5
kürdlərdən ibarət qoşunu ilə monqolların tərəfinə keçir. Düşmən qarşısında
tək qalmış gürcülər darmadağın edilirlər.
Bundan sonra yenidən Azərbaycan ərazisinə qayıdan monqollar bir
dah
a Təbrizə hücum edirlər; lakin şəhər əhalisi bu dəfə də təzminat
verməklə şəhərin işğalının qarşısını ala bilir. 1221-ci ilin martında Marağa
şəhəri mühasirə edildi. Ağır mühasirəni saxlaya bilməyən marağalılar
göstərdikləri rəşadətə
baxmayaraq məğlub edilir, şəhər dağıdılır,
müdafiəçilər qılıncdan keçirilirlər.
Marağanı ələ keçirdikdən sonra monqollar Suriya hüdudlarına tərəf
hərəkət edir, daha sonra Həmədana doğru çəkilərək, şəhəri dağıdır,
əhalisini məhv edir və yenidən Azərbaycana soxularaq, yolları üstündə
yerləşən Ərdəbil şəhərini darmadağın edirlər.
Ərdəbili dağıdan monqollar, yenidən Təbrizə yaxınlaşdılar. Bu zaman
atabəy Özbək artıq
şəhəri tərk etmiş, oğlu Xamuşun sahiblik etdiyi
Naxçıvana çəkilmişdi.
Təbriz şəhəri rəisi Şəmsəddin ət-Tuğraidən haqq alan monqollar, bu
dəfə də şəhərə toxunmadan oradan Səraba yollanır, buranı dağıdıb qarət
edir, sonra isə Naxçıvana doğru hərəkət edirlər. Rəşidəddinin verdiyi
məlumata görə, monqollar Naxçıvanı da viran və talan etməyə, əhalisini
qırmağa başlayırlar; yalnız Naxçıvan hakimi
Xamuşun monqollara boyun
əyməsi qırğının dayandırılmasına səbəb olur.
Bundan sonra monqol dəstələri yenidən Arran şəhərlərinə hücum
edərək, qısa, lakin ağır mühasirədən sonra Beyləqanı işğal edib, əhalisinin
çoxunu qılıncdan keçirirlər. Buradan monqollar Gəncəyə doğru hərəkət
edirlər. Dövrün tarixçiləri monqolların bu hücumu barədə ziddiyyətli
məlumat versələr də, görünür, İbn əl-Əsirin gəncəlilərin təzminatla canlarını
qurtarmaları barədəki məlumatı həqiqətə daha uyğundur. Tarixçinin
yazdığına görə "şəhər
müdafiəçilərinin çoxluğundan, onların gürcülərlə
daimi mübarizədə əldə etdikləri dəyanətdən, qala divarlarının
keçilməzliyindən xəbər tutan" monqollar Gəncəni tutmaq fikrindən
daşınırlar. Buradan onlar, bütün 1221-ci il ərzində üçüncü dəfə Gürcüstana
hücum edirlər; gürcü əsgərlərinin göstərdikləri hünərə baxmayaraq, bu dəfə
də onlar monqollar tərəfindən basılırlar.
Dərbənd keçidi vasitəsilə Şimali Qafqaza doğru hərəkət etmək
istəyən monqollar Gürcüstan hüdudlarını
arxada qoyub, Şirvan ərazisinə
daxil olur və Şamaxı şəhərini mühasirəyə alırlar. Salnaməçinin yazdığına
görə, şəhərin qalın divarlarını dəf edə bilməyən monqollar, çoxlu mal-qara
öldürərək, onların leşlərindən qalaq düzəltdilər və bu yolla şəhərə daxil
olmağa cəhd göstərdilər.
6
Şamaxılılar üç gecə-gündüz düşmənə müqavimət göstərirlər. Üç
gündən sonra çürüməyə başlayan leşlər çökməyə başladıqları üçün
monqolların hücumları da zəifləyir. Lakin şəhər əhalisinin də artıq
müqavimətə halı qalmamışdı. Beləliklə, göstərilən rəşadətə baxmayaraq,
Şamaxı işğal olunub dağıdılır, şəhər müdafiəçilərinin
və əhalisinin çoxu
məhv edilir.
Buradan Dərbəndə doğru hərəkət edən monqol qoşunları, ilk
uğursuzluğa baxmayaraq, nəhayət ikinci dəfədə hiylə ilə keçidi aşa bilirlər.
Bununla monqolların kəşfiyyat xarakterli birinci yürüşü başa çatır.
Azərbaycan əhalisinə olmazın fəlakət, şəhər və kəndlərinə böyük dağıntılar
gətirsə də, bu yürüş nə Atabəylərin, nə Şirvanşahların, nə də Azərbaycan
ərazisində mövcud olan başqa qurumların hakimiyyətlərini sarsıda bilir.
Dostları ilə paylaş: