəkkəb məsələləri mənimsəmək üçün uşağın axtarışları və idrak müstəqilliyi yüksək səviyyədə olmur. Nəticədə təlimin məzmununa uşaqda lazımi maraq oyanmır, o, tədricən həcmc artan biliklərə yiyələnməkdə çətinlik çəkir, bəzi hallarda onun üsul və qaydalarını mənimsəyə bilmir. Belə halların qarşısını almaq üçün uşağın əqli fəaliyyətini daim fəallaşdırmaq, onu mürəkkəb intellektual məsələlərin həllinə alışdırmaq lazımdır.
3. Kiçik məktəb yaşı dövrü uşaqlarda psixoloji proseslərin inkişafı üçün geniş imkan yaradır. Bu dövrdə qavrayışın xüsusiyyətləri, növləri, uşağın həyat və fəaliyyətinin təsiri altında, onun ətraf mühitin cisim və hadisələri ilə fəal qarşılıqlı münasibəti prosesində sürətlə inkişaf edir. Təlim prosesində qavranılan cisimlərin təhlil olunması, fərqləndirilməsi və müvafiq sistemə daxil edilməsi uşaqlarda daha mürəkkəb analitik və sintetik fəaliyyət tələb edir.

Təlim prosesində perseptiv fəaliyyətin inkişafında qavrayışın mürəkkəb növü olan müşahidənin və müşahidəçilik qabiliyyətinin formalaşmasının müstəsna əhəmiyyəti vardır. I-II sinif şagirdlərinin qavrayışlarının xarakterik xüsusiyyət- lərindən biri onun az fərqləndirici, səthi, nisbətən az məqsədəyönəlmiş olmasıdır. Həmin yaş dövründə uşaqlar, ilk növbədə, o obyekti və əlaməti qavrayırlar ki, onlar bilavasitə emosional təəssürat yaradıb, uşaqlar üçün əhəmiyyətli olsun. Kiçik məktəblilərin qavrayışlarının xarakterik cəhətlərindən biri də oxşar obyektlərin qeyri-dəqiq qavranılmasıdır.

Məlum olduğu kimi, uşaqlar zaman və məkanı qavramaqda müəyyən çətinlik çəkirlər. Buna baxmayaraq, kiçik məktəb yaşlı uşaqlarda təlim-tərbiyə prosesində məkan və zaman qavrayışı da əsaslı şəkildə inkişaf edir, onlar məsafəni, məkanın müxtəlif cəhətini qavraya bilirlər. Təlim-tərbiyə prosesində uşaqlarda zaman qavrayışı da inkişaf edir. Məlum olduğu kimi, məkandan fərqli olaraq, zaman bilavasitə qavranılmır, bu prosesdə zaman özü uşağın şüurunda əks olunur, onun idrak obyekti olmur. Obyektiv varlıq olan zamanın bu spesifik xüsusiyyəti uşaqların onu əks etdirməsini uzun müddət çətinləşdirir. Uşaqlar zaman qavrayı şına tədricən yiyələnirlər.

Tədris materialını qavramaq, onu başa düşmək, yadda saxlamaq, lazım olduqda yada salmaq tədris işinə diqqətli münasibət sayəsində mümkün olur. Kiçik məktəb yaşlı uşaqlarda qeyri-ixtiyari diqqət ixtiyari diqqətə nisbətən üstünlük təşkil edir, onun davamlılığı ixtiyari diqqətə nisbətən yüksək olur. Məlum olduğu kimi, qeyri-ixtiyari diqqət ən çox uşağın marağı ilə əlaqədardır. Məktəbə daxil olmaqla uşağın marağı, xüsusən təlim fəaliyyətinə olan marağı genişlənir, inkişaf edir. Bu da öz növbəsində qeyri-ixtiyari diqqətin inkişafına səbəb olur. Ilk dövrlər uşağı təlim prosesində qazanacağı bilikdən çox onun üçün yeni olan məşğələlər cəlb edir, onu çox vaxt yazı, oxu, qiymət almaq və s. maraqlandırır. Kiçik məktəb yaşlı uşaqların diqqəti bəzən əsas cəhətə deyil, onları həyəcanlandıran cəhətlərə doğru daha çox yönəlir. Kiçik məktəb yaşı dövründə diqqətin həcmi bir qədər genişlənir. Diqqətin həcminin genişlənməsi şagirdin təlim fəaliyyətində müvəffə- qiyyət qazanmasına əsaslı təsir göstərir. Məktəblilərdə diqqə-tin mərkəzləşməsi və davamlılığı da getdikcə təkmilləşir. Dərsdə daim mühüm məsələlərə diqqət yetirmək, lüzumsuzlardan uzaqlaşmaq diqqətin mərkəzləşməsini inkişaf etdirən amillərdəndir.

Təlim prosesində intizamlılıq və mütəşəkkillik də diqqətin inkişafında böyük əhəmiyyətə malikdir. Dərsdə, sinifdə gündəlik işlərin təşkili, rejimlə işləmək, istirahət etmək, ev tapşırıqlarını səliqəli və mütəşəkkil yerinə yetirmək də diqqəti inkişaf etdirir. Uşağın diqqətinin inkişafı üçün müxtəlif təlim üsullarından da istifadə olunur. Dərsdə müxtəlif üsullar, müxtəlif qaydalar gözlənilmədikdə uşağın diqqəti yayınır, dalğınlıq yaranır. Bu da öz növbəsində mənimsəmənin keyfiyyətinə mənf təsir edir. Dərsdə yalnız uşaqlar qulaq asmaqla kifayətlənməyib, suallara cavab verdikdə, plan üzrə danışdıqda onların diqqəti daha davamlı olur. Müəllim səsinin tonunu, intonasiyasını dəyişdikdə, nitqində bunlardan düzgün istifadə etdikdə diqqətin davamlılığı daha da artır.

Bu yaş dövründə nitq də özünəməxsus inkişaf edir. Yazılı nitqə yiyələnməkdə qrammatik və orfoqrafik qaydaların mənimsənilməsi mühüm rol oynayır. Şagirdlər yazılı nitqə, birdən-birə yiyələnmir, onlarda yazılı nitqin inkişafı oxu prosesinə yiyələnməkdən başlayır. Uşaqların hafizəsi məktəbdə müntəzəm təlim-tərbiyə sayəsində sürətlə inkişaf etməyə başlayır, xüsusilə mexaniki və mənalı hafizənin nisbəti dəyişir, mənalı hafizə daha səmərəli inkişaf edir. Mənalı yaddasaxlama uşağın nitqə yiyələnməsi ilə əlaqədar təşəkkül tapır. Kiçik məktəb yaşı dövründə uşaqların təfəkküründə hələ də konkretlik və emosionallıq müşahidə olunur. Tədricən isə uşaqda nitqin inkişafı ilə təfəkkür zənginləşir, ayrı-ayrı təfəkkür prosesləri inkişaf edir. Kiçik məktəb yaşı dövründə uşağın həyat təcrübəsi və biliyinin artması sayəsində onda təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Lakin 6-7 yaşlı uşaqlarda təxəyyül surətləri bağça yaşı dövründə olduğu kimi az davamlı olub, onun surətləri hələ də qavrayışa əsaslanmaqda davam edir.

Uşaqlarda məkan qavrayışı və təsəvvürlərinin inkişafı bərpaedici təxəyyül fəaliyyətini təkmilləşdirir. Kiçik məktəb yaşlı şagirdlər hekayə və nağıllar əsasında surətləri təsəvvür etməkdə çətinlik çəkmirlər. Buna səbəb isə m/q dövrdə uşaqların təxəyyülünün hekayə və nağılların öyrənilməsi əsasında tərbiyə olunmasıdır. Kiçik məktəblilərin təxəyyülü emosional xarakter daşıyır. Onda hisslərin, bədii əsərlərin təsiri altında daha parlaq təxəyyül surətləri yaranır. Məktəbə daxil olmaq uşaqda yaradıcı təxəyyülün inkişafına da şərait yaradır. Təlim prosesində şagirdlərin biliyi, həyat təcrübəsi artır, təsəvvürləri genişlənir. Bütün bunlar isə onların nisbətən müstəqil, yaradıcı fəaliyyət göstərmələrinə imkan verir. Uşaqlarda mücərrəd təfəkkürün inkişafı onların təxəyyül surətləri yaradarkən konkret cisimlərə istinad etmədən tədricən uzaqlaşmalarına səbəb olur, təxəyyülün konretliyi aradan qalxır.
4. Altı yaşlı uşaqlar cisim və hadisələrin mühüm, oxşar və fərqli əlamətlərini ayıra bilirlər. Onlarda özünüqiymətləndirmə, müqayisə və təqlid üçün daha çox nümunələrə müraciət etmək cəhdi inkişaf edir. Altıyaşlıların təlim fəaliyyətində nəzərə alınması zəruri olan psixoloji tələblərdən biri də məşğələlərin təşkili forması ilə əlaqədardır. Psixoloji tədqiqatlarla sübut edilmişdir ki, altıyaşlılarla aparılan təlim məşğələləri özünə oyun ünsürləri daxil etməli, bir növ oyun xarakteri daşımalıdır.

Təcrübə göstərir ki, səhnələşdirilmiş oyunlar altı yaşlı uşaq- ların fəaliyyətin tipik təlim formasına keçmələri üçün yaxşı şərait yaradır.Altıyaşlılarla təlimin, onlarla aparılan işin səmərəli nəticə verməsi üçün zəruri şərtlərdən biri uşaqların qarşısına düzgün praktik və təlim-oyun məqsədi qoyul- masından ibarətdir. Uşaqların qarşısına düzgün təlim-praktik məqsədin qoyulması dedikdə, bu yaş dövründə onların üstün fəaliyyət motivlərinə istinad edən məqsəd- lərin konkretləşdirilməsi nəzərdə tutulur.Altıyaşlılarla təlimin təşkilinin mühüm şərtlərindən biri mənimsənilən məzmunun keyfiyyət xüsusiyyətlərinin nəzərə alınmasından ibarətdir. Məsələn, ana dili dərsində dil materialının formal cəhətlərinin mənimsənilməsi üçün altıyaşlıların fəaliyyətinin sırf təlim motivlərinə əsaslanması məhsuldar xarakter daşıyır.

Altıyaşlılarla təlimin təşkili zamanı müəllimlə uşaqların qarşılıqlı əlaqəsinin xarakterindən də çox şey asılıdır. Bu cür qarşılıqlı əlaqə şagirdlərin fəallığından düzgün istifadə etməyə, onların fəallığını düzgün yönəltməyə imkan verir. Altıyaşlıların təlimində oxu əsas yerlərdən birini tutur. Altı yaşlı uşaqlarda oxuya qarşı böyük həssaslıq, qabiliyyət olduğunu göstərmişdir. Oxu, yazı və hesablama vərdişlərinə yiyələnmək altıyaşlılar üçün böyük əmək hesab olunur. Bu sahədə müvəffəqiyyət qazanılması oxumağa həvəs, təlimə psixoloji hazırlıqla bağlı olur. Öyrənməyə marağın yaradılması və inkişaf etdirilməsi ibtidai məktəbin əsas vəzifələrindəndir.



Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin