-Çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi Çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi prosesində Azərbaycan universal beynəlxalq təşkilat kimi BMT və onun ixtisaslaşmış təsisatları ilə əməkdaşlığa, BMT-nin ali orqanları olan Təhlükəsizlik Şurası və Baş Assambleyanın dövrün islah edilməsi və effektivliyinin artırılmasına xüsusi önəm verir. Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığa nail olunması kimi nəcib məqsədlər naminə universal təşkilat kimi mühüm rol oynamaqdadır.
2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə öz mühüm töhfəsini verdi. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında birgə iclas keçirildi.
Bu ilin iyun ayında Azərbaycan BMT Baş Assambleyasında keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazanmaqla 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi. ECOSOC davamlı inkişafa dair peşəkar müzakirələr aparmaq üçün mərkəzi platforma olmaqla, bizə beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacaq.
BMT Baş Assambleyasından sonra 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatı ən böyük beynəlxalq platformadır. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Qoşulmama Hərəkatı yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində Hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlayıb və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirib.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının bu il sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin yekun sənədində 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub. 2019-cu ildə Bakıda keçiriləcək XIX Sammit həm də rəmzi xarakter daşıyacaq. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.
Azərbaycan tamhüquqlu üzv olduğu regional beynəlxalq təşkilatlar çərçivəsində də fəallıq nümayiş etdirir və yeni əməkdaşlıq formalarının müəyyən edilməsi üçün təkliflərlə çıxış edir. Bu xüsusda, ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və başqaları qeyd oluna bilər.