23
alınırdı. Əgər əmtəə şəhər bazarına satış üçün gətirilirdisə, onun əvəzində
tamğa vergisi ödənilməli idi. Bac yığımının ən iri gömrük məntəqələrindən
biri Araz çayı üzərində olan Xudafərin körpüsü olmuşdur.
Dövlət aparatının ayrı-ayrı zümrələrinin maddi cəhətdən təmin
olunması üçün şəhər və kənd əhalisindən müxtəlif vergilər alınırdı. Orta əsr
mənbələrində bu vergilərin məcmusu ixracat istilahı ilə qeyd edilmişdir.
Ordu hissələrinin, hərbi məmurların, elçilərin ərzaqla, heyvanla, ələflə
təchizini ehtiva edən müxtəlif vergi və mükəlləfiyyətlər sistemi də mövcud
idi. Sabit olmayan ictimai-siyasi, iqtisadi
şəraitdə bu cür vergi və
mükəlləfiyyətlər sistemi zəhmətkeşləri xüsusilə incidirdi. Müxtəlif təyinatlı,
təcili xərcləri ödəmək məqsədilə dövlət və feodallar tərəfindən alınan avariz
də əhalini müflisləşdirən vergilərdən biri idi.
Poçt xidmətinin ehtiyaclarını ödəmək üçün kəndlilər xüsusi
mükəlləfiyyət daşıyırdılar: onlar rabitə məntəqələrini at, ulaq, qatır və digər
nəqliyyat vasitələri ilə təmin etməli idi. Kəndlilər, şəhər əhalisi hərbi
məmurları, elçiləri, əmirləri və digər yüksək rütbəli şəxsləri (onları müşayiət
edənlərlə birlikdə) qonaq saxlamağa məcbur edilirdilər.
Bağlardan xüsusi xərac alınırdı. Bu xərac bağbaşı (farsdilli
mənbələrdə "bağşomare") adlanırdı. Hökmdara, hakimlərə, əyanlara
verilməli peşkəş və hədiyyələrin müəyyən toplusu da mövcud olmuşdur.
Həmin peşkəş və hədiyyələr ali şəxslərə onların müəyyən məkana gəlişi,
müxtəlif dini və mülki bayramlarda iştirakı münasibətilə təqdim edilirdi.
Tərx adlanan mükəlləfiyyət əhali üçün ağır idi. Bu mükəlləfiyyətə
əsasən əhali dövlət anbarlarında yığılıb qalmış izafi kənd təsərrüfatı
məhsullarını bazar qiymətlərindən yüksək qiymətə almalı olurdu. Tərx
mükəlləfiyyəti dövlətə və feodallara kənd təsərrüfatı məhsullarını,
sənətkarlıq məmulatını bazar qiymətlərindən aşağı qiymətə almaq imkanı
da yaratmışdı.
Dostları ilə paylaş: